Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən referendumun nəticələrini yüksək qiymətləndirirlər

Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən referendumun nəticələrini yüksək qiymətləndirirlər

13.10.2016 [10:03]

Bu fakt AŞPA-nın payız sessiyasında bir daha vurğulanıb
Məlum olduğu kimi, sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına bir sıra əlavə və dəyişikliklər edildi. Bu əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafı, dövlətimizin daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdəndir ki, Azərbaycan seçiciləri böyük ruh yüksəkliyi ilə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində iştirak etdilər.
Qeyd edək ki, oktyabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında referenduma yekun vurulması və yekunların elan edilməsi məsələsinə baxılıb. Qeyd edilib ki, referendumun azad və ədalətli keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi məqsədilə Komissiya tərəfindən qəbul olunmuş çoxsaylı təlimat, qayda, izah və digər normativ aktlar toplu halında çap edilərək aşağı seçki komissiyalarına çatdırılıb, mətbuat və internet vasitəsilə ictimailəşdirilib, habelə həmin materialların heç bir mane olmadan maraqlı subyektlər tərəfindən əldə edilməsi üçün hər cür şərait yaradılıb. Ümumxalq səsverməsində seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 69,7 faizi səsvermədə iştirak edib.
Ümumiyyətlə, Azərbaycanda keçirilən referendum geniş ictimaiyyətin böyük maraq dairəsində olub. Belə ki, səsvermə prosesi müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, referendum üzrə təşviqat qruplarını təmsil edən, habelə öz təşəbbüsləri ilə referendumun müşahidəsinə qatılan 53 mindən çox yerli müşahidəçinin, 33 ölkədən olan 117 beynəlxalq müşahidəçinin, 16 nüfuzlu beynəlxalq KİV-in və heç bir qeydiyyat tələb olunmadan proseslərin izlənilməsinə qatılmış yerli KİV-lərin çoxsaylı nümayəndələrinin müşahidəsi ilə keçirilib. Səsvermə prosesi işğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (səsvermə keçirilən məntəqələrin təxminən 20 faizində) quraşdırılmış veb-kameralardan geniş miqyasda izlənməklə qanunvericiliyin tələblərinə müvafiq olaraq azad, ədalətli, şəffaf və geniş aşkarlıq şəraitində keçib. Fakt olaraq deyək ki, referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla beynəlxalq müşahidəçilər izləyiblər. Onlar referendumun azad və şəffaf şəkildə keçirildiyini vurğulayıblar.
Onu da bildirək ki, referendumu legitim və milli qanunvericiliyin tələblərinə tam cavab verən proses kimi qiymətləndirən, habelə səsvermənin yüksək səviyyədə təşkilini, səsvermənin nəticələrinə təsir etmək baxımından heç bir qanun pozuntusunun aşkar edilməməsi faktlarını xüsusi qeyd edən Avropa Şurası Parlament Assambleyası da referendum prosesini müsbət qiymətləndirərək digər yerli və beynəlxalq müşahidə subyektləri ilə eyni mövqedən çıxış edib. Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının sentyabrın 26-da Azərbaycanda keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib: “Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik. AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib. Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur. Səsvermə prosesi yaxşı təşkil olunub, şəffaf, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir”.
Oktyabrın 10-da isə AŞPA Bürosu Makedoniyanın assambleyadakı nümayəndə heyətinin və Konstitusiya islahatlarına dair referendumla bağlı Azərbaycan üzrə AŞPA qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloskinin memorandumunu yekdilliklə təsdiqləyib. Büronun üzvləri bu memorandumu nəzərdən keçirərək qəbul ediblər. AŞPA missiyası belə qənaətə gəlib ki, Azərbaycanda keçirilmiş referendum ölkə qanunvericiliyinə və Konstitusiyasına uyğun təşkil edilib, qanunidir və legitimdir. Səsvermə prosesi yaxşı təşkil edilib və şəffaf, səmərəli, dinc keçib. Səslərin sayılmasında nəticələrə təsir edə biləcək pozuntular müşahidə edilməyib.
AŞPA missiyası, eyni zamanda, bildirib ki, referendumun nəticələri ölkənin təhlükəsiz, sabit və davamlı inkişafı istiqamətində irəliyə doğru addım kimi Azərbaycan xalqının iradəsini ifadə edir, demokratik və iqtisadi çağırışlara cavab olaraq, daha səmərəli idarəçilik sistemi qurmağa və ölkə üçün zəruri olan daha məzmunlu islahatlar aparmağa yönəlib.
Azərbaycanda keçirilmiş referenduma qurumun payız sessiyası zamanı da münasibət bildirilib. Belə ki, oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının plenar iclasında Ermənistan nümayəndə heyətinin üzvləri ölkəmizə qarşı qara yaxmağa, referendumla bağlı mənfi fikirlər söyləməyə çalışıblar. Ermənistan nümayəndə heyətinin çıxışından sonra Norveçin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, məruzəçi İngjerd Sçou çıxış edərək AŞPA-nın Azərbaycanda keçirilən referendumu qiymətləndirmə missiyasının müşahidələrinin nəticələrinə toxunub. Norveçli deputat AŞPA-nın missiyasının məruzəsində Azərbaycanda keçirilən referendumun nəticələrinin müsbət qiymətləndirildiyini bir daha diqqətə çatdırıb.
Göründüyü kimi, Azərbaycanda keçirilən referendum beynəlxalq ictimaiyyətin də xüsusi diqqət mərkəzindədir. Referendumun gedişini izləyən beynəlxalq təşkilatların nümayəndələri, xüsusilə AŞPA missiyası səsverməni yüksək qiymətləndirib. Bu fakt isə Azərbaycanda beynəlxalq standartlara uyğun seçki sisteminin yaradıldığını və xalqın öz iradəsini ifadə etdiyini bir daha təsdiqləyir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31