Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın qlobal risklər şəraitində iqtisadi potensialını artırması böyük nailiyyətdir

Azərbaycanın qlobal risklər şəraitində iqtisadi potensialını artırması böyük nailiyyətdir

14.10.2015 [09:44]

Prezident İlham Əliyev: Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq
Son illərdə dünyanın mənzərəsi kifayət qədər ziddiyyətli və arzuolunmaz proseslərlə səciyyələnir. Həm bölgədə, həm Avropada böhran yaşanır. Daha doğrusu, bir neçə il bundan qabaq başlayan qlobal maliyyə-iqtisadi böhranı ayrı-ayrı ölkələrdə ciddi kataklizmlərlə müşayiət olundu və milli iqtisadiyyatların həcmi nəzərəçarpacaq səviyyədə azaldı. Ötən ilin sonlarından etibarən dünya birjalarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi isə karbohidrogen ehtiyatları ilə zəngin olan və ixracının əsasında neft və neft məhsulları dayanan ölkələri ciddi sınaq qarşısında qoyub. Hazırda bu və digər qlobal risklərin davam etdiyi şəraitdə ayrı-ayrı ölkələr sərt büdcə siyasətinə keçərək öz xərclərini azaltmaq üçün hətta sosial proqramlarını belə ixtisara salırlar. Son illərdə Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadi artımı mütəmadi olaraq azalmağa doğru dəyişməsi və qarşıdakı illər üçün heç bir nikbin proqnoz irəli sürməməsi də vəziyyətin hədsiz dərəcədə ciddiliyindən xəbər verir.
Bütün bu deyilənlərə rəğmən, Azərbaycan qlobal risklərə yüksək dayanıqlılıq nümayiş etdirir. Dünyada siyasi, mənəvi, iqtisadi, hərbi böhranın çox ağır formalar aldığı indiki şəraitdə Azərbaycanın malik olduğu dəyərlər, eləcə də respublikamızın sosial-iqtisadi sahədə nadir inkişaf modeli bir sıra ölkələr üçün nümunə ola bilər. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğuladığı kimi: “Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikulturalizmlə bağlı bizim təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər”.
Azərbaycan qlobal risklər şəraitində də böyük uğurlara imza atıb
Əlbəttə, son illərdə dünyada yaşanan çətinliklər, o cümlədən də neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının inkişafına da müəyyən təsirlər göstərib. Bununla belə, Azərbaycan sabitlik və inkişaf adası kimi fərqlənir. Qlobal maliyyə-iqtisadi böhran illərində ölkəmizin sürətli sosial-iqtisadi inkişaf tempi nəinki zəifləməyib, əksinə respublikanın iqtisadiyyatı daha da genişlənib. Respublikamızda makroiqtisadi sabitlik qorunur, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artıb, əvvəlcədən nəzərdə tutulan infrastruktur layihələrində, sosial proqramlarda heç bir ixtisarlara yol verilməyib, əksinə, bu və ya digər istiqamətlər üzrə ölkəmiz yeni təşəbbüslərlə çıxış edir.
Azərbaycanın qlobal risklərə yüksək dayanıqlılığı ölkədə ümumi daxili məhsul istehsalında daha qabarıq şəkildə nəzərə çarpır. Məlumdur ki, ümumi daxili məhsulun artması hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Bu mənada Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar verir. Son 12 ildə dünya ölkələri üzrə ÜDM-in artım dinamikasında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Belə ki, haqqında bəhs olunan dövrdə ölkəmizin iqtisadiyyatı davamlı olaraq genişlənib. Sevindirici haldır ki, bu cəhətdən cari ilin birinci yarısı da istisna təşkil etməyib. Qlobal risklərin davam etdiyi son 9 ayda Azərbaycan iqtisadiyyatında 3,7 faizlik artıma nail olunub ki, bu da kifayət qədər yaxşı göstəricidir. Ayrı-ayrı istiqamətlər üzrə əldə olunan nailiyyətlər isə daha yüksəkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qlobal risklər şəraitində ölkəmizin iqtisadiyyatının inkişaf etməsini böyük nailiyyət kimi qiymətləndirib: “... Bu il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu, özlüyündə böyük göstəricidir. Çünki dünyada və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq”.
Əlbəttə, qlobal risklərin artdığı bir şəraitdə Azərbaycanın davamlı olaraq uğurlara imza atması və yeni-yeni inkişaf hədəfləri müəyyənləşdirməsi heç də, necə deyərlər, sehrli çubuğun sayəsində mümkün olmur. Ölkəmizin uğurlarının əsasında ilk növbədə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və milli mənafeyə söykənən siyasət, hədəflərin düzgün müəyyənləşdirilməsi, respublikada ardıcıl surətdə islahatlar həyata keçirilməsi dayanır. Ölkəmizin uğurlarının səbəbləri barədə söhbət açan Prezident İlham Əliyev Azərbaycanın düzgün yolda olduğunu bir daha vurğulayaraq bildirib ki, ölkəmiz bundan sonra da öz seçiminə sadiq qalacaq: “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik. Sosial-iqtisadi göstəricilərimiz də bir daha təsdiq və sübut edir ki, biz düzgün yoldayıq”.
Məqsədyönlü şaxələndirmə siyasəti respublika iqtisadiyyatının dinamik inkişafını təmin edir
Qlobal risklər, o cümlədən də dünya birjalarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanın iqtisadi inkişaf tempini qoruyub saxlaması, ilk növbədə, ölkəmizdə Prezident İlham Əliyevin səyləri sayəsində zamanında həyata keçirilən məqsədyönlü diversifikasiya siyasəti ilə bağlıdır. Azərbaycan iqtisadiyyatı heç vaxt indiki qədər şaxələndirilmiş olmayıb.
Məlumdur ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Tarixən neft istehsalı və emalı respublikamızın iqtisadiyyatında xüsusi yer tutub və ənənələr indi də qalmaqdadır. Bununla belə, həyata keçirilən islahatlar, ələlxüsus da qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi sayəsində Azərbaycan iqtisadiyyatının çoxqütblülüyü təmin olunub. Ölkəmiz elə bir iqtisadiyyat qurmağı hədəfləyib ki, burada neft amili əsas rol oynamasın. Həyata keçirilən uğurlu diversifikasiya siyasəti, “Əsrin müqaviləsi” və digər müqavilələr çərçivəsində ölkəmizə gələn gəlirlərin iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafına istiqamətləndirilməsi, qeyri-neft sektorunun inkişafına güzəştli maliyyə təminatı göstərilməsi, zəruri infrastruktur qurulması və bu kimi tədbirlər nəticəsində son illərdə ölkə iqtisadiyyatının artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub.
Əlamətdar haldır ki, qeyri-neft sektorunun artım dinamikası cari ilin arxada qalan 9 ayı ərzində də kifayət qədər yüksək olub. Belə ki, 2015-ci ilin əvvəlindən bəri ölkə iqtisadiyyatının qeyri-neft istiqaməti üzrə 6 faizdən çox artıma nail olunub ki, bu da kifayət qədər yüksək göstəricidir. Məqsədyönlü siyasət sayəsində respublikamızda neftdənkənar sahələrin üstün inkişafının təmin edilməsi, eyni zamanda, ümumi daxili məhsulun strukturunda öz əksini tapıb. Hazırda ÜDM-in strukturunda neftdənkənar iqtisadiyyat üzrə istehsalın həcmi neft sektorunda buraxılan məhsulun həcmini əhəmiyyətli dərəcədə üstələyir. Prezident İlham Əliyev ümumi daxili məhsulun təxminən 70 faizinin qeyri-neft sektorunda yaranmasından məmnunluğunu ifadə edərək vurğulayıb: “... Biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir”.
Ölkədə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
Ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyan yeni paradiqmaları sırasında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən yeni sənaye quruculuğu siyasəti xüsusilə fərqlənir. Son illərdə Azərbaycanda yeni sənaye quruculuğu siyasətinin uğurla reallaşdırılması sayəsində ölkənin sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Belə ki, 2003-cü ildən bəri respublikamızda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki və digər müəssisələr fəaliyyətə başlayıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna göstərilən böyük diqqətin ifadəsidir. Respublikamızda “Sənaye ili” çərçivəsində 230-dan çox yeni müəssisə yaradılıb, 123 min yeni iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir.
“Sənaye ili”nin uğurlu tendensiyası 2015-ci ilin arxada qalan 9 ayı ərzində də qorunub saxlanılıb. Ölkədə müvafiq Dövlət Proqramına uyğun olaraq ötən 9 ayda müasir sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, tam başa çatdırılıb. Burada dörd rezident tərəfindən 1 milyard manatdan çox investisiyanın yatırılması planlaşdırılır. Artıq parkın rezidenti “Azərtexnoline” şirkəti tərəfindən cari ildə dəyəri 45 milyon dollar olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalanıb. Balaxanı Sənaye Parkında isə xarici infrastrukturun qurulması əsasən başa çatdırılıb. Haqqında bəhs olunan sənaye parkında 4 rezident tərəfindən 10 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Qaradağ Sənaye Parkının yaradılması istiqamətində işlər davam etdirilir. Bölgədə gəmiqayırma sənayesinin uzunmüddətli inkişafını təmin etmək məqsədi ilə əlavə stimullaşdırıcı tədbirlər barədə təkliflər təqdim olunub. Artıq Bakı Gəmiqayırma Zavodu tərəfindən dəyəri 40 milyon dollar olan ilk sifariş yerinə yetirilib və hazırda dəyəri 404 milyon dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi həyata keçirilir. Bütün bunlarla paralel surətdə, Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sənədləşmə və layihələndirmə işləri başa çatdırılaraq tikinti işlərinə başlanıb. Sahibkarlar yeni regional sənaye məhəlləsində həyata keçirməyi planlaşdırdıqları 18 layihəni Azərbaycan İnvestisiya Şirkətinə təqdim ediblər. İlkin mərhələdə şirkətlər tərəfindən məhəllədə 7 layihə üzrə 15 milyon manatdan çox investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı planlaşdırılır.
Sevindirici haldır ki, yeni sənaye müəssisələri hesabına respublikamızda bir sıra məhsullara olan daxili tələbatın ödənilməsi tam təmin olunub, hətta ölkəmizin böyük ixrac potensialı da yaranıb. Azərbaycan sementə, gipsə, hörgü bloklarına, metal konstruksiyaya, boya və sair məhsullara olan tələbatını artıq daxili istehsal hesabına tam təmin edir. Prezident İlham Əliyev Azərbaycanda sənaye istehsalının genişlənməsindən məmnunluğunu ifadə edib. Sənayeləşmə sahəsində bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini bildirən dövlət başçısı ölkəmizdə sənayenin daha intensiv inkişafını təmin etmək üçün stimullaşdırıcı tədbirlərin görüləcəyini nəzərə çatdırıb: “Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır. Bu da çox müsbət göstəricidir və onu göstərir ki, Azərbaycanda sənayeləşmə siyasəti uğurla icra edilir. Bir neçə il bundan əvvəl qarşıya qoyduğumuz vəzifə icra edilir. Çünki Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır. Ona görə qeyri-neft sənayesinin 10 faizdən çox artması, əlbəttə ki, bizi həm sevindirir, həm də daha da ruhlandırır. Biz bu yolla getməliyik və sənayenin inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görüləcəkdir”.
Azərbaycanın uğurları dünya miqyasında da yüksək qiymətləndirilir
Qlobal risklər şəraitində Azərbaycanın qazandığı uğurlar beynəlxalq reytinq agentliklərinin ölkəmizlə bağlı qiymətləndirmələrində də öz əksini tapıb. Cari ilin birinci yarısında nüfuzlu “Fitch” agentliyi Azərbaycanın reytinqini “BBB” səviyyəsində qiymətləndirib. Hazırda dünyada müşahidə edilən mənfi tendensiyaların fonunda sabit reytinqə malik olmaq kifayət qədər yaxşı göstəricidir. Davos İqtisadi Forumunun bir neçə gün öncə dərc edilmiş Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı 140 ölkə arasında 40-cı yerə layiq görülüb. Beləliklə, respublikamız MDB məkanında 7 ildir lider mövqeyini qorumaqla “G-20”yə üzv olan 8 ölkəni qabaqlayıb. Haqqında bəhs olunan hesabatda ölkəmiz “Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yeri tutub, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişə nail olub.
Bu günlərdə isə Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəldib. BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5 faiz, 2016-cı ildə isə 4,2 faiz təşkil edəcəyini gözləyir. BVF ehtimal edir ki, bu il Azərbaycanın tədiyə balansı profisitli olacaq. Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyə balansının profisiti 3 milyard dollar, 2016-cı ildə 2,7 milyard dollar təşkil edəcək. Fond Azərbaycanda işsizlik nisbətinin 6 faiz həddində qalacağını proqnozlaşdırır.
Əlbəttə, qazanılan nailiyyətlər böyük nikbinlik yaratsa da, arxayınçılıq üçün heç bir əsas vermir. Ölkəmiz inkişaf tendensiyasını gələcəkdə də davam etdirmək əzmindədir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında ölkəmizin mövqelərinin möhkəmlənməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın bundan sonra daha yüksək reytinq qazanmağa çalışacağını bildirib: “... Biz çalışmalıyıq ki, daha da yüksək reytinqlərə nail olaq. Hesab edirəm ki, görüləcək əlavə tədbirlər nəticəsində biz buna da nail olacağıq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31