Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakının 5 baza prinsipi

Bakının 5 baza prinsipi

31.03.2023 [10:21]

“Tehranın 6 prinsipi”nə qarşı                      

P.SADAYOĞLU

Pakayinin yeni hiyləsi - İran nə istəyir?

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı geniş yazı ilə çıxış edib. “Xəbəronlayn” (Khabaronline.ir) saytında dərc edilən məqalədə Pakayin İranın Azərbaycana qarşı siyasətinin yeni - “hiylə dolu mərhələsi”ni açıqlayır. Belə ki, keçmiş səfir Pakayin “Ayətullah Xamenei 13.08.1399-cu il (28.11.2020-ci il) tarixli bəyanatlarına” istinadla İranın sülhün müddəalarını tənzimləmək üçün Azərbaycan və Ermənistan tərəfindən “nəzərə alına biləcək 6 prinsip” irəli sürməsindən də danışıb. İranın təklif etdiyi prinsiplər isə:

 - Ermənistan mərkəzi Xankəndi olan Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanımalıdır;

- Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Qarabağa muxtariyyət verilməsi, təhlükəsizliyin təmin edilməsi və ermənilərə vətəndaşlıq hüquqlarının verilməsi öhdəliyini götürməlidir;

- Azərbaycan Zəngəzur dəhlizinin Ermənistanın ərazisi və bu ölkənin ərazi bütövlüyünə aid olmasını qəbul etməli, bu dəhlizlə bağlı tarixi iddialardan çəkinməlidir;

- Azərbaycan Laçın keçidini açıq saxlamaqla bağlı öhdəlik götürməlidir;

- Ermənistan Zəngəzur dəhlizi üzərində suverenliyini qorumaqla Azərbaycana Naxçıvan Muxtar Respublikasına daxil olmaq üçün bu dəhlizdən istifadə etməyə icazə verməlidir;

- Azərbaycan və Ermənistan Laçın və Zəngəzur keçidlərindən hərbi təyinatlı yüklərin daşınmaması üçün öhdəlik götürməlidir kimi səsləndirilir. Sonda Pakayin iddia edir ki, guya bu prinsiplərə əməl olunsa, “Azərbaycan və Ermənistanın ərazi bütövlüyü qorunacaq, coğrafi sərhədləri dəyişməz qalacaq, mühüm keçidlər açılacaq və erməni azlığının təhlükəsizliyi və hüquqları təmin olunacaq, əks halda, hər iki ölkə keçmişdə olduğundan daha çox ziyan görəcək.

Tehranın “Vasitəçi” olmaq arzusu nəyə hesablanıb?

Məsələ ilə bağlı ilk olaraq vurğulanmalıdır ki, səfir Pakayinin və ya İran mərkəzi hakimiyyətinin bu arzuları yersiz və siyasi etikadan kənardır. Çünki İranın irəli sürdüyü “6 prinsip” Azərbaycan dövləti tərəfindən ümumiyyətlə, müzakirə predmeti olmayıb. Ümumiyyətlə, II Qarabağ müharibəsi dövründə İranın mövqeyi və davranışları onun “vasitəçi” olmaq imkanlarını məhdudlaşdırırdı.

Digər tərəfdən, “ermənidən betər erməni” kimi Azərbaycan Ordusunun yolunu kəsməyə çalışan İran hansı üzlə “vasitəçi” olmaq istəyir? Və ya İranın ermənipərəst mövqeyi hər kəsə bəllidir və belə olan halda onların “sülh danışığı” mahiyyətinin birtərəfli inkişaf edəcəyinə kim şübhə edə bilər - hər halda Birinci Qarabağ müharibəsi dövründəki “İran danışıqları” təcrübələri buna misaldır.

Daldan atılan daş - Praqa görüşü İranı “ofsayta” saldı...

İranın irəli sürdüyü prinsip ilə “Ermənistan mərkəzi Xankəndi olan Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanımalıdır” şəklindədir. Artıq iki ilə yaxındır davam edən sülh danışıqları prosesində bu məqam öz həllini tapıb - istər 2022-ci ilin oktyabrın 6-da keçirilən Brüssel gündəliyi müstəvisindəki Praqa görüşündə, istərsə də 2022-ci ilin oktyabrın 31-də Soçi prosesi üzrə aparılan danışıqlarda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Praqada keçirilən sammit çərçivəsində baş tutan dördtərəfli görüşün nəticələrinə həsr olunan kommunikedə bu məsələ öz əksini tam tapır - sənəddə tərəflərin sülh müqaviləsini BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq imzalamaq istədikləri qeyd olunur. MDB-nin yaradılması haqqında Alma-Ata Bəyannaməsində isə aydın şəkildə qeyd olunub ki, yeni yaradılan dövlətlər arasında sərhədlər keçmiş SSRİ dövlətləri arasındakı inzibati sərhədlərə əsaslanır. Bu isə o deməkdir ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Beləliklə, İranın irəli sürdüyü “prinsip” sadəcə daldan atılan və topuğa dəyən daş xarakteri daşıyır. Çünki Ermənistan İranın “müdaxiləsi” və ya “minnəti” olmadan da Qarabağı Azərbaycan torpağı kimi tanıyır.

Özünüifşa və ya “narahatlıq”...

İran dövlətinin ikinci “prinsipi” isə özünü ifşadır - “Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Qarabağa muxtariyyət verilməsi, təhlükəsizliyin təmin edilməsi və ermənilərə vətəndaşlıq hüquqlarının verilməsi öhdəliyini götürməlidir”. Birincisi, ötən iki il ərazində iki istiqamət üzrə aparılan heç bir sülh prosesində hər hansı bir status məsələsi müzakirə obyekti olmayıb. Olmayacaq da. Azərbaycanın bu məsələdə mövqeyi qəti və dəyişməzdir! Qarabağın erməni əhalisi Azərbaycan vətəndaşlarıdırlar və Azərbaycan Konstitusiyası ilə müəyyən olunmuş bütün hüquq və azadlıqlar onlara da şamil olunur. Bununla bağlı danışarkən, ölkə başçısı bildirmişdi ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla: “Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.

Beləliklə, İranın yenidən su bulandırmaq istəyi anlaşılan deyil - bu daha çox Tehranın Ermənistan-Azərbaycan münasibətlərini kəskinləşdirməyə çalışması kimi anlaşılır.

Tarix acısı - İran nədən qorxur ?

O ki qaldı, “Azərbaycan Zəngəzur dəhlizinin Ermənistanın ərazisi və bu ölkənin ərazi bütövlüyünə aid olmasını qəbul etməli, bu dəhlizlə bağlı tarixi iddialardan çəkinməlidir” ifadəsinə, bunu İran tərəfi də yaxşı bilir ki, indiki Ermənistan dövləti bütövlükdə, Azərbaycan torpaqlarında qurulub. Yəni, nəinki Zəngəzur, eləcə də digər Ermənistan əraziləri Azərbaycanın tarixi torpaqlarıdır. Amma Azərbaycanın heç kimin ərazisinə iddiası yoxdur - biz, heç bir dövlətin ərazi bütövlüyünə qarşı iddialar irəli sürmürük. İranın narahatlığı əbəsdir. Əslində, bu “narahatlıq”la İran bir daha ermənipərəst üzünü göstərir. Tehranın “qırmızı xətt” adlandırdığı “Ermənistanın ərazi bütövlüyü” məsələsini aktuallaşdırmaqla İran özü üçün “ayaqyeri” qoyur. Çünki Ermənistan kimi İranın mühüm bir hissəsi tarixi Azərbaycan torpaqları üzərində qurulub.

Zəngəzur üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı kommunikasiya xəttininin açılmasına gəldikdə isə, bu prinsip 10 noyabr razılaşmasında da öz əksini tapır. Sadəcə, Ermənistan yenə də müəyyən spekulyasiyalara əl atmaqla bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. İran zəhmət çəkib bunun səbəbini özünün “şəriki” saydığı Ermənistandan öyrənə bilər.

Prinsipləri Azərbaycan diktə edir...

Tehranın “siyasi hiyləsi” heç bir işə yarıya bilməz. Azərbaycan özünün qəti mövqeyini ortaya qoyub. Ölkəmiz dayanıqlı sülhün söykənəcəyi beş baza prinsiplərini irəli sürüb ki, sülh müqaviləsi bu baza prinsipləri üzərindən imzalanmalıdır. Bəli, bu prinsipləri irəli sürən qalib Azərbaycandır. Həmin prinsipilərə nəzər saldıqda, Azərbaycanın yaratdığı ədalət mənzərəsi bir daha aydın olur. Nəzərdə tutulan ilk prinsip dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. Bu məsələ həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəlxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımalıdır. Bu, amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqmətində ən mühüm addım sayıla bilər. Digər bir prinsip isə, dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. 200 ilə yaxındır ki, Azərbaycana qarşı əsassız torpaq iddiaları irəli sürən, işğal siyasəti aparan Ermənistan artıq bu iddialarından geri durmalıdır. Onlar anlamalıdırlar ki, bu cür xəstə təfəkkürə söykənən əsassız iddialar iki xalqın arasında münasibətlərin kəskinləşməsi ilə yanaşı, normal qonşuluq münasibətlərinin yaranmasına da mane olur.

Üçüncü baza prinsipi isə dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prinsipləri arasında yer alır. Bu müddəalara nəzər saldıqda məlum olur ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Bu, qarşıdakı dövrdə ölkələr arasında normal münasibətlərin qurulmasına da stimul verən amilə çevrilər.

Ermənistanın  qardaşı ilə “bölüşə” biləcəyi cavab...

İranın “təbirinci”, Azərbaycan Laçın keçidini açıq saxlamaqla bağlı öhdəlik götürməli, eləcə də Azərbaycan və Ermənistan Laçın və Zəngəzur keçidlərindən hərbi təyinatlı yüklərin daşınmaması üçün öhdəlik götürməlidir. Bunlar da gülünc məsələlərdir - İran yenə də siyasi hiyləgərliyə əl atır. Daha doğrusu, Ermənistanın məsuliyyətini azaltmaq üçün Azərbaycanın da “qanunsuz yük” məsələsinə daxil olmasını istəyir. Halbuki Azərbaycan bu yolda hər hansı bir qeyri-qanuni addım atmayıb - bu yol Azərbaycanın suveren ərazisidir. Ermənistanın bu yoldan istifadə edərək qeyri-qanuni yük daşımasına gəlincə isə, İrəvan bunun da acı aqibətini yaşadı. Azərbaycan kiməsə daxili işlərinə qarışması, daxilində qeyri-stabillik yaratması, qeyri-qanuni dəstələri silahlandırması fürsətini verməz. Ermənistan bu mənada da aldığı cavabı İranla “bölüşə” bilər...

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30