Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Strateji Yol Xəritəsi Azərbaycanda turizm sektorunun qarşısında yeni inkişaf perspektivləri açır

Strateji Yol Xəritəsi Azərbaycanda turizm sektorunun qarşısında yeni inkişaf perspektivləri açır

17.12.2016 [11:35]

Prezident İlham Əliyev: Azərbaycanda turizmin inkişafı üçün çox gözəl imkanlar var. Biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik
Son illərdə Azərbaycanda iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafının prioritetliyindən söhbət açarkən turizm sektorunun geniş imkanlarını xüsusi qeyd etmək lazımdır. Bu sektoru beynəlxalq təcrübə əsasında inkişaf etdirməklə respublikamıza valyuta daxilolmalarını artırmaq, paytaxtda və bölgələrdə əhalinin məşğulluğunun təmin olunmasına sanballı töhfə vermək, eyni zamanda, ölkəmizin, milli mədəniyyətimizin dünya miqyasında təbliğinə daha münbit şərait yaratmaq mümkündür. Bu kimi reallıqlar nəzərə alınaraq respublikamızın turizm potensialından səmərəli istifadə edilməsi diqqət mərkəzində saxlanılır. Turizm sektorunun rəqabətədavamlılığının artırılması məqsədilə reallaşdırılan məqsədyönlü siyasət əldə olunan uğurlu nəticələrdə, ölkənin turist cəlbediciliyinin yüksəlməsində öz əksini tapır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğuladığı kimi, həyata keçirilən tədbirlər və aparılan islahatlar bu il ölkəmizə turistlərin axınına çox böyük təkan verib.
Xarici mənfi təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan yeni şəraitdə ölkəmizin turizm potensialından səmərəli istifadə edilməsinin aktuallığı daha da artıb. Bu baxımdan Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmana əsasən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiqlənməsinin böyük əhəmiyyəti var. Yaxın, orta və uzunmüddətli dövr üçün nəzərdə tutulan belə bir mühüm sənədin təsdiqlənməsi ondan xəbər verir ki, yeni iqtisadi şəraitdə ölkəmizdə turizm sektorunun inkişafının prioritetliyi təmin olunacaq. Bəhs olunan Strateji Yol Xəritəsi respublikamızda turizmin inkişafı üçün böyük inkişaf perspektivləri vəd edir. Sənəddə turizm sektorunun inkişafının qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması, yeni turizm marşrutlarının yaradılması, habelə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsi kimi vacib məsələlərlə bağlı tədbirlər müəyyənləşdirilib və qarşıya konkret hədəflər qoyulub.
Yeni şəraitdə turizm Azərbaycan kimi gözəl ölkə üçün dayanıqlı gəlir mənbəyidir
Yeni şəraitdə ölkəmizdə turizm sektorunun qeyri-neft iqtisadiyyatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi və dövlət başçısının müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiqlənməsi ilk növbədə yeni yaranan çağırışlarla bağlıdır. Neftin dünya birjalarında kəskin şəkildə dəyər itirməsi fonunda bir daha bəlli oldu ki, neft, qaz, digər təbii ehtiyatlar ölkələr üçün yeganə inkişaf mənbəyi sayıla bilməz, mütləq alternativ və daha etibarlı istiqamətlərə üz tutulmalıdır. Ayrı-ayrı ölkələrin timsalında aydın olur ki, turizm sektoru məhz belə etibarlı və davamlı gəlir mənbəyidir. Hazırda dünyada turizmin əhəmiyyəti müqayisəyəgəlməz dərəcədə artıb və iqtisadiyyatın ən dinamik inkişaf edən istiqamətinə çevrilib. Dünya Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 2000-ci illə müqayisədə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaq.
Özünün inkişaf strategiyasında qabaqcıl dünya ölkələrinin təcrübəsinin tətbiqinə çalışan Azərbaycan üçün də turizm sektorunun potensialından daha səmərəli istifadə olunması neft gəlirlərinin azaldığı dövrdə ölkəyə valyuta daxilolmalarını artırmağın əlverişli yollarından biri ola bilər. Prezident İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışındakı çıxışında hər bir ölkə, o cümlədən də gözəl təbiətə malik Azərbaycan üçün turizm sektorunun inkişafının mühüm əhəmiyyət daşıdığına diqqət çəkərək deyib: “Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”.
Qeyd edək ki, Strateji Yol Xəritəsində müəyyənləşdirilən hədəflərə uyğun olaraq Azərbaycanda cəlbedici ixtisaslaşdırılmış turizm sənayesinin yaradılması üçün hər cür imkan var. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamızda turizmin inkişafını şərtləndirən mühüm amillər sırasında yer alır. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizin paytaxt Bakı da daxil olmaqla əksər regionlarında turizmin müxtəlif növlərini inkişaf etdirmək üçün hər cür imkan var.
Strateji Yol Xəritəsində 2025-ci ilə qədər Bakının dünyanın “Top-20” turizm şəhərlərindən birinə çevrilməsi hədəflənib. Sənəd Azərbaycana 3 saat və 3 saatdan az uçuş məsafəsində olan ölkələrlə turizm sahəsində əməkdaşlığın gücləndirilməsini, hava nəqliyyatı şəbəkəsinin genişləndirilməsini nəzərdə tutur. Turizm Şurasının və onun ixtisaslaşdırılmış işçi qruplarının fəaliyyətinin təşkil edilməsi sənəddə öz əksini tapıb. Başqa bir məqam da xüsusi aktuallıq daşıyır. Hazırda Azərbaycanda turizmin bir sıra növlərinin potensialından lazımi səviyyədə istifadə olunmur. Sağlamlıq turizmini, ekoturizmi və digər istiqamətləri belə sahələr cərgəsinə aid etmək mümkündür. Sənəd indiyədək ölkəmizdə çox da populyarlıq qazanmayan bu kimi sahələrin potensialından daha geniş istifadə edilməsini nəzərdə tutur.
Dövlətin və özəl sektorun imkanlarının uzlaşdırılması turizmin inkişafı üçün əlverişli platforma yaradır
Təbii-coğrafi amillərlə yanaşı, son illərdə görülən bir sıra məqsədyönlü işlər də ölkəmizdə bəhs olunan Strateji Yol Xəritəsində müəyyənləşdirilən hədəflərə nəzərdə tutulan konkret zaman çərçivəsində çatılacağına böyük əminlik yaradır. İlk növbədə onu vurğulamaq yerinə düşər ki, respublikamızda turizmin inkişafı dövlət tərəfindən güclü şəkildə dəstəklənir. Qısa müstəqillik tarixində Azərbaycan dövləti ölkədə turizmin inkişafına nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirərək bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Belə ki, Milli Məclis 1999-cu ildə “Turizm haqqında” qanun qəbul edib. Ölkə Prezidentinin 2002-ci il 27 avqust tarixli müvafiq Sərəncamı ilə respublikamızda 2002-2005-ci illərdə turizmin inkişafına dair ayrıca Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” müvafiq Sərəncamı respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, bu sənədə əsasən onlayn viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır.
Ölkəmizin turist cəlbediciliyinin artırılması baxımından Prezident İlham Əliyevin 2016-cı il 1 iyun tarixində imzaladığı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanın önəmini xüsusi qeyd etmək lazımdır. Haqqında bəhs olunan Fərman ölkəmizə turist axınının artmasına müsbət təsir göstərib. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemi işə salınıb. Bundan başqa, Prezident İlham Əliyev 1 sentyabr 2016-cı il tarixində “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncamda ölkənin turist cəlbediciliyini artırmaq məqsədilə turist marşrutları üzrə həyata keçirilməsi nəzərdə tutulan vacib tədbirlərin geniş spektri öz əksini tapıb.
Azərbaycanın regionlarının turist cəlbediciliyinin artmasında həmçinin bütün turist marşrutları üzrə yaradılan mükəmməl infrastruktur da mühüm rol oynayır. Respublikamızda turizm sahəsində dövlət siyasətində hər bölgənin turizm potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına böyük diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılması və müasir turistyerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir. Prezident İlham Əliyev “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışındakı çıxışında ölkədə turizmin inkişafı üçün əlverişli infrastruktur təminatı yaradıldığından bəhs edərək deyib: “Turizmin inkişafı üçün ikinci şərt infrastrukturun mövcudluğudur. Bizim Heydər Əliyev Beynəlxalq Aeroportumuz dünya miqyasında ən birinci yerlərdədir. Avtomobil yolları, infrastruktur, xidmət sahəsi və əlbəttə, insanlarımızın qonaqpərvərliyi ki, bu da həmişə var. Bu, bizim, bəlkə də, ən böyük sərvətimizdir. Ona görə bax bütün bu amilləri nəzərə alaraq biz görürük ki, Azərbaycanda turizmin inkişafı üçün çox gözəl imkanlar var. Biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanda turizmin inkişafı ilə bağlı dövlət siyasəti bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, ölkəmizdə turizm sektorunun inkişafına xidmət edən zəruri infrastrukturun yaradılmasına dövlət tərəfindən böyük məbləğdə investisiyalar yönəldilir. Prezident İlham Əliyev “Şahdağ” qış-yay turizm kompleksində daha bir yeni turizm obyektinin - “Park Chalet” hotelinin açılış mərasimindəki çıxışında Azərbaycanın turizm sahəsində dövlət siyasətinin prioritetlərini bir daha nəzərə çatdırıb: “Azərbaycanda turizm yerlərinin yaradılması bu istiqamətdə inkişaf edir: dövlət infrastruktur yaradır, yollar çəkir, bütün kommunikasiyalar təmin edilir, özəl sektor isə, öz növbəsində, investisiyaları təşkil edir”.
Beynəlxalq səviyyədə Azərbaycanın turizm reytinqinin yüksəldilməsi də qarşıda duran vəzifələr sırasındadır
İstər Strateji Yol Xəritəsində, istərsə də son vaxtlarda ölkədə turizmin inkişafı ilə bağlı imzalanan digər sənədlərdə qarşıya qoyulan məqsədlər həm də Azərbaycanın beynəlxalq səviyyədə turizm reytinqini artırmağa hesablanıb. Biz yuxarıda Azərbaycan həqiqətlərinin ayrı-ayrı ölkələrdə yüksək səviyyədə təbliğ edilməsinin zəruriliyi barədə söhbət açdıq. Eyni zamanda, xaricdə ölkəmizin turizm potensialı da hərtərəfli şəkildə tanıdılmalıdır.
Qeyd edək ki, indiyədək bu istiqamətdə az iş görülməyib. Hazırda Azərbaycan dünya miqyasında turizm sektorunun inkişafına görə 140 ölkə arasında 36-cı yerdə qərar tutur. Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, dünya miqyasında Azərbaycanın turizm reytinqi əhəmiyyətli dərəcədə yüksəlib.
Turizmin inkişafı üçün zəruri olan amillər sırasında ölkənin tanıdılması mühüm əhəmiyyət kəsb edir. Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərə əsasən müxtəlif ölkələrdən respublikamıza turistlərin cəlb olunması üçün hədəf qrupları müəyyənləşdiriləcək. Sənəddə həmçinin marketinq seqmentinin təşkil edilməsi, təbliğat kampaniyalarının aparılması da nəzərdə tutulub. İlk növbədə Bakıda və digər turizm potensialı olan müvafiq böyük şəhərlərdə turizm təbliğat bürolarının yaradılması planlaşdırılır.
Bu məqamda qeyd edək ki, son illərdə Azərbaycan həqiqətlərinin, xalqımızın malik olduğu yüksək dəyərlərin dünyada təbliğ olunması məqsədilə istər dövlət səviyyəsində, istərsə də Heydər Əliyev Fondu tərəfindən görülən işlər təqdirəlayiqdir. Bu məqsədlə xarici ölkələrdə təqdimatlar, mədəniyyətimizlə, inkişafımızla bağlı tədbirlər keçirilir. Eyni zamanda, Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Ötən ilin yayında Azərbaycan dünyanın 50-dən çox ölkəsindən 6 min atletin qatıldığı birinci Avropa Oyunlarına böyük uğurla ev sahibliyi etdi. Eyni zamanda, cari il iyunun 17-19-da Bakıda keçirilən “Formula-1” Avropa Qran-pri yarışları bütün dünyada böyük maraqla izlənildi. 2017-ci ildə isə respublikamızda İslam Həmrəylik Oyunları keçiriləcək. Bundan başqa, son illərdə respublikamız bir sıra mötəbər beynəlxalq forumların keçirildiyi məkana çevrilib. Bütün bu kimi tədbirlər isə Azərbaycanın dünyada tanınmasına, imicinin yüksəlməsinə və turistlərin ölkəmizə marağının artmasına səbəb olur. Prezident İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışındakı çıxışında “Formula-1” Avropa Qran-prisini ölkəmizin turizm imkanlarını dünyaya təqdim etmək üçün ən yaxşı vasitə kimi səciyyələndirərək vurğulayıb: “Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var - əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, “Formula-1” bunu etmək üçün ən yaxşı yoldur”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 842 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31