Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İranın “nüfuz” problemi...

İranın “nüfuz” problemi...

24.01.2023 [10:04]

Molla rejiminin yeni manevri - qadın hüquqları

İranda baş verən son proseslər molla rejiminin əsl simasını ortaya qoymaqla yanaşı, dövlətin apardığı siyasətin qeyri-səmimiliyini də ifşa etdi. “Din təəssübkeşliyi” adı altında günahsız insanları edam edən, qatı radikal qərarlar verən, hüquq və azadlıqları tanımayan İran rejiminin Azərbaycan - Ermənistan məsələsindəki davranışları da heç də bir “İslam dövləti”nə yaraşan davranışlar deyil. Məsələn, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarındakı məscidləri dağıdan, təhqir edən, həmin məscidlərdə donuz bəsləyən ermənilərə qarşı nümayiş etdirdiyi “qardaşlıq nümunəsi” İranın əsl üzünü nümayiş etdirir. Yaxud, molla rejiminin din pərdəsi altında gizləndiyindən xəbər verir.

Anna Akopyanın “nüfuzu” - İranın dini dövlət “anlayışı”

Tehranda baş tutan “Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi” isə yalnız bir məqamı ilə - Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın yersiz və “kəhkəşanlı” qarşılanması ilə “yadda qaldı”. Əslində, ortada təzad var. Pozulan qadın hüququ - Məhsa Əminin öldürülməsindən sonra aylardır ki, küçə qarşıdurmalarının davam etdiyi, insanların edam olunduğu, həbsə atıldığı bir ölkədə “nüfuzlu qadın” kimi Anna Akopyanın qəbul edilməsi də təəccüblü görünməməlidir. Molla rejiminin bəh-bəhlə Akopyanın başına çadra ataraq “həmsöhbətə” çevirməsi onların əsl xarakterini ortaya qoyur. Yəni, rejim üzdə din uğrunda mübarizəni, dini qorumağı prioritet elan etsə də, əsl mətləbdə onun üçün fərqli maraqlar əsasdır. Əks halda:

- Şuşa məscidini dağıdan;

- Qubadlı məscidində heyvan saxlayan;

- Ağdam məscidini təhqir edən;

- Zəngilan məscidini yerlə-yeksan edən ermənilərlə niyə bir masanı “paylaşırlar”?

Anna Akopyan görəsən hansı platformada “nüfuzlu qadın” kimi şöhrət qazanıb? Onun ən çox “şöhrət qazandığı” fakt yaratdığı “Erato” dəstəsi ilə bağlıdır. Bu dəstə ilə bağlı isə şərh belə verməyə dəyməz... Adı hər şeyi açıqlayır.

Görəsən, Anna Akopyan sülhə və ya təhlükəsizliyə, qlobal mədəniyyətə, ən azından İran mədəniyyətinə hansı “töhfə”ni verib ki, İran hakimiyyəti onunla bağlı xüsusi qarşılanma mərasiminə ehtiyac duyub? Bəlkə vaxtilə işğal altındakı Azərbaycan torpaqlarında sərxoş dəstə ilə birgə “yallı” oynadığı üçündur bu təmtəraqlar? Bəlkə əlindəki silahı qarşısındakı kameraya tuşlamaqla hədə-qorxu “pozası” verdiyi üçündur? Əsas odur ki, nəinki Akopyan, hətta onun həndəvərindəkilər belə heç bir zaman Azərbaycana qarşı ədalətli, sülhpərvər olmayıblar - hər zaman işğalı, təcavüzü, qarət etməyi, vandalizmi əsas xətt kimi müəyyənləşdiriblər və bu xəttə sadiqlik nümayiş etdiriblər. Hə, əgər İran üçün Ermənistan bu qədər “vazkeçilməzdirsə”, bu başqa məsələ - belə olan halda, İran bildirməlidir ki, İslam dininə, İslamın müqəddəs məkanlarına, İslamın dini abidlərinə düşmən kəsilənlər, oranı təhqir edənlər “nüfuzlu” yarlıqla Tehranın rəsmi qonağı ola bilərlər...

Molla rejiminə Cənubi Azərbaycandan cavab - “Zəngəzur bizim qırmızı xəttimizdir!”

II Qarabağ müharibəsinin nəticələri bir faktı da ortaya çıxardı - sən demə, Ermənistanın təhlükəsizliyi (!) məsələsi İran üçün “qırmızı xətdir”. Bunu İranın XİN rəhbərindən tutmuş, deputatına kimi hər kəs deyib - sonuncu deyən isə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri oldu. O, Sünik bölgəsində jurnalistlərlə söhbətində deyib ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir.

Bu fikir onu deməyə əsas verir ki, İran Ermənistanla birgə regionun təhlükəsizliyinə birbaşa təhdid yaradan amillərdəndir. O baxımdan ki, nə üçün rəsmi Tehran, onun bölgələrdəki canişinləri erməni işğalının davam etdiyi 30 il ərzində bu kimi ifadələrlə yadda qalmayıb? Əgər söhbət regional təhlükəsizlik arxitekturasından gedirsə belə, bu fikirlər bir dəfə də olsun Azərbaycanla bağlı səslənməyib. Halbuki:

- Ermənistanın işğalçı olması faktını İranın da üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə özünün qətnamələrində əks etdirmişdi;

 - BMT Təhlükəsizlik Şurası Ermənistanı işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çəkilməsini tələb etməklə, dolayısı ilə rəsmi İrəvanı işğalçı adlandırmışdı;

- Qərbin bir sıra aparıcı təşkilatlarının qətnamə və qərarlarında, bəyannamələrində Azərbaycanın ərazi bütövlüyü məsələsi qırmızı xətlə keçirdi.

İran isə buna baxmayaraq sadəcə dodaqaltı “mızıldanmaqla” kifayətlənirdi. Ermənistanın regionda yaratdığı qeyri-stabil vəziyyət rəsmi Tehranın “qəzəbinə” düçar olmurdu - tam əksinə, İran bu faktdan öz məqsədləri üçün rahat şəkildə istifadə edirdi.

Amma yeni reallıqlar buna imkan vermir - İran artıq vaxtilə Azərbaycanın nəzarətində olmayan tranzit yollardan rahat şəkildə istifadə etməkdən məhrumdur. Bu yollardan öz çirkin niyyətləri üçün yararlana bilmirlər. Bu səbəbdəndir ki, İran açıq şəkildə Zəngəzur dəhlizinin açılmasına mane olduğunu ortaya qoyur. Bu dəhlizin açılmasını özü üçün “təhdid” kimi dəyərləndirir. Amma... İranın daxilində gedən proseslər rəsmi Tehranın bu arzusunu da ürəyində qoyacaq. Cənubi (İran) Azərbaycanın şəhərlərində küçələrə Azərbaycanla bağlı posterlər yapışdırılır. Bu barədə KİV-ə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz məlumat verib. Posterlərdə “Zəngəzur Azərbaycandır!”, “Zəngəzur bizim qırmızı xəttimizdir!”, “Ya Zəngəzur, ya ölüm!” şüarları yazılıb. Demək ki, molla rejimi istəsə belə, Azərbaycanın haqq işinə əl və ya dil uzada bilməz...

SEPAH terrorçu təşkilat kimi tanınır

Bu arada Avropanın SEPAH-ın terror təşkilatları siyahısına salınması ilə bağlı etdiyi çağırışlar daha da intensivləşib. Bu dəfə Avropa Parlamenti SEPAH-ın terror təşkilatları siyahısına əlavə edilməsi üçün Avropa İttifaqına çağırış edib. Bununla bağlı keçirilən səsvermədə 598 deputat qərarın lehinə, 9-u əleyhinə səs verib. Parlament üzvləri son dövrlədə İranda etirazçıların edam edilməsindən dəhşətə gəldiklərini bəyan ediblər. “İnqilab Keşikçiləri öz xalqını və bütün regionu terrorla təhdid etdiyi müddətcə onlara terrorçu kimi yanaşacağıq və onları sanksiyalar siyahısına əlavə edəcəyik”, - deyə almaniyalı deputat Hannah Neumann bildirib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına əlavə edilməsindən sonra bu qrupa üzvlüyə, onun iclaslarında iştiraka və simvollarını ictimai məkanlarda daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulacaq. Avropa Parlamenti, həmçinin Aİ-dən SEPAH ilə əlaqəsi ola biləcək hər hansı iqtisadi və ya maliyyə fəaliyyətini qadağan etməsini istəyib. Qeyd edək ki, ayrı-ayrı Avropa ölkələri də artıq bu istiqamətdə addımlar atırlar. Məsələn, Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvləri belə bir tədbirin lehinə səs veriblər.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə Avropa Parlamentinin SEPAH-ın terror təşkilatı elan etmək niyyətini pisləyib. Qeyd edilir ki, incik XİN başçısı Avropa diplomatiyasının rəhbəri Cozep Borrell ilə telefon danışığı zamanı bu qərarı “Avropanın öz ayağını güllələməsi” adlandırıb. “Biz dəfələrlə demişik ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu rəsmi hakimiyyət qurumudur. O, İranda və regionda təhlükəsizliyin təmin edilməsində, xüsusən də terrorizmlə mübarizədə mühüm rol oynayıb və oynamaqdadır... Avropa Parlamentinin bu təhlükəsizlik qurumunu ittiham etməsi bir növ Avropanın öz ayağından güllə ilə vurmasıdır”, - Abdullahiyan bildirib.

Rəsmi Tehran Yaxın Şərqdəki müxtəlif terrorçu qruplaşmaları maliyyələşdirir

Məsələ ilə bağl fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Avropa İttifaqının SEPAH-ın terrorçu təşkilat kimi tanınmasına dair çağırışı bir çox amildən xəbər verir. Bu, həm də o deməkdir ki, artıq Avropa müstəvisində də SEPAH-ın qeyri-qanuni hərəkətlərinə dair ortaq fikir mövcuddur: “Ümumiyyətlə, uzun müddətdir ki, İran dövlətinin özünün terroru maliyyələşdirən dövlət qismində tanınması prosesi gedir və buna müsbət yanaşan dövlətlərin sayının artımını müşahidə edirik. Eyni zamanda, Yaxın Şərqdə müxtəlif terrorçu qruplaşmaların maliyyələşdirilməsi, onlara təlimlərin keçilməsinin məhz Tehrandan gələn siyasi, hərbi sifarişlər əsasında icra edilməsinə dair çoxsaylı dəllilər mövcuddur. ABŞ-ın Dövlət Departamentnin buna dair hesabtları da var. Məlumdur ki, Avropa məkanında gedən bütün geosiyasi proseslərə ABŞ-ın təsir imkanları çox genişdir. Bu xüsusda məhz Aİ özü də əldə olunan faktları və sübutları əsas gətirərək SEPAH-ın terrorçu təşkilat qismində tanımağa dair iddia irəli sürür. Düşünürəm ki, bu proses də İrana qarşı təzyiqlərlə yekunlaşacaq”.

İranın mövcud iddialarla razılaşmadığını deyən politoloqun fikirincə, İran tərəfi irəli sürülən bütün mülahizələri həqiqətə uyğun saymadığını, İran dövlətnin terrorla heç bir əlaqəsinin olmadığını bildirir. Amma ortada təkzibolunmaz faktlar var. “Bu faktlar onu deməyə əsas verir ki, İran bu kimi bəyanat və açıqlamalarla

Aİ-də uzun müzakirələrə nail olmaq istəyir. Başqa sözlə, İrana və SEPAH-a qarşı qəbul olunan qərarların qəbulunun vaxtını uzatmaq istəyir. Təbii ki, bu kimi hallar yalnız Tehranla Brüssel arasında olan münasibətlərin gərginliyindən xəbər vermir. Məsələn, İranın Cənubi Qafqaz regionuna münasibətdə də xoşagəlməz addımları var, selektiv yanaşma müşahidə olunur. Tehranla İrəvan arasında qardaşlaşmış şəhərlər kimi razılıqlar əldə olunur, saziş imzalanır. Eyni zamanda, Azərbaycana qarşı çox kəskin və ziddiyyətli fikirlər səsləndirilir, sərhəddə hərbi təlimlər keçirilir. Fikrimcə, bu da Avropa tərəfindən izlənilməkdədir”, - deyə İ.Hüseynov əlavə edib.

Sadiq İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28