Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin yaz sessiyası öz işinə başlayıb

Milli Məclisin yaz sessiyası öz işinə başlayıb

02.02.2017 [10:28]

Millət vəkilləri iclasda yaz sessiyasının qanunvericilik işləri planını təsdiq ediblər
Dünən Milli Məclisin 2017-ci ilin yaz sessiyasının ilk iclası keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Milli Məclisin sədri Oqtay Əsədov ötən sessiyanın yekunları barədə məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəkləmək üçün parlament öz öhdəsinə düşən vəzifələri uğurla həyata keçirib: “Ötən sessiyada Vergi və Gömrük məcəllələrinə, Mülki Məcəlləyə, “Büdcə sistemi haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Elektron ticarət haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və digər qanunlara çoxsaylı dəyişikliklər edilib, “Kredit büroları haqqında” və başqa qanunlar qəbul olunub”.
Spiker Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər nəticəsində genişmiqyaslı islahatların ən yaxın zamanda öz müsbət nəticələrini verəcəyinə əmin olduğunu vurğulayıb.
O.Əsədov qeyd edib ki, yaz sessiyasının qanunvericilik işləri planı artıq hazırdır və bu gün müzakirə ediləcək: “Bu sessiyada biz digər qanun layihələri ilə yanaşı, Konstitusiyada nəzərdə tutulduğu kimi, hökumətin hesabatını dinləyəcəyik. Bundan əlavə, 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılacaqdır. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik məruzələri də Milli Məclisdə dinləniləcək”.
Sonra gündəlikdəki məsələlər müzakirə edilib. İlk olaraq Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil edilib. Daha sonra Milli Məclisin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov çıxış edərək “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər edilməsini təklif edib. O deyib ki, qanunvericiliyə əsasən, siyasi partiyalar MSK-ya maliyyə hesabatı verməlidirlər: “Lakin təəssüf ki, bəzi siyasi partiyalar bu hesabatı vermirlər. Bu baxımdan qanunvericilikdə öz gəlirləri haqqında hesabat verməyən siyasi partiyalarla bağlı qərar qəbul edilsin. Təbii ki, partiyalar hava ilə dolanmırlar. Onların kifayət qədər cangüdənləri, işçiləri, bahalı maşınları var. Ona görə də bu məsələyə baxılmalıdır”.
S.Novruzov həmçinin vurğulayıb ki, hazırda mobil rabitə ilə bağlı çox ciddi problemlər yaranır: “Mənim telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir. “Ərəb baharı” zamanı da müxtəlif adamların telefonlarına zənglər gəlirdi, sonra kəsilirdi. Bu, yoxlanışdır, bir imtahandır. Milli Məclis rəhbərliyindən xahiş edirəm, bu məsələni diqqətdə saxlasın”.
Millət vəkili həmçinin bəzi həmkarlarının mətbuatda Milli Məclisin fəaliyyəti haqqında fikirlərinə etiraz edib: “Bəzi həmkarlarımız deyirlər ki, Milli Məclis işləmir. Əgər Milli Məclis işləmirsə, o zaman niyə buradan əməkhaqqı, mükafat alırsan? Milli Məclisin funksiyası qanun qəbul etməkdən ibarətdir. Ötən sessiyada 100-dən çox qanun qəbul edilib. Bu qanunların hamısı ölkəmizin inkişafına xidmət edir. İndi biz neyniyək? Çiynimizə taxta-şalban götürüb daşımalıyıq ki, biz işləyirik? Yoxsa divar hörməliyik?”
Onun sözlərinə görə, müsahibə verənlər nə dediklərini fikirləşməlidirlər: “Biri deyir ki, komanda dəyişməlidir. Sən kimsən ki komanda dəyişəsən? Komanda cənab Prezidentin komandasıdır. Bu komandanın fəaliyyəti nəticəsində bu gün Azərbaycanda nə qədər layihələr həyata keçirilir, regionlarımız inkişaf edir, ölkəmiz yenidən qurulub. Bunu deyənlər onların birinin funksiyasını yerinə yetirə bilərmi? Əgər edə bilmirsənsə, iki gün mətbuat səhifələrində qalmaqdan ötrü belə fikirlər irəli sürmək hansı məntiqə sığır? Bizim borcumuz qanunları qəbul etməkdən ibarətdir. Biz icranın funksiyasını yerinə yetirməməliyik. İcra funksiyasını yerinə yetirənləri Azərbaycan Prezidenti təyin edir və əgər həmin şəxs vəzifəsinin öhdəsindən gəlmirsə, dərhal həmin vəzifədən azad edilir. Biz bunun dəfələrlə şahidiyik, hətta bəziləri haqqında həbs qətimkan tədbirləri görülüb. Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Bununla bağlı qurumlar var ki, bu işlə məşğul olurlar. İndi kiminsə kimdən xoşu gəlmirsə və xahiş yerinə yetirmirsə, bu, o demək deyil ki, biz bu məsələləri bu cür qaldırmalıyıq. Hər kəsin özünün funksiyası var. Bizim funksiyamız da qanun qəbul etməkdir. Parlamentin üzvləri beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını müdafiə edirlər, eləcə də ermənilərə qarşı mübarizə aparırlar. Bundan başqa, daha nə etməlidirlər? Bu baxımdan düşünürəm ki, çıxış edən hər kəs öz oturduğu stola hörmət etməlidir. Hər kəs fikirlərinə diqqət etməlidir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev çıxışında bildirib ki, qanunvericilik işləri planına daxil olan məsələlər aktualdır. Onun sözlərinə görə, bu sənədlər ölkəmizin inkişafı prosesinə xidmət edəcək: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda islahatların yeni mərhələsi başlayıb. Qəbul etdiyimiz qanunlar da bu prosesdə mühüm rol oynayacaq”.
Millət vəkili həmçinin bəzi qanunların hazırlanmasında parlamentin bir neçə müvafiq komitəsinin iştirak etməsini təklif edib.
“Azərbaycan tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququnu bərpa etməlidir. İrəvan şəhəri də daxil olmaqla Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kvadratkilometr torpağın qaytarılması barədə məsələ qaldırmalıyıq”. Bu fikirləri isə AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib. Y.Mahmudov bildirib ki, həmin torpaqlar o zaman ermənilərə müəyyən şərtlərlə verilib. Onun sözlərinə görə, müvafiq sənədlər xaricdən AMEA-nın Tarix İnstitutuna gətirilib. “Şərtlərə əsasən, həmin torpaqlarda azərbaycanlıların yaşaması təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlarına son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağlı müvafiq addım atmalıyıq. Tarix İnstitutu həmin sənədlərin hamısını parlamentə təqdim etməyə hazırdır. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə həmin torpaqların Azərbaycan xalqına qayıdacağını vurğulayıb. Ona görə də parlament o torpaqlara varisliklə bağlı müvafiq sənəd qəbul etməlidir”, - deyə Y.Mahmudov vurğulayıb.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxışında internet medianın problemlərindən danışıb: “Kimsə domen və hostinq alaraq, internetdə nə istəyir, yazır. Bunlarla əlaqədar məhkəmə müstəvisində addım atmaq çətindir. Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Ona görə də internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Digər tərəfdən, onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması yaxşı olar”.
Müzakirələrdə həmçinin millət vəkilləri Zahid Oruc, Vahid Əhmədov, Elmira Axundova, Qüdrət Həsənquliyev, Əli Məsimli, Aydın Mirzəzadə, Astan Şahverdiyev, Qənirə Paşayeva, Fəzail Ağamalı və Araz Əlizadə çıxış edərək müxtəlif fikir və təkliflər səsləndiriblər.
Qeyd edək ki, qanunvericilik işləri planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanununun, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Daxili Qoşunların statusu haqqında”, “Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, “Hesablama Palatası haqqında”, “Ətraf mühitin təsirinin qiymətlənlirilməsi haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” və Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri daxildir.
Müzakirələrdən sonra parlamentin yaz sessiyasının qanunvericilik işləri planı təsdiq olunub.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri də təsdiqlənib.
Sonra Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Milli Məclisə bir paketdə daxil olan Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib. Bildirib ki, təklif olunan dəyişikliklər texniki xarakterlidir. Belə ki, qanun layihələrinin müvafiq maddələrində yer alan “müdafiə nazirinin”, “Müdafiə Nazirliyi”, “milli təhlükəsizlik naziri və daxili işlər naziri” və “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin”, “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəzlənir.
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə edilən dəyişikliyə görə isə zabit heyəti vəzifələrini tutmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən onlara yenidən attestasiya edilmə qaydasında, lakin tutduğu vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə tutulmuş hərbi rütbədən yuxarı olmayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti rütbəsi verilir. Hər üç qanuna təklif edilən dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanına müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması ilə əlaqədar mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır. Qanun layihələri ayrılıqda səsə qoyularaq təsdiq edilib.
İclasda “İnformasiya əldə etmək haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb. Layihə barədə məlumat verən Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd edib ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar “İnformasiya əldə etmək haqqında” Qanuna redaktə xarakterli düzəlişlər edilir. Təklif olunan dəyişikliyin məqsədi publik hüquqi şəxslərin informasiya əldə edilməsi sahəsində fəaliyyətinin tənzimlənməsindən ibarətdir. Qanun layihəsi qəbul edilib.
İclasda bir sıra qanunlara da əlavə və dəyişikliklər edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 498 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31