Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 100 il əvvəl Bakının erməni-bolşevik qüvvələrinin işğalından azad edilməsi tariximizin şanlı qəhrəmanlıq salnaməsidir

100 il əvvəl Bakının erməni-bolşevik qüvvələrinin işğalından azad edilməsi tariximizin şanlı qəhrəmanlıq salnaməsidir

15.09.2018 [10:10]

Tariximizin şərəfli və qürurlu səhifələrindən biri olan bu möhtəşəm zəfər Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi və təntənəsidir
Tarix Azərbaycan və Türkiyənin çoxsaylı dostluq, qardaşlıq və həmrəylik nümunələrinə şahidlik edib. Belə qürur və iftixar dolu anlar Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifələrini təşkil edir. Bu cür tarixi anlardan biri də 15 sentyabr 1918-ci ildə Azərbaycanın Milli Ordusunun Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsidir. Xalqımız öz şanlı tarixinin qürur dolu və parlaq səhifələrindən birini - 1918-ci ilin 15 sentyabrında Bakının erməni-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 100 illiyini böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd edir. Ümumiyyətlə, bəhs olunan şanlı tarixin - Bakının erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad edilməsinin əhəmiyyətini daha yaxşı anlamaq üçün həmin tarixi dövrə aid olan bir sıra məsələlərə kompleks yanaşmaq məqsədəmüvafiqdir.
Azərbaycan ərazilərinin erməni-bolşevik işğalından azad edilməsi prosesinə Gəncədən başlandı
Məlum olduğu kimi, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) öz müstəqilliyini elan etməsindən sonra Azərbaycanla Osmanlı Türkiyəsi arasında Batumda 4 iyun 1918-ci il tarixində strateji əhəmiyyət kəsb edən mühüm bir müqavilə imzalandı. Bundan sonra Nuru Paşanın rəhbərliyi ilə V Qafqaz diviziyası Gəncəyə gələrək Azərbaycan ordusunun quruculuğunda iştirak etməyə başladı. V Qafqaz diviziyası ilə o vaxt Azərbaycan Silahlı Qüvvələrinin əsasını təşkil edən Müsəlman Korpusu Qafqaz İslam Ordusu adı altında birləşdi və bəhs olunan silahlı birləşmələr Azərbaycanın istiqlaliyyəti və suverenliyinin qorunub saxlanması istiqamətində fəaliyyət göstərməyə başladı.
Əlbəttə ki, bu ordunun qarşısında duran ilk hədəf Gəncədəki ermənilərin tərk-silah edilməsi idi. Bəllidir ki, Gəncədə məskunlaşmış ermənilər separatist fəaliyyətlə məşğul idilər və müxtəlif qruplaşmalar formalaşdırmaqla təxribat törətmək məqsədi əsasında hərəkət edirdilər. Buna baxmayaraq, nizamlı və planlı tədbirlər sayəsində Gəncədəki ermənilərin tərk-silah edilməsi mümkün oldu. Başqa sözlə, Azərbaycan ərazilərinin erməni-bolşevik işğalından azad edilməsinə Gəncədən başlanıldı. Bir neçə şəhər - inzibati ərazi vahidi (Göyçay, Ağsu, Kürdəmir, Şamaxı) azad edildi. Artıq qarşıda müstəqil Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Bakının azad edilməsi hədəfi dayanırdı.
1918-ci il sentyabrın 15-də Azərbaycanın Milli Ordusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən azad etdi
Qeyd etmək lazımdır ki, strateji əhəmiyyətinə görə dövrün güc mərkəzlərinin marağında və diqqət mərkəzində olan Bakının azad edilməsi heç də asan deyildi. Həmin dövrdə Bakının əhəmiyyəti xeyli artmışdı, çünki o zaman dünya neftinin 50 faizi Bakıda çıxarılırdı. Şimaldan bolşeviklər, cənubdan ingilislər Bakıya can atırdılar. I Dünya müharibəsinin əvvəllərində müxtəlif güc mərkəzlərinin Bakını ələ keçirmək planları var idi. Bu kontekstdə Azərbaycana iqtisadi maraqlara görə yox, həmrəylik məqsədilə can atan yeganə qüvvə Türkiyə idi. Dolayısıyla, bu şəhərdə strateji nəzarəti əldə saxlamaq mövcud güc mərkəzlərinin əsas hədəflərindən biri idi. Dövrün ingilis sənədlərində yazılmışdı ki, Bakı öz strateji əhəmiyyətinə görə bütün Cənubi Qafqazın açarıdır. Beləliklə, olduqca mürəkkəb situasiyanın fonunda bu hədəf istiqamətində strateji əməliyyat planı müəyyənləşdirildi və müvafiq addımlar atıldı. Daha sonra Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Türkiyənin Şərq Orduları Qrupuna yardım məqsədilə müraciət etdi. Buna görə 15-ci diviziyadan təchizatı yaxşı olan 56-cı alay və 36-cı Qafqaz diviziyasından 106-cı Qafqaz alayı 15-ci diviziyanın komandiri polkovnik-leytenant Süleyman İzzət bəyin komandanlığında Qafqaz İslam Ordusunun tərkibinə daxil olmaq üçün 3 sentyabr 1918-ci ildə Gümrüdən yola düşdü. 15-ci diviziyanın qərargahı ilə birlikdə boşaltdığı bölgəni 36-cı Qafqaz diviziyası təhvil götürdü. 15-ci diviziya 191 zabit və 5541 əsgərlə 9 sentyabrda Bakı cəbhəsinə çatdı, bundan sonra şəhərə qarşı hücum qətilik qazandı. Bu məsələdə Qafqaz İslam Ordusu komandanlığından verilən 10 sentyabr tarixli əmrlə hücum hazırlıqlarına başlandı. Hücumdan əvvəl Şərq cəbhəsi komandanlığı və ona məxsus Şimal qrupu ləğv edilmiş, cəbhədəki bütün birləşmələrin hərəkəti bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə edilmişdi. Bu vəziyyətdə V Qafqaz diviziyasına Mürsəl Paşa, 15-ci piyada diviziyasına polkovnik-leytenant Süleyman İzzət bəy, Cənub qrupu birləşmələrinə isə polkovnik Cəmil bəy, polkovnik-leytenant Halim Pertev bəy isə Cənub qrupu daxilində olan və Azərbaycan könüllü birləşmələrindən ibarət IV alaya rəhbərlik edəcəkdi.
Beləliklə, əməliyyat üçün bütün hazırlıqlar tamamlandı. Bakı cəbhəsində təxminən 8000 Osmanlı əsgəri və 7000-ə qədər Azərbaycanın hərbi qüvvələri toplanmışdı. Nizamlı hərbi strategiya və taktika əsasında hücuma keçildi. Cəbhə döyüşlərindən sonra 15 sentyabr tarixində tərəflər arasında piyada, pulemyot və top atəşi başlandı. Bakını müdafiə etməyə çalışan əsgərlərin böyük hissəsinin “Qırmızı kazarma” deyilən yerdə toplandığı məlum oldu. Hücuma keçən 13-cü, 9-cu və 56-cı alaylar şəhərə girməyə başladılar. Nəticədə müəyyən olunmuş strateji əməliyyat planı çərçivəsində istinad edilən döyüş taktikası ilə Azərbaycan Milli Ordusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad etdi. Avropa dövlətlərinin etirazlarına, hətta diplomatik skandal yaratmaq cəhdlərinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi ən çətin tarixi məqamda yalnız qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Bundan sonra da erməni-bolşevik birləşmələri asayişi pozmaq və təxribatlar törətmək üçün ciddi cəhdlər etməyə başladılar. Bütün bunlara baxmayaraq, düşmən qüvvələr neytrallaşdırıldı və asayiş bərpa edildi.
Beləliklə, Bakıdan gələn heyətlə V Qafqaz diviziya qərargahında Bakının qeyd-şərtsiz dərhal təslim edilməsi, silah-sursat, dövlət əmlakı və binaların, o cümlədən silah anbarları, yük maşınları, zirehli avtomobillər və təyyarələr daxil olmaqla bütün texnikanın təhvil verilməsi, Nargin adasında olan türk, alman və avstriyalı əsirlərin qaytarılması şərtlərinin yer aldığı müqavilə imzalandı. Bakı ərazisinin komandanlığına Cənub qrupu komandiri Cəmil Cavid bəy təyin edildi.
Bakı azad edildikdən sonra Qafqaz İslam Ordusunun Gəncədə yerləşən qərargahı buraya köçdü. 9 sentyabrda Güzdəyə gələrək əməliyyatı yaxından izləyən Şərq Orduları Qrupunun komandanı Xəlil Paşa və Bakı əməliyyatının rəhbəri - Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 16 sentyabrda Bakı ətrafında birləşmələrin rəsmi keçidini qəbul etdikdən sonra şəhərə daxil oldular. Şəhər sakinləri xilaskar ordunu böyük sevinclə qarşıladılar.
Azərbaycan Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə tarixi zəfərindən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, həmin ilin dekabr ayında isə parlamentə demokratik prosedurlar əsasında seçkilər keçirildi. Beləliklə, 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı kontekstində müstəsna əhəmiyyət daşıyan mühüm tarixi hadisə oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda nitq söyləyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır.
Sadalananlar deməyə əsas verir ki, Azərbaycan Milli Ordusu ilə Qafqaz İslam Ordusunun birlikdə Bakını işğalçı qüvvələrdən azad etməsi Azərbaycan tarixinin, Azərbaycan-Türkiyə qardaşlığının ən mühüm, şərəfli və şanlı səhifələrindən biridir. Bir məqama da xüsusi olaraq toxunmaq lazımdır ki, azərbaycanlılar da Türkiyənin ən çətin tarixi anlarında özünün qardaşlıq dəstəyini və həmrəyliyini göstərmişdir. Məsələn, azərbaycanlılar müstəqil olaraq Osmanlı ərazilərinə keçib, Çanaqqalada öz qardaşları ilə çiyin-çiyinə vuruşmuşdular. Bununla bağlı çox dəqiq arxiv materialları mövcuddur. 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyinə son qoyulmasına baxmayaraq, azərbaycanlılar qardaş Türkiyənin istiqlal savaşında yaxından iştirak etdilər.
Dərin tarixi köklərə əsaslanan Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı sarsılmazdır!
Azərbaycan xalqı onun istiqlalı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsinə ehtiramını layiqincə ifadə edir. Bu gün türk xalqlarının mədəni-mənəvi inteqrasiyasının daha da dərinləşdirilməsini, türk tarixinin obyektiv araşdırılmasını başlıca vəzifə elan etmiş müvafiq strukturlar türkün şanlı zəfər salnaməsinə parlaq səhifə kimi daxil olmuş həmin hadisələrin - Azərbaycan Milli Ordusu ilə Qafqaz İslam Ordusunun Azərbaycanda 100 il öncə apardığı uğurlu döyüşlərin tam təfsilatının öyrənilməsinə və təbliğinə, bu qəhrəmanlıq örnəyinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün əyani vəsaitə çevrilməsinə xüsusi diqqət yetirməkdədirlər. Beləliklə, tariximizin ən şanlı səhifələrindən olan bu möhtəşəm zəfər Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi və təntənəsi, qürur və iftixar mənbəyidir.
Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bununla yanaşı, Azərbaycan-Türkiyə münasibətləri davamlı inkişaf dinamikasına malikdir. Bu iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib.
Qürurverici haldır ki, bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir, dostluq, qardaşlıq nümunəsi ilə dünyaya örnək olurlar. Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edirlər. Başqa sözlə, dərin tarixi köklər, sarsılmaz dostluq Türkiyə-Azərbaycan qardaşlığının təməlini təşkil edir. Reallıq budur ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 735 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30