Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransa-Azərbaycan münasibətlərinin inkişafı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli baxımından strateji əhəmiyyətə malikdir

Fransa-Azərbaycan münasibətlərinin inkişafı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli baxımından strateji əhəmiyyətə malikdir

25.07.2018 [09:26]

Prezident İlham Əliyevin Fransaya səfəri çərçivəsində keçirilən görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi diqqət mərkəzində olub
Müasir dövrdə bir sıra regionlarda dağıdıcı iddialar və təcavüzkar siyasət nəticəsində meydana çıxmış konfliktlər mövcuddur ki, onlar təkcə həmin bölgə üçün yox, bütövlükdə qlobal miqyasda təhlükəsizliyə ciddi təhdidlər yaradır. Bunlardan biri Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Cənubi Qafqaz regionu siyasi və iqtisadi potensialına, həmçinin coğrafi mövqeyinə görə Avrasiya materikində ən əhəmiyyətli geopolitik məntəqələrdən biri hesab edilir. Belə bir yanaşma mövcuddur ki, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı amillərin əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir. Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir.
Sirr deyil ki, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan milli maraqlara söykənən və qətiyyətli xarici siyasət kursu həyata keçirir. Azərbaycanın xarici siyasəti sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf ölkəmizin beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsidir. Beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edən ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, ölkəmizə olan etimadı daha da artırır. Həyata keçirilən uğurlu xarici siyasətin fonunda Azərbaycanın mövqeyi mütəmadi olaraq möhkəmlənir, ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursunu davam etdirir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Başqa sözlə, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq şəraitdən asılı olmayaraq qarşıdakı dövrdə də uğurlu olacağını deməyə əsas verir.
O da qeyd edilməlidir ki, ölkəmizin xarici siyasət kursunun başlıca strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi təşkil edir. Ümumiyyətlə, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan Respublikası beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Azərbaycan üçün başlıca prinsipial məsələ məhz beynəlxalq hüquqa və ədalətə söykənərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaqdır.
Təsadüfi deyil ki, Azərbaycan dövləti bütün beynəlxalq tribunalardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqətə çatdırır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına səfəri çərçivəsində keçirilən görüşlər zamanı da Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli məsələsi diqqət mərkəzində olub.
Regional təhlükəsizliyə ciddi təhdidlər yaradan Dağlıq Qarabağ münaqişəsinin həlli strateji zərurətdir
Ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun zəbt edilməsi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olması ilə nəticələnən bu münaqişənin həlli zərurətdir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Sirr deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eyni zamanda, diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Azərbaycan konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Münaqişənın həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və müxtəlif beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman müddətlərində Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında - parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyə və formada gündəmə gətirilib. Təbii ki, bütün bunların əsasında dayanan fundamental amil Azərbaycan iqtidarının uğurlu xarici siyasəti və yüksək diplomatik səriştəsidir. Artıq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinə dair bəyanatlar beynəlxalq müstəvidə mütəmadi şəkildə səsləndirilməkdədir.
Ümumiyyətlə, Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Qanunauyğun haldır ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər.
Nəticə etibarilə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Dünya ictimaiyyəti görür və anlayır ki, separatizm ciddi təhdidlər yaradır, bu səbəbdən dövlətlərin ərazi bütövlüyü əsas götürülməlidir. Eləcə də Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. Yəni, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Eyni zamanda, artıq beynəlxalq ictimaiyyət ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələrə münasibətini ortaya qoyur. Beynəlxalq miqyasda Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edilib, eyni zamanda, ermənilərin xalqımızın başına gətirdiyi faciələr kəskin qınaq obyektinə çevrilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir
2016-cı ilin aprel döyüşlərindən sonra ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin qınayır. ATƏT-in Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq şəkildə ifadə olunub. 2016-cı ilin aprelindən sonra beynəlxalq ictimaiyyət bir daha anladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional miqyaslı, qlobal xarakterli destruktiv problemdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ümumilikdə, münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir və Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. İşğalçı Ermənistan isə bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməklə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur. Bütövlükdə isə, yaranmış yeni şərait, yaxud mövcud vəziyyət Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir.
Azərbaycanın uğurlu xarici siyasət kursu və hücum diplomatiyası Dağlıq Qarabağ münaqişəsinə obyektiv münasibətin formalaşmasını şərtləndirib
Qeyd etdiyimiz kimi, Azərbaycanın uğurlu xarici siyasət kursu və diplomatiyası beynəlxalq ictimaiyyətin bu münaqişəyə obyektiv münasibət və mövqeyini formalaşdıran mühüm amildir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər zamanı Avropa İttifaqı (Aİ) ilə ölkəmiz arasında ikitərəfli münasibətlərin qarşılıqlı faydalı maraqlar əsasında inkişaf etdirilməsi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin də diqqət mərkəzində olması xüsusilə qeyd edilməlidir. Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Mogerininin danışıqlar prosesinin heç bir şərt qoyulmadan davam etdirilməli olduğunu açıq şəkildə bəyan etməsi də mühüm əhəmiyyətə malikdir. Ən əsası, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, həmçinin də NATO-nun Sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunması Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdinin iflasa uğramasını şərtləndirib. Bütün bunlar isə Azərbaycan diplomatiyasının növbəti mühüm uğuru kimi xarakterizə olunur.
Fransa münaqişənin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin Fransaya səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də diqqət mərkəzində olub. Məlumat üçün qeyd edək ki, iyulun 20-də Parisdə, Yelisey Sarayında Fransa Respublikasının Prezidenti Emmanuel Makronun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilmiş nahar çərçivəsində aparılan müzakirələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib. Ümidvarlıq ifadə olunub ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın Prezidenti şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji, eləcə də Fransa Senatının sədri Jerar Larşe ilə görüşləri zamanı da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb. Senatın sədri vurğulayıb ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.
Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mühüm töhfələr verə bilər
Şübhəsiz ki, bəhs olunan səfər Azərbaycan Prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi baxımdan mühüm əhəmiyyətə malikdir. Bəllidir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və işğalçı Ermənistanla tarixən formalaşmış münasibətləri var. Bu isə həm də onun Ermənistana təsiretmə imkanlarının olması deməkdir. Ona görə də Azərbaycanın Fransa ilə strateji münasibətlərinin dərinliyi bu dövlətin ölkəmizin daha yaxın müttəfiqi olması anlamına gəlir. Azərbaycan bu mühüm istiqamətdə daim xüsusi siyasi-diplomatik iş aparır.
ATƏT-in Minsk qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri olan Fransa rəhbərliyinin Azərbaycana və onun rəhbərliyinə yüksək münasibət bəsləməsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində önəmli faktor hesab oluna bilər. Təsadüfi deyil ki, artıq erməni mediasında Fransanın Ermənistana “xəyanət etməsi”, Azərbaycanla iqtisadi maraqlar naminə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın lehinə mövqe tuta bilməsi barədə fikirlər səsləndirilir. Bu isə, öz növbəsində, Azərbaycanın nüfuzunun artmasından, mühüm diplomatik nailiyyətlər əldə etməsindən erməni lobbisinin və Ermənistanın dərin narahatlıq keçirdiyini göstərir.
Əlbəttə ki, hazırkı reallıqlar fonunda əminliklə söyləmək olar ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mühüm töhfələr verə bilər. Ümumiyyətlə, ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində təxribatçı və dağıdıcı fəaliyyət göstərən Ermənistana təzyiq və təsir etmək üçün kifayət qədər resurslara malikdir. Eləcə də beynəlxalq hüquq normaları - BMT-nin nizamnaməsi, qəbul edilmiş qərar və qətnamələr, ATƏT-in Helsinki Yekun Aktı da imkan verir ki, işğalçı dövlətə qarşı xüsusi tədbirlər görülsün. Ümumilikdə isə, münaqişənin həll olunmaması nəticəsində Cənubi Qafqaz kimi strateji önəm kəsb edən bir bölgədə dağıdıcı meyillər arta, regional təhlükəsizliyə təhlükə yaradan neqativ tendensiyalar ortaya çıxa bilər. Regionda sabitliyin pozulması isə istər-istəməz beynəlxalq miqyasda ciddi təhlükəsizlik probleminin meydana çıxmasına səbəb olar.
İndiki şəraitdə əsas məqam budur ki, işğalçı Ermənistan bundan sonra çağırışlara qeyri-konstruktiv reaksiya verməməli, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə məhəl qoymalıdır. Əks halda, Ermənistanın qeyri-konstruktiv fəaliyyəti bu ölkəyə qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. Bəllidir ki, sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır. Buna görə, ilk növbədə, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez anlasa, o qədər də tez bir zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər. Belə bir şəraitdə Azərbaycan ictimaiyyəti Ermənistanın cəzalandırılmasını və ədalətin bərqərar olunmasını tələb edir. Bütün hallarda isə, Ermənistan anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək. Ona görə də Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30