Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Uzaq Fransa və qonşu İran...

Uzaq Fransa və qonşu İran...

07.12.2022 [10:23]

İki ölkəni ayıran və birləşdirən maraqlar

Mübariz ABDULLAYEV

Azərbaycan xarici siyasətində heç bir ölkə ilə düşmənçilik aparmağı hədəfləməyib. Ölkəmiz regional çərçivədə, Avropa İttifaqı (Aİ) məkanında, bütün İslam coğrafiyasında qarşılıqlı maraqlar əsasında əməkdaşlığın dərinləşməsini davamlı şəkildə təşviq edir və özünün sanballı töhfələrini verir. Əksər dünya ölkələrinin Azərbaycana münasibəti də adekvatdır. Ermənistan istisna olmaqla bütün qonşular, Aİ ölkələri, İslam Əməkdaşlıq Təşkilatının (İƏT), Qoşulmama Hərəkatının (QH) üzv dövlətləri respublikamızla əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə böyük önəm verirlər. Bütövlükdə, bütün dünyada Azərbaycanın regional və qlobal əməkdaşlığa və təhlükəsizliyə verdiyi davamlı töhfələr yüksək dəyərləndirilir. Uzaq Fransanın və yaxın İranın Azərbaycana yönəlik siyasətindən bəhs edərkən təəssüf ki, isti münasibətlərdən bəhs etmək olmur. Son vaxtlar bu iki dövlətin respublikamıza münasibətində bir sıra paralellər, üst-üstə düşən məqamlar müşahidə edilir.

Fərqli qütblərdə yer alan ölkələr

İran və Fransa. İlk baxışda bu iki ölkənin adlarının yanaşı çəkilməsi belə təəccüblə qarşılana bilər. Çünki beynəlxalq münasibətlərdə də etiraf olunduğu kimi, bəhs olunan ölkələri ayıran cəhətlər onları birləşdirən amillərdən çoxdur. Əvvəla, İran ilə Fransanı bir-birindən uzaq məsafə ayırır. İki ölkənin dövlət idarəçiliyi fəlsəfəsi də tamamilə fərqlidir. Cəmiyyətlərin qəbul etdikləri dəyərlər də qətiyyən bir-birinə oxşamır. Məsələn, Fransa cəmiyyətində eynicinslilərin nigahına təpkilər göstərilmir, əksinə bu, təqdir olunur. İranın cəmiyyəti isə mühafizəkardır.

Fransa və İran həm də siyasi rəqabətdə olan ölkələrdir. Artıq uzun illərdir ki, Fransa və ABŞ-ın da yer aldıqları kollektiv Qərb koalisiyası İranı hədəfə alıb, sanksiyalar tətbiq etməklə, neft ixracına məhdudiyyətlər qoymaqla bu ölkəni sarsıtmağa səy göstərir. İxtilaf ondan yaranıb ki, kollektiv Qərb İranın uranı zənginləşdirmək siyasətini özü üçün təhlükə adlandırır və bunun qarşısını almağa çalışır. Əslində, Qərb koalisiyasının atdığı oxların hədəfə dəydiyini söyləmək mümkündür. Çünki sanksiyalar məngənəsində boğulan İran ağır maliyyə böhranı yaşamaqdadır. Bu ölkə bir sıra strateji layihələrinin icrasını dayandırmaq məcburiyyətində qalıb. Şimal-Cənub dəhlizinin İran ərazisindən keçən hissəsində təxminən 150 kilometrlik dəmir yolu seqmentinin inşasının illərdir ki, yubanması buna misaldır. Ölkə vəsait tapmadığına görə investisiyaları kənarda axtarmaq məcburiyyətində qalıb.

Onu da vurğulayaq ki, Ümumqərb koalisiyasının sərt məhdudiyyətlərindən kənarda Fransanın İrana yönəlik siyasətində müəyyən mərkəzdənqaçma meyilləri də müşahidə edilməkdədir ki, bu da səbəbsiz deyil. Fransa Qərb koalisiyasının monolitliyini pozaraq İranla məhdud sövdələşmələrə getməklə, bu ölkənin ətrafında çəkilən sanksiya çəpərini daraltmağa çalışmaqla, əslində ilk növbədə özünün bəzi siyasi, iqtisadi və regional maraqlarını nəzərə alır.

Ermənistan sevdalıları - Fransa və İran

Fransa və İran bir-birlərindən nə qədər fərqli qütblərdə dayansalar da, onları ortaq məxrəcə gətirən amillər də yox deyil. Deyə bilərik ki, onların maraqları ilk növbədə Azərbaycana və Ermənistana münasibətdə üst-üstə düşür. Ermənistan üç onillik ərzində ölkəmizə qarşı işğalçılıq siyasəti aparıb, ərazilərimizin 20 faizini işğal altında saxlayıb. Postmüharibə dövründə də iki ölkə arasındakı münasibətləri nizamlamaq yenə də Ermənistanın məsuliyyətsiz davranışları səbəbindən mümkün olmayıb. Nə qədər qəribə görünsə də, Fransa və İran təcavüzkar dövlətin yanında yer alırlar, Azərbaycanın yerini və rolunu isə dəyərləndirmirlər, ölkəmizin maraqlarına uyğun olmayan bəyanatlar verirlər.

Fransa və Ermənistanın Azərbaycana bir növ düşmənçilik adlandıra biləcəyimiz siyasətləri mahiyyətcə eyni olsa da, formaca bir-birindən fərqlənir. Ermənistana dostluq mesajları ünvanlayan Fransa və İran Azərbaycanın milli maraqlarına zidd olan münasibətlərini özlərinə xas olan tərzdə ifadə edirlər. Fransanın ölkəmizə qarşı apardığı qara piar siyasətində Avropa praqmatizmi açıq-aydın sezilir. Yəni bu ölkənin prezidenti Emmanuel Makron, hökumət təmsilçiləri və parlamenti Azərbaycana “kiçik bacı” adlandırdıqları Ermənistanın düşməni kimi münasibət bəslədiklərini gizlətmirlər. Bir qədər bundan əvvəl ölkənin Senatında və Milli Assambleyasında respublikamıza qarşı qərəzli qətnamələr qəbul olundu. Bundan əvvəlki mərhələdə - müharibə günlərində Fransa Azərbaycana sanksiyalar tətbiq edilməsi ilə bağlı müzakirələri BMT-nin gündəliyinə çıxarmağa böyük səy göstərdi. Xoşbəxtlikdən, Avropadakı, QH-dakı dostlarımızın operativ müdaxiləsi sayəsində Fransanın bu xəyanətkarlığının qarşısını almaq mümkün oldu. Ötən üç onillik ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir töhfə verməyən, əksinə işğal məhsulu olan status-kvonun sonsuzluğadək saxlanılmasına böyük canfəşanlıq göstərən Fransa postmüharibə mərhələsində də ənənəvi siyasətindən geri dönmək istəmir. Fransa perezidenti Emmanuel Makronun bu yaxınlarda yerli mətbuata verdiyi müsahibəsində səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir. Emmanuel Makron Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər boyunca sentyabr ayında baş verən hərbi toqquşmalardan bəhs edərək əminliklə bildirib ki, Fransa Ermənistanı tək qoymayacaq. Sitat: “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”. E.Makron müsahibəsində, həmçinin Azərbaycanı “dağıdıcı müharibə” aparmaqda ittiham edib.

Fransanın Azərbaycana münasibətindəki praqmatizmdən fərqli olaraq İran ölkəmizlə, necə deyərlər, incə diplomatiya ilə düşmənçilk siyasəti aparır. Yəni bu ölkə respublikamıza düşmənçilik münasibətini həmişə alt qatda saxlamağa çalışıb. Üst qatda isə bir qayda olaraq dostluq, qonşuluq çağırışları səsləndirilir. “İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır”. Bu fikirlər İran İslam Respublikasının Ali Rəhbərinin müşavirinin Qafqazdakı hadisələr, İran və Azərbaycan əlaqələri ilə bağlı qeydlərində yer alıb.

İran rəsmisinin fikirlərində səmimiyyətdən əsər-əlamət yoxdur. İranın ötən 30 ildə işğalçılıq siyasətinə görə Azərbaycanın dalan ölkəyə çevirdiyi təcavüzkar Ermənistan üçün həyat nəfəsliyi rolunu oynadığı hər kəsə bəllidir. Düzdür, burada iqtisadi maraqlar da yox deyildi. İki ölkə sanksiyalardan yan ötməklə qaçaq mal ticarəti və narkotrafik üzrə əməkdaşlıq edirdilər. Ancaq İranın Ermənistanı dəstəkləməkdə əsas niyyəti Azərbaycanın suverenliyinin təmin olunmasına imkan verməmək idi. Ölkə daxilində 40 milyonluq azərbaycanlı xofu yaşayan İran qonşuluqda Azərbaycan dövlətinin mövcud olmasını sinirə bilmir və ölkəmizin güclənməsindən, ərazi bütövlüyünü təmin etməsindən əndişələnir. Bu yaxınlarda İran rəsmiləri Ermənistanın sərhədlərinin pozulmasını öz ölkələri üçün qırmızı xətt olduğunu bildirdilər. Cənub qonşumuzun hansısa bir ölkə ilə əlaqələrini möhkəmlətmək istəyi bu ölkənin haqqıdır. Suallar isə başqadır: Bu ölkə nə üçün 30 il ərzində regiondakı digər dövlətin - Azərbaycanın ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu bir dəfə də olsun açıq şəkildə bəyan etmədi? Prinsipcə Azərbaycan və İran bir-birlərinə daha yaxın ölkələrdirlər. Ən azından ona görə ki, hər iki ölkənin əhalisinin böyük əksəriyyəti eyni dini inanca malikdirlər. Bəs özünü İslam dövləti adlandıran İranın müsəlman həmrəyliyi harada qaldı? Bu ölkə İslam dininin daşıyıcıları olan insanların qətlinə necə seyirçi mövqe bəsləyə bilərdi? Suallar çox olsa da, onlara cavab tapmaq çətindir...

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31