Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ordusunda nə dəyişib?

Azərbaycan Ordusunda nə dəyişib?

29.09.2022 [10:08]

İki qardaş ölkə hərbi sahədə fəal əməkdaşlıq edir

General: Yaxın gələcəkdə Türkiyədən də tələbələr gəlib bizdə təhsil alacaqlar

N.BAYRAMLI

Bu gün Azərbaycanın çox güclü ordusu var və hər bir vətəndaş ordumuzla qürur duyur. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi də ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir.  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.

Azərbaycanda müasir ordu quruculuğu işləri davam edir və silahlı qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılır. Bu günlərdə  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov media nümayəndələrinə deyib ki, Azərbaycan Ordusu tam şəkildə Türkiyə formatına keçib. Həm təhsil, həm proqramlar, həm təchizat, həm ştat strukturu, həm də idarəçilik artıq yeni formadadır. O bildirib ki, Türkiyə ilə hərbi sahədə təcrübə mübadiləsi bu gün də davam etdirilir: “Bir ildən artıqdır ki, yeni proqramlarla təhsil aparılır. Biz hesab edirik ki, bu təhsil modeli daha güclü və daha effektiv olacaq. Hərbi məktəbdən buraxılan gələcəyin zabitləri həm idarəetmə, həm qərar qəbuletmə qabiliyyətinə görə daha savadlı yetişəcəklər. Digər tərəfdən, ən əsas məsələ vətənpərvərlik hissinin güclü şəkildə aşılanması, torpağa sevgi, Ali Baş Komandana sədaqətli olmaqdır. Türkiyə ilə təcrübə mübadiləsi əsasən bizə təhsilin yeni formaya keçirilməsində kömək olub. Türkiyənin aparıcı hərbi məktəblərində həm müəllimlərimiz, həm hərbçilərimiz təhsil alıblar. Yaxın gələcəkdə Türkiyədən də tələbələr gəlib bizdə təhsil alacaqlar”.

Füzuli Salahov əlavə edib ki, ali hərbi məktəbə qəbul yerlərinin sayı ildən-ilə artırılır: “Ali hərbi məktəbin plan yerini Müdafiə Nazirliyi müəyyənləşdirir. Biz də ona uyğun qəbul aparırıq. Ötən illə müqayisədə plan yerlərinin sayı xeyli artıb. Hesab edirik ki, gələcəkdə daha çox olacaq”.

Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uğun olaraq Silahlı qüvvələrimiz Türkiyə modelinə keçir və ordu quruculuğu istiqamətində qardaş Türkiyənin modeli əsas götürülür. Bu istiqamətdə xeyli işlər görülüb. Xüsusi olaraq dağ komanda birlikləri, hərbi hissələr yaradılıb ki, müasir döyüşlərdə və yeni müharibələrdə  onun çox böyük önəmi var. Eyni zamanda, xüsusi təyinatlılarımızın sayının artırılması istiqamətində də xeyli addımlar atılıb. Azərbaycan Silahlı Qüvvələri ştat-zabit strukturuna uyğun olaraq, Türkiyə modelinə keçib və bu keçiddə qardaş Türkiyənin xüsusi rolu var.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi bir çox istiqamətlərdə, o cümlədən hərbi  sahədə əməkdaşlığı dərinləşdirib: “Türkiyə ordusu ilə ayrı-ayrı qoşun birliklərimiz fəal əməkdaşlıq edir. Eləcə də, antiterror əməliyyatlarının keçirilməsi, dağda və ərazilərdə əməliyyatların keçirilməsi və sair istiqamətlərdə birgə təlimlər keçirilib. Bu təlimlərin əhəmiyyəti odur ki, Azərbaycan ordusu istənilən situasiyaya hazır vəziyyətdədir. Bundan başqa, Azərbaycan ordusunun tərkibində “Komando” birliklərinin yaradılması da Türkiyə təcrübəsinin nümunəsidir”.

Ekspert qeyd edib ki, Azərbaycan mühüm geosiyasi regionda yerləşir. Ona görə də, ordu quruculuğu daim xüsusi diqqət mərkəzindədir. “Ordumuz hər zaman peşəkar olmalıdır. Azərbaycan və Türkiyə bu istiqamətdə öz üzərinə düşəni edir. Azərbaycan Ordusu daha da peşəkarlaşır, təkmilləşir və hər an istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Türkiyə ordusu dünyanın ən güclü, ən müasir ordularından biridir. Azərbaycan Ordusunun da peşəkarlığı yüksək səviyyədədir. Vətən müharibəsi bunu sübut edib.  Ordumuzun daim yüksək səviyyədə olması üçün dövlət hərtərəfli diqqət və qayğısını göstərir. Bu sahədə Türkiyə ilə əməkdaşlıq bundan sonra da davam edəcək”, - deyə E.Həsənli vurğulayıb.

Paylaş:
Baxılıb: 264 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

"Mərdlər məkanı"

03 Oktyabr 13:12

Mədəniyyət

Maraqlı

Siyasət

Qafqazdakı əsir...

03 Oktyabr 11:55

Xarici siyasət

MEDİA

Siyasət

Siyasət

Siyasət

Sülh əlçatandır!

03 Oktyabr 11:15

Siyasət

Xəbər lenti

Siyasət

Gündəm

50 ildən sonra...

03 Oktyabr 10:20  

Xəbər lenti

13-cü görüş...

02 Oktyabr 13:39

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31