Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına sanballı töhfələr verir

Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına sanballı töhfələr verir

04.03.2015 [09:57]

Yer üzündəki milli-dini-irqi müxtəlifliyi təcəssüm etdirən və insanları dostluğa çağıran çoxlu simvolikalar var. Cari ilin yayında Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyini nəzərə alaraq, biz mövzumuz üçün məhz Olimpiya oyunlarının əsas simvollarından biri olan halqaların üstündə dayandıq. Bu simvol ağ fonda göy, sarı, qara, yaşıl və qırmızı rənglərdə olan beş bir-birinə birləşdirilmiş halqadan ibarətdir. Haqqında bəhs olunan simvol Olimpiya Oyunlarının həmtəsisçilərindən olan Baron Pyer de Kuberten tərəfindən 1912-ci ildə hazırlanıb. Kubertenin qənaətinə görə, ağ fondakı rəngli halqalar o vaxt Olimpiya Oyunlarında yarışan bütün milli bayraqlarda görünən rənglərdən xəbər verir. Kuberten 1912-ci ilin Olimpiadasında sonradan bütün dünya tərəfindən qəbul edilən simvolu belə təqdim etmişdi: “Bu beş rəng istisnasız olaraq, bütün xalqların rənglərini özündə cəmləşdirib”.
Kubertenin Olimpiya halqalarında simvollaşdırdığı xalqların həmrəyliyi ideyası aradan 100 il ötəndən sonra bütün dünya üçün daha aktual çağırışa çevrilib. Bu da, ilk növbədə, onunla bağlıdır ki, hazırda dünya elmi-texniki nöqteyi-nəzərdən yüksək inkişaf səviyyəsinə çatsa da, milli-dini-irqi müxtəlifliyə dözümsüzlük yenə də qitələri, ölkələri, xalqları ayıran bir zolaq kimi qalmaqdadır, ən arzuolunmaz cəhət isə odur ki, milli-dini-irqi zəmində narahatlıqlar getdikcə daha da artır. ABŞ-da, Almaniyada, Fransada, Yaxın Şərqdə baş verənlərə istinadən deyə bilərik ki, son vaxtlarda dünyanın silkələnməsinə, münaqişə ocaqlarının artmasına daha çox dərəcədə milli-dini-irqi müxtəlifliyə dözümsüzlük səbəb olur. Dünyadakı kədərli vəziyyətlə müqayisədə Azərbaycandakı mənzərə isə kəskin təzad təşkil edir.
Azərbaycanın qlobal miqyasda sivilizasiyalararası əməkdaşlıqda, tolerantlıq ənənələrinin qorunmasında rolu getdikcə artır
Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimləri isə alçaldan amil kimi çıxış etmir. Əksinə burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var.
Son illərdə Azərbaycan qlobal iqtisadi əhəmiyyət daşıyan, eyni zamanda, multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkana çevrilib. Davos İqtisadi Forumu kimi mötəbər bir təşkilatın növbəti iclasının Bakıda keçirilməsi ölkəmiz üçün böyük uğur olmaqla Azərbaycanın dünyada tanıdılması baxımından da əhəmiyyətli idi. Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi üçün ölkəmizin seçilməsi bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi, həm də siyasi, iqtisadi və mədəni cəhətdən beynəlxalq mərkəzlərdən birinə çevrilib. Dünya miqyasında mötəbər təşkilat kimi tanınan, çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən Madrid Klubunun toplantısının, Amerika-Azərbaycan konfransının, I Qafqaz, Krans Montana forumlarının Bakıda keçirilməsi də çox əlamətdar hadisə idi. Son illərdə Bakıda ardıcıl olaraq Mədəniyyətlərarası Dialoq və Humanitar forumlar keçirilir. Ölkəmiz xalqımızın xoş məramına uyğun olaraq bu kimi tədbirlərə məmnuniyyətlə ev sahibliyi etməklə hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına öz sanballı töhfəsini verir.
Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi və çoxkonfesiyalı cəmiyyətə malik olması ölkəmizin sivilizasiyalararası dialoqda rolunun artmasını şərtləndirir. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın iki yüzdən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın sivilizasiyalararası əlaqələrin gücləndirilməsində əhəmiyyətini daha da artırır.
Azərbaycan bütün azadlıqların, o cümlədən də, din azadlığının yüksək səviyyədə təmin olunduğu tolerant ölkədir
Ölkəmizdə bütün azadlıqlar-mətbuat, söz, sərbəst toplaşmaq, o cümlədən, vicdan azadlığı təmin edilib. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu aşağıdakı faktlar bir daha təsdiqləyir. Son 11 il ərzində respublikamızda 250-yə yaxın məscid tikilib və yaxud təmir edilib. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra inanclı insanların istifadəsinə verilib. Hazırda Gəncədəki İmamzadə dini, tarixi, mədəni mərkəzində də belə təmir-bərpa işləri həyata keçirilir. Bir sözlə, ölkəmizdə dövlət tərəfindən cəmiyyətin istəyi nəzərə alınaraq dini abidələrin bərpasına, həmçinin, yeni məscidlərin inşasına böyük diqqət göstərilir.
Bu yaxınlarda Bakının Binəqədi rayonunda 12 min kvadratmetr sahədə inşa olunan möhtəşəm Heydər məscidinin istifadəyə verilməsi respublikamızda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə qurulmasının daha bir ifadəsidir. Ölkəmizdə dövlət vəsaiti hesabına belə bir möhtəşəm məscidin inşa olunması bir cox cəhətdən əlamətdardır. Bu, ölkəmizin gücünü, inkişaf dinamikasını göstərməklə yanaşı, həm də Azərbaycanın öz milli, dini ənənələrinə möhkəm bağlı olduğunu təsdiqləyir.
Başqa bir önəmli cəhət isə ondan ibarətdir ki, dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi indiki dövrdə Azərbaycan özünü bütün mədəniyyətlərə və dinlərə tolerant ölkə kimi təsdiqləyir. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət, həmçinin, rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərir.
Heydər Əliyev Fondu Azərbaycan cəmiyyətinə xas olan multikultural dəyərlərin təbliğinə sanballı töhfələr verir
2004-cü ilin mayında yaradılan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində fərqli sivilizasiyaların dialoquna nail olunması, keçmişlə gələcək arasında mənəvi körpü yaradılması, sülh və tərəqqiyə xidmət edən mütərəqqi, sağlam ideyaların təbliği mühüm yer tutur. Fond Mehriban xanım Əliyevanın çox böyük səyləri ilə həyata keçirdiyi mədəniyyət diplomatiyası sayəsində Azərbaycan həqiqətlərinin, milli-mədəni irsimizin dünyada təbliğində diqqətəlayiq uğurlara imza atıb. Məhz Mehriban xanım Əliyevanın məqsədyönlü səyləri nəticəsində 2009-cu ildə Bakı şəhəri “İslam mədəniyyətinin paytaxtı” elan olunub. Mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə tədbirlər Azərbaycanın bütün dünyada tanınmasında, böyük İslam mədəniyyətini daşıyan ölkələrin yaxınlaşmasında müstəsna rol oynayıb. 2008-ci il iyunun 10-da Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi” mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında isə Mehriban xanım Əliyeva beynəlxalq ictimaiyyətə belə bir sualla müraciət edib: “Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?”
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində keçirilən silsilə tədbirlər tolerantlıqla bağlı Azərbaycanın ənənələrinin təbliğində müstəsna rol oynayır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda Londonda keçirilən konfrans, Parisdəki Mədəniyyət Mərkəzində dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən “Azərbaycan - tolerantlıq məkanı” mövzusunda fotosərgisi, yenə Parisdə təşkil olunan “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi, Moskvada “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu” kitabının çapdan çıxması və digər çoxsaylı tədbirlər bu qəbildəndir.
Tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, eyni zamanda, “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilib. 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa işləri aparılmış dini abidələrdən biri də Binə qəsəbəsindəki Möhsün Səlim məscididir. 2006-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə şəhərindəki Həzrəti Zeynəb məscidi yenidən qurulub, Buzovna qəsəbəsindəki Cümə məscidində də yenidənqurma işləri uğurla başa çatdırılıb.
Heydər Əliyev Fondunun bir sıra xarici ölkələrdə reallaşdırdığı layihələr də dünyada humanizm prinsiplərinin təbliği nöqteyi-nəzərindən çox əlamətdardır. Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistan, Gürcüstan, Misir, Rusiyada bir neçə məktəbin yenidən qurulmasına, Vatikanda Müqəddəs Roma katakombalarının və Strasburq Kafedral kilsəsinin bərpasına dəstək nümayiş etdirib.
Ədalət hamı üçün olmalıdır...
Bildiyimiz kimi, Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarından-90-cı illərinin əvvəllərindən etibarən Ermənistanın işğalçılıq siyasətinə məruz qalıb. 20 ildən artıqdır ki, ermənilər işğal altındakı ərazilərdə misli görünməmiş vandalizm hərəkətləri törədirlər - təbii sərvətlər talan edilir, tarixi-mədəni abidələr dağıdılır, flora və faunamıza sağalmaz yaralar vurulur. Ermənistanın təcəvüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı Dağlıq Qarabağdakı və ora bitişik 7 rayondakı ev-eşiklərindən didərgin salınıb. Ermənilərin Xocalı şəhərində törətdikləri soyqırımı nəticəsində 100-ü qadın, 60-ı uşaq olmaqla 600 nəfər dinc sakin bir gecənin içində həyatını itirib.
Lakin təəssüf ki, dünya birliyi bir sıra hallarda Azərbaycanın üzləşdiyi problemə ikili standartlar prizmasından yanaşır. Halbuki beynəlxalq hüquq ayrı-ayrı tərəflər üçün deyil, hamı üçün işləməlidir. Ədalət hamı üçün olmalıdır. Ədalət və beynəlxalq hüquq hər bir ölkənin prioritetinə çevrilərsə, yer üzündə gərginlik, toqquşma, müharibələr, qan tökülməsi daha az olar.
Mübariz ABDULLAYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31