Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın sosial-iqtisadi uğurları beynəlxalq reytinq agentliklərinin hesabatlarında əks olunur

Azərbaycanın sosial-iqtisadi uğurları beynəlxalq reytinq agentliklərinin hesabatlarında əks olunur

31.07.2018 [09:40]

Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun, eləcə də “Standard & Poor’s” və “Fitch Ratings” reytinq agentliklərinin hesabatları Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin səmərəliliyini göstərir
Müasir dövrdə qlobal miqyasda baş verən iqtisadi kataklizmlər bir çox ölkələrin böhran kimi səciyyələndirilən mürəkkəb şəraitlə, tənəzzül və ciddi maliyyə problemləri ilə qarşı-qarşıya qalmasına səbəb olub. Ayrı-ayrı sahələrin strateji inkişaf planına və konseptual tərəqqi strategiyasına malik olan dövlətlər isə yeni iqtisadi perspektivlər formalaşdıra, inkişaf üçün əlverişli zəmin yarada biliblər. Bu mənada, Azərbaycanın təcrübəsi də mütərəqqi nümunə kimi səciyyələndirilə bilər.
Rasional iqtisadi siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edib
Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi gücünün artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Bir sözlə, ötən zaman müddətində əldə edilən strateji əhəmiyyətli nailiyyətlərdən biri Azərbaycan iqtisadiyyatının öz dinamik inkişafını davam etdirməsi olub. Həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb.
Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə yer alır
Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi inkişaf kontekstində əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əks olunur. Məsələn, Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsinə görə Azərbaycan 306,7 dollarla dördüncü yerdə qərarlaşıb. Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncü sırada 421,9 dollarla Belarus, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna yer alıb. Tacikistanda həmin göstərici 137 dollar, Qırğızıstanda isə 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir. Göründüyü kimi, Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə yer alır.
“Standard & Poor’s” reytinq agentliyindən Azərbaycan iqtisadiyyatında 2021-ci ilə qədər 3 faiz artım proqnozu...
“Standard & Poor’s” reytinq agentliyinin hesabatında isə Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağına dair proqnoz ifadə olunub. Reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda “VV+/V” səviyyəsində təsdiq edib, reytinqlər üzrə proqnoz müsbət qeyd edilib. Agentliyin hesabatında o da qeyd edilib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan “Şahdəniz” qaz kondensat yatağının hazırlanmasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış qrafikə uyğun olub: “Növbəti 4 ildə qaz ixracının tədricən artmasını gözləyirik. Belə ki, layihə tam miqyası ilə işə düşəcək və bu, daha geniş iqtisadi fəallığı özündə ehtiva edir”.
“Fitch Ratings”in hesabatında Azərbaycanda mövcud olan sosial və siyasi sabitliyin davam edəcəyinə dair proqnoz ifadə edilib
Azərbaycanda iqtisadi inkişafın qanunauyğun nəticələrini özündə əks etdirən daha bir proqnoz “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi tərəfindən açıqlanıb. Belə bir qənaət ifadə edilib ki, Azərbaycanda mövcud olan sosial və siyasi sabitlik davam edəcək. Reytinq agentliyi xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu “BB+” səviyyəsində təsdiq edib. Agentliyin proqnozlarına görə, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. O da ifadə edilib ki, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi manatın sabit məzənnəsi qeyd edilib. Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı bildirilib. Depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşüb. “Neftin yüksək qiymətləri “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması və “Şahdəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək”, - deyə hesabatda vurğulanıb. Agentliyin proqnozlarına görə, 2018-ci ildə “Brent Crude” neftinin 1 barelinin qiyməti 70 dollar, 2019-cu ildə 65 dollar, 2020-ci ildə isə 57,5 dollar olacaq.
Göründüyü kimi, Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun, eləcə də “Standard & Poor’s” və “Fitch Ratings” reytinq agentliklərinin hesabatları Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin səmərəliliyini əks etdirməklə yanaşı, gələcəyə dair proqnozların optimist olduğunu göstərir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 760 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30