Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir

Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir

26.02.2015 [00:12]

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli faciələrindən biri törədildi. Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri yerlə-yeksan etdi və azərbaycanlılara qarşı etnik soyqırımı həyata keçirdilər. Statistik faktlar da deməyə əsas verir ki, Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi faciə, sözün əsl mənasında, soyqırımı idi. Belə ki, 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Ümumiyyətlə, düşmən gülləsi ilə yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub.
Xocalının strateji hədəf seçilməsi və şəhər sakinlərinə qarşı soyqırımının həyata keçirilməsi təsadüfi deyildi
Əlbəttə ki, Xocalının strateji hədəf seçilməsi və şəhər sakinlərinə qarşı soyqırımının həyata keçirilməsi təsadüfi deyildi. Bu baxımdan, bir neçə məsələyə nəzər yetirmək məqsədəmüvafiqdir.
İlk növbədə, o qeyd edilməlidir ki, Xocalı coğrafi mövqeyinə görə olduqca mühüm strateji əhəmiyyət kəsb edirdi. Belə ki, 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Şəhərin strateji önəmini artıran növbəti amil isə budur ki, Qarabağdakı yeganə aeroport da Xocalıda yerləşir. Məhz bu, Ermənistanın Xocalıya etdiyi təcavüzü şərtləndirən geostrateji amil qismində çıxış edirdi.
Digər tərəfdən, Xocalının işğalında həmin ərəfədə Azərbaycanda hakimiyyətdə olmuş qüvvələrin də rolu az olmadı. Belə ki, həmin ərəfədə ölkəyə rəhbərlik edən irrasional təfəkkürlü qüvvələrin sərgilədikləri mövqe nəticəsində Azərbaycan müxtəlif xarici imperialist güclərin ideoloji mübarizə və siyasi qarşıdurma meydanına çevrildi. Bunun fonunda ölkəmizdə sosial, siyasi, iqtisadi, hüquqi və ideoloji sahələrdə xaos və deviasiyalarla müşayiət edilən dərin böhran halları baş verdi. Siyasi sahədə xaos və kataklizmlərlə müşayiət edilən antaqonist proseslərin kəskinləşməsi, separatçılıq meyillərinin və “mərkəzdənqaçma” tendensiyalarının sürətlənməsi, subyektlərarası münasibətlərin sürüşkən müstəvidə dərin ziddiyyətlərlə təzahür olunması, sosial sahədə asimmetrik təbəqələşmə və qeyri-paritet münasibətlər sisteminin formalaşması, dezinteqrasiyanın kəskin xarakter alması, qarşıdurma və dağıdıcı mübarizələrin güclənməsi, iqtisadi sahədə tənəzzül meyillərinin, hüquqi sahədə isə nihilizmin hökmranlıq etməsi ölkəni, sözün əsl mənasında, xaos və kataklizmlər meydanına çevirdi. Bütün bunların fonunda ölkəni imperialist güclərin neomüstəmləkəsinə çevirən səriştəsiz qüvvələrin siyasi “məharət”ləri sayəsində yaranan bu durum Xocalı soyqırımını şərtləndirən növbəti amil qismində çıxış etdi. Sirr deyil ki, həmin ərəfədə bəhs edilən qüvvələrin diqqət mərkəzində nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamaq dururdu. Məhz buna görə də, xalqımız ard-arda ciddi faciələrlə qarşılaşdı...
Ümummilli lider Heydər Əliyevin səyləri ilə Xocalı soyqırımına hüquqi qiymətin verilməsi, onun dünya ictimaiyyətinə tanıdılması yönündə ardıcıl işlər görüldü
Amma Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə-1993-cü ildən sonra Xocalı soyqırımına hüquqi qiymətin verilməsi, onun dünya ictimaiyyətinə tanıdılması yönündə sistemli və ardıcıl işlər görüldü. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımını təkcə Azərbaycan xalqına deyil, eyni zamanda, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət kimi qiymətləndirdi. Öncə 1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti-Milli Məclis 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etdi. Bunun ardınca isə sistematik surətdə mühüm təşəbbüslər irəli sürüldü və bir sıra qərarlar qəbul edildi. Belə ki, 25 fevral 1997-ci il tarixində Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə imzaladığı “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncamına əsasən, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Həmçinin, 1998-ci ildə Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamında Xocalı faciəsi soyqırım kimi adlanıb. 2002-ci ildə isə Milli Məclisdə soyqırımının 10 illiyi qətnaməsində 1992-ci ilin 26 fevralında baş verənlər soyqırımı kimi tanınıb.
Eyni zamanda, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə müvafiq surətdə atılan addımlar Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində də olduqca mühüm əhəmiyyət kəsb etdi. Belə ki, hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən qeyd olundu, həmçinin, bir çox ölkələrin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olundu, televiziya və radio kanallarında verilişlər yayımlandı.
Ümumiyyətlə, Ümummilli lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət edib, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayıb. Ulu öndər Heydər Əliyev Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyib: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma və qanlı toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir”.
Xocalı soyqırımı unudulmur
Xocalı soyqırımının dünyada tanıdılması, bu şəhərin sakinlərinə qarşı törədilən erməni vəhşilikləri haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədilə tədbirlər Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə də davam etdirilir. Dövlət başçısı mütəmadi olaraq Xocalı faciəsi qurbanlarını anma mərasimlərində, müxtəlif rayon və qəsəbələrdə soyqırım abidələrinin açılışında iştirak edir. Bu, Azərbaycan xalqının başına gətirilən faciələrə ən yüksək səviyyədə verilən qiymətin göstəricisidir. Bu, o deməkdir ki, Azərbaycan ictimaiyyəti və hökuməti xalqımızın başına gətirilən soyqırımı unutmur, ölkədə böyüyən yeni nəsil bu tarixi faciə ilə bağlı həqiqətləri dərindən mənimsəyir.
Xocalı genosidinin yaddaşlarda daha da möhkəmləndirilməsi məqsədilə hər il ölkə daxilində çoxsaylı kütləvi tədbirlərin keçirilməsi, uşaqlar və gənclər arasında bununla bağlı layihələrin, müsabiqələrin təşkil olunması böyük əhəmiyyətə malikdir. Qeyd etdiyimiz kimi, Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərlə bağlı tarixi həqiqətlərin ölkə daxilində və ölkədən kənarda tanıdılması məqsədilə görülən işlər dövlətin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Bu baxımdan, Azərbaycan hər il olduğu kimi, bu il də Xocalı soyqırımını yad edir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilən “Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı”nda Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anma mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən, teleradio kanallarında, internet şəbəkəsində Xocalı soyqırımına həsr olunan materialların yayılması nəzərdə tutulub.
Sənədə əsasən, ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anma mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər nümayiş etdiriləcək.
Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə şəhid ailələrinə yardımlar göstəriləcək.
Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.
Xocalı faciəsinin beynəlxalq hüquq normalarına əsasən qiymətləndirilməsi...
Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etməsi və azərbaycanlılara qarşı etnik soyqırımının həyata keçirilməsi beynəlxalq hüquq normalarına əsasən qəbul edilmiş konvensiyalara müvafiq surətdə cinayət tərkibli akt kimi dəyərləndirilir. Belə ki, Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib ki, bu da konkret olaraq hərbi cinayət kimi xarakterizə olunur. Həmçinin, azad dəhliz barədə məlumat Xocalı əhalisinin çoxuna çatdırılmayıb ki, bu da müvafiq konvensiyalara ziddir.
Konkret olaraq, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin aşağıdakı maddələrinə ziddir:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır;
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır;
Maddə 5. İnsan ləyaqətini alçaldan, insanlıqdan kənar və qəddar hərəkətlər qadağandır;
Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır;
Həmçinin, Ermənistan Silahlı dəstələrinin hərəkətləri fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə də tam ziddir.
Dünyanın əksər ölkələrində Xocalı qurbanları yad edilir
Xocalı soyqırımı ilə bağlı hər il olduğu kimi, bu il də beynəlxalq miqyasda tədbirlər keçirilir. Ümumiyyətlə, Xocalı soyqırımı və digər faciəli günlərlə bağlı tədbirlər, müxtəlif səpkili aksiyalar ölkədə və ölkədən kənarda təkcə faciənin baş verdiyi tarix ərəfəsində deyil, bütövlükdə il ərzində reallaşdırılır. Bu işdə müxtəlif qeyri-hökumət təşkilatları, o cümlədən, xaricdə yaşayan soydaşlarımız yaxından iştirak edir, dövlətin siyasətinə dəstək olmaqla yanaşı, hər bir kəs üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirir.
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da real və konkret nəticələrini verməkdədir. Bu kampaniya təkcə İƏT ölkələrini əhatə etmir, Avropa məkanında, ABŞ-da, Rusiyada da bu deviz altında genişmiqyaslı tədbirlər keçirilir. Bu kampaniya çərçivəsində görülən işlər dünya ictimaiyyətinin Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərindən xəbərdar olmasına imkan verir.
Dünya dövlətləri Xocalı soyqırımını beynəlxalq cinayət aktı kimi qiymətləndirirlər
Sevindirici haldır ki, görülən işlər öz nəticələrini verməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras və Sudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya parlamentləri, eləcə də, Amerika Birləşmiş Ştatlarının 15 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisidir. Müxtəlif dövlət və ştatların Xocalı soyqırımını tarixi gerçəklik kimi tanıması Azərbaycanın dövlət və ictimai qurumlar səviyyəsində illərlə bu istiqamətdə apardığı davamlı fəaliyyətin nəticəsidir. Bu, o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının və möhkəmlənməsinin qarşısını alır.
Sözsüz ki, qazanılan uğurlar, Azərbaycanın bu sahədə artan fəallığı, ölkəmizin informasiya müharibəsində erməni diasporunun və lobbisinin fəaliyyətini geridə qoyması işğalçı ölkə rəhbərliyinin təşviş və narahatlığını da artırmaqdadır. Çünki Azərbaycanın məqsədyönlü və həqiqətə söykənən təbliğat strategiyası əsl soyqırımının nədən ibarət olduğunu və kimin soyqırıma məruz qaldığını tarixi faktlar əsasında açıq şəkildə ortaya qoyur. Bu gün dünyanın bəzi ölkələrində erməni yalanlarının, erməni diaspor təşkilatlarının ianələrinin girovuna çevrilən siyasətçilər isə 100 il bundan əvvəl baş verdiyi iddia edilən uydurma “erməni soyqırımı” yalanlarını araşdırmaqdansa, cəmi 23 il öncə baş vermiş və hələ də bir sıra şahidlərinin həyatda olduğu, haqqında minlərlə dəlil və fakt olan əsl soyqırımını tanısın ki, dünya bu kimi bəlalarla bir daha rastlaşmasın!
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 635 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31