Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun qəbul edib

Milli Məclis “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun qəbul edib

07.03.2018 [09:54]

Qanuna əsasən, əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu il aprelin 1-nə qədər ödənilməmiş borcları, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyaları silinəcək
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdəki məsələlər haqqında məlumat verdikdən sonra qanun layihələrinin müzakirəsi başlanıb. Əvvəlcə Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsi müzakirə edilib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, müzakirə edilən konvensiya 2005-ci ildə qəbul edilib. Onun sözlərinə görə, ölkəmiz bu konvensiyaya qoşulmaqla elektron ticarətin tənzimlənməsi ilə bağlı dünya standartlarına qoşulub: “Bundan başqa, elektron imzanın tanınması üçün də bu konvensiya mühüm əhəmiyyətə malikdir və ölkəmiz bu konvensiyaya bəyanatla qoşulub”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununa dəyişiklik edilib.
İclasda, həmçinin Milli Məclisin, Mərkəzi Seçki Komissiyası üzvlərinin və insan hüquqları üzrə müvəkkilin (ombudsman) pensiya təminatında dəyişikliklə bağlı qanun layihələri də müzakirə edilib. Layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Bildirilib ki, “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişikliklər layihəsinə əsasən deputatın, sabiq deputatın, ombudsmanın, sabiq ombudsmanın, onun ailə üzvlərinin, MSK üzvünün, sabiq üzvünün və ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” qanuna uyğun hesablanacaq. Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Daha sonra “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik məsələsi müzakirəyə çıxarılıb. Layihədə qanunun 7.0.1-ci maddəsində “dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözlərinin “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəzlənməsi təklif olunub. Bununla da, “Dövlət qulluğu haqqında” qanuna əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda dövlət qulluqçularına ömürlük müavinət təyin edilir.
Layihə səsə qoyularaq qəbul olunub.
İclasda həmçinin “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Bu barədə vitse-spiker Valeh Ələsgərov məlumat verib. V.Ələsgərov birinci oxunuşdan sonra layihəyə edilən dəyişiklikləri deputatların diqqətinə çatdırıb.
Müzakirələr zamanı çıxış edən millət vəkili Aydın Hüseynov Ələt azad iqtisadi zonasının yaradılmasının ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacağını bildirib.
“Ələt azad iqtisadi zonasının yaradılması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir”. Bu fikri isə millət vəkili Mirzəcan Xəlilov çıxışı zamanı deyib. M.Xəlilov bildirib ki, bütövlükdə iqtisadi zonalar ölkəmiz üçün çox vacibdir. Onun sözlərinə görə, azad iqtisadi zonanın Ələtdə yaradılması önəmlidir. Bu zona strateji nöqtədə yerləşir.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda son olaraq “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu qanun layihəsində üç əsas məsələ öz əksini tapıb. “Bu məsələlərdən biri 2006-cı ilə qədər olan sığorta haqları üzrə yaranan borclarla bağlıdır. Bunların məbləği 100 milyon manatdır. İkinci məqam 2006-cı ildən 2015-ci il 1 yanvar tarixinə qədər olan borca görə yazılan cərimələrdir ki, bunların da məbləği 55 milyon manatdır. Üçüncü məqam 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinə qədər yaranmış borclarla bağlıdır ki, onların da həcmi təxminən 26,7 milyon manatdır. Bütün bu tədbirlər sahibkarların iş şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub”.
Qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.
Qeyd edək ki, 5 maddədən ibarət qanun layihəsinə əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
Sənədə əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.
Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi müvafiq qaydada həyata keçirilir.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 540 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30