Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qondarma "Milli şura"nın 11 sentyabr fiaskosu

Qondarma "Milli şura"nın 11 sentyabr fiaskosu

12.09.2016 [11:33]

Bu aksiya cəhdi radikal müxalifətin xalq tərəfindən qəbul edilmədiyini, insanların "Milli şura" ideoloqlarının iddialarına qeyri-ciddi yanaşdıqlarını növbəti dəfə təsdiqlədi
"Milli şura"nın sentyabrın 11-də "Məhsul" stadionunda təşkil etdiyi mitinq də fiasko ilə nəticələndi. Günlərdir bu qondarma qurumun funksionerlərinin istər AXCP sədri Əli Kərimlinin nəzarətində olan media orqanlarında, istər bir sıra Qərb kütləvi informasiya vasitələrinin Bakıdakı redaksiyalarının internet saytlarında, istərsə də sosial şəbəkələrdə apardıqları təbliğat bir nəticə vermədi. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 11-də saat 17.00-dan 19.00-dək davam edən mitinqdə qondarma "Milli şura"ya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Bu isə Kərimlinin onminlərlə adamın mitinqə toplaşacağı ilə bağlı pafoslu proqnozlarının nə qədər həqiqətdən uzaq olduğunu bir daha ortaya çıxardı.
"Milli şura" yenə də bəzi Qərb ölkələrinin səfirliklərinin etimadını doğrultmadı
Məlum olduğu kimi, "Milli şura"-nın müxtəlif təmsilçilərinin, o cümlədən, Əli Kərimli və Cəmil Həsənlinin avqustun 15-dən 30-a qədər bir sıra Qərb dövlətlərinin Bakıdakı səfirliklərində keçirdikləri görüşlər və müzakirə olunan məsələlər ilə bağlı ölkə mətbuatında kifayət qədər əhatəli informasiyalar işıq üzü gördü. Məlumatlara görə, bu görüşlərdə Kərimli və Cəmil Həsənli Qərb dairələrindən mitinq keçirməklə bağlı tapşırıq alıblar. "Milli şura" üzvləri isə bu mitinqə onminlərlə adam çıxaracaqları ilə bağlı vəd veriblər. Lakin onlar Qərbin etimadını doğrultmayaraq heç "Məhsul"stadionunun yarısını belə doldurmağa gücləri çatmadı. Təsadüfi deyil ki, mitinq zamanı Əli Kərimli, Nurəddin Məmmədli və digər çıxışçılar aksiyaya az adam qoşulmasından məyusluqlarını gizlədə bilmədilər. Hətta mitinq boyunca oradakı azsaylı adamlara bir yerə toplaşmaq və pərakəndə durmamaq haqqında çağırışlar edilirdi ki, foto və video çəkilişlərdə guya stadiona gələn adamların çox olması görüntüsü yarada bilsinlər. Amma bu gedişləri də bir  nəticə vermədi. Əksinə, aksiya başlayandan 10-15 dəqiqə sonra mitinq iştirakçıları ərazini tərk etməyə başladılar. Əli Kərimlinin çıxışı zamanı bu, daha intensiv xarakter aldı. Əli Kərimli mitinqə biganəliyi prosesin başlanğıc mərhələdə olması ilə əlaqələndirsə də, əslində həqiqətin nədən ibarət olduğunu o, özü də yaxşı bilir - sadəcə olaraq Azərbaycan xalqı "Milli  şura"nın timsalında radikal müxalifət partiyalarına "yox" deyir. Ona görə də, bu radikal ünsürlərin hər hansı bir tədbiri cəmiyyətimiz üçün heç bir əhəmiyyət və maraq kəsb etmir. İctimaiyyətin "11 sentyabr" mitinqinə də laqeyd münasibəti təşkilatçıları o qədər pəjmürdə salıb ki, onların cəmiyyətə qarşı açıq aqressiyası mitinq zamanı özünü bir daha göstərdi. N.Məmmədli mitinqə biganə qalanları cəhənnəmlə hədələdiyi halda, tədbirin aparıcısı İlham Hüseyn mitinqi rədd edən ziyalıları təhqir etdi. Əslində isə onlar ağı qaradan, yaxşını pisdən seçməyi bacaran, dövlətçiliyə sədaqət nümayiş etdirən, dağıdıcı, milli maraqlarımıza qarşı fəaliyyəti özlərinin başlıca məqsədi elan etmiş qüvvələrə qarşı sanballı cavab verən Azərbaycan xalqına minnətdarlıq etməlidirlər.
Cəmil Həsənli sədri olduğu şuranın mitinqini "iqnor" etdi
Mitinqdə diqqət çəkən başqa bir məqam isə qondarma şuranın sədri Cəmil Həsənlinin bu toplantıda iştirakdan imtina etməsi idi. Əlbəttə, C,həsənlinin sədri olduğu təşkilatın mitinqini iqnor etməsi Ə.Kərimli və tərəfdarları tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bununla bağlı bəzi müzakirələrin və "Milli şura" sədrinin ünvanına səslənən sərt ifadələrin də şahidi olduq. Onun bu addımının səbəbləri ilə bağlı müxtəlif fikirlər irəli sürülsə də, məlumata görə, C.Həsənlinin mitinqdə iştirakdan imtinası Əli Kərimli ilə arasında yaranmış ziddiyyətlə bağlıdır. Mitinq ərəfəsində AXCP sədri bu haqda məlumatların mediada yer almaması və mümkün qədər gizlənilməsinə çalışsa da, o, cidanı çuvalda saxlamağı bacarmadı.
"Milli şura"-çılar Taleh Bağırzadənin terrorçu tərəfdarlarının ümidinə qalıb
Təəssüf ki, xalqın haqlı və adekvat münasibətindən nəticə çıxarıb öz fəaliyyətlərinə çəki düzən vermək əvəzinə uğursuzluqlarını ört basdır etmək yolunu tutan, bunun üçün isə min bir hiylə - fəsada əl atan "Milli şura"çılar mitinqdə də öz amplualarına sadiq qaldılar. Belə ki, mitinqin təşkilatçıları boş qalmış meydanı Taleh Bağırzadənin terrorçu tərəfdarlarını, islamçıları aksiyaya cəlb etməklə doldurmağa çalışdılar. Eyni zamanda, mitinqdə çıxış edən hər kəs sözə terrorçu dəstə başçısı Taleh Bağırzadəyə və onun tərəfdarlarına "salam göndərməklə", onlara açıq şəkildə dəstək ifadə etməklə başladılar. Hətta Əli Kərimli mitinqin sonundakı çıxışında dəfələrlə bu terrorçu dəstənin başçısının və üzvlərinin ünvanına xoş sözlər səsləndirdi. 
Əslində, AXCP sədrinin terrorçulara açıq şəkildə dəstək ifadə etməsi yenilik deyil. Bu günə qədər onun və yaxın ətrafının terrorçulara məhəbbəti ilə bağlı mediada çoxlu sayda məlumatlar yer alıb. Dünənki mitinqdə isə Ə.Kərimli bu mərəzini təkrarladı. Bu isə həm də onu göstərir ki, siyasi cəhətdən tükənmiş, faktiki olaraq heç bir ictimai nüfuzu olmayan Əli Kərimli və onun təmsil olunduğu siyasi birliklər terrorçuların ümidinə qalıb.
Mitinqə ayrılmış vəsaitin əsaslı hissəsi AXCP sədri Ə.Kərimli tərəfindən mənimsənilib
Üzərində durulmalı olan başqa bir fakt isə mitinqə ayrılmış vəsaitin, daha doğrusu Qərbdəki bəzi dairələrin bu mitinqin təşkil olunması üçün ayırdıqları maliyyənin xərclənməsi ilə bağlıdır. Bilirik ki, Əli Kərimli və ətrafının bu mitinq cəhdindən yeganə məqsədləri Qərbdəki bəzi dairələrə yarınmaq, onlardan aldıqları pulun "haqqını vermək" idi. Qeyd etdiyimiz kimi, onlar bu etimadı doğrultmadılar və indi bu pulların hesabını verməlidirlər. Amma əldə olunan məlumatlar göstərir ki, Kərimli heç də hesablaşmaq niyyətində deyil. Çünki o, mitinqə ayrılmış vəsaitin əsaslı hissəsini mənimsəyib. Hətta mitinqə adam cəlb etmək üçün bölgələrə ayrılan vəsait ünvanına çatmayıb. Buna görədir ki, AXCP sədri heç mitinq başa çatmamış növbəti bir mitinq keçirmək "arzusunu" dilə gətirdi. Yəqin ki, o, pul verənlərə demək istəyir ki, bu dəfə alınmadısa da, şansını növbəti dəfə sınamağa ona icazə versinlər. Bu arada da Ə.Kərimli vaxt qazanaraq yeni bəhanələr istehsalı ilə məşğul olsun...
Bu mitinq cəhdi radikalların iddialarını alt-üst etdi
Beləliklə, "Milli şura"nın mitinqi radikal siyasi qrupların növbəti iflası ilə yekunlaşdı. Bu mitinq müxalifətin “xalqın müxalifəti dəstəkləməsi”, “hakimiyyəti istəməməsi” və s. kimi iddialarını alt-üst etdi. Bu aksiya cəhdi, həmçinin radikal müxalifətin xalq tərəfindən qəbul edilmədiyini, insanların "Milli şura" ideoloqlarının iddialarına qeyri-ciddi yanaşdıqlarını açıq göstərdi. Əgər "Milli şura"da təmsil olunanlar özlərinə hörmət hissini azacıq da olsa, qoruyub saxlayırlarsa bir də bu cəhdlərlə gündəmə gəlməyə çalışmazlar. Yox əgər onlar Qərbəki konkret dairələrdən yenə də pul qoparmaq üçün bu addımı atmaq sevdasına düşəcəklərsə, onda aqibətləri dünənkindən fərqlənməyəcək.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31