Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənipərəst mərkəzlərin anti-Azərbaycan kampaniyalarına ağır zərbə

Ermənipərəst mərkəzlərin anti-Azərbaycan kampaniyalarına ağır zərbə

16.02.2018 [09:48]

Milan Məhkəməsinin Luka Volonteyə bəraət verməsi haqqın və ədalətin növbəti qələbəsidir
İtaliyanın Milan Məhkəməsində 2 ildən çoxdur şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan, AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volontenin “çirkli” pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmə ötən ilin ortalarında məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatların əsassız, qərəzli olduğunu, həmçinin Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü təsdiqləyib. Tanınmış siyasətçi Luka Volonte Milan Məhkəməsinin qərarı ilə bəraət alıb. Qeyd edilməlidir ki, Luka Volontenin İtaliya məhkəməsi tərəfindən bəraət alması həm də ölkəmizə qarşı aparılan şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı ermənipərəstlərə verilən cavabdır. Yəni, hər zaman Azərbaycanın haqlı mövqeyinin müdafiəçisi kimi tanınan Luka Volontenin bəraət alması Azərbaycana qarşı aparılan çirkin kampaniyanın əsassız olduğunu, ermənipərəst mərkəzlərin və erməni lobbisinin oyunlarının iflasa uğradığını növbəti dəfə sübuta yetirdi.
Milan Məhkəməsinin qərarı həm də bir həqiqəti ortaya çıxardı. Belə ki, bu şər kampaniyasını başladan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumun adı ötən 2 ildə Avropanın heç bir məkanında hər hansı bir fəaliyyəti ilə xatırlanmır. Sanki bu, qurum Azərbaycana şər atmaq üçün yaradılan bir qurumdur. Demək ki, həmin qurum məhz ermənipərəst mərkəzlər tərəfindən ölkəmizə qarşı kampaniya üçün yaradılıb.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan Məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil: “Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı Milan Məhkəməsinin çıxardığı bəraət hökmü Azərbaycana qarşı kampaniya aparan ermənipərəst dairələrə ağır zərbə oldu. Onun fikrincə, ölkəmizin iqtisadi-siyasi yüksəlişi, dünyada müsbət imicə malik olması ermənipərəst dairələri ən çox narahat edən amillərdəndir. Millət vəkili vurğulayıb ki, Azərbaycanın dünyaya tolerantlıq modeli kimi təqdim olunması, qısa zaman kəsiyində regionun aparıcı siyasi aktoruna çevrilməsi, qlobal iqtisadi layihələrin təşkilatçısı qismində çıxış etməsi anti-Azərbaycan mərkəzlərini bu cür şantaj, böhtan kampaniyalarına əl atmağa məcbur edir: “Ermənipərəst dairələr hər zaman dövlətimizin imicinə zərbə vurmağa çalışırlar. 2016-cı ilin aprelində Ermənistan Azərbaycanın hərbi gücünü gördü və artıq torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün şəraitin olduğunu anladı. Digər tərəfdən, bu gün Cənubi Qafqaz regionunda reallaşan və yeni Şərq-Qərb tranzitini müəyyənləşdirən layihələr bilavasitə Azərbaycan dövlətinin təşkilatçılığı, iştirakı ilə həyata keçirilir. Ermənistan isə öz işğalçılıq siyasətinə görə bundan kənarda qalır. Bu səbəbdən də ermənipərəst mərkəzlər Azərbaycana qarşı kampaniyalar aparmaq üçün bu kimi çirkin yollara əl atırlar. Təəssüfləndirici haldır ki, adını müxalifət qoymuş, əslində isə “beşinci kolon” statusu daşıyan qruplar da ermənipərəst maraqların aləti qismində çıxış edir. Birmənalı şəkildə Azərbaycan dövlətinə və xalqına qarşı xəyanətkar mövqe tutan belələri ermənipərəst dairələrin dəstəkçiləridir. Milan Məhkəməsinin qərarı böhtan yayan, şər kampaniyası təşkil edənləri bir daha ifşa etdi, onların əsl məqsədlərini üzə çıxardı. Bir daha isbat olundu ki, ölkəmizə qarşı çıxan qüvvələrin səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Milan Məhkəməsinin Luka Volonte ilə bağlı qərarının Azərbaycana qarşı aparılan bütün kampaniyaların qərəzli olduğunu bir daha ortaya çıxardığını bildirib. E.Mirzəbəyli vurğulayıb ki, bu günə qədər Azərbaycana qarşı çoxsaylı qara piar kampaniyaları aparılıb ki, həmin kampaniyaların da mahiyyətində bir məqsəd dayanıb: “Həmin kampaniyaların təşkilatçıları və iştirakçıları ermənipərəst dairələrin maraqlarını ifadə edirlər. Erməni lobbisinin və təbii ki, Azərbaycanda olan və ya Azərbaycandan kənarda yaşayan “beşinci kolon”un nümayəndələrinin “fəaliyyəti” ölkəmizin nüfuzdan salınmasına istiqamətlənib. İtaliya məhkəməsinin qətnaməsi bütövlükdə Azərbaycana qarşı bu günə qədər aparılan kampaniyalara verilən ən sərt cavabdır. O cümlədən bu məhkəmə qərarı bütövlükdə Azərbaycanla bağlı formalaşdırılmağa cəhd göstərilən neqativ fikirlərin tamamilə sıradan çıxarılmasıdır. Bu gün sosial şəbəkələrdə kimlərin hansı addımları atmasından, hansı fəaliyyəti göstərməsindən asılı olmayaraq, konkret məhkəmə qərarı var və bu qərar aparılan böhtan kampaniyalarının mahiyyətini bir daha ortaya çıxarır. “Beşinci kolon” adlananların isə prosesdə bu qədər aqressiv şəkildə iştirakının səbəblərindən biri onların bu günə qədər apardıqları kampaniyanın iflasa uğramasıdır. “Beşinci kolon” təmsilçiləri ermənipərəstlər qarşısında götürdükləri öhdəlikləri yerinə yetirə bilməyiblər. Təbii ki, bu da ermənilər və ermənilərin himayə etdikləri donor təşkilatlar tərəfindən onlara verilən maliyyələşmədə müəyyən problemlər yaradacaq. Onların öz qürurlarına sığışdırıb dövlətlərinin əleyhinə kampaniyalar aparmaq üçün aldıqları vəsaitlər, çirkli pullar əllərindən çıxacaq”.
E.Mirzəbəyli bildirib ki, bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlanılması tamamilə doğru addımdır. Onun sözlərinə görə, Milan Məhkəməsinin qərarı da buna imkan verir: “Qondarma faktları əsassız şəkildə əlində bayraq edib Azərbaycana qarşı kampaniya aparan qüvvələr hüquqi cəhətdən məsuliyyətə cəlb olunmalıdırlar. Bu şəxslərə qarşı konkret hüquqi addımların atılması lazımdır”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 671 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30