Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ bölgədə fəallığını artırır?

ABŞ bölgədə fəallığını artırır?

29.03.2023 [10:23]

Ceyhun Bayramovla Karen Donfridin telefon danışığında regiondakı vəziyyət müzakirə olunub

Nardar BAYRAMLI

Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında son telefon danışığında da bu mövzu diqqət mərkəzində olub. Belə ki, martın 27-də baş tutan telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Azərbaycanın suveren ərazilərinə şəxsi heyət və hərbi sursat daşımağa davam edən Ermənistanın son təxribatları və ölkəmiz tərəfindən bu təxribatlara qarşı güc tətbiq etmədən atılan addımlar barədə məlumat verib. Söhbət zamanı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun başlanğıcında Azərbaycanla Ermənistan arasında sərhəd-keçid nəzarət məntəqəsinin yaradılmasının əhəmiyyəti bir daha qeyd olunub. Nazir, həmçinin sülh sazişi üzrə danışıqlara maneçilik törədən Ermənistanın qeyri-konstruktiv yanaşmalarını diqqətə çatdıraraq, Azərbaycanın sülh sazişi üzrə danışıqlara hər an başlamağa hazır olduğunu vurğulayıb.

ABŞ prosesə dəstək vermək istəyir

Karen Donfrid öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb. Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə olunaraq, bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib.

Ümumiyyətlə, son zamanlar ABŞ Cənubi Qafqaz siyasətində fəallığını artırıb.  K.Donfridin  mütəmadi olaraq regionda təmasları davam etdirməsi ABŞ-ın regionla bağlı mövqeyinin göstəricisidir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, regionda təhlükəsizlik və əməkdaşlığa önəm verən bir ölkə kimi tanınır. Bu baxımdan, ABŞ rəsmilərinin Azərbaycanla təmaslarını artırması regionda sülhün təmin olunması baxımından əhəmiyyətlidir. ABŞ Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitini dəstəklədiyini dəfələrlə bəyan edib.

Birləşmiş Ştatlar sülh danışıqlarına sadiqdir

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel də  keçirdiyi növbəti brifinqdə deyib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir. O, Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb. “Dövlət katibinin əvvəllər qeyd etdiyi kimi, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında həm ikitərəfli əsasda, həm də tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqlara kömək etməyə davam edəcəyik”, - deyə Patel əlavə edib. Eyni zamanda, ABŞ-ın dövlət katibi Antoni Blinkenin martın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi də göstərir ki, ABŞ regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasında maraqlıdır. Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək. Bundan bir həftə sonra Karen  Donfridlə Ceyhun Bayramovun telefon danışığı da deməyə əsas verir ki, ABŞ Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq məkanı kimi görmək istəyir. Budəfəki telefon danışığında Laçın yolu ətrafında baş verən hadisələr diqqət mərkəzində olub. Çünki Ermənistan və dünyadakı erməni lobbisi Laçın yolu ilə bağlı mövcud vəziyyəti təhrif edir, guya Qarabağda yaşayan ermənilərin blokadaya alındığını iddia edirlər. Burada məqsəd Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmaqdır. Amma Azərbaycan öz mövqeyində haqlıdır və bunu bütün dünyaya bəyan edir. Ermənistan və Qarabağ separatçılarının təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmalıdır. Bu baxımdan, ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi dinc etiraz aksiyası tamamilə düzgündür. Beynəlxalq birlik, o cümlədən ABŞ bu məsələdə obyektiv yanaşma sərgiləməlidir. Təəssüf ki, biz bəzi beynəlxalq təşkilatların və ölkələrin erməni lobbisinin təsiri ilə qeyri-obyektiv yanaşmalar sərgilədiyini görürük. Amma bütün bunlar ölkəmizi haqlı mövqeyindən çəkindirə bilməz.

Vaşinqton Ermənistana təzyiq edə bilər

Digər tərəfdən, ordumuzun martın 25-də keçirdiyi əməliyyat da zərurətdən irəli gəlirdi və beynəlxalq ictimaiyyət bunu anlayışla qarşılayır. Çünki Ermənistandan Qarabağa silah daşınması qəbulolunmazdır. Eləcə də, qanunsuz erməni silahlı birləşmələrin Qarabağ ərazisindən tam çıxarılması da Azərbaycanın tələbləri sırasındadır. Bu, o deməkdir ki, 10 noyabr üçtərəfli bəyanatının tam yerinə yetirilməsində dövlətimiz prinsipiallıq nümayiş etdirir. ABŞ-ın regionda sülh və əməkdaşlığın təmin olunması üçün Ermənistana təsir etmək imkanları var.  Birləşmiş Ştatlar rəsmi İrəvana sülh sazişini imzalamaq, razılaşmaları yerinə yetirmək üçün təzyiqlər edə bilər. Çünki regionda baş verən proseslər hər zaman ABŞ-ın diqqətindədir. Əgər rəsmi Vaşinqton bu regionda tezliklə sülh və əməkdaşlıq mühitinin yaradılmasını istəyirsə, Ermənistana təsir imkanlarından istifadə etməlidir.

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31