Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur

Azərbaycanın uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur

27.07.2018 [09:38]

Prezident İlham Əliyev: Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq
Müasir dövrdə beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitlik və inkişafa nail olurlar. Ümumiyyətlə, yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Səmərəli və praqmatik xarici siyasət kursu milli maraqları təmin etməklə yanaşı, ölkənin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin mühüm geostrateji aktoru olan Azərbaycanın təcrübəsi unikal və mütərəqqi nümunə kimi çıxış edir.
2018-ci ilin birinci yarısında Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib
Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan yeni geosiyasi şəraitdə özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Bu, ölkəmizin milli maraqlarına uyğun olmaqla bərabər, Azərbaycanın heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir.
Digər tərəfdən, Azərbaycanın xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. İkitərəfli və çoxşaxəli münasibətlərin əsasında duran strateji amil məhz ölkəmizin milli maraqlarıdır. Azərbaycan reallaşdırılan bütün strateji əhəmiyyətli layihələrdə öz müstəqil siyasi iradəsi əsasında - milli mənafelərə müvafiq olaraq təmsil olunur və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər mütləq mənada Azərbaycanın maraqlarını nəzərə alırlar.
Bütövlükdə, çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bununla yanaşı, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Başqa sözlə, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada region dövlətləri ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Azərbaycan öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu kontekstdə region ölkələri ilə münasibətlərin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji önəm daşıyır.
Yeri gəlmişkən, cari ilin altı ayında da həyata keçirilən uğurlu - səmərəli və praqmatik xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqamlara diqqət çəkərək deyib: “Xarici siyasətə gəldikdə, deyə bilərəm ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülmüşdür, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilmişdir. Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri vardır. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olmuşdur. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi İli” bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənmişdir”.
Avropa İttifaqı və ABŞ ilə qarşılıqlı faydalı təmaslar və əlaqələrin müsbət dinamikası məmnunluq doğurur
Azərbaycanın xarici siyasət kursunun xarakterik xüsusiyyətlərindən biri də odur ki, ölkəmiz regionda və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Ölkəmizin iştirakı ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti deyilənləri təsdiq edir. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında mühüm rola malikdir. Təsadüfi deyil ki, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər regional və beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Şübhəsiz ki, beynəlxalq miqyasda əminliklə ifadə olunur ki, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir. Azərbaycan hazırda mühüm geosiyasi aktor kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan öz xarici siyasətini, dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edirlər. 2018-ci ilin birinci yarısında Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə ölkəmiz arasında məmnunluq doğuran qarşılıqlı faydalı təmaslar və əlaqələrin müsbət dinamikası da bu kontekstdə xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı qeyd edib: “Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir”.
Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxmışdır: “Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlamışdır. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək”.
Yeri gəlmişkən, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, imzalanmış sənədlər ölkəmizlə Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət etdi. Bu səfər enerji təhlükəsizliyi sahəsində də Azərbaycan ilə Avropa arasında əlaqələrin müstəsna əhəmiyyətə malik olduğunu, Avrasiyada əməkdaşlıq və inteqrasiyaya xidmət etdiyini bir daha nümayiş etdirdi. Reallıq budur ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Ölkəmizin liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri bəhs olunan qitənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Bütövlükdə, ekspertlərin qənaəti bundan ibarətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı üçün yaxşı perspektivlər var. Bu səbəbdən optimist proqnozlar ifadə edilir. Bu baxımdan, tərəflər arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin də ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açdığı diqqətə çatdırılır. Ən əsası, Avropa İttifaqının “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləməsi və ilk dəfə olaraq “Tərəfdaşlıq prioritetləri” sənədində sərhədlərin toxunulmazlığı məsələsinin qurum tərəfindən xüsusi qeyd edilməsi strateji əhəmiyyətə malikdir. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduqca mühüm məqamdır.
Milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən Azərbaycanın ikitərəfli münasibətləri uğurla inkişaf edir
Bütövlükdə, Azərbaycanın xarici siyasəti sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf ölkəmizin beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsidir. Əlbəttə, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyası davam edir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Başqa sözlə, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinə müstəsna töhfələr verir.
Ümumiyyətlə, müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin və beynəlxalq münasibətlər sisteminin durumunu xarakterizə edərkən ən çox maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə də ayrı-ayrı regionlarda konfliktlərin, müharibələrin mövcud olması qlobal kataklizmlərin mövcudluğundan xəbər verir. Dünya siyasətinin gələcəyinə təsir edən iqtisadi böhran isə siyasi kataklizmlərin dərinləşməsini şərtləndirir ki, bu da nəticə etibarilə həm inteqrasiya və əməkdaşlığı zəiflədir, həm də siyasi münasibətlərdə müəyyən qədər etimadsızlıq mühitinin, ziddiyyətlərin artmasına səbəb olur. Dolayısıyla, siyasi və iqtisadi böhran müasir dünyanın əsas problemi kimi çıxış edir. Belə olan şəraitdə milli dövlətlərin səmərəli və praqmatik xarici siyasət həyata keçirməsi strateji zərurət kimi çıxış edir. Azərbaycan məhz səmərəli xarici siyasət həyata keçirərək öz beynəlxalq mövqeyini möhkəmləndirən, eləcə də regional sabitlik, təhlükəsizlik və əməkdaşlığa strateji töhfələr verən ölkələrdəndir.
Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini şərtləndirən strateji əhəmiyyətli amillərdən biri ölkəmizin ikitərəfli münasibətləri uğurla davam və inkişaf etdirməsidir. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına səfəri də xüsusi əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər tərəflər arasında münasibətlərin inkişafının məmnunluq doğurduğunu deməyə əsas verir. Qeyd edək ki, səfər zamanı Azərbaycan Prezidenti Fransa Prezidenti Emmanuel Makron, Fransa senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirib. Səfər əsnasında yalnız Fransanın deyil, Avropa və bütövlükdə dünyanın aparıcı iqtisadi qurumlarından olan şirkətlərin rəhbərləri ilə görüşlər nəticəsində 2,3 milyard dollarlıq anlaşmalar imzalanıb. Bu anlaşmalar həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, iki ölkə arasında, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm töhfədir. Azərbaycan Prezidentinin səfərinə göstərilmiş yüksək diqqət dövlətimizin başçısının simasında Azərbaycan dövlətinə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin Fransaya səfəri həm də Azərbaycanla Avropa İttifaqı ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, yeni sahələri əhatə edən əməkdaşlıq formatlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu yaxınlarda İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri də ölkəmizin ikitərəfli münasibətlərinin inkişafı baxımından xüsusi önəm kəsb edir. Təsadüfi deyil ki, ekspertlər bu səfəri iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirdilər. Birmənalı şəkildə ifadə olunub ki, İtaliya Prezidentinin ölkəmizə ilk səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüş və apardığı müzakirələr siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın təşviqi üçün müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan yeni geosiyasi şəraitdə beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi...
Ölkəmizin beynəlxalq müstəvidə yeri və rolunu xarakterizə edən ekspertlər, analitik mərkəzlər Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etdiyini də diqqətə çatdırırlar. Ümumiyyətlə, ölkəmiz yeni geosiyasi şəraitdə sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Başqa sözlə, Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Bu kontekstdə son olaraq Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi xüsusi olaraq qeyd edilməlidir. Bu və digər tədbirlər öz növbəsində Azərbaycanın yüksək nüfuzunu əks etdirir. Eyni zamanda, bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Cari ilin birinci yarısında da bu reallıqlar müşahidə olunub. Belə ki, bu il paytaxt Bakıda mühüm beynəlxalq tədbirlər, o cümlədən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilib, beynəlxalq münasibətlər üçün aktual olan strateji əhəmiyyətli məsələlər müzakirəyə çıxarılıb. Dövlətimizin başçısı bu məqamlara toxunaraq deyib: “Bu il Bakıda üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının - Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu tədbirdə də bizim siyasətimizə dəstək göstərilmişdir. Gələn ildən Azərbaycan bu böyük mötəbər təşkilata sədrlik edəcək. Gələn il Azərbaycanda Zirvə görüşü keçiriləcəkdir. Bu, bir daha ölkəmizə olan hörmətin təzahürüdür. Onu göstərir ki, bizim apardığımız siyasət çox böyük rəğbət doğurur və çox böyük hörmətə layiqdir”.
Mövcud reallıqlar xarici siyasət sahəsində qarşıdakı dövrün də uğurlu olacağını deməyə əsas verir
Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı şəraitdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Öz strateji kursunda milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycanın xarici siyasəti regional və beynəlxalq inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir.
Mühüm məqamlardan biri budur ki, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edən ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, ölkəmizə olan etimadı daha da artırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Beləliklə, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan, demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq”.
Nəticə etibarilə, əldə edilən nailiyyətlər də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, ölkəmizin milli gücünün artmasına strateji töhfələr verir, beynəlxalq şəraitdən asılı olmayaraq qarşıdakı dövrün də uğurlu olacağını deməyə əsas verir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30