Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kris Smitin təqdim etdiyi layihə erməni lobbisinin sifarişidir

Kris Smitin təqdim etdiyi layihə erməni lobbisinin sifarişidir

19.12.2015 [09:17]

Milli Məclisin dünənki iclasında millət vəkilləri ölkəmizə qarşı yönələn bu layihəyə etiraz bildiriblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyində 40 məsələ müzakirəyə təqdim edilib. Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki qanun layihələrinə keçməzdən əvvəl cari məsələlər üçün vaxt ayırıb. ABŞ Konqresinə təqdim olunan və Azərbaycana qarşı yönələn “Azərbaycan Demokratiya aktı” layihəsi əsas müzakirə obyekti olub. Məsələyə münasibət bildirən Oqtay Əsədov ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin ermənipərəst olduğunu bildirib: “ABŞ Konqresində Azərbaycanın kifayət qədər dostları var. Kris Smit adi bir konqresmendir və inanırıq ki, onun Azərbaycana qarşı təqdim etdiyi layihə Konqresdən keçməyəcək”.
O.Əsədov bəzi kütləvi informasiya vasitələrində bu məsələnin şişirdilməsinin düzgün olmadığını deyib. Spiker O.Əsədov K.Smitin erməni lobbisinin təsiri altında olduğunu diqqətə çatdırıb. O deyib ki, erməni diasporunun radikal rəhbərlərindən biri Aram Hamparyan Twitter səhifəsində K.Smitlə Konqresdə çəkdirdiyi şəkli yerləşdirib və yazıb ki, onun işini dəstəkləmək üçün bu görüşü keçirir. “Bu, əslində K.Smitin kim olduğunu açıq-aydın göstərir. Helsinki Komissiyasının sədri, ermənipərəst Kris Smitin ABŞ Konqresinə erməni lobbisinin maraqları üçün göndərdiyi sərsəm sənədi jurnalistlərin şok hadisə kimi təqdim etməsi təəssüf doğurur. Bu, Konqresə aid olmayan bir qrupun yazdığı məsələdir. Burada şok hadisə yoxdur. Əminəm ki, ermənipərəst Kris Smitin təqdim etdiyi layihə Konqresdən keçməyəcək. Bunun indiki vaxta salınması da təsadüfi deyil. Məlumdur ki, Azərbaycanda hər il bu vaxtlar dövlət başçısı tərəfindən əfv sərəncamı verilir. Onlar göstərməyə çalışırlar ki, guya bunların təkidi ilə kimlərsə azadlığa buraxılır. Hesab edirəm ki, buna çox böyük diqqət verməməliyik. Bu Amerikanın mövqeyidir, yoxsa ermənilərə işləyən deputatın fikridir? Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalistlərə açıqlama verməlidir”, - deyə O.Əsədov vurğulayıb.
“Helsinki Komissiyası ABŞ-ın ATƏT-lə əməkdaşlıq etməsi üçün yaranmış qurumdur. Helsinki Komissiyası ABŞ Konqresi ilə əlaqəsi olan, ancaq Konqresə aid olmayan bir qurumdur. Kris Smit Ermənistanın mövqeyini Konqresdə əks etdirmək, Azərbaycan-Amerika maraqlarına xələl gətirmək üçün reallıqdan kənar sənəd hazırlayaraq Konqresə təqdim edib”. Bu fikirləri isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. S.Seyidov bildirib ki, bu, ermənipərəst, anti-Azərbaycan qüvvələrin növbəti hiyləgər cəhdidir. Onun sözlərinə görə, ABŞ Konqresinə ildə 4 min bunun kimi sənəd daxil olur: “Onların içərisindən ABŞ-ın maraqlarına xidmət edən 120-130 sənəd qəbul edilir. Bu sənədin qəbul olunması ehtimalı sıfırdır”.
“Azərbaycanda insan haqlarının təminatı məsələsində müntəzəm olaraq yüksək səviyyəli işlər aparılır, ölkəmizin dünyada nüfuzu artır və bu, bütün dünyanın gözü qarşısındadır. Hər ilin sonunda Prezident tərəfindən ənənəvi olaraq əfv fərmanı imzalanır. Erməni diasporu bunların qarşısını almaq üçün təkcə ABŞ-da deyil, başqa ölkələrdə də işlərə başlayıb. ABŞ Konqresinə təqdim olunmuş sərsəm sənəd Azərbaycana qarşı qərəzli olaraq kontekstdən çıxarılmış ermənipərəst qüvvələrin fəaliyyəti ilə bağlıdır. K.Smit belə bir qanun layihəsi ilə çıxış etməklə ölkəmizi təxribata çəkmək istəyir. Dekabrın 16-da K.Smit çıxışında deyib ki, bu gün Avropa Şurasının baş katibi Yaqland Azərbaycana araşdırıcı komissiya göndərmək barədə qərar qəbul edib və biz onunla əlbir işləməliyik. Bu göstərir ki, onun təqdim etdiyi qanun layihəsi də əvvəlcədən planlaşdırılıb. Layihə Azərbaycana qarşı birgə təxribat əməlidir. Lakin onu da bilmək lazımdır ki, bu, yalnız bir qrup şəxsin mövqeyidir”, - deyə S.Seyidov vurğulayıb.
S.Seyidov qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının yanvarda keçiriləcək qış sessiyasında Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərlə bağlı bir neçə sənəd müzakirə olunacaq. Bütün bunlar Azərbaycan nümayəndə heyətinin gördüyü işlər nəticəsində mümkün olub. Azərbaycan bu gün regionda sülh siyasətini əsas götürən önəmli dövlətlərdən biridir.
Deputatlardan Sahib Alıyev, Fəzail Ağamalı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc və Elmira Axundova da məsələyə münasibət bildiriblər. Qeyd olunub ki, sözügedən layihə ABŞ-ın mövqeyi ola bilməz. Bu, bir qrup ermənipərəstin ortaya atdığı növbəti təxribat planıdır.
Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. Əvvəlcə “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin təsdiq edilməsi” barədə qanun layihəsi haqqında məlumat verilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycanla Çex Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün əhəmiyyət kəsb edir. Bu layihədə Çex Respublikası ilə bir çox sahələr üzrə strateji tərəfdaşlıq edilməsi nəzərdə tutulur. Bu sənəd həmçinin Azərbaycanın Avropada nüfuzunun artmasına xidmət edəcək. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
“Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” və “Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib. Onun sözlərinə görə, Vyetnam ilə aviasiya əlaqələrinin genişləndirilməsi, bu istiqamətdə təhlükəsizlik, sənədləşmə və sair məsələlər layihədə öz əksni tapır. Həmçinin gömrük məsələləri ilə bağlı əməkdaşlıq da mahiyyət etibarı ilə eynilik təşkil edir.
Millət vəkillərindən Aydın Mirzəzadə və İlham Əliyev Vyetnamda Azərbaycana qarşı böyük maraq olduğunu diqqətə çatdırıblar. Çıxışlarda bildirilib ki, Vyetnam dövləti iqtisadi, siyasi, eləcə də enerji sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir. Bu baxımdan təqdim olunan hər iki layihə müsbət dəyərləndirilməlidir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Ziyad Səmədzadə “Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Vurğulayıb ki, bu Saziş San Marino Respublikası ilə iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edəcək.
Gündəlikdə olan “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim edərək bu sənədi zamanın ciddi tələbi kimi qiymətləndirib. Komitə sədri deyib ki, Azərbaycanın iqtisadi inkişafı ölkənin turizm sahəsini genişləndirməyi tələb edir. Bu baxımdan, Argentina ilə əməkdaşlıq xeyli dərəcədə əhəmiyyətlidir. Çünki bu ölkənin turizm sektorunda böyük təcrübəsi var. Qanun layihəsi qəbul edilib.
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. O bildirib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında Prezident İlham Əliyev tərəfindən parlamentə göndərilib: “Məqsəd hərbçilərin dəfn mərasimlərinin təşkili və keçirilməsinin prosedur qaydalarının təkmilləşdirilməsidir. 1994-cü ildə qəbul edilən nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilib. Burada bildirilir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlərin, “Şöhrət” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir. Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın Dövlət bayrağı ilə örtüləcək. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qarovul düzülə bilər. Habelə şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılacaq və onlar haqqında məlumat veriləcək”.
Bundan başqa, nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilib. Əlavədə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb.
Qanun layihəsi barədə çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Azərbaycanda dünyasını dəyişmiş hərbçilərin ehtiramla dəfn olunması prosesinə ciddi şəkildə əməl olunur. Bu prosesin qanunvericiliklə təsbit olunması hərbçilərimizə bir daha böyük ehtiramın göstərilməsinindən irəli gəlir. O qeyd edib ki, rütbəsi və ya xidmət müddətinə görə hərbçilərin dəfn prosesinin fərqlənməsi düzgün deyil: “Göstərilir ki, əsgərin dəfn prosesində manqa, zabitdə isə taqım olmalıdır. Olmaz ki, onları bir-birindən ayırmayaq və ümumi bir qərar qəbul edək? Bütün hərbçilərin dəfn prosesini eyni hazırlanmış qrup həyata keçirsin. Qanun layihəsində göstərilir ki, hərbi qulluqçuların xidməti nəzərə alınmalıdır. Xidmətin müxtəlif formaları var. Ola bilər ki, hərbi qulluqçu 5 il ön cəbhədə döyüşsün və sonra yeri dəyişdirilərək arxa cəbhədə xidmət edərkən dünyasını dəyişsin. Hesab edirəm fərq qoyulmamalıdır. Düşünürəm ki, bunların hamısı birləşdirilib, ümumilikdə hərbi qulluqçuların eyni dəfn qaydası müəyyənləşdirilməlidir”.
S.Novruzov deyib ki, İctimai birliklər və dini qurumlar komitəsində məzarlıqların idarə olunması ilə bağlı yeni qanun layihəsi hazırlanır: “Yeni qanun layihəsində məzarlıqların idarə olunması, dəfn qaydaları, yerlərin ayrılması və s. müəyyənləşdirilir. Nəzərdə tutmuşuq ki, qaydalar dünyasını dəyişmiş hərbi qulluqçular və Fəxri xiyabanda dəfn olunmalı insanlara aid edilməsin. Ümumi bir bərabərlik müəyyənləşdirmişik. Kimliyindən asılı olmayaraq, hər kəs eyni qaydada dəfn olunmalı, məzarların ölçüsü eyni standarta uyğun olmalıdır”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bu dəyişikliklərin əhəmiyyətli olduğunu bildirib.
İclasda həmçinin “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Bu haqda parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. O bildirib ki, dəyişikliyə görə, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat miqdarda cərimələnir. Bu, təkrar törədildikdə isə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat miqdarında cərimələnəcək. Qanun layihəsinə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edlməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.
Müzakirələrdən sonra millət vəkilləri qanun layihəsini qəbul ediblər.
İclasda həmçinin “Dəniz limanları haqqında” qanunun qəbul edilməsi ilə əlaqədar olaraq bir neçə qanuna əlavə və düzəlişlər olunub.
Gündəlikdə olan digər məsələlərə - “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Xidməti və mülki silah haqqında” qanunda dəyişikliklər edilməsi barədə, “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Yerin təki haqqında” qanunda dəyişikliklər edilməsi barədə və “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də redaktə xarakterli düzəlişlər edilib. Bu layihələr də ayrılıqda səsə qoyularaq qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31