Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan qlobal miqyasda multikulturalizm ideyalarının təbliğində özünəməxsus rol oynayır

Azərbaycan qlobal miqyasda multikulturalizm ideyalarının təbliğində özünəməxsus rol oynayır

30.08.2016 [09:41]

Prezident İlham Əliyev: Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir
Hazırda tolerantlıq, multikulturalizm bütün dünya üçün aktual məsələyə çevrilib. Belə ki, demokratik dəyərləri ilə öyünən bir sıra ölkələrdə məhz dərisinin rənginə və fərqli inanclarına görə insanların qətlə yetirilmələri, onların təhsil və digər hüquqlarının müxtəlif qadağalarla məhdudlaşdırılması, xaricdən gələn məqsədyönlü ssenarilər əsasında öz ölkələrində rahat həyatları pozulan miqrantların üzünə sığınmaq istədikləri dövlətlərdə keçilməz divarlar hörülməsi, uşaqların, qocaların, qadınların zorla geriyə - müharibənin, od-alovun içinə göndərilməsi bizi bəşəriyyətin gələcəyi barədə daha ciddi düşünməyə sövq edir. Lakin müxtəlif ölkələrdə fərqli etnik-dini mənsubiyyətə malik insanların ciddi təhdidlərlə üzləşdiyi, diskriminasiyaya məruz qaldığı, dözümsüzlük və ksenefobiya hallarının artdığı indiki dövrdə Azərbaycan dövlətinin və xalqının dünyaya təqdim etdiyi nümunə tamam fərqli cəhətlərlə səciyyələnir.
Azərbaycandakı möhkəm tolerantlıq mühiti və müvafiq dövlət siyasəti bütün dünyaya nümunədir
Azərbaycanın coğrafi mövqeyi elədir ki, ölkəmiz Asiya ilə Avropa arasında təbii bir körpü rolunu oynayır. Məhz bu coğrafi yerləşmə respublikamızın mədəni müxtəlifliyinin formalaşmasına öz müsbət təsirini göstərib. Bu qədim diyar əsrlər boyu ayrı-ayrı dinlərin, fərqli sivilizasiyaların, müxtəlif mənşəli etnik qrupların təmsilçilərinin rahat və inamlı şəkildə yaşadıqları məkan kimi fərqlənib. Prezident İlham Əliyev 2016-cı ilin aprelində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında söylədiyi nitqində ölkəmizin mənzərəsinə diqqət çəkərək bildirib: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb”.
Azərbaycan özünün tarixdən gələn tolerantlıq ənənələrini ölkəmiz müstəqilliyə qovuşduqdan sonra da qoruyub saxlayır və daha da möhkəmləndirməyə çalışır. Ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin fevralında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edilib. Dövlət başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqində ölkəmizdə multikulturalizmin dövlət siyasəti olduğuna diqqət çəkməklə yanaşı, eyni zamanda, respublikamızdakı tolerantlıq mühitini cəmiyyətdən gələn sosial sifariş kimi səciyyələndirib. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, multikulturalizmin alternativi yoxdur: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir. Halbuki, biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu həm yanlış, həm də təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur. Nədir alternativ - ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik”.
Qeyd edək ki, hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır.
Lakin belə rəngarəngliyə baxmayaraq, müxtəlif dinlərə aid inanclı insanlar arasında heç bir fərq qoyulmur. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir “İşiva” kollec, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Bu yaxınlarda respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda qədim avtoxton etnos olan udilərə məxsus abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvləri üçün də öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dünyada müxtəlif dini icmaların fəaliyyətinin təmin olunmasına dövlət tərəfindən maliyyə dəstəyi göstərilən azsaylı ölkələrdən biridir.
Azərbaycanda müxtəlif mədəniyyətlərə aid tarixi abidələrin olması da diqqəti çəkən məqamdır. Dünyanın ən qədim məscidlərindən biri Şamaxıda 743-cü ildə inşa edilib. Bu, İslam dininə aid olan abidədir. Bununla yanaşı, ən qədim kilsələrdən biri - Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, digər bir tarixi şəhər olan Şəkinin yaxınlığında yerləşir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan forumdakı nitqində xüsusi olaraq vurğulayıb ki, biz tariximizlə, müxtəlif mədəniyyətləri özündə əks etdirən abidələrimizlə fəxr edirik: “... Bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik”.
Azərbaycandakı əlverişli tolerantlıq mühitindən söhbət açarkən onu da qeyd etmək lazımdır ki, ölkəmizdə bütün azadlıqlar təmin edilərkən hüquqi dövlət quruculuğu prinsipi əsas götürülür. Yəni Azərbaycan elə bir dövlətdir ki, burada hər şey qanunlar çərçivəsində tənzimlənir. İnsanların dini və digər inanclarının təmin olunması üçün yaradılan şərait heç bir halda anarxiya və yaxud özbaşınalıq kimi dəyərləndirilməməli və heç kəs də bundan sui-istifadə etməyə cəhd göstərməməlidir.
Eyni zamanda həm Avropa, həm də Asiya təşkilatlarının üzvü olan ölkəmizin sivilizasiyalararası dialoqda önəmi getdikcə artır
Ölkə daxilində belə əlverişli tolerantlıq mühitinin təmin olunması ilə yanaşı, Azərbaycan, eyni zamanda, qlobal miqyasda da mültikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir. Məlumdur ki, son illərdə Azərbaycan multikultural dəyərlərin təbliğ olunduğu müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən bir məkana çevrilib. Ölkəmizdə davamlı olaraq mədəniyyətlərarası dialoq və humanitar forumlar keçirilir. Qeyd etdiyimiz kimi, cari ilin aprel ayında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirildi. Dünyanın 140 ölkəsindən nümayəndələrin qatıldığı forumda hazırda qlobal miqyasda multikulturalizmə, tolerantlıq dəyərlərinə yaranan təhlükələr, bu xüsusda Yer üzünün ayrı-ayrı guşələrində narahatlıqla izlənilən proseslər müzakirə edildi və bu kimi halların, sivilizasiyaların yanaşı mövcudluğuna yaranan təhdidlərin qarşısının alınması üçün konkret təkliflər irəli sürüldü.
Respublikamızın yüksək səviyyədə ev sahibliyi etdiyi idman yarışları, mədəniyyət tədbirləri də cəmiyyətimizin malik olduğu multikultural dəyərləri dünyaya təqdim etməklə bərabər, həm də ölkələr və xalqlar arasında yeni əməkdaşlıq, yaxınlaşma körpüsünə çevrilir.
Yeri gəlmişkən, dünyanın iki yüzdən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olan Azərbaycan fərqli mədəniyyətlərin yaxınlaşmasında, əlaqələrin gücləndirilməsində nadir rol oynayır. Məhz Azərbaycanın təşəbbüsü əsasında Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyət və digər sahələrdə dialoqun əsasını təşkil edən “Bakı Prosesi”nə uğurla start verilib. Prezident İlham Əliyev yuxarıda bəhs olunan forumda “Bakı prosesi”nin mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrilməsindən məmnunluğunu ifadə edərək vurğulayıb: “2008-ci ildə biz “Bakı Prosesi”nin təşəbbüskarı olduq ki, bu da mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrildi. Azərbaycan, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan yalnız bir neçə dövlətdən biridir. Beləliklə, 2008-ci ildə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda təşkil edilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərini dəvət etdik. Bu iki təşkilatı təmsil edən 100-dən artıq nazir ilk dəfə Bakıda bir araya gəldi”.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan ötən əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərindən etibarən Ermənistanın dövlət səviyyəsində dəstəklənən işğalçılıq siyasətinə məruz qalıb. Bu işğalçılıq siyasəti nəticəsində tarixi Azərbaycan ərazilərinin 20 faizi erməni silahlı birləşmələrinin nəzarəti altına keçib. 20 ildən artıqdır ki, ermənilər işğal altındakı ərazilərdə misli görünməmiş vandalizm hərəkətləri törədirlər - təbii sərvətlər talan edilir, tarixi-mədəni abidələr dağıdılır, flora və faunamıza sağalmaz yaralar vurulur. Erməni tərəfi azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı Dağlıq Qarabağdakı və ora bitişik 7 rayondakı ev-eşiklərindən didərgin salınıb. Ermənilərin Xocalı şəhərində törətdikləri soyqırımı nəticəsində 60-ı uşaq olmaqla 600 nəfər dinc sakin bir gecənin icində həyatını itirib. Prezident İlham Əliyev Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi səciyyələndirərək bildirib ki, bu faciə bizim hansı təhlükəyə məruz qaldığımızı nümayiş etdirir: “Xalqımıza qarşı soyqırımı həyata keçirilmişdir. Xocalı soyqırımı artıq 10 dövlət tərəfindən tanınmışdır. Həmin soyqırımı nəticəsində iki yüzü qadın və uşaq olmaqla, yüzlərlə azərbaycanlı - mülki şəxslər qətlə yetirilmişdir. Bu, insanlığa qarşı törədilmiş cinayətdir və bir daha bizim hansı təhlükəyə məruz qaldığımızı nümayiş etdirir”.
Təəssüf doğuran haldır ki, dünya birliyi bir sıra hallarda Azərbaycanın üzləşdiyi problemə ikili standartlar prizmasından yanaşır. Halbuki beynəlxalq hüquq ayrı-ayrı tərəflər üçün deyil, hamı üçün işləməlidir. Ədalət hamı üçün olmalıdır. Ədalət və beynəlxalq hüquq hər bir ölkənin prioritetinə çevrilərsə, yer üzündə gərginlik, toqquşma, müharibələr, qan tökülməsi daha az olar.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 676 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31