Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünyanın 50 ən yaxşı turizm məkanlarından biri - möcüzəli və qədim diyar...

Dünyanın 50 ən yaxşı turizm məkanlarından biri - möcüzəli və qədim diyar...

14.08.2026 [11:05]

İlham Əliyev: Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir

Möcüzəli diyar adlandırılan Naxçıvan yalnız qədim tarixi ilə şöhrət tapmayıb. Bölgə həmçinin böyük turizm imkanlarına malikdir ki, bunu da şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. Əlamətdar haldır ki, Naxçıvanın turizm potensialı bütün dünyada tanınır. Londonda nəşr olunan “Wanderlust” jurnalında Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzindən biri kimi qeyd olunub.

Son illərdə muxtar respublikada geniş imkanlar nəzərə alınmaqla, turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilən 11 prioritetdən biri məhz turizmin inkişafı ilə bağlıdır. Məqsəd regionun turizm cəlbediciliyini artırmaqla həm dünyada ölkəmizin, mədəniyyətimizin daha geniş miqyasda təbliğinə nail olmaq, həm də muxtar respublikanın gəlir imkanlarını artırmaq, bölgədə özəl sektorun inkişafını dəstəkləmək və əhalinin məşğulluğunu artırmaqdır. Prezident İlham Əliyev bu günlərdə Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Naxçıvanın geniş turizm imkanlarına malik olmasına diqqət çəkərək vurğulayıb: “Digər vacib sahə, - yəni o sahə də bu gün səfərimin proqramında öz əksini tapmışdır, - Naxçıvanın tarixi-mədəni abidələrinin qorunmasıdır. Bildiyiniz kimi, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir”.

Qədim diyarın zəngin turizm cəlbediciliyi

Naxçıvanın turizm cəlbediciliyi dedikdə yalnız hansısa bir istiqaməti nəzərdə tutmaq doğru olmazdı. Bu diyar tarixi, çoxsaylı abidələri, zəngin flora və faunası, özünəməxsua ənənələri, insanların məişət tərzi ilə başdan ayağa turizm cəlbediciliyi ilə fərqlənən bir məkandır. Naxçıvanın turizm potensialı dedikdə ilk növbədə onun əsrarəngiz təbiəti, dağlarıı, çəmənləri göz önündə canlanır. 200-dən çox mineral bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Azərbaycanın nadir təbiət guşəsi sayılır. Buranın flora və faunanın nadir növləri respublikamızın “Qırmızı kitabı”na daxil edilib və xüsusi mühafizəyə alınıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur.

Tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu qədim diyara cəlb edən əsas amillərdən biridir. İndiyədək muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılaraq qeydiyyata alınıb.

Naxçıvan həmçinin şəfa diyarı kimi tanınır. Qədim diyarda müalicə turizminin inkişafına da xüsusi diqqət yetirilir. Buradakı bənzərsiz təbii şəfa mənbəyi olan Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün hər cür şərait yaradılıb.  “Darıdağ” Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir.

Naxçıvanın zəngin turizm cəlbediciliyindən danışarkən zəngin, dadlı-duzlu mətbəxi də yaddan çıxarmaq olmaz. Bu yerlərin özünəməxsus mətbəxi turistləri cəlb edən əsas amillərdəndir. Bu baxımdan “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi qədim mətbəx nümunələrimizin, eləcə də milli mətbəximizə aid adət-ənənə və folklor nümunələrinin toplanması, qorunması, sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliği istiqamətində səmərəli fəaliyyətini davam etdirir.

Tarixi irs qorunur

Minilliklərə söykənən Naxçıvan tarixinin, zəngin memarlıq məktəbinin və mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılması həyata keçirilən dövlət siyasətinin ayrılmaz istiqamətidir. 2023-cü il 30 dekabr tarixində imzalanmış sərəncamla Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi qərara alınıb və yubiley tədbiri muxtar respublikanın yaradılmasının 100 ilinin tamam olduğu 2024-cü il fevralın 9-da keçirilib. 2024-cü il 21 fevral tarixində imzalanmış sərəncamla “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Ordubadı açıq səma altında tarixi muzey kimi səciyyələndirmək daha doğru olardı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir.

Dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin aparılması üçün 2025-ci il 22 may tarixində ilkin olaraq 1 milyon manat, işlərin davam etdirilməsi məqsədilə isə 2026-cı il 16 mart tarixində əlavə 9,6 milyon manat vəsait ayrılıb. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar. Azərbaycan memarlığının görkəmli abidələrindən biri olan bu türbə 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilib. Tarixi mənbələrə əsasən, türbə Atabəylər Memarlıq Kompleksinin tərkib hissəsi olub. Dövrümüzədək kompleksdən yalnız bu abidə qorunub saxlanılıb. Abidənin ümumi hündürlüyü 34 metr olub. Lakin sonralar xarici örtüyünün 8 metrlik hissəsi dağıldığından hazırda onun hündürlüyü təxminən 26 metrdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Möminə xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib.

Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. Abidə kompleksi böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb və heç şübhəsiz ki, Naxçıvanın turizm cəlbediciliyinin artmasında öz rolunu oynayacaq. Qeyd edək ki, 2025-ci il 18 sentyabr və 30 dekabr tarixlərində imzalanmış sərəncamlarla memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması və görkəmli memarın 900 illik yubileyinin qeyd olunması qərara alınıb.  Bu qəbildən olan işlərin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik”, - deyə bildirib.

Mübariz FEYİZLİ

Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün

Dövlət Proqramı”nda müəyyənləşdirilən 11 prioritetdən biri məhz turizmin inkişafı ilə bağlıdır. Məqsəd regionun turizm cəlbediciliyini artırmaqla həm dünyada ölkəmizin, mədəniyyətimizin daha geniş miqyasda təbliğinə nail olmaq, həm də muxtar respublikanın gəlir imkanlarını artırmaq, bölgədə özəl sektorun inkişafını dəstəkləmək və əhalinin məşğulluğunu artırmaqdır

Paylaş:
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31