Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mərhələlərlə həyata keçiriləcək

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mərhələlərlə həyata keçiriləcək

05.08.2015 [09:01]

Hökumətin qərarı bu sahədə süni qiymət artımının qarşısını alacaq
Məlum olduğu kimi, son illər Azərbaycanda bütün sahələr dinamik inkişaf edir. Bu mənada səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Ümumiyyətlə, ölkəmizdə səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir.
Yeri gəlmişkən, Azərbaycan hökuməti neft gəlirlərinin böyük bir hissəsini ölkə vətəndaşlarının sosial həyat şəraitinin yaxşılaşmasına, maddi rifah səviyyəsinin daha da yüksəlməsinə, onların ən yüksək sosial xidmət növləri ilə təmin olunmasına yönəldir ki, bunun da başlıca istiqamətlərindən birini tibbi xidmətlər təşkil edir. Son 10 ildə respublikamızda yüzlərlə tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Tibb müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqlarla təmin olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz edilməsi, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların ana xəttini təşkil edir.
Təbii ki, bütün bunlarla yanaşı həlli vacib olan məsələlər də var. Bunlardan biri də dərman vasitələrinin qiymətlərinin tənzimlənməsidir. Qeyd edək ki, bu məsələ uzun müddət cəmiyyətdə geniş müzakirə olunurdu. Çünki bəzi dərman şirkətləri müxtəlif klinikalarla, həkimlərlə işbirliyinə girərək öz məhsullarını pasiyentlərə baha qiymətə satmağa nail olurdular. Belə halların qarşısını almaq üçün Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi istiqamətində sistemli iş apardı. Bunun nəticəsi olaraq artıq konkret tədbirlər görülməkdədir.
Belə ki, iyulun 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb. Tarif (qiymət) Şurasının Katibliyindən bildiriblər ki, iclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də, rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik olan digər dərman vasitələrinin qiymətləri 2015-ci il sentyabrın 15-dən qüvvəyə minəcək. Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqustun 10-dək müəyyən edilib.
Onu da bildirək ki, məsələ ilə bağlı hələ iyulun 14-də səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə Səhiyyə Nazirliyində geniş toplantı keçirilmişdi. Toplantıda dərman vasitələri ilə təchizat sahəsində problemlərin aradan qaldırılması məqsədilə geniş tədbirlərin həyata keçirilməsi, müvafiq planların hazırlanması və onların ətrafında zəruri addımların atılması tapşırığı verilmişdi. Dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası ilə əlaqədar isə iyulun 31-də nazirlikdə müşavirə keçirilib.
Ümumiyyətlə, qeyd olunanlar əhalinin dərman təminatının yaxşılaşdırılması sahəsində mühüm addım kimi qiymətləndirilərək diqqətə çatdırılıb ki, dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması, həmçinin, dövlət müəssisələri tərəfindən də bu preparatların alışına müsbət təsir göstərməklə əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin artımına, bu siyahıya daha keyfiyyətli və effektiv dərman preparatlarının daxil olunmasına şərait yaradacaq. Bu isə öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək. Səhiyyə Nazirliyi dərmanların qiymətlərinin tənzimlənməsi sahəsində Tarif Şurası ilə sıx əməkdaşlığı davam etdirəcək.
Onu da qeyd edək ki, Səhiyyə Nazirliyində müvafiq əmrlə bu sahə üzrə geniş məsələləri əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər Planına uyğun olaraq, Analitik Ekspertiza Mərkəzinə apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin olunması, standart formaya uyğun gəlməyən reseptlər üzrə dərmanların satışının qadağan edilməsi tapşırılıb. Planda, həmçinin tibb müəssisələrinin dərman təchizatı məsələləri yer alıb və bu sahədə görüləcək işlər əksini tapıb. Sənəd tibb müəssisələrində xəstələrə pulsuz təqdim olunan dərman preparatları ilə təminat üzərində nəzarətin gücləndirilməsinə xidmət edəcək. Tədbirlər Planına əsasən, dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində müraciətlərin qəbulu üçün elektron səhiyyə, “Qaynar xətt”, əhalidən daxil olan məktublar və digər vasitələrlə gələn müraciətlər dərhal təhlil olunaraq müvafiq tədbirlər həyata keçiriləcək.
Öz növbəsində, iqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev mətbuata açıqlamasında deyib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Ş.Mustafayev bildirib ki, Azərbaycanda 4 min 500-dən çox dövlət qeydiyyatına alınmış dərman vasitəsi var. Onun sözlərinə görə, hər bir dərman vasitəsi üçün ən azı 10 ölkə üzrə qiymətlərin müqayisəsi aparılıb: “Buna görə də bu iş vaxt və məsuliyyət baxımından uzun proses tələb edir. Qeyd olunan məsələlər nəzərə alınaraq, qiymət tənzimlənməsinə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılmış və dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur”.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Tarif (qiymət) Şurasının bu məsələ ilə bağlı ilk qərarı ilə dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb: “20 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enmişdir. Ümumilikdə isə hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90 faizinin qiymətləri enmiş, qalan hissəsinin qiyməti isə dəyişməmişdir”.
Qiymətlərin tənzimlənməsi ilə şəffaflığın təmin ediləcəyini bildirən nazir vurğulayıb ki, bununla da süni qiymət artımının qarşısı alınacaq: “Pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı, müvafiq rəsmi internet resurslarında və KİV-də də yerləşdiriləcəkdir ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcək”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31