Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Müstəqilliyin 25 ili - Müstəqilliyin yaşıdları”

“Müstəqilliyin 25 ili - Müstəqilliyin yaşıdları”

18.10.2016 [09:41]

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib

Əli Əhmədov: Azərbaycan ötən 25 ildə böyük inkişaf mərhələsi keçib və bu dövr Azərbaycan tarixinin “qızıl əsri” hesab oluna bilər

Oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Müstəqilliyin 25 ili - Müstəqilliyin yaşıdları” mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin Sərəncamını xatırladan Əli Əhmədov bu tarixi hadisənin ölkəmizdə yüksək səviyyədə qeyd olunacağına əminliyini ifadə edib. Baş nazirin müavini bildirib ki, 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü Azərbaycan xalqının müasir tarixində ən əlamətdar hadisələrdən biridir. Azərbaycan xalqının 70 il ərzində iki dəfə dövlət müstəqilliyini elan etdiyini xatırladan Əli Əhmədovun sözlərinə görə, bu, dünya xalqlarının tarixində az rast gəlinən hadisədir. Onun fikrincə, həm 1918-ci ildə, həm də 1991-ci ildə müstəqilliyimizin elan olunmasının oxşar cəhətləri var: “İlk növbədə, xalqımız imperiyaların tərkibindən çıxıb, həmçinin hər iki halda ermənilərin torpaq iddiaları ilə üzləşib. Bütün hallarda isə xalqımızın qəlbində hər zaman müstəqillik arzusu, ideyaları olub. 1980-ci illərin sonlarında başlanan xalq hərəkatı məhz xalqımızın müstəqillik, azadlıq arzusunun reallaşması uğrunda əzəmətli mübarizəsinin real ifadəsi idi”.
Artıq Azərbaycanın 25 ildir müstəqil dövlət kimi yaşadığını və inkişaf etdiyini qeyd edən YAP Sədrinin müavini bu tədbirdə 25 yaşa qədər olan gənclərin iştirakının rəmzi məna daşıdığını vurğulayıb. Tədbirin bu çərçivədə keçirilməsi Azərbaycanın 25 il ərzində keçdiyi yolun əzəmətini və möhtəşəmliyini ifadə edir. O bildirib ki, bu gənclər məhz müstəqil Azərbaycan Respublikasında dünyaya göz açıb və müstəqil dövlətin vətəndaşları kimi formalaşıblar: “Onlar məhz müstəqil dövlətin qanunları, prinsipləri ilə yaşayır, yüksək vətənpərvərlik ruhunda böyüyürlər və müstəqilliyimizin qorunması üçün hər bir fədakarlığa hazırdırlar”.
Əli Əhmədov həmçinin qeyd edib ki, 25 illik müstəqillik tariximizi üç mərhələyə ayırmaq mümkündür. Birincisi, 1991-1993-cü illər, ikincisi, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər, üçüncüsü isə Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdür. YAP Sədrinin müavini diqqətə çatdırıb ki, müstəqilliyimizin birinci mərhələsində ölkəmizdə xaos, anarxiya hökm sürürdü ki, bu da Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Əgər Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmasaydı, xalqımızın və dövlətimizin taleyi sual altında olardı.
Əli Əhmədov bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə ölkəmizdə ictimai-siyasi sabitliyi bərpa etdi, iqtisadi tənəzzülün qarşısı alındı və respublikanın inkişaf strategiyası müəyyən olundu: “1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması isə ölkəmizin inkişafının əsaslarının qoyulmasında müstəsna əhəmiyyət kəsb etdi və xalqımız öz sərvətlərinin sahibi oldu. Eləcə də ilk milli Konstitusiyanın qəbul olunması böyük əhəmiyyət kəsb etdi. Həmçinin torpaq islahatlarının reallaşması ilə insanlar öz torpaqlarının sahibinə çevrilərək mülkiyyət sahibi oldular. Bütün bunlar Heydər Əliyevin siyasəti nəticəsində müstəqilliyin iqtisadi, siyasi əsaslarını, dövlətçilik əsaslarını yaratmış oldu”.
Onun sözlərinə görə, məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində müstəqilliyimizin dönməzliyi təmin olundu.
Azərbaycanın məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf etdiyini deyən Əli Əhmədov bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O deyib ki, bu dövr dövlət müstəqilliyinin iqtisadi, siyasi və digər əsaslarının çox ciddi şəkildə möhkəmlənməsi ilə müşayiət olunub. Baş nazirin müavini qeyd edib ki, 2003-cü ildən keçən dövr ərzində ölkə iqtisadiyyatı dəfələrlə inkişaf edib, ölkəmizin siması dəyişib, modernləşib, Azərbaycan regionun lider dövlətinə çevrilib, respublikamızın beynəlxalq müstəvidə mövqeyi möhkəmlənib: “Bütün bunların hamısı Azərbaycanın dövlət müstəqilliyinin ciddi şəkildə möhkəmlənməsi və inkişaf etməsi anlamını ortaya qoyur. Bu gerçəklik daha güclü təməllər üzərində özünü ifadə edir. Azərbaycanın dövlət müstəqilliyinin elə bir möhkəm təməli yaradılıb ki, Azərbaycan dövləti bu təməl üzərində müstəqil dövlət olaraq uzun illər yaşayacaq və xalqımız bu müstəqilliyin bəhrələrini dərk edəcək”.
Qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında gələcək hədəflərin də dayandığını deyən Əli Əhmədov ölkəmizin iqtisadiyyatının daha da güclənməsinin, əhalinin rifah halının daha da yüksəlməsinin, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsinin qarşıda dayanan əsas vəzifələr sırasında olduğunu vurğulayıb. Onun fikrincə, bütün bunlar müstəqilliyimizin əbədiyaşar olması üçün önəmlidir: “Yeni iqtisadi modelin ortaya qoyulması, yeni islahatların həyata keçirilməsi isə ölkəmizin gələcək inkişafı üçün çox etibarlı zəmin olacaq. Beləliklə, Azərbaycan ötən 25 ildə böyük inkişaf mərhələsi keçib və bu dövr Azərbaycan tarixinin “qızıl əsri” hesab oluna bilər. Bir çox xalqlar öz tarixlərində “qızıl əsr” tapa bilmir. Amma Azərbaycan xalqının “qızıl əsri” bizim yaşadımız bu günlərdir. İnanıram ki, bu “qızıl əsr” uzun illər davam edəcək, Azərbaycan vətəndaşlarına xidmət edəcək, iqtisadiyyatımız daha da inkişaf edəcək, daha möhtəşəm nailiyyətlər əldə edəcək, insanlarımız müstəqil dövlətin verdiyi bütün imkanlardan daha geniş və faydalı şəkildə istifadə edəcəklər”.
Əli Əhmədov əmin olduğunu bildirib ki, gələcəkdə xalqımız daha möhtəşəm uğurlar qazanacaq, qarşıdakı illərdə Azərbaycan öz dövlət müstəqilliyini yeni-yeni nailiyyətlərlə, daha güclü Azərbaycanla qeyd edəcək.
Daha sonra konfransda çıxış edən YAP Gənclər Birliyi ofisinin koordinatoru Əli Qənbərli bildirib ki, 25 il bundan əvvəl Azərbaycan xalqı iradə nümayiş etdirərək, öz mənəvi haqqı olan müstəqilliyi əldə etdi. Müstəqilliyin əldə edilməsi ilə Azərbaycan xalqının ruhunda mənəvi dirçəliş, oyanış baş verdi. Onun sözlərinə görə, qət etdiyimiz 25 illik müstəqillik yolu ölkəmiz üçün olduqca məhsuldar olub: “Əsrin dörddə birinə bərabər olan bu zaman ərzində Azərbaycanın inkişafının təməl pillələri qoyulub. Siyasi, iqtisadi, mədəni, idman kimi sahələrdə əldə edilən uğurlar ölkəmizə dünya miqyasında böyük şöhrət qazandırıb. Bu illər ərzində ölkəmizdə dövlət quruculuğu, dövlət vətəndaş münasibətləri yüksələn xətlə inkişaf edib, müxtəlif sahələrdə beynəlxalq təcrübə öyrənilib, sivil cəmiyyət qurulması istiqamətində mühüm işlər görülüb. Bu dövrdə həmçinin uğurlu dövlət gənclər siyasəti həyata keçirilib. Bu siyasətin nəticəsidir ki, bu gün dünyanın hər yerindən müstəqil Azərbaycan gənclərinin sədaları gəlir. Hər bir gənc bacardığı sahədə ölkəmizin adını uca tutmağa çalışır”.
Əli Qənbərli deyib ki, müstəqilliyimizin əldə edilməsi ilə milli ideologiyamız olan azərbaycançılıq ideologiyası yarandı. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin təməl sütunlarını müəyyən etdiyi və müstəqil dövlətimizin nəzəri əsası olan “Azərbaycançılıq” özündə dərin məna birləşdirən, Azərbaycan xalqına, Azərbaycanın əsrlər boyu sahib olduğu milli-mənəvi dəyərlərə, adət-ənənələrə, milli kimliyimizə, bir xalq olaraq, mövcudiyyətimizə sahib çıxan ideologiyadir: “Hər hansı bir xalqın fiziki mövcudluğu heç də onun mənəvi və müstəqil mövcudluğu deyildir. Hal-hazırda dünya miqyasında bir sıra xalqlar fiziki müstəqilliyə malik olsalar da, heç də ideoloji və tam müstəqilliyə malik deyillər. Ancaq tam məsuliyyət hissi ilə demək olar ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı praqmatik, məntiqi siyasət nəticəsində ölkəmiz müstəqil dövlət kimi dünya miqyasında olduqca mühüm rol oynayır. Bu gün Azərbaycanın hər bir vətəndaşı müstəqilliyimizin yaratmış olduğu imkanlardan yararlanır. Bizim azərbaycanlı kimliyimiz bizə haqlı olaraq öyünməyə əsas verir. Biz gənc olaraq çox şey düşünə bilərik. Ancaq bir gənc kimi uğurumuzu düşüncələrimizi əməli fəaliyyətə çevirdiyimiz zaman əldə edərik”.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvü Günay İmanova isə qeyd edib ki, müstəqil dövlətin azad vətəndaşı olmaq əsl səadətdir. Onun sözlərinə görə, yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən vacib şərti hesab oluna bilər: “Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ona görə ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk etdiyi müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı məşəqqətli, faciəli anlar, ağrılı günlər öz izini qoyub”.
Günay İmanova deyib ki, Ulu öndər Heydər Əliyevin adı təkcə Azərbaycanın müstəqilliyinin xilaskarı kimi yox, həm də müasir Azərbaycan dövlətinin banisi və qurucusu kimi tarixə qızıl hərflərlə yazılıb: “Azərbaycanın dövlət müstəqilliyini bütün varlığı ilə sevən və uca tutan Ulu öndər Heydər Əliyev onu daim yüksək qiymətləndirib, “Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir”, - demişdir! Və bu gün cəmi 25 yaşını qeyd edən, lakin yaşının qat-qat üstündə uğurlara imza atan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyan yüz minlərlə gənc var”.
Günay İmanova qeyd edib ki, Azərbaycanın inkişaf yolu Ulu öndərimizin 1993-cü ilin iyununda xilaskarlıq missiyasını üzərinə götürməklə başlanıb: “Bu yol müstəqillik yoludur. Müstəqillikdən başlanan yol mühüm uğurlarla zənginləşərək gələcəyə doğru davam edir. Azərbaycan bu mərhələləri böyük əziyyətlər, zəhmətlər bahasına olsa da, keçib. Artıq 25 ildir ki, müstəqillik yolu ilə addımlayırıq. Dövlət başçısı cənab İlham Əliyevin müəyyən etdiyi strateji istiqamət əsasında Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub”.
Onun sözlərinə görə, bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: “Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində bu problem də öz ədalətli həllini tapacaq, Azərbaycan qarşıdakı illərdə daha möhtəşəm uğurlara imza atacaq”.
Çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin üzvü, 2016-cı ildə ali məktəbə 700 bal toplayaraq qəbul olmuş Elvin İsayev öncə təhsil sahəsində qazandığı uğura görə dövlət başçısına təşəkkür edib. O deyib ki, məhz təhsilə yüksək dövlət qayğısı nəticəsində gənclərimiz bu sahədə böyük uğurlara imza atırlar. Elvin İsayev qeyd edib ki, hər birimiz gələcəyimiz və inkişafımız naminə cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik: “1991-ci ildə Azərbaycan xalqı canı və qanı bahasına müstəqilliyini qazandı, eyni zamanda, ondan sonrakı 2 illik tarixdə isə yüzlərlə şəhid verdi, qanlar töküldü, Xocalı soyqırımı kimi dəhşəti yaşadı, torpaqları işğal edildi, ac qaldı, çörək növbələrində dayandı, amma bütün hallarda müstəqilliyindən vaz keçmədi, onu qorudu və saxladı. Bizim hər birimiz vəzifəmizdən, sosial statusumuzdan asılı olmayaraq Vətənimizin keşiyində olmalıyıq. Bizim bir Vətənimiz var - Azərbaycan. O, bu gün əmin əllərdədir, sabitdir, sakitdir və firavandır. Gəncliyimiz sabit atmosferdə yaşayır və inkişaf edir. Məhz biz indiki nəsil çalışmalıyıq ki, bu sabitlik, sakitlik və inkişaf davamlı olsun, əbədi olsun”.
Elvin İsayev bildirib ki, bu gün hər bir gəncin borcu müstəqil dövlətimizi qorumaqdır: “Mövqeyimiz radikal-ekstremist qüvvələrin təxribat xarakterli təşəbbüslərini rədd etmək, dövlətçiliyimizi, ailələrimizi müdafiə etməkdir. Biz gənclər çalışmalıyıq ki, anti-Azərbaycan qüvvələrinin, onların ölkəmizdəki “beşinci kolon”unun toruna düşməyək. Bu səbəbdən də, hər birimiz dövlətimizə, Vətənimizə qarşı çıxanların, ona qara yaxmağa çalışanların həm real, həm də virtual aləmdə, elə sosial şəbəkələrdən də cavablarını verməliyik. Vətənin pisi və yaxud yaxşısı olmur. Vətən elə Vətəndir və onu qorumaq biz gənclərin müqəddəs borcudur. Bu salonda nəsillərin vəhdəti var. Müstəqillik uğrunda mübarizənin canlı şahidləri və onu kitablardan öyrənən nəslin nümayəndələri, Ulu öndərlə canlı təmasda olanlar və dahi Heydər Əliyevi əfsanə kimi görənlər. Nəsillərin ziddiyyəti yox, vəhdəti var. Bu vəhdət Heydər Əliyev yolu - İlham Əliyev liderliyidir. Bu vəhdət Yeni Azərbaycan Partiyasıdır. Biz gənclər tam əminik ki, yalnız bu vəhdət bizi yeni möhtəşəm qələbələrə aparacaq. Məhz xalq-iqtidar vəhdəti liderimiz, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızı azadlığa qovuşduracaq”.
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin üzvü Leyla Quliyeva çıxışında qeyd edib ki, 25 illik müddət bir ölkənin müstəqilliyi üçün qısa zaman olsa da, bir insanın fərd kimi formalaşmasında böyük zaman kəsiyidir: “Müstəqillik hədiyyə edilmir, onun uğrunda vuruşmaq, mübarizə aparmaq lazımdır. Lakin onun qazanılmasına vəsilə olan Tanrı xilaskarları olarsa, bu möhtəşəm anlayışın özünütəsdiqi daha qüdrətli olar. Odur ki, bu gün əminliklə deyə bilərik: dünya üzrə yaşayan 60 milyon azərbaycanlının 9 milyonu məhz dahi şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevin sayəsində müstəqil Azərbaycana sahibdir. Müstəqil Azərbaycan, Ulu öndər Heydər Əliyevin dediyi kimi, dünyaya bu gün Günəş kimi işıq saçır. Tarixən azad olmaq, hürriyyətə qovuşmaq bu xalqın ən böyük arzusu olub, hətta qüdrətli Azərbaycan sərkərdəsi Babəkin dediyi kimi, bir gün azad yaşamağı qırx ilin köləliyindən üstün tutub. Cəmi 23 ay davam edən Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu ilə 70 illik müstəmləkə həyatı belə bu xalqın azadlıq yanğısını söndürə bilmədi. Nəhayət, xalqın tələbi, mücadiləsi ilə Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini bərpa etdi”.
Leyla Quliyeva qeyd edib ki, bu müstəqillik illərində Azərbaycan misli görünməmiş inkişaf yolu keçib: “Bu gün Azərbaycan Ümummilli liderimizin neft strategiyası sayəsində dünyanın yeni enerji xəritəsini öz neft və qaz kəmərləri ilə müəyyənləşdirir. Azərbaycan süni peyki olan az sayda dövlətlər sırasındadır. Bu gün ölkəmiz Şərqdən Qərbə, Şimaldan Cənuba nəqliyyat dəhlizinə çevirilir. Ölkəmiz qlobal Bakı Forumları simasında dünyanı narahat edən bir çox məsələlərin müzakirə meydanına çevrilir və Azərbaycan artıq belə məsələlərin həllinə öz töhfəsini də verir. Son 10 ildə Azərbaycan Olimpiya idmanının tarixində şanlı səhifələr yazıb. Doğma Bakımız artıq dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilib. Regionlarımızın siması tanılmaz dərəcədə dəyişilib. Azərbaycanın hər bir yerində belə gözəl şərait yaradılır”.
Leyla Quliyeva deyib ki, Yeni Azərbaycan Partiyasının ətrafında ordu kimi sıx birləşən gənclər olaraq, bundan sonra da Azərbaycanımızın ictimai-siyasi, sosial-mədəni həyatında daha fəal iştirak edəcək, qarşımızda duran vəzifələrimizi yerinə yetirəcəyik: “Əldə olunan uğurları şərtləndirən mühüm amillərdən biri Yeni Azərbaycan Partiyasının mövcudluğudur. Yeni Azərbaycan Partiyası, demək olar ki, müstəqilliyimizlə həmyaşıddır və dövlətin üzərinə düşən ağır yükü çiyinlərində daşıyan çoxminli orduya sahibdir. Onun nəticəsidir ki, ötən illər ərzində keçirilən 5 prezident, 4 bələdiyyə və 4 parlament seçkilərində YAP namizədləri möhtəşəm qələbə qazanıb”.
O deyib ki, Azərbaycan bizim doğma evimizdir: “Biz onu qorumalı və inkişaf etdirməliyik! Müstəqil Vətənində özün olaraq addımlamaq, milli mənsubluğundan duyduğun qüruru sözdə və əməldə yaşamaq, “Mən Müstəqil Azərbaycan Respublikasının azad vətəndaşıyam” deyə bilmək xoşbəxtlikdir”.
YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Kərimov bildirib ki, müstəqil Azərbaycanı yeni-yeni uğurlara aparan güclü liderimiz var: “Bayraqlar içində bayrağımızı, imzalar içində imzamızı qoruyan rəhbərin ətrafında birləşmişik. Bu gün burdayıq, amma bir sabah Ali Baş Komandanımızın əmri ilə Qarabağın azadlığı uğrunda mübarizəyə hazırıq”.
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Gülnar Xəlilova belə bir mötəbər tədbirdə müstəqilliyimizin həmyaşıdı kimi çıxış etməkdən böyük qürur və fəxr hissi keçirdiyini bildirib: “Bu gün biz 25 illik müstəqilliyimizi qeyd edirik. Bu müstəqillik 1991-ci ildə qazanılsa da, xarici müdaxilələr, daxili separatçılıq meyilləri az qala müstəqilliyimizə kölgə salacaqdı. Ancaq xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev bu müdaxilələrin qarşısını aldı. Dövlətin sükanı etibarlı əllərə keçdi. Bununla da Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmlənməsi və onun dünya dövlətləri sırasında layiqli yerlərdən birini tutması sahəsində yeni bir mərhələ başlandı. Ümummilli liderimizin hakimiyyətə qayıdışı ilə milli ideologiyanın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Hansı ki, bu gün də Azərbaycan bu konsepsiyanın üzərində inkişaf edir, yeni-yeni uğurlara imza atır”.
Gülnar Xəlilova deyib ki, müstəqil Azərbaycan beynəlxalq müstəvidə böyük uğurlar qazanır, eləcə də nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir: “Bu gün dünyanın möhtəşəm idman saraylarında, konsert və iclas salonlarında üçrəngli ay-ulduzlu bayrağımızın dalğalandığını görəndə, əzəmətli himnimizin səsləndiyini eşitdikdə hər birimiz qürur hissi keçirir və qəlbimizdə həmvətənlərimizə qarşı böyük rəğbət və məhəbbət oyanır. Mən də müstəqil dövlətin bir gənci kimi bu gün Vətənimə olan borcumu oxumaqla, sabah isə müstəqil Azərbaycanın mədəni-siyasi həyatının müxtəlif sahələrində çalışmaqla verəcəyəm!”
Qeyd edək ki, tədbir bədii hissə ilə davam edib. Tanınmış gənc sənət adamları da müstəqil Azərbaycanın keçdiyi 25 illik yol haqqında fikirlərini bildiriblər. Elton Hüseynəliyev deyib ki, müstəqilliyimizin bərpası Azərbaycan xalqı üçün yeni üfüqlər açdı: “Hər bir vətəndaş bu müstəqillikdən bəhrələnir”.
Aysel Əlizadə isə bildirib ki, ötən 25 ildə bütün sahələrdə inkişaf baş verib: “Bu dövrdə sənət adamlarına da yüksək dövlət qayğısı göstərilib”.
Digər sənətçi Günay İbrahimova da səslənən fikirlərə qoşulub və xalqımızın ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu deyib: “Əminik ki, Prezidentimizin rəhbərliyi ilə Qarabağımız işğaldan azad ediləcək və biz həmin torpaqlarda da bayram tədbirlərini qeyd edəcəyik”.
Babək Niftəliyev isə bildirib ki, müstəqillik hər bir vətəndaşımızın böyük uğurudur.
Qeyd edək ki, bədii hissədə gənc sənətçilər tərəfindən vətənpərvərlik ruhunda olan mahnılar da səsləndirilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 709 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31