Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır

24.07.2021 [06:44]

Prezident İlham Əliyev: Dağ-mədən sahəsi bizim qeyri-neft sektorumuzda aparıcı sahəyə çevrilir və perspektivlər də çox gözəldir

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin regionlarına səfərlərə getməsi müntəzəm hal alıb. Dövlət başçımız bu səfərlər zamanı ictimaiyyət nümayəndələri ilə görüşlər keçirir, insanları narahat edən məsələlərlə maraqlanır, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələrin icrası ilə yerindəcə tanış olur və dəyərli tövsiyələrini verir. Prezident İlham Əliyev bu günlərdə Öz ənənəsinə sadiq qalaraq yenidən respublikamızın ayrı-ayrı bölgələrində səfərdə olub. Səfər zamanı dövlətimizin başçısı bir sıra önəmli tədbirlərə qatılıb. O cümlədən Prezident İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub və “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib. Dövlətimizin başçısı bu tədbirlərdən sonra  Azərbaycan Televiziyasına verdiyi müsahibədə cari ilin əvvəlindən milli iqtisadiyyatımızda müşahidə edilən müsbət proseslərə diqqət çəkib. Biz dünyanın mənzərəsinə nəzər saldıqda görürük ki, ölkələrin böyük əksəriyyəti hələ də iqtisadi tənəzzül yaşamaqdadırlar. Azərbaycanda isə 2020-ci ilin ilk altı ayında 2 faiz həcmində iqtisadi artım baş verib. Bu, o deməkdir ki, milli iqtisadiyyatımız yenidən inkişafa istiqamətlənib. Bunu yaxşı göstərici kimi səciyyələndirən Prezident İlham Əliyev deyib: “Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür”.

Ölkəmizdə cari ildən başlayaraq dağ-mədən sənayesi üzrə bir sıra yataqların istismara verilməsi planlaşdırılır

Son 18 ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri qeyri-neft sektorunda qeydə alınıb ki, bu da təsadüfi deyil. Bəhs olunan dövrdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında neftdənkənar iqtisadiyyatın inkişafı davamlı olaraq diqqət mərkəzində saxlanılıb və bu məqsədlə silsilə tədbirlər görülüb. Yüksək infrastruktur təminatı, ardıcıl səciyyə daşıyan islahatlar, həmçinin neft gəlirlərinin məqsədyönlü şəkildə iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi, innovativ texnologiyalarla işləyən yeni istehsal müəssisələrinin yaradılması, sənaye xəritəsinin regionlara doğru genişləndirilməsi və digər belə tədbirlər öz müsbət nəticələrini verib. Son altı ayda ölkəmizin qeyri-neft sənayesində qazanılan uğurları yüksək dəyərləndirən Prezident İlham Əliyev “Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Bugünkü bu açılış və görüləcək digər işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq. Çünki 16,6 faiz artım olub, mən bilmirəm hansı başqa ölkədə buna rast gəlmək olar”, - deyə vurğulayıb.

Bütövlükdə, neftdənkənar iqtisadiyyatın davamlı inkişafını hədəfləyən respublikamızda qeyri-neft sənayesinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi xüsusilə diqqət çəkir. Azərbaycan dövləti qeyri-neft sənayesinin ayrı-ayrı perspektivli sahələrinin inkişafına hərtərəfli şəkildə dəstək göstərir. Dağ-mədən sənayesi də bu sırada yer alır. Bu sahədə potensial kifayət qədər böyükdür. Ölkəmizin müxtəlif regionlarında ehtiyatların olması, eləcə də dağ-mədən sənayesində buraxılan məhsullara dünya bazarında tələbatın getdikcə artması və digər amillər bu sahənin inkişaf perspektivlərini şərtləndirir. O cümlədən Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi böyük iqtisadi önəm daşıyır. Respublikamızda dağ-mədən sənayesinin inkişaf perspektivləri ilə bağlı fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Bu gün biz Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsini qeyd etdik. Bu, çox önəmli hadisədir. Çünki qeyri-neft sektorunun inkişafı üçün bu sahə xüsusi perspektivlərə malikdir. Dağ-mədən sahəsi bizim qeyri-neft sektorumuzda aparıcı sahəyə çevrilir və perspektivlər də çox gözəldir. Bu gün həm açılışını qeyd etdik, eyni zamanda, bundan sonra görüləcək işlərlə bağlı təqdimat oldu. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaq”.

Dövlət başçımızın səfər çərçivəsində fəaliyyəti ilə tanış olduğu “Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanıb. Həmin vaxtdan etibarən bu mədəndə böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır.

Tədbirdə də bildirildiyi kimi, “AzerGold” QSC təkcə “Çovdar” yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. İndiyədək, ümumilikdə, 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan çox gümüş ixrac edilib. Artıq “AzerGold” qızıl layihələrinin icrası üzrə büdcədən asılılığın tam surətdə aradan qaldırılmasına nail olub. Cəmiyyət tədavülə istiqraz buraxan ilk milli dağ-mədən şirkəti kimi də tarixə düşüb. Cəmiyyətin metal ehtiyatları 24 dəfə artıb. 2017-ci ildə “Ağyoxuş-1” və “Ağyoxuş-2” qızıl yataqları, 2018-ci ildə isə “Mərəh” qızıl yatağı kəşf edilib. Bu ildən etibarən bir sıra yataqların istismara verilməsi planlaşdırılır.

Ölkəmizdə dağ-mədən sənayesinin inkişafından söhbət açarkən qara metal filizi yataqlarının işlənməsinin önəmini də ayrıca qeyd etmək lazımdır. Daşkəsəndə dəmir filizi yataqları böyük sənaye ehtiyatlarına malikdir. Həmin yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Belə ki, bir müddət bundan əvvəl dövlət başçısının göstərişi ilə xüsusi proqram tərtib edilib, həmçinin dövlət investisiya resursları cəlb olunub. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq. Qeyd edək ki, son beş il ərzində təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait yönləndirilib. Yerli yataqların müasir texnologiyalar əsasında istismarı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalsın və ölkəmizin yeni ixrac imkanları yaransın. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq Sərəncama əsasən, “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq fəaliyyətə başlayıb. Ölkə ərazisində qara metal filizi yataqlarının işlənilməsi və idarə edilməsi də 2020-ci ildən etibarən “AzerGold” ASC-yə həvalə edilib.

Dağ-mədən sənayesi işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatının inkişafında əsas istiqamətlərdən birini təşkil edəcək

Güclü dövlət olan Azərbaycan işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, qeyd olunan ərazilərdə böyükmiqyaslı bərpa və quruculuq işlərinə başlanılması deyilənləri əyani şəkildə təsdiqləyir.

İşğaldan azad olunan ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsi də ölkəmizdə dövlət siyasətinin mühüm prioritetləri sırasında yer alır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 7 iyul 2021-ci il tarixində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizdə iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdırılıb və  respublikamızın iqtisadi rayonlarının sırasına Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının adları da daxil edilib. Qarabağ iqtisadi rayonu Xankəndi şəhərini, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edir. Vətən müharibəsində işğaldan azad olunan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonunda birləşir. Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlarda birləşdirilməsi ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara əsaslanır. İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişaf etdirilməsi üçün nəzərdə tutulan istiqamətlər sırasında dağ-mədən sənayesi də yer alır ki, bu da təsadüfi deyil. Sözügedən ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var. Burada 167 faydalı qazıntı ehtiyatı hesabına  dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesinə təsiri 5,3 faiz, emal sənayesinə isə 4,3 faiz həcmində dəyərləndirilir. İşğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesinin inkişafı üçün geniş imkanlar olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivi var. Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır”.

Qeyd edək ki, Azərbaycanın işğal dövründə Zəngilan və Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar olunan qızıl yataqları üzrə bütün zəruri təhlillər aparılıb. Bu məqsədlə beynəlxalq məsləhətçilər cəlb olunub. Ölkəmizin qəti mövqeyi belədir ki, dağ-mədən sənayemizə vurulan ziyan tam şəkildə ödənilməlidir.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 692 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31