Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilir

Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilir

23.04.2015 [10:25]

Aprelin 22-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ilin birinci rübü ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun mükəmməl konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi, 2015-ci ilin birinci rübündə də bütün sahələrdə mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılıb. Azərbaycan Prezidenti İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının yüksəldilməsi, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilməkdədir.
Ötən dövr ərzində dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, mütərəqqi institusional tədbirlər həyata keçirilib.
“Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişikliklər edilməsi haqqında 14 fevral 2014-cü il tarixli qanunlar və həmin qanunların tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin 2014-cü il 17 mart tarixli Fərman və sərəncamları ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi adlandırılıb və statusu artırılmaqla səlahiyyətləri daha da genişləndirilib.
Azərbaycan Prezidentinin 2014-cü il 24 iyul tarixli Fərmanı ilə “Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2004-cü il 28 oktyabr tarixli Fərmanında dəyişikliklər edilərək Baş İdarə əməkdaşlarının ştat vahidi 100-dən 140-a çatdırılıb.
2015-ci il yanvarın 9-da Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş İdarənin yeni strukturu, idarə və şöbələri təsdiq olunub və əməkdaşlar yeni struktura uyğun vəzifələrə təyin ediliblər.
Cari ilin birinci rübündə Baş İdarənin istintaq idarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş 18 milyon 556 min 668 manat məbləğində ziyanın 5 milyon 894 min 138 manatı və ya 31,7 faizinin ödənilməsi təmin edilib. Həmçinin cinayət işləri üzrə 104 min 432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Hesabat dövründə ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verilib. Əməliyyat idarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanıb. Bunlardan 9-u keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2-si vətəndaşların ərizələri əsasında, 1-i isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasında açılıb. Eləcə də 13 şəxs barəsində axtarış elan edilib, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa verilib.
İlin birinci rübündə Baş İdarənin idarə və şöbələri tərəfindən 39 material üzrə araşdırma aparılıb, 29 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 10 material üzrə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Həmin dövrdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 726 ərizə və şikayət daxil olub, 476 şəxs Baş İdarədə qəbul edilib. Onların 106-sı Baş İdarə rəisi, 370-i isə Baş İdarənin əməkdaşları tərəfindən qəbul olunub. 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə 1677 müraciət daxil olub. Bunlardan 1477-si ilkin, 200-ü isə təkrar olub. Müraciətlərin 111-i Baş İdarədə araşdırılıb, 15-i istintaqa, 66-sı Baş Prokurorluğun digər idarələrinə, 1479-u aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib. Həmçinin qanunla nəzərdə tutulmuş qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib. “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.
Qeyd edilən dövr ərzində korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə böyük önəm verilib. 2015-ci il martın 6-da Avstriya Respublikasının Laksenburq şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) yaradılmasının dördüncü ildönümünə həsr olunmuş tədbirdə IACA Assambleyasının sədri, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin ölkəmizdə prioritet olduğunu, kompleks və ardıcıl inzibati və institusional islahatların həyata keçirildiyini, bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Bu il martın 15-dən 19-dək Türkiyənin Baş prokuroru Həsən Erbilin dəvəti ilə qardaş ölkədə səfərdə olmuş Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Türkiyə Baş Prokurorluğunda ikitərəfli görüş keçirib. Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan və Türkiyə prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb.
Xüsusi qeyd edilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm uğurlar əldə edildiyini, Azərbaycan hökumətinin bu istiqamətdə addımlarını və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Baş İdarəni uğurlu model kimi dəyərləndirərək bu qurumun digər ölkələr üçün nümunə olduğunu, Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini isə ən uğurlu qabaqlayıcı tədbir kimi xarakterizə edib.
Martın 23-24-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 15-ci Monitorinq Görüşündə iştirak edən Azərbaycan Respublikasının OECD təşkilatının Antikorrupsiya Şəbəkəsi üzrə milli əlaqələndiricisi, Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxış edərək dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan genişmiqyaslı tədbirlər barədə məlumat verib.
Bundan başqa, K.Əliyev 2015-ci il martın 26-da Brüsseldə Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa Bürosunun (OLAF) və Korrupsiyaya qarşı Avropa Tərəfdaşları (EPAC) şəbəkəsinin rəhbəri Covanni Kessler ilə görüşərək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin EPAC şəbəkəsinə qoşulmasına dair müvafiq məktubu təşkilatın rəhbərliyinə təqdim edib.
Cari ilin aprelin 8-9-da Bəhreyn Krallığının Manama şəhərində Beynəlxalq Prokurorların növbəti illik yaz iclasının sessiyasında Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Baş İdarə rəisi Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Antikorrupsiya alt domeninin yaradılması və Böyük Britaniya Krallığı Prokurorluğu Xidməti və Braziliyanın Baş Prokurorluğu ilə birgə Azərbaycanın Baş prokurorunun təşəbbüsü ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin domenin aparılması barədə təqdimatla çıxış edib.
Aprelin 16-da Qətərin paytaxtı Doha şəhərində BMT-nin cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 13-cü konqresində Azərbaycan nümayəndə heyətinin tərkibində Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsi mövzusunda çıxış edıb, ölkəmizdə həyata keçirilmiş institusional və praktik tədbirlər barədə məlumat verib.
Türkiyənin “G 20” (Böyük iyirmilərin sammiti) sədrliyi, OECD və Avropa Şurasının Korrupsiya Əleyhinə Dövlətlər Qrupu Qurumunun (GRECO) 67-ci iclası çərçivəsində keçirilən tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirak edib.
Gələcəkdə də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqan olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi istiqamətində fəaliyyət və əlaqələrini daha da inkişaf etdirəcək.
Mətbuat konfransında qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2015-ci ilin birinci rübündə gördüyü işləri müsbət dəyərləndiriblər.
Sonda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31