Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyini davam etdirir

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyini davam etdirir

13.10.2016 [10:00]

Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Buna paralel olaraq Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - dövlətimizin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini bəyan edir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır.
Bu məqamda qeyd edək ki, Azərbaycanın davamlı olaraq beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi, nüfuzunun artması Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin beynəlxalq gündəmin aktual mövzusuna çevrilməsini şərtləndirib. 2016-cı ildə də Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib, ikitərəfli və çoxtərəfli münasibətlər uğurla inkişaf edib. Bu kontekstdə bəhs olunan problemin həlli məsələsi də diqqət mərkəzində olub. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələlərə toxunaraq qeyd edib: “Bu il bizim beynəlxalq mövqelərimiz möhkəmlənib. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaratmışdır. Kontakt qrupu artıq öz işinə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının - BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur”.
Aprel hadisələri dünya ictimaiyyətinə ciddi mesajlar verdi
Cari ilin 9 ayı ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, aprel hadisələri Ermənistana ciddi mesajlar verdi. Bəlli olduğu kimi, cari ilin aprel ayında Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən alındı, düşmənə layiqli cavab verildi. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etmişdir: “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik”.
Sözügedən hadisələrin fonunda ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bir sözlə, dünya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərini və təcavüzkar siyasətini kəskin qınadı. Əlbəttə, ATƏT-in Minsk qrupu, o cümlədən beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, intensiv atışmalar müşahidə olunur, insanlar ölür, çoxsaylı tələfatlar qeydə alınır. Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq şəkildə ifadə olunub. Bununla da Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur edildi...
Bütövlükdə, Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan Ordusunun aprelin 1-5-i tarixlərində 2000 hektar (ha) ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistanın konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi. Beləliklə, həm Ermənistan, həm də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib, status-kvonu uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlanıla bilməz. Azərbaycan dövləti və xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir.
Bütövlükdə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur”.
Yaranmış yeni siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir
Nəticə etibarilə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeni situasiyanın yaranması pozitiv amil kimi qiymətləndirildi. Bütövlükdə, beynəlxalq ictimaiyyət anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional miqyaslı, qlobal xarakterli destruktiv problemdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir.
Ümumiyyətlə, dünyanın geostrateji təhlükəsizlik sistemini formalaşdıran güc mərkəzləri Cənubi Qafqaz regionunu əhəmiyyətli geosiyasi məkan kimi özlərinin uzunmüddətli strateji planlarına və konsepsiyalarına daxil ediblər. Başqa sözlə, bu bölgə müasir dünya siyasətində geosiyasi və geoiqtisadi parametrlər baxımından ən önəmli regionlardan biri hesab edilir. Belə bir strateji yanaşma mövcuddur ki, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı faktorların əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir.
Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir. Belə olan halda, qeyd etdiyimiz kimi, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq normaları əsasında həllinin zəruriliyini bəyan edirlər. Ümumi qənaət budur ki, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Bütövlükdə isə bəlli olan budur ki, yaranmış yeni siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir.
Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb
Əsas məqam budur ki, işğalçı Ermənistan çağırışlara qeyri-konstruktiv reaksiya verməməli, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə məhəl qoymalıdır. Ermənistan anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək. Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb.
Azərbaycana qarşı təzyiq kampaniyaları məhz ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqe sərgiləməsindən irəli gəlir
Bütün bunlarla yanaşı, bəzi hallarda bir sıra beynəlxalq təşkilatlar və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri konkret mövqe nümayiş etdirməkdən çəkinirlər. Bir sıra bəyanatlarda əsas məsələlərdən - Ermənistanın işğalçı siyasəti və qeyri-konstruktiv mövqeyindən, işğal faktından yan keçilir, hadisənin gerçək səbəbləri, bu vəziyyəti yaradan əsaslar diqqətə alınmır. Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun bu cür mövqeyindən narazılığını və narahatlığını hər zaman ifadə edir. Yekun qənaət budur ki, verilən bir sıra bəyanatlar ədalətsiz olmaqla yanaşı, işğalçı ilə işğala məruz qalmış tərəfin eyniləşdirildiyini göstərir. Dünya ictimaiyyəti nəzərə almalıdır ki, mövcud gərginlik Ermənistanın işğalçı siyasətinin, danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir və mövcud vəziyyətə görə məhz Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır.
Digər tərəfdən, bəzi qüvvələrin Azərbaycana qarşı təzyiq və “qara piar” kampaniyaları məhz ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqe sərgiləməsindən irəli gəlir. Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “... Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik”.
Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır
Bütün hallarda, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını nəyin bahasına olursa olsun, işğaldan azad edəcəyinə dair əminlik yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 825 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31