Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Güclü sosial-iqtisadi inkişaf Azərbaycanın bütün bölgələrində yeni müsbət reallıqlar yaradıb

Güclü sosial-iqtisadi inkişaf Azərbaycanın bütün bölgələrində yeni müsbət reallıqlar yaradıb

05.10.2018 [08:43]

Prezident İlham Əliyev: Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub
Müstəqil Azərbaycanın bütün dünyada maraqla izlənilən nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri regional inkişaf amili ilə bağlıdır. Məlumdur ki, bir sıra ölkələrdə güclü təmərküzləşmə nəticəsində inkişaf yalnız iri şəhərləri, sənaye mərkəzlərini əhatə edir, regionlar, ucqar yaşayış məntəqələri isə bir növ gözdən-könüldən uzaqda qalır. Azərbaycan isə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin bütün regionlarının tarazlı şəkildə inkişafını hədəfləyib. Respublikamızda regionların inkişafı, bölgələrdə yaşayan insanların güzəranının, həyat səviyyəsinin yaxşılaşdırılması, fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının artırılması, kommunal rahatlıqlarla təminatın yüksəldilməsi dövlət siyasətinin prioritetləri kimi müəyyənləşdirilib.
Son 15 ildə bütün ölkə boyu tarazlı inkişafın təmin edilməsində Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının önəmini xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən bəri respublikamızda bu qəbildən iki Dövlət Proqramının icrası böyük müvəffəqiyyətlə tamamlanıb və hazırda 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla yekunlaşmaq üzrədir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğulayıb ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub.
Dövlət başçısının bölgələrə müntəzəm səfərləri regionların sosial-iqtisadi inkişafına güclü impuls verir
Azərbaycandakı möhkəm daxili sabitliyin və güclü inkişafın təməlində xalq-iqtidar birliyi dayanır. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dövlət siyasətinin prioritetlərini müəyyənləşdirərkən ilk növbədə cəmiyyətdən gələn sosial sifarişləri əsas götürür. Azərbaycanın inamlı inkişafının təməlində dayanan əsas amillərdən biri də məhz bu cəhətdir. Prezident İlham Əliyev xəlqi siyasət həyata keçirir, daim milli maraqlardan çıxış edir. Xalq isə bu məqsədyönlü siyasətə güclü dəstək verir.
Deyilənlər baxımdan Prezident İlham Əliyevin regionlara mütəmadi hal alan səfərlərinin önəmini xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının bu səfərləri izsiz ötüşmür. Prezident İlham Əliyev bölgələrdə geçirdiyi çoxsaylı görüşlərdə ilk növbədə əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələrinə üz tutur, onları narahat edən məsələlərlə maraqlanır. Səmimilik şəraitində keçən görüşlərdə yerli sakinlər istəklərini dilə gətirirlər. Sakinlərin qaldırdıqları bütün məsələlər nəzərə alınaraq ən qısa vaxtda yüksək səviyyədə yerinə yetirilir. Artıq yaxşı bir ənənə yaranıb - Prezident İlham Əliyev regionlara səfərlərindən sonra bu və ya digər şəhərin, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini hədəfləyən əlavə tədbirlər haqqında yeni sərəncamlar imzalayır və lazımi qədər maliyyə vəsaiti ayırır.
2018-ci ilin əvvəlindən bəri də Prezident İlham Əliyev Öz ənənəsinə sadiq qalaraq regionlara çoxsaylı səfərlər edib. Dövlət başçısının bölgələrə müntəzəm səfərləri regionların sosial-iqtisadi inkişafına güclü impuls verir. Son olaraq dövlət başçısı İsmayıllıda, Şamaxıda, Biləsuvarda və Masallıda səfərlərdə olub. Ənənəyə uyğun olaraq Prezident İlham Əliyevin regionlara son səfərləri də çoxsaylı tədbirlərlə yadda qalıb. Dövlət başçısı bəhs olunan səfərləri çərçivəsində regionlarda aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olub, bir sıra yeni yaradılan istehsalatların, infrastruktur obyektlərinin açılışına qatılıb və Özünün dəyərli tövsiyələrini verib. Prezident İlham Əliyev Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında bölgələrdə aparılan yüksək səviyyəli quruculuq-abadlıq işlərindən məmnunluğunu ifadə edib. Dövlət başçısı nəzərə çatdırıb ki, bizim böyük iqtisadi imkanlarımız və maliyyə resurslarımız var. Respublikamızda bu imkanlardan istifadə edilərək insanların sosial rifahı, onların yaxşı yaşaması üçün bütün işlər görülür. “Azərbaycanın hər bir rayonunda quruculuq-abadlıq işləri aparılır və rayonların inkişafına böyük sərmayə qoyulur”, - deyə Prezident İlham Əliyev bildirib.
Bölgələrdə yaradılan güclü infrastruktur həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
Azərbaycanın regional inkişaf strategiyasında yüksək səviyyəli infrastruktur quruculuğu mühüm yer tutur. Yuxarıda vurğuladığımız kimi, Prezident İlham Əliyev regionlara bəhs olunan səfərləri çərçivəsində çoxlu sayda yeni infrastruktur obyektlərinin açılışına qatılıb. Dövlət başçısı qeyd edib ki, infrastruktur məsələlərinin həlli gözəl imkanlar yaradır: “Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində yeni yarımstansiyalar da inşa olunur, dayanıqlı enerji ilə təminat yaxşılaşır. Bir sözlə, infrastruktur məsələlərinin həlli gözəl imkanlar yaradır, həm insanların rahatlığını təmin edir, həm də iqtisadi inkişafa təkan verir”.
Son 15 ildə ölkəmizdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir. Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyada qabaqcıl yerlərdən birini tutur. Məsələn, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 15 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Azərbaycanda geniş vüsət alan və ölkəmizin müasir simasını səciyyələndirən yüksək səviyyəli infrastruktur quruculuğu prosesini həmçinin bütün respublika üzrə kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasının və yenidən qurulmasının timsalında aydın şəkildə izləmək mümkündür. 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib.
Ölkəmizdə yeni yolların çəkilməsi və mövcud yolların yenidən qurulması ilə bağlı işlərin coğrafiyası getdikcə genişlənir. Təkcə 2017-ci ildə ölkə miqyasında şərti “40 yol” adlanan, əslində isə daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb. 2018-ci ildə qarşıya qoyulan hədəflər isə daha böyükdür. Cari ildə respublika miqyasında həm magistral, həm şəhərlərarası, həm də kənd yollarının yüksək standartlar səviyyəsində yenidən qurulması ilə bağlı daha çox sayda layihələr həyata keçiriləcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə söhbət açaraq deyib: “Bu il plana görə 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir”.
Son 15 ildə regionların “mavi yanacaq” təminatında vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bəhs olunan dövrdə bütün ölkə boyu çoxlu sayda qazlaşdırma layihələri reallaşdırılıb. Nəticədə, regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələrinə də yeni boru kəmərləri çəkilib və hazırda sakinlərin evlərində “mavi yanacaq” alovlanır.
Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkə üzrə qazlaşdırmanın səviyyəsi 93 faizə çatdırılıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Növbəti hədəf isə belədir: 2018-ci ilin sonunadək respublika miqyasında qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmaq. Eyni zamanda, ucqar dağ kəndlərinin qazlaşdırılması da nəzərdə tutulub. Qarşıya qoyulan məqsədə çatmaq üçün cari ilin əvvəlindən regionlarda yeni qazlaşdırma layihələrinin icrası uğurla davam etdirilir. 2018-ci ilin əvvəllərindən bəri yeni qazlaşdırma layihələri ilə bağlı işlər respublikanın 42 rayonunun 83 yaşayış məntəqəsində aparılıb və təxminən 40 yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.
Sosial təyinatlı obyektlərin istifadəyə verilməsi ölkəmizdə müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Qeyd edək ki, son 15 ildə bütün ölkə üzrə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi, 50-dək Olimpiya Kompleksi tikilərək istifadəyə verilib.
Respublikanın bölgələrində 45 aqroparkın yaradılması hədəflənib
Respublikanın regionlarında böyük potensiala malik aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsi hədəflənib. “Azərbaycanda prioritet sahələrdən olan kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən siyasət ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparılacaq”. Bunu Prezident İlham Əliyev Goranboy rayonunda “Region Agropark”ın açılışındakı çıxışında bildirib.
Respublikanın regionlarında aqroparkların yaradılması aqrar sektorda yeni yanaşmaların tətbiqinə yaxşı nümunədir. İndiyə qədər aqroparkların yaradılması üçün dövlət dəstəyi hesabına infrastruktur, o cümlədən su, elektrik, qaz və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 218 milyon manatdan çox investisiya qoyulub. Ümumi dəyəri 457 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına dövlət tərəfindən 111,2 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 563,5 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq dörd aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb.
Ölkənin bölgələrində 10 min hektar ərazidə yaradılan “Yalama Aqroparkı” və “Şəmkir Aqroparkı” uğurla fəaliyyət göstərir. “Yalama Aqroparkı” 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Parkın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 20 milyon manat investisiya qoyulub. Qərb bölgəsində yaradılan “Şəmkir Aqroparkı”nın da istehsal imkanları kifayət qədər genişdir. Ümumi dəyəri 100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib. Perspektivdə Azərbaycanın bölgələrində aqroparkların sayı daha da artacaq. Hazırda ölkə ərazisində aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Yeni yaradılan aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlidir. Bütövlükdə, ölkə üzrə 191 min hektar ərazidə 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə yönəldilməsi nəzərdə tutulub. “45 aqroparkın yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük dərəcədə artacaq. Beləliklə, ölkə qarşısında duran əsas vəzifələrdən biri - ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq”, - deyə Prezident İlham Əliyev “Region Agropark”ın açılışındakı çıxışında vurğulayıb. Prezident İlham Əliyevin Goranboy rayonuna səfəri çərçivəsində istifadəyə verilən “Region Agropark”ın ümumi dəyəri 30 milyon manatdır. Aqroparkın yaradılmasına 6 milyon manat dövlətin güzəştli krediti verilib. Belə ki, Goranboy rayonunda uzun müddət istifadəsiz qalmış və yararsız hala düşmüş 3500 hektar, Samux rayonunda isə 1200 hektar qış otlaq sahələrinin təyinatı Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib.
Prezident İlham Əliyev regionlara son səfərlərində də bir neçə müasir təsərrüfatın açılış mərasiminə qatılıb. İsmayıllı rayonunda dövlət başçısının iştirakı ilə “Buta Qrup” MMC tərəfindən yaradılan aqropark istifadəyə verilib. Ümumi dəyəri 22 milyon manat olan aqroparkın yaradılmasına birinci mərhələdə 7,7 milyon manat investisiya qoyulub. Bunun 1,9 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Ərazisi 602 hektar olan aqroparkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və paketlənməsi sahələri daxildir. Aqroparkda cari ildə 120 hektar buğda, 120 hektar kartof və 96 hektar qarğıdalı əkilib. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatının həyata keçirilməsi üçün 2 su anbarı inşa edilib, su və elektrik xətləri çəkilib, ilkin olaraq 90 hektar sahədə müasir pivot suvarma sistemi qurulub, müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və aqreqatlar alınıb.
Dövlət başçısının regionlara son səfərləri çərçivəsində həmçinin İsmayıllı rayonunun Keyvəndi kəndinin ərazisində yaradılan “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksi istifadəyə verilib. Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, ölkədə ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə yeni heyvandarlıq kompleksləri yaradılır. Respublikada ət və süd məhsullarına olan tələbatın yerli istehsal hesabına tam ödənilməsi məqsədilə dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 264,1 milyon manat olan 49,9 min başlıq 27 müasir cins heyvandarlıq kompleksinin yaradılmasına 111,7 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən 9 heyvandarlıq kompleksinin yaradılmasına ümumi dəyəri 68,4 milyon manat olan investisiya təşviqi sənədi verilib ki, nəticədə qənaət olunmuş 746 min manat vəsait sahibkarlar tərəfindən həmin layihələrin icrasına yönəldilib.
Bəhs olunan heyvandarlıq kompleksinin birinci mərhələsi üzrə işlərin görülməsinə 9,5 milyon manat investisiya qoyulub ki, bunun da 3,5 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Bundan əlavə, kompleksə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib və nəticədə xeyli vəsaitə qənaət olunub. Kompleksin tərkibinə 1000 başlıq ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələr daxildir. Kompleksdə gələcəkdə heyvanların baş sayının 1600-ə çatdırılması nəzərdə tutulur. Kompleksin emal sahələrində istehsal ediləcək ekoloji təmiz məhsullar “AZZA” brendi adı altında şirkətə məxsus mağazalar şəbəkəsində satışa çıxarılacaq.
Sənaye məhəllələrinin yaradılması regionlarda iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir
Son illərdə sənaye xəritəsinin regionlara doğru genişlənməsinə istinadən deyə bilərik ki, Azərbaycanda sənaye quruculuğunda yeni mərhələ başlayıb. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində qurulan güclü infrastruktur sayəsində bölgələrdə də sənaye quruculuğu üçün münbit şərait yaranıb. Bütövlükdə, perspektivdə respublika miqyasında üçü regionlarda olmaqla 4 sənaye mərkəzinin (Bakı, Sumqayıt, Gəncə və Mingəçevir) yaradılması nəzərdə tutulub. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkədə regional sənaye quruculuğu ilə bağlı ciddi mesajlar verib. “Hər bölgədə, hər rayonda müasir sənaye potensialı yaradılacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Neftçala Sənaye Məhəlləsi ölkədə yaradılan ilk sənaye məhəlləsidir. Xatırladaq ki, bəhs olunan sənaye məhəlləsi 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dövlətimizin başçısının 2014-cü ildə Neftçalaya səfəri zamanı verdiyi tapşırığa və 2015-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən sənaye məhəlləsində yüksək standartlara cavab verən müxtəlif istehsal sahələri, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Bəhs olunan sənaye məhəlləsinin yaradılmasına dövlət tərəfindən 20 milyon manatdan çox vəsait ayrılıb. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib.
Ölkəmizdə daha bir oxşar sənaye zonasının - Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Tikinti işlərinə 200 nəfər cəlb edilib. Sabirabad Sənaye Məhəlləsi isə 20 hektar ərazidə yaradılır. Artıq burada tikinti işlərinə başlanılıb. İnşaat işlərinə 200 nəfər cəlb olunub.
Prezident İlham Əliyevin regionlara son səfərləri çərçivəsində istifadəyə verilən Masallı Sənaye Məhəlləsi dövlət başçısının 2016-cı il iyunun 13-də imzaladığı Sərəncamla yaradılıb. Ümumi sahəsi 10 hektar olan məhəllədə tikinti işlərinə 2017-ci ilin iyulunda başlanıb. Sənaye məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb, yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30