Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mixail Qusman - “Günün qalstuksuz qəhrəmanı”

Mixail Qusman - “Günün qalstuksuz qəhrəmanı”

17.03.2015 [10:10]

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasında və Azərbaycan Dövlət İnformasiya Agentliyinin 95 illik yubiley şənliklərində iştirak etmək üçün Bakıya gəlmiş TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman AZƏRTAC-ın “Günün qalstuksuz qəhrəmanı” proqramının qonağı olub. Onunla müsahibəni oxuculara təqdim edirik.
- “Günün qalstuksuz qəhrəmanı” verilişinin budəfəki qonağı TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Solomonoviç Qusmandır. Salam.
- Salam.
- Sizi Bakıda salamlamağa çox şadıq.
- Sağ olun.
- Sizə “Xoş gəlmisiniz” deməyə də lüzum görmürəm, çünki Bakı sizin Vətəninizdir.
- Biz öz Vətənimizdəyik. Hərçənd, səmimi deyirəm, Bakıya gələndə, təyyarədən çıxandan sonra lap ilk saniyələrdə aeroportun öz qoxusundan başqa bəzən bir az neft iyi gəlir, bəzən boğanaq olur, amma hər halda bütün bunlar doğma torpağın və doğma havanın yaratdığı təsvirəgəlməz duyğulardır. Təkrar edirəm, bu, hansısa bağça deyil, hər halda aeroportdur. Amma bununla belə, aeroportdan çıxan kimi ürəyimdə tamam başqa hisslər oyanır.
Jurnalistin şərhi. Mixail Solomonoviç Qusman sovet və Rusiya jurnalisti, tərcüməçi, radio və televiziya verilişlərinin aparıcısı. TASS agentliyinin baş direktorunun birinci müavini. Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi, Rusiya Dövlət Mükafatı laureatı. 1950-ci il yanvarın 23-də Bakıda, tibbi xidmət polkovnik-leytenantı Solomon Moiseyeviç Qusmanın ailəsində doğulub. Anası Lola Yuryevna Barsuk əvvəllər aktrisa, sonra tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru olub.
- Hər halda orada - öz iş yerinizdə sizə Bakıdan ən çox çatışmayan nədir?
- Çatışmayan şeylər çoxdur. Sadalamaqla qurtarmaz. Yəqin ki, Şüvəlandakı evimdə xoşladığım çarpayıda səhər tezdən dənizdən çıxan günəş adamın gözlərini qamaşdıranda keçirdiyim hisslərdən başlamış - axı bu hisslər əsil səadətdir - Bakı meyvələrinə qədər. Bunların hamısı üçün qəribsəyirəm. İlk növbədə Bakıda yaşayan dostlarıma ehtiyac duyuram. Doğma şəhərimizdə gəzmək üçün də darıxıram.
Bilirsiniz, mən heç vaxt itbaz olmamışam. Ömrümdə heç vaxt itlərə xüsusi marağım olmayıb. Onlarla, necə deyərlər, uzaqdan-uzağa “qarşılıqlı dostluq münasibətlərimiz” olub. Amma burada mənim evim tikiləndə həmin evin yaxınlığındakı tikintidə o vaxt hələ balaca olan Reks adlı bir it yaşayırdı. İndi o, artıq mənim yaşlı dostumdur, mən isə sinnimin bu çağında birdən-birə itbaz olmuşam, Reks üçün də darıxıram.
- Deməli, itbazsınız, bəs son vaxtlar həyatınızda daha hansı maraqlı hadisələr baş verir?
- Fəal həyat tərzi keçirməyə çalışıram. Demək istəyirəm ki, dünya miqyaslı TASS agentliyində peşəkar fəaliyyətimlə bağlı çoxlu müxtəlif öhdəliklərim var. Bundan əlavə, yəqin bilirsiniz, televiziyada mənim sevimli və doğma “Hakimiyyət formulu” proqramım var. Bu, dövlət başçılarının televiziya portretidir. Baş qəhrəmanları monarxlar, prezidentlər, baş nazirlər olan 300-ə yaxın proqram hazırlamışıq. Buna görə də darıxmağa vaxt qalmır.
- Bu illər ərzində çox müsahibələr götürmüsünüz. Yəqin ki, hamısını sadalamaq, hətta yada salmaq mümkün deyil. Amma bəlkə ən yaddaqalan, ən təsirli müsahibələr barədə bizimlə bölüşəydiniz...
- “Hakimiyyət formulu” verilişinin qəhrəmanları haqda danışanda, əvvələn deməliyəm ki, bu verilişlərin hər biri sanki iki hissədən ibarətdir. Müsahibələrin özü və kadr arxasında qalan, ekrana düşməyən, lakin son dərəcə maraqlı saysız-hesabsız məqamlar. Proqramın formatı 24 dəqiqədir, söhbətlərimiz isə bəzən uzanır. Proqramın hazırlanması prosesində çox maraqlı, bəzən hətta gülməli süjetlər proqramın özünə daxil edilmir və tamaşaçılar həmin süjetləri görmür. Etik mülahizələri əsas götürərək öz qəhrəmanlarım arasında ayrı-seçkilik etməməyə çalışıram, axı bütün qəhrəmanlar lazımdır, bütün qəhrəmanlar vacibdir. Bununla belə, məndən hansı müsahibənin daha yaddaqalan olmasını soruşanda həmişə üç müsahibəni qeyd edirəm. Çin Xalq Respublikasının keçmiş sədri Tszyan Tszeminlə, bu yaxınlarda vəfat etmiş Səudiyyə Ərəbistanı Kralı II Abdulla ilə və əlbəttə, ən əvvəl, unudulmaz Heydər Əliyevlə bir neçə saat davam etmiş müsahibəni, daha doğrusu Onunla söhbəti xatırlayıram. Bilirsinizmi, mən bunu təkrarlamaqdan heç vaxt usanmaram, Azərbaycan Prezidenti ilə bu müsahibə, Onunla bir növ işgüzar ünsiyyət formatı o vaxt, biz həmin proqram üzərində işi yenicə başlayanda mənə çox güclü təsir bağışladı. Deyərdim ki, bu müsahibə mənim xatirimdə silinməz izlər qoyub. Bilirsiniz, mənim həm vətəndaş kimi, həm ictimai baxımdan, həm də şəxsiyyət kimi formalaşmağım məhz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi respublikaya rəhbərlik etdiyi dövrə təsadüf etdiyindən, çox həyəcanlanırdım. O vaxt mən sıravi komsomol işçisi idim, O isə lider idi. Əlbəttə, O mənim üçün əlçatmaz zirvə idi. Biz Ona baxır, Ondan öyrənirdik. Lakin səmimi deyirəm, o vaxt heç ağlıma da gəlməzdi ki, haçansa Onunla məhz bu formatda söhbət etməli, Ondan müsahibə götürməli olacağam. Mən Ondan 40 dəqiqəlik, təxminən bir saatlıq müsahibə verməsini xahiş etdim. Söhbətimizin təxminən ortasında O, divardan asılmış saata baxdı və dedi: “Sən məndən bir saatlıq müsahibə istəmişdin, amma biz səninlə artıq üç saata yaxındır ki, söhbət edirik”. Söhbətimiz isə bununla bitmədi.
Jurnalistin şərhi. 1973-cü ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1973-cü ildən 1986-cı ilə qədər Azərbaycan Gənclər Təşkilatları Komitəsi sədrinin müavini olub.
- Heydər Əliyevlə çox səmimi şəraitdə üç saatdan çox davam edən söhbətdən sonra 24 dəqiqəlik film yaratmağa cəhd etməyim həyatda üzləşdiyim ən böyük çətinliklərdən biri olub. Bu, ağlasığmaz idi. O vaxt mən Birinci Kanalın rəhbəri Konstantin Ernstin, necə deyərlər, ayaqlarına düşüb xahiş etdim ki, bu verilişi iki seriyadan ibarət hazırlayaq. Razılaşdıq, iki seriya - 50 dəqiqə. Mən işə başladım, amma bu işi heç cür başa çatdıra bilmirdim, çünki verilişdə saxlamaq istədiyim məqamlar bir deyil, iki deyil, üç deyildi... Nə edəcəyimi bilmirdim. Ona görə ki, bu çox ibrətamiz söhbət idi, Heydər Əliyevin çox güclü xarizması vardı. O danışanda hər sözündən yapışmaq istəyirdim. Bu, belə nəhəng insanı anlamaq baxımından son dərəcə maraqlı söhbət idi.
Jurnalistin şərhi. 1986-cı ildən 1991-ci ilə qədər SSRİ Gənclər Təşkilatları Komitəsinin informasiya şöbəsinin müdiri, mətbuat mərkəzinin rəhbəri, 1991-ci ildən 1995-ci ilə qədər “İnfomol” agentliyinin informasiya əməkdaşlığı üzrə baş direktorluğunun rəhbəri olub.
Yeri gəlmişkən, Heydər Əliyevin 80 yaşının tamam olmasına bir neçə ay qalmış mən Ona müraciət etdim və O, daha bir müsahibə verməyə razılaşdı. Komandam artıq Moskvadan Bakıya yola düşmüşdü, mən isə bir gün sonra gəlməli idim. Bizim görüşümüz, səhv etmirəmsə, Heydər Əliyevin Naxçıvanski adına hərbi məktəbin məzunları qarşısında çıxışından sonrakı gün olmalı idi. O, məzunlar qarşısında çıxış edərkən yıxıldı, amma özündə qüvvə tapıb ayağa qalxdı, sonra bir də yıxıldı və bundan sonra xəstəxanaya düşdü. Təbii ki, müsahibə baş tutmadı. O vaxtdan neçə illər keçib, mən isə hər dəfə Heydər Əliyevi xatırlayanda təəssüflənirəm ki, Onunla daha bir görüşümüz baş tutmadı. İndi həyat göstərir ki, həmin görüş bir növ vəsiyyət-müsahibə ola bilərdi, lakin qismət olmadı.
- Mixail Solomonoviç, proqramınızın qəhrəmanlarından kim real həyatda Sizin dostunuz ola bilərdi? Belə adamlar varmı?
- Yaxşı sual verdiniz, ona görə ki, mən də bu barədə düşünmüşəm. Sovet dövründə Mixail Svetlov adlı yaxşı bir şair vardı. Ona “komsomol şairi” deyirdilər. Güclü yumor hissi vardı. Bir dəfə Svetlovdan soruşurlar ki, onun fikrincə, ən yaxşı şair kimdir? O deyir: “Bilrisinizmi, dünyada yaxşı şairlər çox olub, amma mən Puşkinlə nahar etmək istərdim”. Dediyim odur ki, mən özümü dahilərin dostu saymağa hətta qiyabi şəkildə də cəsarət etmirəm, amma əgər məndən soruşsaydılar ki, “Kiminlə nahar etmək istərdiniz?”, yaxud sizin dediyiniz kimi, “Kiminlə dostluq etmək istərdiniz”, deyərdim ki, Amerikanın keçmiş Prezidenti Corc Buşa məişət baxımından böyük rəğbətim var. O, çox səmimi, yumor hissinə malik insandır, hərçənd onunla əvvəldən tanış idim. Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski ilə çox səmimi münasibətlərimiz olub. Mən onu hələ komsomol vaxtından, cavanlıqdan tanıyırdım. O da çox səmimi adamdır. Bilirsinizmi, ümumiyyətlə mən həmişə bir prinsipi əsas götürmüşəm ki, dövlət başçısının öz yeri var, jurnalistin öz yeri. Hər ikimiz öz işimizi görürük. Mənim işim - sual vermək, onun işinin kiçik bir hissəsi isə bu suala cavab verməkdir. Əlbəttə, mətbuatla, jurnalistlərlə görüşlər, müsahibələr dövlət başçısının iş qrafikinin həqiqətən çox cüzi bir hissəsidir. Bununla belə, hər halda bu da bir işdir. Bir qayda olaraq, mənim müsahibim müsahibə faktına hörmətlə yanaşır və bu, mənim xoşuma gəlir. Söhbət ondan gedir ki, həmin şəxs mənə yox, məşhur TASS agentliyinə, hörmətli televiziyaya müsahibə verir. Hər halda mən həmişə özümü yox, öz ölkəmi, konkret olaraq Rusiyanı təmsil edirəm. Mən öz TASS agentliyimi. “Rossiya 24” televiziya kanalını təmsil edirəm.
- Axı bu da böyük məharətdir. Söhbətin məcrasını saxlamaq böyük bacarıqdır.
- Bəlkə də elədir, buna nə dərəcədə nail olduğumu bilmirəm.
- Siz insanları cəzb edirsiniz. Heydər Əliyevlə üç saat söhbət etmək asan məsələ deyil.
- İndi sizə bir sirr açacağam. Bu barədə hələ heç vaxt danışmamışam. Əgər məndən soruşsaydılar ki, mən müsahibənin uğurlu olub-olmamasını necə təyin edirəm, nə cavab verəcəyimi bilərdim. Əgər mən hiss etsəm ki, iyirmi dəqiqə, otuz, qırx dəqiqə söhbətdən, müsahibədən sonra müsahibim söhbəti tamamlamaq istəyir, yaxud əgər suallarım tükənmək üzrədir və ya qurtarıb, amma görürəm ki, müsahibim hələ, necə deyərlər, məmnuniyyətlə danışır, deməli, müsahibə uğurlu alınıb. Deməli, onunla kontakt baş tutub. Belə hallar olurdu. Bəzən bu məqamlar ekranda heç hiss olunmur, çünki montajdan sonra hər şey başqa cür olur. Amma insani baxımdan hiss edirəm ki, söhbətimiz müsahibin ürəyincə olub.
- Buna nail olmaq üçün çox işləmək, uzun illər boyu çalışmaq lazımdır.
- Siz artıq buna nail olursunuz. Mən sizinlə söhbəti tamamlamaq istəmirəm.
- Doğrudan?
- Hesab edin ki, mənim meyarlarımı əsas götürsək, siz buna nail olursunuz.
- Çox sağ olun.
Jurnalistin şərhi. 1995-ci ildən 1998-ci ilə qədər “ANKOM-TASS” beynəlxalq analitik agentliyinin vitse-prezidenti, 1998-ci ildən 1999-cu ilə qədər İTAR-TASS agentliyinin beynəlxalq əməkdaşlıq, ictimai əlaqələr və xüsusi layihələr baş idarəsinin rəisi.
- Ümumiyyətlə, Mixail Solomonoviç Qusmanın dostu kim ola bilər?
- Bu, çətin sualdır. Nə üçün çətindir? Ömrümün yarısını Moskvada yaşayıram, amma dostluğa, “dostluq” anlayışına münasibətim hələ də Bakı meyarlarına görə təyin olunur. Mənim nəzərimdə dost o adamdır ki, onunla hər gün görüşəsən, görüşməmisənsə yaxşı olar ki, hər gün qısa müddət də olsa, telefonla söhbət edəsən, “Necəsən? Nə var? Nə yox? Hər şey yaxşıdırmı?”, deyə hal-əhval tutasan. Dostluq budur. Onda insanı hər gün hiss edirsən. Moskvada isə soruşursan:
- Filankəsi tanıyırsan?
- Hə, hə, mənim dostumdur.
- Onu axırıncı dəfə nə vaxt görmüsən?
- Keçən il.
Belə dostluq olar? Düz deyirlər ki, Moskva - adamları bir-birindən ayrı salan şəhərdir. Təəssüf ki, Moskvada insanlarla ünsiyyət saxlamaq çox çətindir. Hərənin öz işi-gücü var, məsafələr böyükdür, yollarda tıxaclar olur. Məsələn, mən doğma qardaşımla hər gün telefonla danışmayanda özümü pis hiss edirəm. Sanki həmin gün ac-susuz olmuşam.
- Bəs ailədə, ailə ənənələrinizdə nə isə dəyişibmi?
- Əlbəttə dəyişib. Çünki mən öz valideynlərimin ailəsində böyümüşəm. Xoşbəxtəm ki, Bakıda mənim atamı, anamı xatırlayırlar. Yeri gəlmişkən, indi valideynlərimin xatirəsinə ithaf etdiyim kitab üzərində işi tamamlayıram. Bu işdə AZƏRTAC-ın, Aslan müəllimin mənə köməyi çox olub. Valideynlərim haqqında materialları, onlarla işləyən insanların xatirələrini toplamaqda AZƏRTAC-dan olan həmkarlarım mənə çox kömək ediblər. Təəssüf ki, valideynlərimin dostlarının çoxu dünyasını dəyişib. Onlarla işləyənlərdən hazırda sağ-salamat olanlar azdır. Qalanlar əsasən onların şagirdləridir. Bununla belə, həmin materiallar mənim üçün çox vacib və qiymətlidir, ümid edirəm və çox istəyirəm ki, valideynlərim haqqında kitab yaxın aylarda çapdan çıxsın. Pyotr Montin küçəsindəki (indi bu küçə Əlövsət Quliyevin adını daşıyır) 111 nömrəli binada yerləşən evimizi yaxşı xatırlayıram. Valideynlərim işdən çox gec qayıdırdılar. Anam Xarici Dillər İnstitutunda, atam isə Sabunçudakı klinikada işləyirdi. Bizim evdə hər axşam 10 nəfərə yaxın insan toplaşırdı: valideynlərimin şagirdləri, aspirantları, dostları... Evimizdə hər gün üç növ xörək bişirilirdi. Yəni xatırlamıram ki, süfrə arxasında təkcə özümüz əyləşək, evimizdə hər axşam qonaqlar olurdu. Evimiz duz-çörəkli, qonaqların üzünə açıq idi. Valideynlərimi xatırlayan hər kəs bunu təsdiq edə bilər. Təəssüf ki, indi bu ənənələr unudulmağa başlayıb. Ümumiyyətlə, fikir vermişəm ki, hətta Bakıda da bu belədir və məni o qədər də sevindirmir. Bakının imkanları çoxdur. Çoxsaylı gözəl restoranlar, kafelər var. İnsanlar çox vaxt evdə yox, restoranlarda görüşməyə, bəzi ailə bayramlarını da restoranlarda qeyd etməyə başlayıblar. Bir daha təkrar edirəm, indi imkanlar da çoxdur, bəzi məişət adətləri də dəyişir. Amma mənim qəlbim əvvəlki vaxtda qalıb. Mənə müasir, hətta çox “bərk gedən” restoranlarda keçirilən tədbirlərdənsə ev şəraitində təşkil edilən məclislər, ev xörəkləri, ailəvi bayramlar qat-qat yaxın və doğmadır. Mən ev şəraitində ünsiyyəti xoşlayıram.
Jurnalistin şərhi. 1999-cu ilin noyabrından Mixail Qusman İTAR-TASS informasiya agentliyinin baş direktorunun birinci müavinidir.
Azərbaycanda hətta çox mühüm, bəlkə də ən mühüm ailəvi tədbir olan toyun da formatı dəyişib. Mənim cavanlıq illərimdə toyları indi restoranlarda olduğu kimi xüsusi zallarda təşkil edirdilər, lakin bu, tostlar məclisi olurdu. Tamadanın çox böyük rolu vardı. Məclisdə çıxış etmək üçün sözü tamada verirdi. Tamadaların hamısı hörmətli adamlar idi. Toylarda gözəl tamadalıq edənlər şəhərdə ən hörmətli adamlar idi, hamı onları adbaad tanıyırdı. Toy məclisində rəqs etməyə yalnız plov verilənə yaxın başlayırdılar. O vaxta qədər bəylə gəlinə, onların ailələrinə müraciətlə xoş sözlər səslənirdi. İndi mən hərdənbir bizim toylarda oluram, hətta bir neçə dəfə məxsusi olaraq toylara gəlmişəm. Adətən bir-iki nəfər söz deyir, sonra isə hamının başı yeyib-içməyə qarışır. Açığını deyim ki, mənim təfəkkürüm bu məsələdə də o dövrün səviyyəsində qalıb. Hamı əyləşir, musiqinin səsindən ağız deyəni qulaq eşitmir. Bu, mənim xoşuma gəlmir. Əlbəttə, rəqs etməyi xoşlayanlar üçün bu bir fürsətdir. Amma rəqs etməkdən daha çox söhbət etməyi xoşlayan adamlar toyda söhbət etməyə imkan tapmırlar. Bakıda keçirdiyim gənclik illəri barədə söhbətimə qayıdaraq demək istəyirəm ki, mənim yaşıdım olan cavanlar şəhərə gəzməyə adətən “Vremya” xəbərlər proqramından sonra çıxırdı. Bu veriliş axşam saat 10-dan sonra efirə gedirdi. Biz saat on birin yarısında Torqovaya (indiki Nizami küçəsi) - kitab pasajı - Karl Marks bağı (indiki Fəvvarələr meydanı) marşrutu ilə “Azərbaycan” kinoteatrının yanından keçib bulvara çıxır, orada gəzişirdik. Kukla Teatrının yanında iki çayxana var idi. Onlardan birinə nədənsə “Mərakeş” deyirdilər. Nə üçün “Mərakeş”? Bunu hələ də bilmirəm. Həmin çayxana gecə yarıdan keçənə qədər işləyirdi. Ola bilsin ki, gecə-gündüz işləyirdi. Orada yalnız armudu stəkanda çay, kəllə qənd və nadir hallarda limon olurdu. Biz də orada əyləşirdik. Orada ən müxtəlif, o cümlədən, görkəmli adamlar toplaşırdı. Biz də həmin çayxanada oturub çay içir və müxtəlif mövzularda söhbətlər edirdik. Müzakirə etməli məsələlər çox idi. Bir sözlə, gözəl vaxtlar idi.
- Bugünkü söhbətimiz bir qədər nostalji səpkidə alındı...
- Ona görə ki, mən Bakıya gələndə həmişə qəlbimdə nostalji hisslər oyanır. Bu hisslər olmaya bilməz. İstər mənim yaşıma görə, istərsə də Bakıya olan məhəbbətimə görə. Mən Bakını çox sevirəm. Bakıya qarşı əsla laqeyd deyiləm. Bakıda baş verən bütün yaxşı hadisələrə görə hədsiz sevinirəm. Sevincim aşıb-daşır və bu hissləri hamı ilə bölüşməyə çalışıram. Bakıda yaxşılığa doğru dəyişikliklərin sayı isə get-gedə artır. Allaha şükürlər olsun ki, Bakıda xoşagəlməz şeylər azdır. Belə halları görəndə qanım qaralır və necə deyərlər, bütün qapıları döyüb demək istəyirəm ki, bax, burada, mənim fikrimcə, nəyi isə edə bilməmisiniz. Hərçənd, bir daha deyirəm, Allaha şükür, məni sevindirən halların sayı qat-qat çoxdur.
- Mixail Solomonoviç, axırıncı sual. Adətən sualları Siz verirsiniz. Bu gün isə mən Sizə sual verirəm. Özünüzü necə hiss edirsiniz?
- Mən söhbətcil adamam. Müsahibə janrını, müsahibə götürməyi məhz ona görə xoşlamışam ki, söhbətcil adamam. Lakin mən sual verməyi də xoşlayıram, suallara cavab verməyi də. Müsahibə götürməyi nə dərəcədə bacardığımı bilmirəm. Amma suallara cavab verməyi də xoşlayıram. Sizinlə söhbət etmək mənə çox xoş oldu, çünki siz mənə çox yaxın olan mövzular haqda, mənim laqeyd olmadığım məsələlər barədə danışırdınız. Siz mənim qəlbimdəki insani duyğuları çox dəqiq tuta bildiniz. Buna görə sağ olun.
- Sizinlə söhbət etməyi çoxdan istəyirdim...
- Söhbətə görə sağ olun. Təşəkkür edirəm.
- Sağ olun.

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31