Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycanın valyuta ehtiyatları artıb, ticarət dövriyyəsi genişlənib

Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycanın valyuta ehtiyatları artıb, ticarət dövriyyəsi genişlənib

09.06.2017 [11:18]

Prezident İlham Əliyev: Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir
Respublikamız son 10 ildə bütün dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regionda bütün irimiqyaslı layihələrin əsas təşəbbüskarı və moderatoru rolunda çıxış edir. Ölkəmizin həmçinin qlobal miqyasda gedən proseslərə təsir imkanları artıb, respublikamız siyasi müstəvidə ciddi aktor kimi qəbul edilir. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, dünyanın supergüc dövlətləri belə Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini bəyan ediblər.
Daxili siyasətdə də hər hansı problem və yaxud narahatlıq yaşanmır. Ölkədə sabitlik yüksək səviyyədədir, xalq-iqtidar vəhdəti getdikcə daha da möhkəmlənir. Eyni zamanda, bütün sosial problemlər həllini tapır, bu sahədə davamlı olaraq yeni təşəbbüslər irəli sürülür.
Ölkəmizin hərtərəfli və davamlı inkişafının təməlində güclü iqtisadiyyat dayanır
Güclü iqtisadi dayaqların qurulmasının hər bir ölkənin ümumi inkişafında əsas rol oynayan faktor qismində çıxış etməsi Azərbaycanın timsalında bir daha öz təsdiqini tapır. Bu gün Azərbaycan milli maraqların maksimum dərəcədə təmin olunmasını hədəfləyən inamlı daxili və xarici siyasətində məhz özünün güclü iqtisadiyyatına əsaslanır.
Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan son 13 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb ki, bu da dünya miqyasında rekord göstəricidir.
Azərbaycanın iqtisadi uğurları nüfuzlu beynəlxalq qurumlar tərəfindən də etiraf edilir. Dünya İqtisadi Forumunun (“World Economic Forum”) yaydığı son hesabatında Azərbaycan qlobal rəqabətlilik indeksinə görə 140 ölkə arasında 37-ci yerdə qərarlaşıb. Bununla da, respublikamız MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır.
Bundan başqa, Dünya Bankının cari ilin yanvar ayında yaydığı “Global Economic Prospects” hesabatında Azərbaycan iqtisadiyyatının perspektiv inkişafı ilə bağlı nikbin proqnozlar öz əksini tapıb. Hesabatda Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 1,2 faiz səviyyəsində proqnozlaşdırılır. Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının növbəti illərdə daha da genişlənəcəyi qənaətinə gəlib. Bankın proqnozlarına əsasən, Azərbaycanda 2018 və 2019-cu illərdə ÜDM-in artımı 2,3 faiz səviyyəsində olacaq.
Yuxarıda sadalanan statistik göstəricilər respublikamızın güclü iqtisadi dayaqlara malik olması barədə konkret təsəvvür yaradır. Azərbaycanın perspektiv inkişafla bağlı planları da kifayət qədər genişdir. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün həm hüquqi baza möhkəmləndirilir, həm də praktiki müstəvidə zəruri tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı müvafiq Fərmana əsasən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiqlənib. Sənədlərdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı yaxın, orta və uzunmüddətli perspektivdə qarşıya konkret məqsədlər və hədəflər qoyulub. Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda milli iqtisadiyyatın perspektivləri ilə bağlı siyasi iradəsini bir daha nəzərə çatdıraraq vurğulayıb: “Əlbəttə, bütün planlarımızı həyata keçirmək üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Bu istiqamətdə də çox böyük addımlar atılır”.
Daxili istehsalın qorunmasının və digər tədbirlərin nəticəsi olaraq qeyri-neft ixracı artır
Cari ilin əvvəlindən ölkəmizə idxalın 20 faizədək azalması fonunda qeyri-neft ixracının genişlənməsi milli iqtisadiyyatda uğurlu adaptasiya və inkişaf meylinin yaranmasının mühüm göstəricisidir. Prezident İlham Əliyev diqqəti ticarət dövriyyəsinin və ixracın artması kimi müsbət faktlara yönəldərək vurğulayıb: “Bizim valyuta ehtiyatlarımız, ticarət dövriyyəsi artıb. Ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıbdır. Ticarət dövriyyəsi 11 faiz, ixrac 41 faiz, qeyri-neft ixracı 22 faiz, kənd təsərrüfatı ixracı 44 faiz artmışdır”.
Qeyri-neft məhsullarının ixracında müsbət dinamikanın yaranması bütövlükdə ixracın stimullaşdırılması məqsədilə həyata keçirilən islahatların bəhrəsidir. Yeni şəraitdə aparılan və kompleks xarakter daşıyan islahatlar ilk növbədə qeyri-neft iqtisadiyyatı üzrə yeni istehsal imkanları yaratmağa və ixracın həcmini artırmağa hesablanıb. Azərbaycan yeni şəraitdə neft gəlirlərinin azalmasını məhz qeyri-neft sektoru üzrə ixracı genişləndirməklə kompensasiya etməyi hədəfləyib. Prezident İlham Əliyevin Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki nitqində qeyd etdiyi kimi, qəbul olunan qərarlar iqtisadiyyatı və ixracı şaxələndirmək üçün yaxşı imkanlar yaradıb: “Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım Fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir”.
Eyni zamanda, daxili istehsalın dəstəklənməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir ki, bütün bunlar da ixracın genişlənməsinə müsbət təsir göstərir. İndiyədək ixrac potensialının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bu qərar özünütəminetmə səviyyəsi yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir. Spesifik rüsumlar tətbiq edilən məhsullardan sement və klinker idxalı 92, kafel-metlax idxalı 55, alçipan idxalı 49, fındıq idxalı 58, pomidor idxalı 49, armud idxalı 37, alma idxalı 33 faiz azalıb, ərzaqlıq yumurta və soğan idxalı isə, demək olar ki, dayanıb. Ölkəmizdə məhsullar üzrə təminetmə səviyyəsi artdıqca, təhlillər aparıldıqdan sonra əlavə məhsullar da siyahıya daxil ediləcək.
Azərbaycanın valyuta ehtiyatlarının xarici borcu 4-5 dəfə üstələməsi çox yaxşı göstəricidir
Azərbaycanda davamlı inkişafın təməlində dayanan vacib amillərdən biri də ölkənin valyuta ehtiyatlarından səmərəli istifadə edilməsidir. Məlumdur ki, Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft strategiyasının reallaşdırılması sayəsində ölkəmizə böyük həcmlərdə maliyyə vəsaiti daxil olub. Xalqımızın xoşbəxtliyi ondadır ki, Azərbaycan iqtidarı ölkəyə daxil olan neft vəsaitlərinin milli maraqlara uyğun idarə edilməsi üçün səmərəli mexanizm formalaşdırıb. Neft Fonduna daxil olan vəsaitlərin bir hissəsi sosial məqsədlərə, iri investisiya tutumlu infrastruktur layihələrinin reallaşdırılmasına yönəldilib. Eyni zamanda, xalqımızın sərvəti olan valyuta ehtiyatları maksimum dərəcədə qorunub və davamlı şəkildə artırılıb. İqtisadiyyat naziri Şahin Mustafayevin 3-cü Azərbaycan-Avropa İttifaqı biznes forumunda verdiyi məlumata əsasən, 2017-ci ilin dörd ayı ərzində Azərbaycanın valyuta ehtiyatları 1,3 milyard dollar artaraq 39 milyard dollara çatıb. Ümumiyyətlə, ölkənin valyuta ehtiyatlarının xarici borcu 4-5 dəfə üstələməsi kifayət qədər yaxşı göstəricidir. Bütün bu kimi müsbət məqamları diqqətə çatdıran Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində nə bu il, nə də gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmədiyini vurğulayıb: “Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıbdır. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 548 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31