Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ATƏT DTİHB-dən Azərbaycan xalqının iradəsinə və müstəqil seçiminə qarşı sayğısızlıq...

ATƏT DTİHB-dən Azərbaycan xalqının iradəsinə və müstəqil seçiminə qarşı sayğısızlıq...

13.04.2018 [10:00]

AŞPA, ATƏT PA və ATƏT DTİHB-nin qərəzli və subyektiv mülahizələrə söykənən hesabatı Azərbaycan jurnalistlərinin ciddi etirazı ilə qarşılandı
Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri yerli qanunvericiliyə və beynəlxalq standartlara tamamilə uyğun olub. Ölkəmizə gəlmiş beynəlxalq müşahidəçilər də seçki prosesinin tam demokratik keçdiyini, hər hansı bir ciddi qanun pozuntusunun qeydə alınmadığını vurğulayıblar. Həm ayrı-ayrı müşahidəçilər, həm də seçki prosesini işıqlandıran beynəlxalq media nümayəndələri Azərbaycanda seçkilərin şəffaf və ədalətli keçməsi üçün hər cür şəraitin yaradıldığını, yüksək seçici fəallığının seçkilərə böyük marağın olmasından xəbər verdiyini diqqətə çatdırıblar. Seçki məntəqələrində yaradılan şəraitin, xüsusilə veb-kameralar vasitəsilə müşahidə imkanının yaradılmasının isə mütərəqqi təcrübədən xəbər verdiyi bildirilib. Bütün bunlar isə seçkilərin demokratikliyi və şəffaflığı ilə yadda qaldığını, xalqın iradəsini əks etdirdiyini göstərir.
Lakin təəssüf ki, seçkilərin demokratikliyinə kölgə salmaq və ictimai rəydə çaşqınlıq yaratmaq üçün müəyyən manipulyasiyalara da rast gəlinir. Elə AŞPA, ATƏT-in Parlament Assambleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) ilkin rəyi bu qəbildən olan nümunədir.
Seçkilərin şəffaf və demokratik şəraitdə keçirilməsinin gözardı edilməsi qərəzli yanaşmanın ifadəsidir
Əvvəla, ilkin rəydə yer alan fikirlər göstərir ki, bəyanat əvvəlcədən hazırlanıb, konkret olaraq qərəzli və qeyri-obyektivdir, subyektiv mülahizələrə əsaslanır. Çünki bəyanatda Azərbaycanda prezident seçkilərinin demokratik şəraitdə keçirilməsi, şəffaflıq və ədalətliliyin isə bu prosesin əsas xüsusiyyətini təşkil etməsi gözardı edilir, gender bərabərliyi, insan hüquqları kimi məsələlərdən bəhs olunur ki, bunların da seçki prosesinin müşahidəsi ilə əlaqəsi yoxdur. Müşahidəçilər və beynəlxalq media nümayəndələri seçicilərin məntəqələrə gələrək öz seçki hüquqlarından sərbəst şəkildə və qanunlara müvafiq surətdə istifadə etdiklərini, Azərbaycanın seçki təcrübəsinin bir çox ölkələr üçün nümunə olduğunu vurğuladıqları halda, AŞPA, ATƏT PA və ATƏT DTİHB-nin bu məqamlara toxunmaması bəhs olunan ilkin rəyin tamamilə qərəzli və subyektiv olmasından xəbər verir. Əslində, müşahidə missiyasının məqsədi seçki prosesini izlədikdən sonra obyektiv qiymətləndirməkdir. Lakin bu qurumlar qeyri-obyektiv “qiymətləndirmə” aparıblar. Bu, onu göstərir ki, onların niyyəti seçki prosesi ilə bağlı yanlış ictimai rəy yaratmaqdır.
Eyni zamanda, bu yanaşma ATƏT DTİHB-nin “qiymətləndirmə”sinin ziddiyətli olmasından xəbər verir. Məlum olduğu kimi, bir müddət öncə ATƏT DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycana səfərin yekunlarına dair hesabat yaymış və ölkəmizdə prezident seçkilərinə müşahidəçi göndərmək tövsiyə olunmuşdu. Hazırkı bəyanat isə buna zidd olmaqla ATƏT DTİHB-nin fəaliyyətinin ziddiyyətli xarakter daşıdığını göstərir.
AŞPA, ATƏT PA və ATƏT DTİHB beynəlxalq müşahidəçilərin obyektivliyini sual altına almağa çalışır
Digər tərəfdən, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də Avropa İttifaqı Regional Komitəsi, TÜRKPA, ŞƏT-in müşahidə missiyası, Azadlıq və Demokratiya Fondu, MDB-nin müşahidəçilər missiyası, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu və digərləri, o cümlədən bir çox ölkələrdən gəlmiş müşahidəçilər seçki prosesinin beynəlxalq standartlara uyğun keçirildiyini birmənalı şəkildə bəyan etdilər. AŞPA, ATƏT PA və ATƏT DTİHB-nin bəyanatında isə seçkilərin şəffaflığı və demokratikliyinin üzərinə kölgə salmağa cəhd etməklə həm də bütün bu təşkilatların, müşahidə missiyalarının və beynəlxalq müşahidəçilərin obyektivliyi sual altına almağa çalışılır. Bu isə hər üç qurumun bəyanatının məhz əvvəlcədən hazırlandığını, seçki prosesi ilə bağlı mövcud reallıqları əks etdirmədiyini bir daha sübuta yetirir.
Məqsəd xalq ilə dövlət arasında ziddiyyət yaratmaqdır
AŞPA, ATƏT PA və ATƏT DTİHB-nin bəyanatının seçki prosesinin müşahidəsi ilə bağlı olmadığını, manipulyasiya xarakteri daşıdığını və konkret məqsədlərə xidmət etdiyini göstərən nüanslardan biri mətbuat konfransında Azərbaycan dövlətinin tənqid obyektinə çevrilməsi, “biz Azərbaycan xalqının dostuyuq” məzmunlu fikrin səsləndirilməsidir. İlk baxışdan bu fikrin sadə və pozitiv xarakterli olduğu düşünülə bilər. Lakin bu cür qurumların keçmiş təcrübələrinə, fəaliyyət mexanizmlərinə nəzər saldıqda aydın olur ki, belə fikir və çağırışların arxasında məhz xalq ilə dövlət arasında ziddiyyət yaradılması məqsədi durur. Azərbaycanda xalq-hakimiyyət birliyi mövcuddur, xalq öz dövlətinə inanır, milli maraqlar ətrafında birləşib, bu isə həmin dairələr tərəfindən narahatlıq və qısqanclıqla qarşılanır. Buna görə də bu cür manipulyasiyalarla xalq ilə dövlət arasında ziddiyyət yaratmağa çalışmaqla Azərbaycanın müstəqil siyasətindən vaz keçməsinə, ölkənin zəifləməsinə nail olmağa çalışırlar. Amma reallıqlar göstərir ki, bu cür cəhdlər iflasa məhkumdur!
Azərbaycanın media nümayəndələrinin sualları nə üçün cavabsız qaldı?
Bəhs olunan mətbuat konfransında müşahidə edilən nüanslardan biri qərəzli və subyektiv mülahizələrə söykənən hesabatın Azərbaycan jurnalistləri tərəfindən ciddi etiraz ilə qarşılanması olub. Azərbaycan mediasının nümayəndələri ilkin rəydə yer alan qeyri-obyektiv məqamların reallığı əks etdirmədiyini, bunun xalqımızın iradəsinə və müstəqil seçiminə qarşı sayğısızlıq olduğunu diqqətə çatdırıblar. AŞPA, ATƏT PA və ATƏT DTİHB-nin səlahiyyətli şəxsləri isə onlara ünvanlanan suallara cavab verməkdən imtina edərək seçki prosesi ilə əlaqədar olmayan məsələləri gündəmə gətirməyə çalışıblar. Bu məqam da bəhs olunan hesabatın reallıqlardan uzaq olduğunu ifadə edib. Bununla onlar həm də Azərbaycan jurnalistlərinə qarşı hörmətsizlik nümayiş etdiriblər. Bu, eyni zamanda, söz, fikir və özünüifadə azadlığından, demokratiyadan bəhs edən bu qurumların qeyri-obyektiv və antidemokratik mahiyyətə malik olduğunu göstərib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30