Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aqrar sektorun dinamik inkişafı hesabına Azərbaycanın yeni istehsal və ixrac imkanları yaranır

Aqrar sektorun dinamik inkişafı hesabına Azərbaycanın yeni istehsal və ixrac imkanları yaranır

20.08.2016 [11:35]

Prezident İlham Əliyev: Kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir
Yeni iqtisadi şəraitin meydana çıxartdığı mühüm çağırışlardan biri ölkənin regionlarında aqrar sektorun potensialından geniş istifadə edilməsi, respublikaya valyuta daxilolmalarının artmasına imkan yaradan perspektivli sahələrə maksimum diqqət yetirilməsi zərurəti ilə bağlıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb ki, kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir. Dövlət başçısı yaranmış vəziyyətdə ölkəmizdə aqrar sektorun inkişaf etdirilməsinin zəruriliyinə diqqət çəkərək deyib: “Nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik”.
Davamlı dövlət qayğısı ölkəmizdə aqrar sektorun inkişafına güclü impuls verir
Ölkəmizdə kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. “Kənd təsərrüfatı ili”ndə “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz güzəşt tətbiq olunub ki, nəticədə bir il ərzində 4100 nəfər texnika istifadəçisi yerlərdə “ASAN xidmət” prinsipi ilə 50 milyon manatadək güzəşt əldə edib. Fermerlərə satılan gübrənin qiymətinə tətbiq edilən güzəşt 50 faizdən 70 faizə, güzəşt məbləğinin yuxarı həddi isə hər hektara görə 50 manatdan 80 manata qaldırılıb ki, bunun nəticəsində də əvvəlki illərlə müqayisədə ölkəyə gətirilən gübrənin həcmi 85 min tondan 150 min tona çatdırılıb. Yanacaq və motor yağlarına görə verilən subsidiyanın həcmi 25 faiz artırılaraq 50 manata yüksəldilib. Beləliklə, həmin məqsədlə büdcədən verilən subsidiyanın həcmi 22 faiz artıb. Cari mövsümdən etibarən verilən subsidiya və güzəştlərin ikinci əkinə də şamil olunması, yəni il ərzində iki dəfə əkin aparana ikinci dəfə subsidiyanın verilməsi qərara alınıb.
Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir.
Azərbaycanın regionlarında aqrar sektorun inkişafının davamlı hal alması məmnunluq doğurur. Bu sahədə son illərin artım dinamikası “Kənd təsərrüfatı ili”ndə və 2016-cı ilin birinci yarısında da saxlanılıb. Əlamətdar haldır ki, ölkəmizdə əmək qabiliyyətli insanlar getdikcə daha böyük həvəslə aqrar sektora üz tuturlar. Bunun təsdiqi olaraq vurğulayaq ki, son bir ildə kənd təsərrüfatında çalışan əmək qabiliyyətli insanların sayında 40 faizədək artım müşahidə edilib. Prezident İlham Əliyev cari ilin birinci yarısında aqrar sektorda əldə olunan uğurlardan məmnunluğunu ifadə edərək deyib ki, bu sahədə potensial daha böyükdür: “Kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Bu da müsbət haldır, ancaq potensial daha da böyükdür. Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaqdır”.
Perspektivdə isə Azərbaycanda aqrar sahədə məhsul istehsalının daha da artacağı gözlənilir. Dünya Bankının verdiyi proqnozlara görə ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Dünya Bankının məlumatında Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunub. O da əlamətdar haldır ki, respublikamızda aqrar sektorun ayrı-ayrı istiqamətləri üzrə artım dinamikası ümumi inkişaf göstəricilərini daha da üstələyir.
Ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunması istiqamətində zəruri tədbirlər görülür
Yaranmış qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı, ilk növbədə, əhalinin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır. Qeyd etmək yerinə düşər ki, son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir və eyni zamanda, normativ-hüquqi baza möhkəmləndirilir. Respublikamızda Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Respublikamızda əhalinin üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur. Yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə olduqca müsbət təsir göstərəcək. Artıq respublikanın ayrı-ayrı bölgələrində aqroparkların yaradılmasına başlanılıb və bu proses davam etdiriləcək.
Ölkədə taxılçılıq intensiv metodlarla inkişaf etdirilir
Ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsi, hazırkı 64 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı vəzifə qoyub. Bu strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Bundan başqa, qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir. Prezident İlham Əliyev vurğulayıb ki, məhsuldarlığın artırılması hesabına taxılçılığın inkişafı təmin olunmalıdır: “Mən hesab edirəm ki, gələcəkdə biz məhsuldarlığın artırılması hesabına taxılçılığı inkişaf etdirməliyik. Biz iri fermer təsərrüfatlarının timsalında görürük ki, məhsuldarlığı iki dəfə artırmaq olar”.
Qeyd edək ki, respublikamızın regionlarında taxılçılıq sahəsində dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqi, o cümlədən də iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir.
Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir. Ölkə miqyasında 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə isə 2 milyon 900 min ton taxıl istehsal olunub. 2016-cı ilin taxıl yığımı mövsümündə respublika üzrə 927,4 min hektar sahədə biçin böyük uğurla başa çatdırılıb. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir problem müşahidə olunmur. İlkin proqnozlara görə, cari ildə ölkədə tədarük olunan taxılın həcmi 3 milyon ton həcmində olacaq.
Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin vurğuladığı kimi, heyvandarlığın inkişafı da yeni mərhələyə qədəm qoyur, yeni yanaşma tətbiq edilir. Nəticədə, respublikamıza xaricdən mal-qara, ət və süd məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalıb.
Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. 2015-ci ildə respublikada mal əti ilə özünütəminat səviyyəsi 2014-cü illə müqayisədə 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb. Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, bundan sonra respublikada ərzaq məhsulları ilə özünütəminat səviyyəsində daha yüksək artım baş verəcək. Yeri gəlmişkən qeyd edək ki, yerli istehsalın artması cari ilin birinci yarısında heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalması ilə nəticələnib. Belə ki, idxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalıb. Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ilin sonunda ölkə əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir. Mütəxəssislərin qənaətinə görə, respublikanın bölgələrində heyvandarlıqda intensiv metodların tətbiqi sayəsində məhsuldarlığı 5-6 dəfə artırmaqla hədəflənən nəticələrin əldə olunması tam realdır.
Azərbaycanın kənd təsərrüfatında və emal sənayesində buraxılan məhsullara xarici bazarlarda böyük tələbat var
Daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialının artırılması da Prezident İlham Əliyevin aqrar sektorda qarşıya qoyduğu hədəflər sırasındadır. Qeyd edək ki, Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Son illərdə müasir aqrar-sənaye komplekslərinin yaradılması nəticəsində respublikamızın xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq imkanları da artıb. Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq 2015-ci ildə respublikamızdan 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Beləliklə, ölkəmizdən xarici bazarlara meyvə-tərəvəz ixracı əvvəlki illə müqayisədə 7,2 faiz artıb və ixracın həcmi idxalı dəfələrlə üstələyib. İxrac dinamikası 2016-cı ilin birinci yarısında daha yüksək olub. Belə ki, cari ilin 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub.
Azərbaycanın dünyada həm də kənd təsərrüfatı məhsulları ilə təmsil olunmasını şərtləndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmiz böyük istehlak bazarları ilə əhatə olunub. Bu, respublikamızın böyük üstünlüyüdür. Məsələn, qonşu Rusiyada Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük tələbat var və müştərilər ölkəmizin aqrar sektorunda istehsal olunan malları yüksək qiymətləndirirlər. Əlbəttə, ənənəvi bazarlarla kifayətlənmək olmaz. Prezident İlham Əliyev Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsullarının yeni ixrac bazarlarına çıxarılması ilə bağlı vəzifə qoyub.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31