Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti - “miqrant böhranı” ilə üz-üzədir

Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti - “miqrant böhranı” ilə üz-üzədir

09.09.2015 [10:20]

Bu böhranın yaranmasına səbəb Qərb dövlətlərinin, xüsusən ABŞ-ın apardığı neomüstəmləkəçi siyasətdir
Bir sıra Avropa dövlətlərinin, o cümlədən, Qərbin “xristian klubu” olan təşkilatlarının dini, irqi ayrı-seçkiliyə yönəlmiş siyasətinin ağır nəticələri bu gün özünü daha aydın göstərir. Almaniyada, Fransada, Belçikada, İngiltərədə və digər Avropa ölkələrində müsəlman ailələrinə qarşı baş verən zorakılıq faktlarının beynəlxalq xəbər agentliklərinin manşetlərində tez-tez əksini tapması problemin gedərək daha da dərinləşdiyindən xəbər verir. Avropa ölkələrində aparılan sorğular göstərir ki, burada İslam mədəniyyəti və müsəlmanlara qarşı mənfi münasibət hökm sürür. Beynəlxalq insan haqları təşkilatları isə həyəcan təbili çalmaqda davam edir: “Bu cür hallara qarşı mübarizə aparmaq əvəzinə, seçici səsi ovuna çıxan siyasi partiyalar və siyasətçilər çox vaxt bu cür hərəkətlərə züy tuturlar”. Milli-irqi zəmində baş verən qarşıdurmalar, qeyri-xristianlara qarşı zorakılıq faktları isə multikulturalizmin, humanizmin bir dəyər kimi Avropa cəmiyyətlərində sıradan çıxdığını sübuta yetirir. Bu isə həm də ona dəlalət edir ki, vaxtilə ideoloji prinsip kimi qəbul olunan “mədəniyyətlərin toqquşması” tezisi bu gün artıq Avropa dövlətlərinin idarəetmə sisteminin hakim komponenti qismində çıxış edir.
Bu, böyük humanitar fəlakətdir
Hazırda Avropanı təhdid edən irqi ayrı-seçkilik, milli zəmində baş verən toqquşmalara dərin maliyyə kataklizmlərini, Avropa İttifaqına üzv dövlətlərin bir çox məsələlərdə ciddi fikir ayrılıqlarını, geosiyasi çəkişmələri də əlavə etsək, onda “köhnə qitə”nin hansı böyük çətinliklərlə üzləşdiyinin daha aydın şahidi olarıq. Bütün bunlar azmış kimi, bu gün Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti - miqrant böhranı ilə üz-üzədir. Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və məcburi köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tutub.
Sentyabrın 8-də Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışı zamanı dövlətimizin başçısı da bu problemə diqqət çəkərək vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu, Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir: “Yüz minlərlə qaçqın, - hansı ki yenə də xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş insanlar, - Avropaya üz tutub. Sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hazırda onların böyük köçü müşahidə olunur. Yenə də demək istəyirəm ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir biz bu mənzərə ilə üzləşirik. Əlbəttə, bu, böyük humanitar fəlakətdir. İlk növbədə, bu, ağır vəziyyətə düşən insanlar üçün humanitar fəlakətdir. Onlar bu humanitar fəlakətlə artıq bir neçə ildir ki, üz-üzədir”.
Bu fəsadların yaranmasında Avropa dövlətləri və təşkilatları, o cümlədən, ABŞ birbaşa iştirak edib
Bir sıra avropalı siyasətçilər miqrant axınını “qoca qitə”də yüksək həyat şərtləri, miqrantların öz ölkəsində isə mövcud olan iqtisadi və siyasi çətinliklərlə əlaqələndirməyə çalışsalar da, problemin gedərək daha geniş miqyas almasının səbəbləri başqadır və əlbəttə ki, bu gün əksəriyyət bu humanitar böhranın yaranmasının dəqiq səbəblərini çox gözəl anlayır. Miqrasiyaya səbəb olan elə Qərb dövlətlərinin, xüsusən ABŞ-ın apardığı neomüstəmləkəçi siyasətidir. Belə ki, postsovet məkanı, Şimali Afrika və Yaxın Şərq ölkələrində uzun müddət mövcud olmuş sabit siyasi sistemlər “ərəb baharı”, “maydan hərəkatı”, “zanbaq inqilabı” kimi adlarla kamuflyaj olunmuş zorakı üsullarla devrilib, yerli iqtisadiyyat dağıdılıb, dövlətlərin ərazi bütövlüyü pozulub, milli sərvətləri isə transmilli korporasiyalar tərəfindən talan edilməkdədir. Yaxın və Orta Şərqi xaosa sürükləyən “Ərəb baharı”, vətəndaş müharibələrinin yaratdığı dözülməz və təhlükəli mühit, o cümlədən, Suriyada davam edən döyüşlər, “İŞİD” beynəlxalq terror qruplaşmasının vəhşilikləri insanları son ümid olaraq Avropaya üz tutmağa məcbur edib. Bu fəsadların yaranmasında isə elə bir sıra Avropa dövlətləri və təşkilatları, o cümlədən, ABŞ dolayısı, ya da birbaşa iştirak edib. Yəni bu gün miqrasiyadan şikayətlənən, miqrantlara qarşı hər cür qeyri-insani davranışlar sərgiləyən Qərbin özü miqrasiyanın yaranmasının əsl səbəbidir. Qərb mərkəzli ssenarilərin, dünyanı idarəetmə hərisliyinin yaratdığı bu xaos bumeranq effekti ilə Avropanın özünə miqrant axını kimi geri dönür. Belə olduğu halda, “demokratik” Qərbdə miqrantlara qarşı bu münasibət paradoks kimi qəbul edilir.
Qərb mediasının simasızlığı və ya Avropanın öz əməllərinə uğursuz bəraət cəhdi
Çox təəssüf ki, Avropa özünün səbəb olduğu bu miqrasiyanın qurbanlarını nəinki “xoş qonaq” kimi qarşılamır, hətta onları ən sərt diskriminasiyaya məruz qoyur. Bir sıra Avropa dövlətlərinin xüsusən Yaxın Şərqdən gələn miqrantlara qarşı tətbiq etdiyi “qayda-qanun”lar Avropanın öz günahlarının nəticələri ilə barışmaq istəmədiyini göstərir. Miqrantlara isə ac-susuz, günlərlə davam edən min bir əzabla qət etdiyi məsafənin yorğunluğunu yaşamaqla yanaşı, Avropa sərhədlərinin qapılarına və polis koridorlarına çırpılan gözəl günlər xəyalının xəyal qırıqlığının ağırlığı altında əzilmək qalır.
Belə ki, məlumatlara görə, bir sıra Avropa ölkələri, o cümlədən, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Sloveniya, İtaliya və digərləri Şimali Afrika və Yaxın Şərq ölkələrindən gələn miqrant axınının qarşısını xüsusi üsullarla almaq haqqında qərar qəbul edib. Son olaraq isə Almaniya Xarici İşlər Nazirliyi miqrantlara qarşı tətbiq olunan sərt qaydaların bundan sonra da ardıcıl həyata keçiriləcəyinin mesajlarını verib.
Beləliklə, müharibənin alovundan qaçan miqrantlar Avropa qapılarında həm də avropalılar tərəfindən ölümün caynağına tərk edilirlər. Bu isə humanizm dəyərlərindən, insan haqlarından danışan Avropanın özündə bu dəyərlərin heç bir qiyməti olmadığını, insanların yaşamaq haqqının belə əlindən alındığını ortaya qoyur. Təəssüf doğuran digər bir məqam isə ondan ibarətdir ki, Qərb mediası bu humanitar fəlakətə obyektiv qiymət verib, onun səbəblərini təhlil edib, problemin aradan qaldırılmasına töhfə verməkdənsə, əksinə, baş verənləri qərəzli şəkildə şərh edir, baş verənlərdə miqrantları günahkar elan edir, insanların heysiyyətinin alçaldılması ilə müşahidə olunan vəhşilikləri başqa qiyafədə auditoriyaya təqdim etməyə çalışır. Prezident İlham Əliyev də sözügedən müşavirədə bir daha bu məqama toxunaraq Qərb mediasının bu davranışını pisləyib: “Əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır. Ancaq bu insanların bir hissəsi Avropa qitəsinə üz tutandan sonra indi bütün Qərb mediası gecə-gündüz həmin görüntüləri yayır və bu vəziyyətə görə onları günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət, ilk növbədə, onların fəlakətidir”.
Azərbaycanın müstəqil siyasəti, ölkəmizin iqtisadi uğurları, dünyada getdikcə artan nüfuzu bəzi dairələri qıcıqlandırır
Təbii ki, bu yaşananları müşahidə etdikcə, xristian təəssübkeşliyi, müsəlmanlara qarşı təhqiredici münasibəti gördükcə Azərbaycan ictimaiyyətində də haqlı suallar meydana gəlir. Biz Avropa struktularından ədalət gözləyəkmi?
Məlum olduğu kimi, Azərbaycan müstəqilliyinin elə ilk vaxtından arzulamadığı münaqişəyə cəlb olunub. Ermənistan dövlətinin işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. 1994-cü ildə start verilən danışıqlar isə ötən 21 ildə heç bir nəticə verməyib. Bunun başlıca səbəblərindən biri də bəzi Qərb dairələrinin münaqişənin həllinə ədalətsiz münasibətidir. Oxşar məsələlərdə dərhal və ən sərt tədbirlər görən Avropa dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllində nəinki hansısa effektiv tədbirlər görməyə tələsmir, əksinə, “nə hərb, nə sülh” şəraitinin davam etməsini təşviq edir. Məsələn, Ukraynada Krımın ilhaqı ilə nəticələnən proseslərin sonunda Avropa dövlətləri, o cümlədən, Avropa İttifaqı Rusiyaya qarşı ən sərt sanksiyaları gündəmə gətirdi, Moskvanın beynəlxalq təcridinə başladı. Amma işğalçı Ermənistan dövləti ötən 21 ildə Qərbin maddi və mənəvi dəstəyi ilə ayaqda qalıb, Dağlıq Qarabağda yaradılmış separatçı qurumun rəhbəri Avropa dövlətlərinə səfərə dəvət olunur. Bəzən işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana münasibətdə bərabərliyin də şahidi oluruq. Bunun səbəblərindən biri Avropadakı erməni diasporunun və onun maliyyə dəstəyi ilə fəaliyyət göstərən siyasətçilərin aktivliyidirsə, digər və daha əhəmiyyətli səbəb məhz dini - xristian təəssübkeşliyidir. Ona görə də bu gün cəmiyyətimizin Avropanın ədalətini mühakimə etməkdə nə dərəcədə haqlı olduğunu görürük.
Digər tərəfdən, sirr deyil ki, ABŞ-ın bəlli dairələri, xüsusilə bu humanitar fəlakətdən nəticə çıxarmayan Avropadakı bəzi qüvvələr müəyyən beynəlxalq QHT-lər və “5-ci kolon” vasitəsilə Azərbaycan kimi sabit və inkişaf edən ölkələri də xaosun girdabına sürükləmək üçün cəhdlərini davam etdirirlər. Əlbəttə ki, cəmiyyətimiz bu uğursuz cəhdlərin səbəblərini yaxşı dərk edir. Bütün dünya dərin böhran içərisində çabalayır, iqtisadi kataklizmlər bu dövlətlərdə dərin fəsadlar yaradıb, sosial proqramlar ixtisara salınıb, amma Azərbaycan öz iqtisadi inkişafını uğurla davam etdirir. Dünyada neftin qiyməti aşağı düşür, ölkəmizdə həyata keçirilmiş uğurlu şaxələndirmə, qeyri-neft sektorunun inkişafına yönəlmiş ardıcıl tədbirlər Azərbaycanın dünya birjalarında neftin qiymətinin çöküşündən ən az itki ilə çıxmasını şərtləndirir. Azərbaycan müstəqil siyasət həyata keçirir, heç bir dövlətin maraqlarına tabe olmur. Yəni Azərbaycanın müstəqil siyasəti, sabitlik, iqtisadi uğurlar, dünyada getdikcə artan nüfuzu bu dairələri qıcıqlandırır. Hazırda Azərbaycana qarşı təşkil olunan kampaniyanın əsas səbəbi də məhz bu amildir.
Təəssüf ki, bu kampaniya indi həmişə müşahidə edildiyi kimi, ABŞ, Almaniya və Böyük Britaniyanın bəlli KİV-ləri ilə məhdudlaşmır. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliyanın mediası, Azərbaycan investisiyalarında maraqlı olan bəzi Balkan ölkələrinin KİV-ləri də bu və ya digər şəkildə çirkin anti-Azərbaycan kampaniyasına cəlb edilirlər. Bu həm də Azərbaycanla Avropa İttifaqı ölkələri arasında inkişaf edən siyasi-iqtisadi əlaqələri korlamaq üçün növbəti cəhddir.
Amma, Prezident İlham Əliyevin də qətiyyətlə vurğuladığı kimi, bəzi məkrli dairələrin anti-Azərbaycan kampaniyası öz hədəflərinə çatmayacaq. Azərbaycan bundan sonra da ənənəvi müttəfiqləri və tərəfdaşları ilə əlaqələrini daha da inkişaf etdirəcək və yeni tərəfdaşlar qazanmaqda davam edəcək: “...Bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Anti-Azərbaycan qüvvələr, islamofob qüvvələr, bizim müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, işimizə kölgə salsınlar. Bu gün də bizə qarşı çirkin kampaniya davam edir - Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı, indi. Nəyə görə? Çünki biz ölkəmizi qoruyuruq. İmkan vermirik və verməyəcəyik ki, “beşinci kolon”, milli satqınlar, xainlər burada meydan oxusunlar”.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31