Paytaxtdan kənarda yaradılan yeni sənaye müəssisələri iqtisadiyyatın inkişafına təkan verəcək
04.08.2016 [09:48]
Prezident İlham Əliyev: Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır
Hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Son 12 ildə tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Bir vaxtlar respublikamızın iqtisadi potensialı əsasən paytaxt Bakıda və bir sıra iri şəhərlərdə cəmləşmişdi. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində artıq bu nisbətin dəyişdiyini söyləmək mümkündür. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və çoxlu sayda iş yerləri yaradılıb.
Azərbaycanın yeni iqtisadi şəraitdə müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq regionların tarazlı inkişafı bundan sonra da təmin ediləcək. Regionların güclü iqtisadi potensialı ölkəmizdə qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynaya bilər. Bu potensialdan səmərəli istifadə olunması üçün bir sıra layihələr həyata keçirilməlidir. Yaxın perspektivdə regionlarda nəzərdə tutulan layihələrin icrasına təxminən 2 milyard manat vəsait yönəldilməsi nəzərdə tutulub. Bu vəsaitin bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin ediləcək. Ölkənin regionlarında yeni layihələrin yerinə yetirilməsi istər iqtisadi aktivliyin artması, istərsə də sosial problemlərin həlli baxımından böyük önəm daşıyır.
Bundan sonra Azərbaycanın regionları eyni zamanda sənaye əsasında inkişaf edəcək
Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri məhz ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə sənaye quruculuğunun yeni istiqaməti barədə fikirlərini ifadə edərək deyib: “Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır. Əlbəttə ki, Bakı Cənubi Qafqazın ən böyük sənaye şəhəridir. Gəncə, Sumqayıt və eyni zamanda, Mingəçevir şəhərində çox böyük sənaye potensialı, çox hazırlıqlı kadr potensialı var”.
Qeyd edək ki, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənaye sahəsinin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Eyni zamanda, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Prezident İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb.
Deyilənlərdən də göründüyü kimi, Azərbaycanda sənayenin yeni regional strukturunun formalaşdırılmasına güclü siyasi iradə var. Respublikanın müxtəlif bölgələrində yeni sənaye mərkəzlərinin fəaliyyətə başlaması isə öz növbəsində bütün ölkəboyu iqtisadi aktivliyin artmasına və regionların inkişafına yeni impuls verəcək. Mütəxəssislərin qənaəti də budur ki, regional sənaye quruculuğuna başlanılması ilə Azərbaycanın bölgələri yalnız aqrar əsasda deyil, eyni zamanda, sənaye əsasında inkişaf edəcək.
Bölgələrdə yaradılan sənaye müəssisələri uğurla fəaliyyət göstərir
Son illərdə bölgələrdə yaradılan sənaye müəssisələri uğurla fəaliyyət göstərərək respublikanın iqtisadi potensialının artmasında mühüm rol oynayırlar. “Qazax Sement Zavodu” MMC Azərbaycanın Qərb regionunda fəaliyyət göstərən iri sement istehsalçılarından biridir və hazırkı istehsal gücü ildə 1 milyon ton sement təşkil edir. 2018-ci ilə qədər zavodun istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması, ixrac potensialının artırılması, o cümlədən iri istehsal texnoparkının yaradılması nəzərdə tutulur.
“Qazax Sement Zavodu” MMC hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif növ sement məhsulları istehsal edir. Zavod 2015-ci və 2016-cı illərdə istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə və 25 faizədək bazar payına nail olub. Şirkətin əsas məqsədi Azərbaycanda və bütövlükdə regional miqyasda tikinti sektorunun aparıcı qüvvəsi olmaq və ölkənin milli rifahına öz töhfəsini verməkdir.
Prezident İlham Əliyevin ixracın təşviqi ilə bağlı imzaladığı Sərəncama əsasən, Qazax Sement Zavodu ixrac potensialını artıraraq, 2016-cı il üçün xarici valyuta daxilolmalarının həcmini 50 faizə, növbəti illərdə isə 80 faizə çatdırılmasını proqnozlaşdırır.
Cari ilin əvvəllərindən etibarən zavod istehsal prosesinin təkmilləşdirilməsi və kadrların peşə hazırlığının inkişafı üçün Almaniyanın VDZ və Thyssenkrupp şirkətləri ilə əməkdaşlığa başlayıb. Dünyada sement və beton sənayesində ən qədim və təcrübəli tədqiqat institutu olan VDZ ilə “Mərkəzi idarəetmə operatorlarının təlimi” və “Mühəndis təlimi” olmaqla, ikimərhələli təlim proqramı reallaşdırılıb. Təlim proqramı çərçivəsində yerli kadrların bilik və bacarıqlarının artırılması, zavodun istehsal prosesinin mərkəzi sistemdən idarə edilməsinin təkmilləşdirilməsi, sement istehsalı prosesi və digər sahələrdəki mühəndislərin nəzəri və praktiki biliklərinin inkişafına nail olunub.
Naxçıvan Sənaye Kompleksinin məsaməli beton zavodunda il ərzində 150 min ton məsaməli beton istehsal etmək imkanı var. Zavodda xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə edilir. İnşaat sektorunda ən çox istifadə edilən bu tikinti materialları istənilən ölçüdə asanlıqla kəsilir, yüksək səviyyədə səs və istilik izolyasiyasına malikdir. Bundan əlavə, yüngül və zəlzələyə davamlı olan bu materiallar yanmaya qarşı beynəlxalq standartlara uyğundur.
Ümumi sahəsi 9 hektar olan Naxçıvan Sənaye Kompleksində hazırda gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlar fəaliyyət göstərir. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb.
Aqrar-sənaye müəssisələri həm bölgələrdə kənd təsərrüfatının inkişafına, həm də sənaye istehsalının artmasına müsbət təsir göstərir
Azərbaycanda aqrar sektorun geniş potensiala malik olması regional sənaye quruculuğunda da öz əksini tapıb. Belə ki, son illərdə respublikanın müxtəlif bölgələrində çoxlu sayda aqrar-sənaye müəssisələri yaradılıb. Həmin müəssisələrdə xammal kimi məhz aqrar sektorda buraxılan məhsullardan istifadə edilir. Beləliklə, regionlarda yaradılan aqrar-sənaye müəssisələri həm bölgələrdə kənd təsərrüfatının inkişafına, həm də bütövlükdə ölkə üzrə sənaye istehsalının artmasına müsbət təsir göstərir.
Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına yaradılan belə müəssisələrdən biri Abşeron rayonunda fəaliyyətə başlayan və qısa müddətdə geniş istehlakçı rəğbəti qazanan “Milla” süd məhsulları və dondurma istehsalı zavodudur. Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksləri, Qəbələdə üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Sabirabad rayonunda istixana kompleksi, Yardımlı rayonunda meyvə tədarükü və emalı ilə məşğul olan limonad, su, kompot və mürəbbə sexi tikilib. Azərbaycanın regionlarında güzəştli kreditlərdən istifadə edilməklə yaradılan müəssisələrdən biri də ötən il Bərdədə fəaliyyətə başlayan Qarabağ Aqrar Sənaye Parkıdır. Aqrar-sənaye parkının tərkibində 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavod daxildir. Aqrar-sənaye parkının ümumi dəyəri 32 milyon manatdır. Bu müəssisələrin maliyyələşdirilməsinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20,4 milyon manat güzəştli kredit verilib.
Əlamətdar haldır ki, Prezident İlham Əliyev yeni yaradılan aqrar-sənaye komplekslərinin bir çoxunun açılışında şəxsən iştirak edib və sahibkarlara dəyərli tövsiyələr verib. Ağdaşda dövlət başçısının iştirakı ilə Gilan yem emalı zavodu istifadəyə verilib. Təxminən 8 hektar ərazidə yaradılan zavoda iki fabrik daxildir. Birinci fabrikin istehsal gücü saatda 15 ton preslənmiş yem və 20 ton açıq yemdir. İkinci fabrik isə saatda 45 ton preslənmiş yem istehsal etmək imkanına malikdir. Birnövbəli iş rejimində zavodda, ümumilikdə, 210 min ton yem istehsal etmək mümkündür.
Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən aqrar-sənaye komplekslərindən biri də “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksidir. Ümumi dəyəri 25 milyon manat olan müəssisə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsinin bəhrəsidir. Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 26 hektardır. Müəssisəyə südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir.
Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda istifadəyə verilən “Sağlam qida” aqrar-sənaye kompleksi isə 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarətdir. Kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir.
Yeni sənaye məhəllələrinin yaradılması üzrə birinci pilot layihə Neftçalada yerinə yetirilir
Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam mühüm əhəmiyyət daşıyır. Ötən ilin ikinci yarısında Neftçala Sənaye Məhəlləsinin inşasına start verilib.
Sənaye Məhəlləsinin yaradılması üçün 10 hektar torpaq sahəsi ayrılıb. Yeni Sənaye Məhəlləsi rayon mərkəzindən təxminən 5 kilometr aralıda, Salyan-Neftçala magistral yolunun kənarında inşa edilir. Burada qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri tikilir. Əsas diqqət isə region üçün prioritet olan sənaye məhsullarının istehsalına yönəldiləcək. Ərazidə eyni vaxtda yardımçı binalarla birlikdə 17 tikilinin inşası aparılır. Sənaye Məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla sonradan tikiləcək. Artıq Neftçalada yaradılan sənaye məhəlləsinin birinci mərhələsi çərçivəsində bir sıra işlər uğurla tamamlanıb. Qısa müddətdə inzibati binada, ümumi sahəsi 7779 kvadratmetr olan 4 istehsal blokunda və bütün zəruri infrastrukturun tikintisində işlərin əksəriyyəti başa çatıb. Məhəllənin dayanıqlı enerji ilə təmin olunması üçün transformator quraşdırılıb. Müxtəlif məqsədlər üçün hər birinin tutumu 200-300 kubmetr olan 6 su anbarı və 2 su quyusu tikilib.
Hazırda “Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarların qeyri-neft sənayesi üzrə layihə təkliflərinin qəbulunu davam etdirir. Eyni zamanda, Neftçala Sənaye Məhəlləsinin iştirakçılarına və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara bank, sığorta, hüquq və s. xidmətlərin göstərilməsində maraqlı olan hüquqi və fiziki şəxslərin də layihə təklifləri qəbul olunur. Prezident İlham Əliyev Neftçala sənaye məhəlləsində işlərin gedişindən məmnunluğunu ifadə edib. Dövlət başçısı bildirib ki, Neftçala Sənaye Məhəlləsində nəzərdə tutulan işlərin yerinə yetirilməsinə təxminən 40 milyon manat investisiya yönəldiləcək: “Artıq müəyyən müddət ərzində hər bir rayonda sənaye zonalarının yaradılması istiqamətində iş aparılır. Birinci pilot layihə Neftçala rayonunda icra edilir. Neftçalada artıq səkkiz layihə hazırdır və bu layihələrin icrasına 40 milyon manat investisiya qoyulacaq”.
Respublikanın digər bölgələrində də yeni sənaye mərkəzləri yaradılacaq
Cari il iyunun 17-də Ağstafada “Karvan-L” şirkətinin istehsal və emal müəssisələrini birləşdirən sənaye parkının təməli qoyulub. Ümumi dəyəri 12,5 milyon manat olan “Karvan-L Eko” sənaye parkında müasir texnologiyalara əsaslanan üzvi kimya maddələrinin istehsalı, meyvə və tərəvəzin emalı, dam örtükləri və şüşə emalı, plastik tullantıların təkrar emalı müəssisələri, müasir texnoloji idarəetmə prinsiplərinə əsaslanan 5-ci nəsil istixana kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması və qablaşdırılması, soyuducu anbar kompleksi, həmçinin 200 hektar ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması nəzərdə tutulur. Layihənin icra edilməsi nəticəsində 300 nəfər işlə təmin olunacaq, mövsümi işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir. Bakı-Qazax avtomobil yolunun kənarında inşası nəzərdə tutulan sənaye parkının ərazisində abadlıq və yaşıllıq işləri aparılacaq, gələcəkdə yeni hotel infrastrukturu yaradılacaq.
Növbəti Sənaye Məhəlləsi isə Masallıda yaradılacaq. Prezident İlham Əliyev cari il iyunun 13-də “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Masallı rayonunda Masallı Sənaye Məhəlləsinin yaradılması qərara alınıb. Prezident İlham Əliyev Masallı rayonunda sənaye məhəlləsinin yaradılmasını müsbət inkişaf göstəricisi kimi səciyyələndirib: “Masallı sənaye zonasında fəaliyyət göstərmək üçün sahibkarlar tərəfindən 33 layihə təqdim olunub. Bu layihələrin investisiya həcmi 31 milyon manatdır. Bu, çox müsbət inkişafdır. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz qərarlar icra edilir. Əminəm ki, digər şəhər və rayonlarımızda da buna oxşar proseslər sürətlənəcək. Çünki hər bir rayonda sənaye potensialının inkişafı üçün gözəl imkanlar var”.
Ümumiyyətlə, respublikamızda regional sənaye quruculuğu kifayət qədər geniş perspektivlərə malikdir. Yaxın gələcəkdə ölkənin sənaye mərkəzləri sırasına yeniləri də əlavə olunacaq. Bu sırada Mingəçevir şəhərinin xammal və kadr potensialından istifadə etməklə burada yeni sənaye layihələrinin reallaşdırılmasını xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev qeyd edib ki, Mingəçevirdə bir neçə böyük sənaye müəssisəsinin tikintisi nəzərdə tutulur. Burada da yüngül sənaye inkişaf edəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

