Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda bütün sosial proqramlar uğurla həyata keçirilir

Azərbaycanda bütün sosial proqramlar uğurla həyata keçirilir

21.10.2016 [10:01]

Cari ilin 9 ayında ölkə üzrə 29 məktəb tikilib, 485 məktəbdə əsaslı və cari təmir işləri həyata keçirilib, hazırda respublikada 28 tibb müəssisəsində, o cümlədən 8 rayon mərkəzi xəstəxanasında təmir-tikinti işləri davam etdirilir
Azərbaycan dövlətini müsbət mənada fərqləndirən fundamental amillər sırasında ölkədə məqsədyönlü şəkildə həyata keçirilən siyasətdə daim sosial sferanın prioritetliyinin təmin edilməsini xüsusi vurğulamaq lazımdır. Respublikamızda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Ölkəmizdə dövlət siyasətində sosial sferanın prioritetliyinin gözlənilməsi baxımından 2016-cı ilin arxada qalan 9 ayı da istisna təşkil etməyib. Bəhs olunan dövrdə respublikamızda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğuladığı kimi, sosial layihələr icra edilib.
Beləliklə, Azərbaycan qlobal mənfi təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan indiki şəraitdə də özünün genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyev vurğulayıb ki, gələn ilin dövlət büdcəsində də bütün sosial proqramlar öz əksini tapmalıdır: “Gələn ilin dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azaldılmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır”.
Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir
Ölkədə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillərdən biri, heç şübhəsiz ki, təhsil şəbəkəsinin müasir infrastrukturla təmin edilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasına, tədris mühitinin optimallaşdırılmasına nail olmaqdan ibarətdir. Bu mənada son 13 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir. Təkcə onu vurğulamaq kifayətdir ki, haqqında bəhs olunan dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Məsələn, regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisi ilə bağlı geniş müddəalar öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb.
Yuxarıda qeyd olunan Dövlət proqramlarının icrası nəticəsində son 13 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Ölkəmizdə təhsil infrastrukturunun müasir səviyyəyə yüksəldilməsi siyasəti cari ildə də yüksək səviyyədə davam etdirilib. Son bir il ərzində Təhsil Nazirliyi tərəfindən 2500 şagird yerlik 10 məktəb binası və ailə tipli 1 kiçik qrup evi inşa edilib, 6 internat məktəbində, 2 peşə liseyində, 2 kollecdə, 1 ali məktəbin tədris korpusunda əsaslı təmir, 468 məktəbdə isə əsaslı və cari təmir işləri aparılıb. Ümumilikdə isə cari ilin 9 ayında bütün mənbələr hesabına ölkə üzrə 29 məktəb tikilib, 485 məktəbdə əsaslı və cari təmir işləri həyata keçirilib.
Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində yeni proqramın icrasına başlanılıb. Respublikamızda cari ildən etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək. Nazirlər Kabinetinin qərarı ilə bu il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti illərdə bu yolla şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür. Prezident İlham Əliyev sosial infrastrukturun, o cümlədən də məktəb infrastrukturunun yenilənməsi ilə bağlı qarşıya qoyulan hədəflərə diqqət çəkərək vurğulayıb: “Gələn il sosial infrastruktur layihələri icra ediləcək. Məktəblərin, xəstəxanaların, olimpiya mərkəzlərinin tikintisi nəzərdə tutulur. Modul tipli məktəblər tikilməlidir. Çünki bizdə hələ qəzalı şəraitdə kifayət qədər çox məktəb var. Məncə, biz onları 2017-2018-ci illərdə tamamilə sökəcəyik və onların yerində yeni məktəblər tikiləcək. Beləliklə, bir dənə də qəzalı, təmirsiz məktəb qalmamalıdır”.
Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən genişməzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb. Təkcə belə bir faktı vurğulamaq lazımdır ki, ölkəmizdə səhiyyənin prioritet sahələri üzrə 9 Dövlət Proqramı qəbul edilib.
Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq son vaxtlar ölkənin dərman bazarında vəziyyətin qaydaya salınması istiqamətində müvafiq tədbirlər görülür. Parlamentdə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər təsdiqlənib. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb.
Səhiyyə sahəsində həyata keçirilən bu kimi islahatlar bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə tamamlanır. Son 13 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Ölkəmizdə təkcə ötən il ərzində 10-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. Respublikamızda 2016-cı ildə məlum çətinliklərə baxmayaraq, səhiyyənin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə əlavə olaraq 83 milyon manat vəsait ayrılıb. Hazırda həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 28 tibb müəssisəsində təmir-tikinti işləri aparılır. Dövlətimizin başçısı öz ənənəsinə sadiq qalaraq bu il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən müasir səhiyyə ocaqlarının - Gəncə şəhəri 1 nömrəli Şəhər Xəstəxanasının, Ağsu və Biləsuvar mərkəzi rayon xəstəxanalarının açılışında şəxsən iştirak edib və öz dəyərli tövsiyələrini verib. Hazırda respublikamızda daha 8 rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilir. Onlardan üçünün - Neftçala, Masallı, Zərdab xəstəxanalarının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası dərin sosial məzmun daşıyır
Xəlqi siyasət həyata keçirməyi fəaliyyətinin əsas prinsipi hesab edən Azərbaycanın dövlət başçısı cari ildə bilavasitə aztəminatlı ailələrin mənafeyinə yönələn yeni təşəbbüslə çıxış edib. Söhbət aztəminatlı ailələrin mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsindən gedir.
Sirr deyil ki, ölkəmizdə müəyyən qədər aztəminatlı ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bəzi ailələrin aylıq gəlirləri isə bazar qiymətləri ilə mənzil almaq üçün yetərli deyil. Dövlət məhz bu kimi məqamları nəzərə alaraq aztəminatlı ailələrin, o cümlədən də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına əməli dəstək verməyi qərara alıb. Ölkəmizdə Sosial Mənzil Fondunun formalaşdırılması tələbatı olan, amma imkanı çatmayan və aylıq əməkhaqqı mənzil almaq üçün yetərli olmayan bütün ailələrin mənzillə təmin edilməsinə imkan verəcək.
Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin maya dəyərinin mövcud bazar qiymətlərindən xeyli aşağı olacağı proqnozlaşdırılır. Aztəminatlı ailələr ayda müəyyən qədər vəsait ödəməklə təxminən 20 il ərzində mənzillərə sahib olacaqlar. Prezident İlham Əliyev vurğulayıb ki, sosial mənzillərin inşasının böyük sosial mənası var: “Bu yaxınlarda yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi öz işinə başlayıb. Yasamal rayonunda böyük tikinti layihəsi icra olunur və sosial mənzillərin tikilməsi prosesi artıq başlayır. Biz Nazirlər Kabinetinin toplantısında bu barədə danışmışıq. Artıq bu işlərə start veririk. Bunun çox böyük sosial mənası var və inşaat sektoruna, xüsusilə tikinti materialları sektoruna da böyük təsiri olacaq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31