Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkdilli ölkələr arasındakı münasibətlər keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub

Türkdilli ölkələr arasındakı münasibətlər keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub

30.09.2015 [09:56]

Prezident İlham Əliyev: Türkdilli ölkələrin əməkdaşlığının təməlində bizim ortaq tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir
Tarixi təcrübədən bəllidir ki, qloballaşma şəraitində hər bir xalqın, millətin öz mövcudluğunu qoruyub saxlaması və inkişafı sistematik səciyyə daşıyan bir sıra fundamental amillərlə bağlıdır. Bu amillərin başında ilk növbədə milli identiklik və özünüdərk gəlir. Xüsusilə də qloballaşma dövründə milli özünüdərk, identiklik və inteqrasiya hər bir millətin bütövlüyünü təmin edən və onu qoruyub saxlayan ümumi mexanizm qismində çıxış edir. Başqa sözlə, milli identiklik və milli kimlik xalqın və millətin bütövlüyünü və mövcudluğunu təmin edən həyati ünsürdür. Bəzi araşdırmaçılar isə belə bir yanaşma ilə çıxış edirlər ki, xalq, geniş mənada isə millət insanların tale birliyidirsə, milli özünüdərk və identiklik, eyni zamanda, eyni milli-etnik köklərə malik olan xalqların paritet inteqrasiyası bu birliyin təminatçı faktorudur. Dolayısıyla, nəzəriyyəçilər qloballaşma şəraitində xalqların öz mövcudluğunu qoruyub saxlaması, paritet inteqrasiyası nöqteyi-nəzərindən milli identikliyə, həmrəylik və bütövlük amilinə xüsusi diqqət yetirirlər.
Türkdilli xalqlar Avrasiya subregionunun superetnosudur
Şübhəsiz, tarix boyu beynəlxalq münasibətlərdə aparıcı etnik faktor kimi çıxış etmiş, bəşəriyyət tarixinə mühüm, fundamental töhfələr vermiş, öz tarixi, ədəbiyyatı, mədəniyyəti və digər bəşəri dəyərləri ilə tarix səhnəsində özünəməxsus yer tutmuş türkdilli xalqlar məhz bu gün qloballaşma şəraitində də bir çox xalqların əksinə olaraq öz mövcudluğunu qoruyub saxlamaqda, həmçinin bəşəriyyətin inkişafına, xalqlararası inteqrasiya və əməkdaşlığa xüsusi töhfələr verməkdədirlər.
Məlum olduğu kimi, tarixin bütün dövrlərində ən müxtəlif sosio-mədəni, etno-mədəni və etno-siyasi proseslər və hadisələrin ana məkanı qismində çıxış edən Avrasiya materikində türkdilli xalqlar millətlərarası münasibətlərin formalaşmasında, fundamental regional və qlobal dəyişikliklərə səbəb olan inteqrasiya, assimilyasiya, miqrasiya və immiqrasiya proseslərinin baş verməsində özünəməxsus rol oynayan superetnos olublar.
Türkdilli ölkələr arasında əməkdaşlıq münasibətləri regional və beynəlxalq təhlükəsizliyə strateji töhfə kimi...
Ümumiyyətlə, dünyanın mövcud geosiyasi şərtləri fonunda türkdilli ölkələrin birliyi bu gün daha aktual və vacib xarakter almaqdadır. Xüsusilə, qlobal güc mərkəzlərinin nəzər-diqqətinin məhz bu məkana çevrildiyi bir məqamda türkdilli dövlətlər arasında sarsılmaz birliyin olması həm də xarici təsirlərdən birgə mühafizə olunmaq, beynəlxalq məkana birgə inteqrasiya olmaq, iqtisadi resurslardan düzgün istifadə olunması və enerji mübadiləsinin gücləndirilməsi baxımından da çox mühüm əhəmiyyətə malikdir. Sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitini, bu çərçivədə ifadə olunmuş bəyanatları da hər şeydən əvvəl məhz elə bu konteksdə dəyərləndirmək vacibdir.
Bu kontekstdə qeyd etmək lazımdır ki, hazırda türkdilli ölkələr arasında münasibətlər keyfiyyətcə yeni inkişaf mərhələsindədir. İkitərəfli münasibətlərin intensiv inkişafı ilə yanaşı, Türkdilli Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY və digər təşkilatlar da işbirliyi və inteqrasiyanı təmin etməklə yanaşı, əməkdaşlığın yeni perspektivini müəyyənləşdirməyə, həmçinin mövcud təhdidlərdən qorunmağa imkan verir. Bu təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, xüsusilə humanitar sahələrdə işbirliyinin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bəhs olunan Sammitdə çıxışı zamanı bu məsələlərə toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib: “Bizim humanitar sahə ilə bağlı çox böyük planlarımız var. Humanitar sahə əslində bizi birləşdirən əsas sahədir. Bu baxımdan mən xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. TÜRKSOY nəinki bizim dövlətlərimizi, bütün türk xalqlarını birləşdirir. Əminəm ki, biz gələcəkdə də bu təşkilatın fəaliyyətinə öz dəstəyimizi verəcəyik.
Eyni zamanda, TÜRKSOY ilə yanaşı, yeni qurumlar da yaranır. Onların içərisində Türk Akademiyasını xüsusilə qeyd etmək istəyirəm. Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması, hesab edirəm ki, gələcəkdə müxtəlif konkret layihələrin icrası üçün gözəl imkan yaradacaqdır. Ortaq televiziya kanalının yaradılması da bizim həm niyyətimizi ifadə edir, həm də siyasətimizi göstərir. Bir neçə il ərzində bu məsələ ilə bağlı danışıqlar aparılmışdır. Artıq bu qərar da qəbul olundu. Hesab edirəm ki, həm xalqlarımız, həm dünya üçün bizim mədəniyyətimiz, tariximiz, milli dəyərlərimiz, o cümlədən bugünkü həyatımız böyük maraq doğuracaqdır”.
Onu da xüsusi vurğulamaq gərəkdir ki, türkdilli dövlətlər öz praqmatik xarici siyasət kursları, o cümlədən çoxşaxəli münasibətləri ilə regional və qlobal təhlükəsizliyə töhfə verirlər. Mövcud geosiyasi reallıqlar kontekstində türk dövlətləri arasında birliyin formalaşdırılması həm də qlobal mənada təhlükəsizliyin, regionda sülh və sabitliyin təmin olunmasına töhfələr verə bilər. Bu birliyin möhkəmlənməsi barış dənizi olan Xəzər dənizi ətrafında yaradılmağa çalışılan siyasi təxribatların qarşısının alınmasına və nəticə etibarilə bölgədə siyasi istiqrarın təmin olunmasına şərait yaradacaq. Sirr deyil ki, türkdilli ölkələrin ehtiva olunduğu regionun çox böyük siyasi, iqtisadi imkanları var. Regional əməkdaşlıq bu imkanlardan səmərəli istifadəni daha da inkişaf etdirə və regionun gələcək taleyini, sözün həqiqi mənasında, təminat altına ala biləcək yeni qlobal layihələrin ərsəyə gəlməsinə şərait yarada bilər. Əgər qüvvələr birliyi tam mənada təmin olunarsa, yeni nəqliyyat dəhlizləri, yeni kommunikasiyalar açıla bilər, regionda yerləşən bütün ölkələr qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edə bilərlər.
Belə bir şəraitdə türkdilli ölkələr regional və beynəlxalq təsir imkanlarını genişləndirməklə qlobal siyasətdə öz mövqelərini gücləndirirlər. Buna paralel olaraq ikitərəfli münasibətlərin inkişafında, çoxşaxəli xarakter almasında ortaq dəyərlər, ümummilli mənafelər xüsusi rol oynayır və tarixi faktor kimi birləşdirici faktor qismində çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Əslində, Türkdilli ölkələrin əməkdaşlığının təməlində bizim ortaq tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir. Budur bizi birləşdirən amillər və biz öz fəaliyyətimizi bu təməl üzərində qururuq. Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq beynəlxalq aləmdə də özünə layiq yer tuta bilib. Əminəm ki, gələcəkdə Şuranın fəaliyyəti daha da uğurlu olacaq”.
Azərbaycan Prezidenti onu da əlavə edib ki, “Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər. Əminəm ki, gələcək nəsillər də bu amallarla yaşayacaq və bizim birliyimiz daimi olacaqdır”.
Türkdilli dövlətlər arasında sıx münasibətlərə əsaslanan birlik üçüncü dövlətlərə qarşı olmayacaq
Sadalananlar kontekstində bir məqam da xüsusi əhəmiyyət kəsb edir. Bu məqam isə türkdilli ölkələrin bir araya gəlməsindən, onlar arasında inteqrasiyanın güclənməsindən narahat olanlarla bağlıdır. Əslində, belə narahatlıqların, qeyri-rasional yanaşmaların ortaya çıxmasına heç bir əsas yoxdur. Çünki türklər tarixdə ədalət, sülh və əmin-amanlıq carçıları kimi tanınıblar. Eyni zamanda, müasir dünyada türkdilli ölkələrin təmsil olunduqları beynəlxalq təşkilatlarda sülh çağırışları da daha çox məhz bu ölkələrin təmsilçiləri tərəfindən səsləndirilib. Xüsusi vurğulandığı kimi, türkdilli dövlətlər arasında sıx münasibətlərə əsaslanan birlik üçüncü dövlətlərə qarşı olmayacaq.
Dolayısıyla, bu birliyin inkişafı təkcə türkdilli ölkələrin inteqrasiyası baxımından deyil, həm də regionda mövcud olan digər ölkələrin də iqtisadi və təhlükəsizlik maraqları kontekstində olduqca cəlbedicidir. Hesab etmək olar ki, regionda işğalçı mövqelərindən əl çəkərək siyasi-iqtisadi inkişafı və sabitliyi arzu edən hər bir dövlət bu birlikdə öz maraqlarını təmin edə biləcək əsaslar tapa bilər.
İqtisadi münasibətlərin intensiv inkişafı regional əməkdaşlıq və inteqrasiyaya təkan verir
Bunlara paralel olaraq, qloballaşma şəraitində türkdilli xalqlar və dövlətlərin sıx iqtisadi-ticari əlaqələrinin formalaşdırılması və mövcud potensialdan səmərəli istifadə olunması strateji zərurət kimi çıxış edir. Qeyd etmək lazımdır ki, Türkdilli Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi qurumlar vasitəsilə bu sahədə də dərin əməkdaşlıq münasibətləri və inteqrasiya prosesi formalaşdırılmışdır. Bu gün türkdilli dövlətlər, eyni zamanda, dünyanın enerji təminatçısına çevrilməklə mühüm siyasi-iqtisadi üstünlük əldə etmək imkanları qazanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri nəinki bu ölkələrin yerləşdiyi regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və çoxşəbəkəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində strateji əhəmiyyət kəsb edir. Bu layihələr Azərbaycan və Türkiyənin dünya dövlətləri sırasında mövqeyinin möhkəmlənməsinə təkan verməklə bərabər, digər türkdilli dövlətlərin - Qazaxıstan və Türkmənistanın da Avropaya çıxışı üçün əlverişli imkan yaradır.
Xüsusi vurğulamaq gərəkdir ki, “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti isə türkdilli dövlətlərin çoxşaxəli nəqliyyat şəbəkəsinin “şah damarı” sayıla bilər. BTQ Mərkəzi və Şərqi Avropa regionu ilə bərabər, Asiyanın inkişaf etmiş dövlətlərinin yerləşdiyi ərazini də əhatə edir və gələcəkdə Çin, Hindistan və digər dövlətlərin bu dəmir yolundan tam olaraq istifadə etməsi istisna olunmur. Beləliklə, bu layihə “Şərq-Qərb” marşrutu sistemində ən çox rentabelli nəqliyyat dəhlizinə çevriləcək.
Yeri gəlmişkən, bəhs olunan çıxışı zamanı Prezident İlham Əliyev bildirib: “Biz, eyni zamanda, iqtisadi əməkdaşlığımıza da çox böyük önəm veririk. Azərbaycan qonşu ölkələrə, Türkdilli dövlətlərə investisiyalar yatırır və bizim ölkəyə də investisiyalar qoyulur. Azərbaycan Qazaxıstan, Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilibdir. Həm enerji daşıyıcıları, həm digər yüklər Azərbaycan ərazisindən keçir. Nəqliyyat təhlükəsizliyi Şuraya üzv olan hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan çalışır ki, müasir infrastrukturun yaradılması ilə bu işə töhfəsini versin. Hazırda Bakıda yeni böyük Beynəlxalq Dəniz Ticarəti Limanı inşa edilir. Bu limanın ümumi yükaşırma qabiliyyəti 25 milyon tona bərabər olacaqdır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri, əminəm ki, yaxın aylarda yerinə yetirəcək. Bu dəmir yolu, əslində, Asiyanı Avropa ilə birləşdirən dəmir yoludur. Qeyd etməliyəm ki, keçən ay Çindən Qazaxıstan ərazisindən Azərbaycana birinci sınaq konteyner qatarı da yola salınmışdır və hesab edirəm ki, artıq bu birinci addım çox uğurlu olmuşdur. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatandan sonra on milyonlarla yeni yük bizim ərazimizdən keçəcək və beləliklə, həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək”.
Onu da qeyd edək ki, Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində səsləndirilən bəyanatlar bu əməkdaşlığın enerji təhlükəsizliyi kontekstində də regional və qlobal əməkdaşlığa strateji töhfələr verir. Bu isə Avrasiyada yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına zəmin yaratmaqla yanaşı, qlobal əməkdaşlığa töhfələr verəcək regionun yeni enerji xəritəsinin formalaşdırılmasına yol açır. Bir sözlə, Azərbaycan Prezidentinin bildirdiyi kimi: “Əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar var. Enerji təhlükəsizliyi məsələləri də xüsusi əhəmiyyət daşıyır. Bu gün hər bir ölkənin təhlükəsizliyi, o cümlədən və bəlkə də, ilk növbədə, enerji təhlükəsizliyi ilə bağlıdır. Burada da artıq çoxformatlı əməkdaşlıq yaranıbdır. Azərbaycan, Qazaxıstan, Türkmənistan Xəzər dənizində uğurlu fəaliyyət göstərirlər. Eyni zamanda, bizim əsas ixrac yollarımız Türkiyə ərazisindən keçir və beləliklə, bu amillər bizi bir-birimizlə daha da sıx bağlayır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31