Multikultural təhlükəsizlik
20.02.2015 [00:34]
Redaksiyadan: Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin təşkil etdiyi ilk virtual “dəyirmi masa”nın mövzusu “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” idi. IV Bakı Beynəlxalq Humanitar Forumun ərəfəsində yerli və xarici ekspertlərin iştirakı ilə keçirilən bu “dəyirmi masa”da müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın qarşılıqlı münasibəti müzakirə olunmuşdur. Müzakirədə əsas fikir ondan ibarət idi ki, bu iki amil bir-birini həmahəng şəkildə tamamlayır, xalqımızın mənəvi dəyərləri sosial-iqtisadi inkişafın təsiri ilə daha da yüksələrək onu həm müşayiət edir, həm də əsas səbəblərindən biri kimi çıxış edir. Belə bir nəticə əldə olunur ki, heç bir iqtisadi sıçrayış mənəvi sıçrayışdan təcrid olunmuş şəkildə baş verə bilməz.
Bugünkü “Dəyirmi masa”nın mövzusu isə belədir: “Multikultural təhlükəsizliyin əhəmiyyəti və onun təmin olunmasının yolları”. Bu mövzu əvvəlki mövzu ilə sıx bağlıdır. Daha konkret desək, bu mövzu əvvəlki mövzunun bir növ məntiqi davamıdır. Bu “Dəyirmi masa”da multikulturalizm fenomeninin mühüm tərkib hissəsi olan və intellektual həyatımıza yavaş-yavaş daxil olan bir anlayış - “multikultural təhlükəsizlik” anlayışı və prinsipləri müzakirə olunur. Yerli və xarici ekspertlər multikultural təhlükəsizliyin mahiyyətini, onun milli təhlükəsizlik sistemində yerini, multikultural təhlükəsizliyin müasir dünyada vəziyyətini, multikultural təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasında görülən işləri müzakirə edəcəklər.
(II “dəyirmi masa”)
Etibar Nəcəfov - professor, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi (Azərbaycan):
- Məlum olduğu kimi, Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti bəyan etmişdir. Bu siyasətin əsas məqsədi ölkədə yaşayan xalqların etnik-mədəni dəyərlərinin qorunmasına, inkişafına və cəmiyyət daxilində bu xalqların inteqrasiyasına nail olmaqdır. Azərbaycanın ərazisində yaşayan bütün xalqların, o cümlədən, milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişafı məsələsinə Azərbaycan Respublikası özünün dövlət siyasətinin həm məqsədi, həm də vasitəsi kimi yanaşır. Bu xalqların etnik- mədəni dəyərlərinin qorunması məqsəd kimi Azərbaycan Respublikasının ümumi inkişafının mühüm hədəflərindən olan demokratik inkişafın, insanların hüquq və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsidir. Bu məsələ Azərbaycan Respublikasının dövlət siyasətinin vasitəsi kimi ölkənin suverenliyini, ərazi bütövlüyünü, demokratik inkişaf yolunu, milli təhlükəsizliyini, xüsusilə də, multikultural təhlükəsizliyini, vətəndaşlarda vətənpərvərlik şüurunun inkişafını, əhalinin rifah və etnik-mədəni dəyərlərini təhdid edən etnik millətçilik, etnik separatçılıq, dini separatçılıq və digər dezinteqrasiya proseslərinin qarşısının alınmasında istifadə olunur.
Multikulturalizm sahəsində Azərbaycan xalqının tarixi ənənələri, bu sahədə dövlətin apardığı məqsədyönlü siyasət və xalq tərəfindən bu siyasətin dəstəklənməsi ölkəmizi dünyanın real multikulturalizm mərkəzinə çevirməkdədir.
Lititsiya Reuss - rəssam, dizayner (Böyük Britaniya):
- Bu artıq bir faktdır ki, Avropa və İslam ölkəsi kimi Azərbaycan öz tarixi və zəngin mədəniyyəti ilə sülh, multikulturalizm siyasəti yolunu seçib bu yolda böyük nailiyyətlər əldə etməkdədir.
Mən keçən il Gəncədə olanda ordakı uşaqları gördüm. Onlar özünə güvənən xoşbəxt, qürurlu və çox ünsiyyətcil idilər. Dünyaya açıq idilər. Qəlbləri məhəbbətlə dolu idi. Mən düşünürəm ki, Azərbaycan öz xalqına daim qayğı göstərir, balacalara diqqətlə yanaşır, tələbələrə təqaüdlər verir, bir sözlə, insanların ən mükəmməl şəraitdə yetişməsi üçün hər cür şərait yaradır. Enerjiniz və xoş niyyətiniz ölkənizi dünyada nadir məkanlardan birinə çevirir. Azərbaycan reallıqla idealların balansını qoruyaraq şərq, qərb, şimal və cənub arasında bir mərkəzdir. Azərbaycanın zəmanəmizin işıq rolunu oynamaq potensialı var. Çünki onun Zərdüştlük atəşindən gələn işıqlı tarixi var.
Məncə, Azərbaycan bu gün dünyanın bir multikulturalizm mərkəzi kimi mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycanın bu missiyasının həyata keçirilməsi istiqamətində atılan mühüm bir addımdır. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizm siyasəti baxımından dünyada parlayan işıqdır.
Galina Heinzelmann-psixoterapevt, Almaniyanın Psixoloqlar və Psixoterapevtlər Assosiasiyası (Almaniya):
- Bu, mənim Azərbaycana artıq 6-cı səfərimdir. Azərbaycana hər gəlişim viza almaq üçün Berlindəki səfirliyinizə müraciətimlə başlayır. Artıq o zamandan mən sizin qonağa olan diqqət və hörmətinizi hiss edirəm. Mənim birinci səfərim Milli Məclisin uşaqların qorunması və onlara qarşı zorakılığın qarşısının alınması üzrə komissiyanın işi ilə bağlı idi. Və mən əllərimi, ayaqlarımı örtən xüsusi paltar alıb gətirmişdim. Tanışlarım da mənə demişdi ki, ehtiyatlı, diqqətli olum. Amma mən buraya gəlib Azərbaycanın gözəl və füsunkar qadınlarını, Milli Məclisin özünə inamlı, müasir əməkdaşlarını görəndə mənim stereotiplərim tamam dəyişdi və mən buna çox sevindim.
Mən sizin şəhəri çox sevirəm. O, öz memarlığı və koloriti ilə çox dinamik inkişaf edən şəhərdir. Düzdür, Azərbaycanı hələ bütün şəkildə gəzməyə tam vaxtım olmayıb, amma gördüyüm Bakı məni sevindirdi. Ölkənizin ən əsas zənginliyi, təbii ki, burada yaşayan və işləyən insanlardır. Azərbaycanda olduğum dövrdə çoxlu sayda gülərüzlü insanların olduğunu gördüm. Mən bunu xüsusi qiymətləndirirəm. Həmçinin, ürəkdən olan qayğı və başqasını dinləmək bacarığı mühüm olan keyfiyyətlərinizdəndir. Mənim ən çox sevdiyim isə insanın sevincdə və kədərdə yalnız olmadığını hiss etməsidir.
Azərbaycan deyəndə qəribə istilik gəlir mənə. Artıq sizə çox bağlandım. Ölkənizin mədəniyyəti, tarixi, musiqi tarixi ilə tanış olanda hiss edirəm ki, sizin ölkəniz ona görə unikaldır ki, multikulturalizm gündəlik həyat norması halını alıb. Multikulturalizm mənə görə sizin ölkənizin ən diqqətəlayiq potensialı olan resursudur. Bu səbəbdən Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri adına tam layiqdir.
Əlikram Abdullayev - professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru:
- Sovet İttifaqı dağıldıqdan sonra bütün postsovet məkanda olduğu kimi, Azərbaycanda da milli-etnik münasibətlər çox gərgin vəziyyət almışdı. Bir tərəfdən bəzi siyasətçilərin türk kökənli azərbaycanlıları hegemon millətə çevirmək niyyətlərinin, digər tərəfdən isə, xarici qüvvələrin təhriki ilə Azərbaycanı parçalamağa çalışan separatçıların cəhdlərinin qarşısının alınması, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, ölkədə mədəni müxtəlifliyin qorunmasının hüquqi əsaslarının, institusional sisteminin yaradılması və bu sahədə müvafiq Dövlət proqramlarının həyata keçirilməsi sayəsində Azərbaycan Respublikasında ahəngdar milli-etnik münasibətlər bərqərar olmuş, nəticədə prinsipcə özündə dini, etnik münaqişə, toqquşma potensialı daşıyan mədəni müxtəlifliyin təhlükəsizlik və inkişaf amilinə çevrilməsinin unikal təcrübəsi yaradılmışdır.
Başlıca beynəlxalq-hüquqi prinsiplər əsasında hazırlanmış Azərbaycan Respublikası Konstitusiyası milli, dini, dil və s. fərqlərə görə heç bir ayrı-seçkiliyə yol vermədən hüquqları hamıya - hər bir insan və vətəndaşa şamil edir. Digər hüquqi-normativ sənədlərdə də milli azlıqların hüquqlarının təmin olunması ilə bağlı bir sıra mühüm müddəalar vardır. Azərbaycanda etnik ayrı-seçkilik təbliğatı və ya davranışı qanunla qadağandır. Milli azlıqların hüquq və azadlıqlarını gözləmək və onları müdafiə etmək qanunverici, icraedici və məhkəmə orqanlarının qarşısında bir vəzifə kimi qoyulmuşdur. Eyni zamanda bu vəzifənin həyata keçirilməsini təmin edən dövlət idarəçiliyi infrastrukturu yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasında uzun müddət Milli siyasət məsələləri üzrə dövlət müşaviri, onun tabeliyində isə milli siyasət üzrə xüsusi şöbə fəaliyyət göstərmişdi. Hazırda bu işi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidməti yerinə yetirir. Bilavasitə multikulturalizm prinsiplərinə uyğun olaraq milli azlıqların dil və mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanması, onların inkişafı daimi dövlət qayğısının predmetidir. Respublikanın dövlət büdcəsindən, Prezidentin ehtiyat fondundan milli azlıqların dil və mədəniyyətlərinin inkişafı üçün ünvanlı vəsaitlər ayrılır. Ümumtəhsil məktəblərində azlıqların dillərinin öyrənilməsinə lazımi diqqət və qayğı göstərilir. Bütün bunlar Azərbaycanın bu gün dünyanın ən ahəngdar mədəni müxtəliflik mərkəzlərindən biri olması fikrini irəli sürməyə əsas verir.
Dr. Liladhar Pendse - Berkli Universiteti (AmerikaBirləşmişŞtatları):
- Dövlətiniz Azərbaycan Respublikasının yaradılmasından bəri əvvəl Heydər Əliyev, sonra isə indiki Prezidentiniz İlham Əliyevin rəhbərliyi altında uzun yol keçmişdir. Məncə, multikulturalizmin verdiyi dərs dünya üçün uğurlu bir başlanğıc ola bilər. Bugünkü dünya çoxmədəniyyətli olmasına baxmayaraq, heç də sakit deyil, çoxlu xoşagəlməz hadisələr baş verir. Mən Azərbaycana gələndə buranın sülhpərvər cəmiyyətini görürəm, ən müxtəlif millətlərin nümayəndələrinin bir respublikada yaşadığını görürəm və bu, valehedicidir. Bizim özümüzlə götürə biləcəyimiz neft, qaz deyil, sizin xoş münasibətiniz, diliniz, sivilizasiyanız, mədəniyyətinizdir. Multikulturalizm başqalarını qəbul etmək deməkdir. Və Azərbaycan mənə bu dərsi keçdi. Mən Humanitar Forumun açılışında yəhudi ravvinin, pravoslav keşişin, müsəlman ruhanisinin və katolik kardinalın bir sırada oturduğunu gördüm. Belə bir mənzərəni başqa harada görmək olar? Yalnız Azərbaycanda. Azərbaycan başqa xalqları qəbul etməyi bacarır. Siz bizi burada xoş niyyətlə qarşılamısınız. Azərbaycanda multikulturalizmin ifadəsi ilə bağlı ən çox bəyəndiyim məqam təkcə başqalarını qəbul etməyiniz, tolerantlığınız deyil, həmçinin, multikulturalizmin təbliğatıdır, multikulturalizmi araşdıran beynəlxalq bir mərkəzin yaradılmasıdır. Məncə, bu, ilk böyük başlanğıcdır. Ümid edirəm ki, bölgənizdəki digər ölkələr də bənzər işlər görəcəklər.
Antonio Villaraigosa - Los Angeles şəhərinin sabiq meri, Kaliforniya Ştatının Məclisinin spikeri (Amerika Birləşmiş Ştatları):
- Düşünəndə ki, on il bundan qabaq Azərbaycanın ümumi daxili məhsulunun həcmi, təqribən, 3-4 milyard dollar idi, bu gün isə onun 60 milyard dollarlıq iqtisadiyyatı var, heyrətə gəlirsən. Sovet İttifaqının dağılmasından sonra belə qısa vaxt ərzində Azərbaycan böyük bir iqtisadi gücə çevrilməklə yanaşı, eyni zamanda, insan inkişafına sərmayə qoymağa xüsusi fikir verdi. Hər yerdə yeni infrastruktur görmək olur. Bütün bunlarla bərabər, siz, həmçinin,ölkə vətəndaşlarınızın birlikdə necə yaşaya biləcəyinə də diqqət yetirirsiniz. Bu, məncə, çox vacib məsələdir. Mən Azərbaycana gəlməyi səbrsizliklə gözləyirdim, ona görə ki, bura nümunəvi ölkədir - təkcə nümunəvi müsəlman ölkəsi yox, həm də burada yaşayan müxtəlif xalqların mədəniyyətlərinə hörmət bəsləməyi aşılayan bir nümunəvi ölkədir. Azərbaycanın sülhpərvər ölkə olması, dünyada gördüyümüz etnik, irqi, dini çəkişmələrə innovativ həll yolları axtarması Azərbaycanın dünyadakı mövqeyi barədə çox şey deyir. 9 milyon insanın yaşadığı bu həcmcə kiçik ölkəyə BMT-nin Təhlükəsizlik Şurasına üzv qəbul olunmaq üçün 150-dən çox ölkə dəstək verdi. Bu onu göstərir ki, ölkənizin nüfuzu artmaqdadır. Onun kiçik olmasına baxmayaraq, o, iqtisadi güc olduğuna, dünyaya neft və qaz ixrac etdiyinə görə, həmçinin mədəniyyətlərarası dialoqun inkişafına töhfə verdiyinə, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyinə görə böyük işlər həyata keçirir. Mən Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirilən multikulturalizm siyasətini ölkənizin multikulturalizmə olan sədaqətinin çox müsbət bir göstəricisi olaraq yüksək qiymətləndirirəm.
Etibar Nəcəfov:
- Müasir dövrdə Azərbaycanın dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınması onun öz multikultural təhlükəsizliyini təmin etməsinə dəlalət edir.
Kamal Abdullayev - AMEA-nın həqiqi üzvü, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri (Azərbaycan):
- Məncə, milli təhlükəsizlik doktrinalarının sırasına yeni bir təhlükəsizlik komponenti də daxil edilməlidir. Bu, multikultural təhlükəsizlik adlandırıla bilər və geniş mənəvi spektri nəzərdə tutardı. Multikultural təhlükəsizliyi çoxmədəniyyətli cəmiyyətin milli təhlükəsizlik sisteminin tərkib hissəsi kimi qəbul edə bilərik. Son zamanlar bu anlayış Azərbaycanın intellektual dairələrində istifadə edilməkdədir. Həqiqət bundan ibarətdir ki, Azərbaycan bu gün öz multikultural təhlükəsizliyini bir sistemə dönüşdürüb bunun ciddi, məsuliyyətli və önəmli dönəmini yaşayır. Təəssüf ki, bütün ölkələr bunu edə bilmir.
Zümrüd Quluzadə - professor, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı (Azərbaycan):
- Tarixi miqrasiyalar nəticəsində yaranmış ümumbəşər mədəniyyəti mahiyyəti etibarı ilə multikulturaldır. Bu bəşər mədəniyyətinin təhlükəsizliyi multikultural təhlükəsizliklə bağlıdır və bu baxımdan multikulturallığa təhlükə bəşər mədəniyyətinə təhlükə kimi dəyərləndirilməlidir. Yenə də tarixdən məlumdur ki, sosial qarşıdurma, aqressiya forması olan terrorun səbəblərindən biri müxtəlif mədəniyyətə və mədəniyyət daşıyıcılarına qarşı yönəlmiş təxribatlar olub. Multikultural təhlükəsizlik mədəniyyətdaxili siyasi-ideoloji münaqişə və təxribatlarla bağlı olub. Həmin təxribatların səbəb-nəticə əlaqələrinin tədqiqi cəmiyyətdə maariflənmə yolu ilə mənəvi və fiziki qırğınlara aparan siyasi və ideoloji təmayülləri zəiflədə və müəyyən mənada aradan qaldıra bilər.
Mədəni və multikultural təhlükəsizlik müxtəlif və ilk növbədə, maariflənmə və hüquqi yollarla təmin edilə bilər. Hazırda cəmiyyətdə müxtəlif pərdələr altında reallaşan təxribatların ortadan qaldırılması bu sahədə beynəlxalq qanunvericilik, vahid hüquqi standartlar və onların effektiv həyata keçirilməsi yollarının olmasını tələb edir.
Cəmalüddin Hüseyn-professor, Pürdü Universiteti, (Amerika Birləşmiş Ştatları):
- Mən ilk dəfə Azərbaycana 1999-cu ildə gəlmişəm. O zaman sizin ölkəniz çox da zəngin deyildi. Ümumi daxili məhsulunuz o zamandan bəri 6 dəfədən çox artıb. Mən ABŞ iqtisadiyyatını araşdıran bir alim kimi demək istəyirəm ki, bu, çox böyük göstəricidir və ölkənizi bu münasibətlə təbrik etmək istəyirəm. Azərbaycanda Beynəlxalq Humanitar Forum kimi tədbirlərin keçirilməsi strateji addımdır. Çünki müxtəlif ölkələrdən, beyin mərkəzlərindən gəlmiş alimlərə öz təcrübələrini və biliklərini bölüşməyə imkan yaradılır. Mənə də öz təcrübəmi bölüşməyə şərait yaradıldığı üçün təşəkkür edirəm.
İlk gündən bizə məlum oldu ki, biz tolerant ölkə olan Azərbaycandayıq. Sizdə kilsələr, sinaqoqlar, məscidlər bərabər və sülh şəraitində fəaliyyət göstərirlər. Bu, bir tərəfdən sizin qeyd etdiyiniz multikultural təhlükəsizliyin təmin olunması üçün əlverişli şərait yaradır, digər tərəfdən isə, ölkəniz və region üçün çox önəmlidir.
Kamran İmanov- professor, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri:
- Deyilənlər multikultural təhlükəsizliyin vacibliyini bir daha təsdiq edir. Onun təmin olunması üçün, birincisi, mədəni fraqmentasiyaya kömək etməyən və ictimai inteqrasiyanın universal dəyərlərinə zidd olmayan mədəni müxtəlifliyi dəstəkləyən modelin düzgün seçilməsi vacibdir. Kompromis axtarışı mümkündür, belə ki, tərəflərin məqsədləri bir-birinin əksinə deyildir, bu sıfır cəmli oyun deyil. Buna görə çoxtərəfli əməkdaşlıq, informasiya mübadiləsi, bir sözlə, dialoqun səmərəli formaları tərəflərə fayda gətirir. İkinci, nəzərə almaq vacibdir ki, mədəniyyət “mədəni müxtəliflik” kimi bir mürəkkəb sistem çərçivəsində cəmiyyətlə qarşılıqlı fəaliyyət göstərir. Yuxarı səviyyə olan sosiumda müxtəlifliyin artması həmişə mədəniyyətin aşağı səviyyəsində müxtəlifliyin məhdudlaşmasına gətirib çıxarır. Aşağı səviyyədə müxtəlifliyin artması (mədəniyyət) isə yuxarı səviyyədə, yəni sosiumda mədəni müxtəlifliyi azaldır ki, bu da bütövlükdə sistemin entropiyasının (qeyri-müəyyənliyinin) artmasına səbəb olur. Lakin sistemin entropiyasının artması informasiya və idarəetmə nəzəriyyəsinin - Eşbinin “zəruri müxtəliflik” qanununun fundamental prinsiplərinin pozulmasına gətirib çıxarır. Buradan belə alınır ki, ya mədəniyyətin özünütənzimləmə potensialı sistemin entropiya çəkisini tənzimləyərək arzu olunan balansın bərpasına və sosiumu mövcudluğun yeni şərtlərinə uyğunlaşmasına gətirib çıxaracağını uzun müddət “gözləmək”, ya da ənənələrə əsaslananlar da daxil olmaqla, adekvat dövlət qərarları qəbul etmək lazımdır. Bu şəraitdə mədəni irsin qorunması, tarixi yaddaşın qorunub saxlanması, tarixin təşviqi, etnik və mədəni identiklik məsələləri ön plana çıxır. Hesab edirəm ki, danışıq meydanı miqrant azlığından heç olmasa onları qəbul etmiş ölkənin tarixi və dəyərlərinin minimum səviyyəsinə malik olmağı tələb edir. Üçüncüsü, mədəni hüquqlarda daha çox ifadə olunan mədəni müxtəliflik mədəni relyativizmin yanlış tezisindən irəli gələrək, universal vətəndaş hüquq və azadlıqları ilə toqquşmamalı, onları əvəz etməməlidir. Çünki universal hüquqlar və azadlıqlar insan ləyaqətinin müdafiəsini təmin edən minimum hüquqi standartlardır, mədəni standartlar deyildir. Mədəni hüquqlar isə qeyri-məhdud olmur və o vaxta kimi həyata keçirilir ki, onların istifadəsi insanların digər hüququnu pozmur.
Ervin Neher - professor, fiziologiya və tibb üzrə 1991-ci il Nobel mükafatı laureatı, (Almaniya):
- Azərbaycana ilk dəfə gələcəyim üçün bir müddət əvvəl həyat yoldaşımla birlikdə Azərbaycan haqqında məlumat topladıq. Azərbaycanın inkişaf göstəriciləri, eləcə də, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkənizdə bərabər şəraitdə yaşadığı haqqında bir çox məxəzdən məlumat aldıq. Azərbaycan multikultural və multietnik ölkədir və bu baxımdan müxtəlif ölkələrdən olan alimləri bir araya toplamaq baxımından çox əlverişli məkandır. Azərbaycanda gördüklərim çox təsirlidir, gözəldir. Ölkəniz, düşünürəm ki, düzgün yoldadır. Ölkənizə inkişafını davam etdirməyi, sülh şəraitində yaşamağı, davamlı iqtisadi inkişafa nail olmağı arzu edirəm.
Etibar Nəcəfov:
- Əgər 5-10 il bundan əvvəl Azərbaycan dünyada zəngin karbohidrogen resurslara malik olan ölkə kimi tanınırdısa, indi o, artıq həm də dünyanın multikulturalizm mərkəzi kimi tanınır. Multikulturalizm Azərbaycanın tək daxili siyasətinin deyil, onun xarici siyasətinin də əsas istiqamətlərindən birini təşkil edir. Bu, özünü, ilk növbədə, Azərbaycanın beynəlxalq terrorizmə, radikalizmə qarşı mübarizəyə çox fəal şəkildə qoşulmasında büruzə verir. Bu mübarizəyə başçılıq edən dövlətlərin rəhbərləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər. Avropa Komissiyasının keçmiş sədri Joze Manuel Barrozu cari ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumunda çıxış edərkən Azərbaycanın və Qazaxıstanın müasir müsəlman ölkələri kimi fundamentalizmə və terrorçuluğa qarşı sədd olmaqda rolunu yüksək qiymətləndirmişdir. Bu gün ölkəmizdəki multikultural durumu dünya dövlətləri öyrənmək, onu tətbiq etmək istəyirlər.
Kamal Abdullayev:
- Prezident İlham Əliyev yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu çərçivəsində “Regionların transformasiyası: Avrasiya” mövzusunda təşkil olunmuş sessiyadakı çıxışında radikalizmin bütün ölkələr üçün təhlükə olduğunu və Azərbaycanın bu təhlükəyə qarşı təşkil olunmuş mübarizədə böyük rol oynadığını göstərərək ölkəmizin Avropa üçün əhəmiyyətinin təkcə neft və qazla ölçülmədiyini, onun müasir və dünyəvi müsəlman ölkəsi olmaqla yanaşı, özünün geosiyasi mövqeyi hesabına radikalların Avropa qitəsinə daxil olmasında təbii maneəyə çevrilməsini qeyd etmişdir. Belə bir maneəyə çevrilmək prosesi dövlətçilik iradəsi ilə yanaşı, həm də Azərbaycanın daxili mənəvi potensialına arxalanır. Bu potensialın Azərbaycan multikulturalizmi adlandırıla bilən böyük və möhtəşəm layı var. Onu öyrənmək və təşviq etmək vacibdir. Elə buna görə də, nəzərdə tutmuşuq ki, bu gün hazırladığımız “Azərbaycan multikulturalizmi” adlı tədris proqramı əsasında həm xarici ölkə universitetlərində, həm də öz universitetlərimizdə xüsusi dərslər aparılsın. Artıq bu layihə, demək olar ki, işə başlayıb və öz ölkəsində Azərbaycan multikultural təcrübəsini öyrənmək istəyən universitetlərin sayı artmaqdadır.
Aksel Müller - professor, Orta Əsr Tədqiqatları İnstitutu, Lids Universiteti (Böyük Britaniya):
- Məncə, qlobal kontekstdə Azərbaycanın gözəl mövqeyi var - Rusiya və İran arasında. Siz müxtəlif mədəniyyətlərin qovuşduğu yerdəsiniz və aparıcı rol oynaya bilərsiniz. Siz müxtəlif mədəniyyətlərin nümayəndələrini bir araya gətirirsiniz. Mən ümid edirəm ki, Azərbaycan həm də bundan yararlana və müxtəlif mədəniyyətlərin görüş nöqtəsinə çevrilə bilər. Bu da Azərbaycan cəmiyyətinə fayda verər. Bundan əminəm.
Etibar Nəcəfov:
- Bizi bu gün belə bir sual düşündürməyə bilmir. Multikulturalizm sahəsində zəngin təcrübəyə malik olan Qərbi Avropa dövlətləri indiki dövrdə öz multikultural təhlükəsizliklərini təmin edə bilirlərmi?
Əlikram Abdullayev:
- Təbii ki, yox. Bu gün Qərbdə cərəyan edən təlatümlər milli, mədəni fərqlər, sivilizasiyalararası fərqlər boyunca uzanıb gedən maraqlardan qaynaqlanır. Ona görə də multikulturalizm ideyası, xüsusilə də onun siyasi praktikası Qərbdə elə ilk vaxtlardan millətçilərin hücumlarına məruz qalır. Son zamanlarda isə bu hücumlar daha da güclənmişdir. Hətta müvafiq konvensiyalara imza atmaqla və müxtəlif inkişaf strategiyalarını işləyib həyata keçirməklə bu ideyaya, bu siyasətə həyat vəsiqəsi vermiş Böyük Britaniya, Almaniya, Fransa kimi dövlətlərin liderləri multikulturalizmin iflasa uğradığını, ondan imtina etdiklərini yüksək tribunalardan bəyan edirlər. Bu yaxınlarda Parisdə “Şarli Ebdo” jurnalının əməkdaşlarının qətlə yetirilməsi ilə bağlı baş verən faciəli hadisələr multikulturalizm əleyhdarlarının mövqelərinin möhkəmlənməsinə səbəb oldu və bütünlükdə Avropada mədəniyyətlərarası münaqişə risklərinin artmasına güclü təkan verdi. İndi Avropada multikulturalizm dərin böhran keçirir.
Əlbəttə, bunu kimlərinsə biliksizliyi, bacarıqsızlığı və ya qəbahəti kimi izah etmək sadəlövhlük olardı. Avropa bu gün çox çətin problemlərlə üz-üzədir. Hazırda dünya iqtisadi və hüquqi məkanı əvvəlki maneələrdən azaddır və buna görə də insanlar miqrasiyaya çox meyillidirlər. Təkcə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrindən hər il 4 mln. nəfər öz daimi yaşayış yerini dəyişməyə qərar verir. Digər Avropa ölkələri də bu prosesi yaşayır. Onların yerini isə daha böyük axın şəklində gəlmələr tutur. Bu, qarşısıalınmaz bir prosesdir və Avropa qlobal miqyasda cərəyan edən həmin proseslərin mərkəzindədir. Bu gün Avropa paytaxtlarının bir çoxunda gəlmələr şəhər sakinlərinin 1/3-ə qədərini təşkil edir. Digər tərəfdən, əgər ABŞ, Avstraliya, Yeni Zelandiya, Sinqapur kimi ölkələrə gələnlərin etnik tərkibi çox müxtəlifdirsə, Avropa miqrantlarının mütləq əksəriyyətini ərəblər (Fransada), türklər (Almaniyada) təşkil edir. Həm də həmin insanlar cəmiyyətə çətin inteqrasiya olunurlar və ya bunu heç etmək istəmirlər. Özlərinin qapalı mikrocəmiyyətlərini formalaşdırır və onun qaydaları ilə yaşayırlar. Avropanın mənzərəsi dəyişir. Bu, yerli əhalidə “Avropa dəyərlərinin itirilməsi” qorxusunu yaradır. Nəticə isə islamofobiyanın bütün Avropanı bürüməsi olur. Multikulturalizmin iflasıdırmı? Zənnimcə, bunu multikulturalizmin iflası kimi qələmə vermək doğru olmaz. İflasa uğrayan multikulturalizm ideyası deyil, bütünlükdə bu sahədəki Avropa təcrübəsidir. Yaranmış vəziyyət bir tərəfdən miqrantların lazımi peşə hazırlığının, özgə etnik mühitdə ünsiyyət və davranış səriştəsinin qıtlığı, daxil olduqları ölkənin mühitinə, həyat tərzinə inteqrasiya oluna bilməməsi, bir çox hallarda isə bunu etmək istəməməsi ilə, digər tərəfdən isə qəbul edən ölkənin yeni şəraitə adekvat olan siyasət hazırlayıb həyata keçirə bilməməsi ilə bağlıdır. Ən acınacaqlı olan budur ki, informasiya yayımı azadlıqla məsuliyyətin hüdudunu gözləmir, bəzi hallardasa hətta açıq-aşkar fitnəkarlıq səciyyəsi daşıyır. Milyard yarım insanın dini hisslərini təhqir edən məlum karikaturalar hətta bəzi dövlət başçıları tərəfindən onların özlərinin imzaladıqları çoxsaylı beynəlxalq sənədlərin nəinki ruhuna, hətta hərfinə zidd olaraq, sadəcə, öz fikrini ifadə etmək azadlığı kimi qiymətləndirilir. Bu, fəlakətdir.
Qanunvericilikdə çoxlu boşluqlar var. 2000-ci illərin ortalarında həmin bu “Şarli Ebdo” və “Liberasion”da İsa peyğəmbərin biabırçı karikaturasını və Danimarka jurnalında Məhəmməd peyğəmbərin karikaturasını götürüb çap edənlərə, “Şarli Ebdo” və “Liberasion”a qarşı bu faktlarla bağlı iddia qaldırılanda məhkəmə buna heç bir reaksiya vermədi. Əksinə, bir-birinin ardınca bir neçə Avropa ölkəsi cinayət məcəlləsindən dini hisslərin təhqiri ilə bağlı müddəaları götürdü.
Güman edirəm ki, multikulturalizm bu gün istər yerli, istər regional, istərsə də beynəlxalq təhlükəsizlik üçün taleyüklü bir məsələdir və Azərbaycan multikulturalizminin təcrübəsi bu məsələnin həllinə ciddi töhfədir.
Kamran İmanov:
- Qeyd edildiyi kimi, Avropanın üç aparıcı dövləti olan Almaniya, Böyük Britaniya və Fransanın liderləri tərəfindən multikulturalizmin iflasa uğradığı elan edilmiş, multikulturalizmin “ziddiyyətli” olduğu qabardılmış, amma bununla belə onlardan heç biri müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir dövlətdə sülh şəraitində yaşamasının vacibliyini şübhə altına almamışdır. Buna görə də Qərbi Avropada multikulturalizmin “iflası” ilk növbədə etnik, irqi və dini icmaların bir ölkədə təşkil olunma və qarşılıqlı fəaliyyəti üzrə dövlətin düzgün seçilməmiş paradiqmasına və multikulturalizmin dezinteqrasiyasına gətirib çıxaran səhv siyasi strategiyaya söykənir.
Doğrudan da, bəzi yerlərdə permanent miqrasiyalar, “kolonizasiya əksinə”, Avropa meqapolislərini mədəni-qeterogen mühitə, miqrantların və onların sonrakı nəsillərinin paralel olan gettoizasiyasına gətirib çıxardı. Onların adaptasiyasını yumşaltmaq məqsədi ilə miqrantları mədəni kontekstdən “çıxartma” və “daxiletmə” - qütblər arasında balanslaşdırma siyasəti isə uğursuzluqla nəticələndi.
Dövlət başçımızın dediyi kimi, multikulturalizmin alternativi yoxdur. Şübhəsiz ki, bu tezisi adekvat siyasət və praktika şəraitində həyata keçirmək olar. İnteqrasiyanın iki modelinin - irqiliyi və etnikliyi nəzərdə tutan plüralizm dəyərlərinə əsaslanan “Britaniya” modelinin və müxtəlifliyi inkar edən Respublika dəyərlərinin tanınmasına əsaslanan “fransız” modelinin müqayisəsi göstərir ki, açıq ritorikanın (plüralist və ya inteqrasionist formalarından asılı olmayaraq) nəticəsi, təxminən, eyni dərəcədə uğursuz olmuşdur. Başlıcası odur ki, inteqrasiyanın uğuru bir çox obyektiv və subyektiv amillər çoxluğu ilə müəyyən olunur və bunlardan da prioritet olanları sosial-iqtisadi amillərdir. Müasir demokratik dövlətlər demoqrafik reallıqlarla bağlı mədəni fərqliliyin siyasi akkomodasiyası ilə məşğul olmaya bilməzlər.
Nəzəri yanaşmaların təftiş olunması professor Amartiya Senin “fərdi azadlıqlar və mədəni seçim” modeli kimi mədəni siyasətin yeni strategiyalarına gətirib çıxardı. A.Senə görə, fərdlərə onların öz seçimi əsasında, başqa variantları qiymətləndirməyə real imkanı olmaqla, yaşamaq və mövcud olmaq hüququ verilməlidir, onların individual seçimi ilə əvəz olunmaqla identikliyin qrup formaları zəifləməlidir. “İdentiklik - sıfır nəticəli oyun deyildir”. “Özünəməxsusluğun bir növü nə qədər çoxdursa, digəri o qədər azdır” və buna görə də çoxluq olan identiklik barədə danışmaq daha düzgündür və bu, qeyri-səlis çoxluqlar analogiyasına uyğun olaraq hansısa birinin olması və ya olmamasına əsaslanmır, hər birinin bu və ya digər dərəcədə olmasını nəzərdə tutur.
Başqa alimlər də, məsələn, professor Seyla Benhabib də göstərir ki, yalnız fərdin özünün bu və ya digər sosial icma və ya mədəniyyətlə identifikasiya etmək hüququ vardır və əgər özünüidentifikasiya əvəzinə bu proses məcburi həyata keçirilərsə, onda bu artıq multikulturalizm deyildir. Onun fikrincə, mədəni qrupların institusionalizasiyası şəxsi identikliyi qrup identikliyi ilə əvəz edir və bununla Qərb cəmiyyətlərində öz iddialarını üzvlərinin mədəni xüsusiliyi ilə əsaslandıran keyfiyyətcə yeni siyasi qrupların yaranmasına kömək edir.
Zümrüd Quluzadə:
- Əlikram müəllimin toxunduğu “Şarli Ebdo” həftəlik satirik jurnalla və ona qarşı terrorla bağlı aşağıdakıları söyləmək istərdim:
Məlum olduğu kimi, həmin jurnal söz azadlığı pərdəsi altında antimədəni dəyərlərə xidmət edib və etməkdədir. Jurnalın sivil cəmiyyətin əxlaq normalarına uymayan yazı və karikaturalarına görə 1960-cı ildə fəaliyyəti dayandırılmışdı. Lakin sonradan yenidən fəaliyyətə başlayan jurnal təxribatlarla dolu fəaliyyətini də davam etdirdi. Bunların içərisində İsa peyğəmbər, Məryəm ana və Məhəmməd peyğəmbərə qarşı yönəlmiş təxribatçı təhqirlər xüsusi yer tutur. Bu təhqirləri demokratik cəmiyyətin qəbul etdiyi söz azadlığı kimi heç cür anlamaq və qəbul etmək olmaz. Zənnimizcə, onlar vaxtında hüquqi baxımdan dəyərləndirilməli və kortəbii qarşıdurmalara səbəb olmamalı idilər.
Terrora gəldikdə beynəlxalq elm, hüquq və bütövlükdə ictimai fikirdə bu hadisənin dəqiq təyini yoxdur: partizanların fəaliyyətini və yaxud müasir Ukraynada qarşı-qarşıya duran qüvvələri hansı meyara əsasən terrorçuluqda ittiham etmək olar? Lakin zorakılıq təzahürü olduğuna görə, sözsüz ki, terror qəbuledilməzdir.
Zənnimizcə, cəmiyyətdə əmin-amanlıq naminə, multikultural mahiyyətə malik mədəniyyətin və multikulturallığın təhlükəsizliyi naminə aqressiya və terrorla yanaşı, aqressiya və terrora sövq edən müxtəlif siyasi, ideoloji, bədii və digər formalarda çıxış edən hər bir şəxs və qurum fəaliyyətinin nəticəsinin təhlükəsizliyindən asılı olaraq ictimai qınağa və cinayət məsuliyyətinə cəlb edilməlidir. Terroru pisləmək və eyni zamanda, “Şarli Ebdo”nun təxribatçı mövqeyini dəstəkləyərək yeni təxribatlara imkan yaratmaq məntiqdən kənar və qəbuledilməzdir. Hazırda bir sıra dövlətlərdə miqrantlara qarşı yönəlmiş eybəcər antimultikultural və assimilyasiya siyasəti tarixən miqrasiyalar yolu ilə təşəkkül tapan bəşəri multikultural mədəniyyətə ümumbəşəri dəyərlər olan humanizm və demokratizmə ziddir.
Etibar Nəcəfov:
- Multikulturalizmin müasir dövrdə Avropada fiaskoya uğramasına istinad edərək bəzi müəlliflər onun Azərbaycanda da baş tutmasına şübhə ilə yanaşırlar. Bu şübhəni yayanlar, təxminən, belə düşünürlər: “Əgər demokratiyanın meydana gəldiyi və müasir dövrdə demokratik ənənələrin, təcrübənin geniş yayıldığı bir sıra Qərbi Avropa ölkələrində multikulturalizm iflasa uğrayırsa, kommunist sistemindən yenicə qurtulmuş Azərbaycanda multikulturalizmin şansı ola bilməz”.
Kamal Abdullayev:
- Şübhəsiz, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi azdır. Amma mənəvi təcrübəsi böyükdür. Dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Bu da, təbii ki, multikultural mühitin Azərbaycan cəmiyyətinə ilkcədən xas olmasına bir sübutdur. Baxın, multikultural dəyərlər harada iflasa uğradı? O ölkələrdə ki, ölkə artıq duruşmuş hala gələndən sonra ora “süni” şəkildə - miqrasiyaların yeni dalğası ilə artıq tanış olmayan multikultural dəyərlər, yad baxışlar gəlməyə başladı. Və özünü tutmuş orqanizm bunu qəbul etmədi. Azərbaycanda isə ilkcədən bu dəyərlər süni olmadı, çünki onlar təbii halda başlanğıcdan bir yerdə idi. Əsas məsələ budur. Elə buna görə də Avropa ilə müqayisə edib “Azərbaycanda da multikulturalizm iflasa uğrayacaqdır” kimi pessimist nəticəyə gəlmək düzgün deyil. Bəlkə də biz metodoloji olaraq, “ilkin miqrasiya”, “sonrakı miqrasiya” anlayışlarını bir-birindən fərqləndirməliyik. İlkin miqrasiya, əslində, bəlkə də, sözün əsl mənasında, heç miqrasiya deyil, müxtəlifliyin bir yerdə, yanaşı mövcudluğudur.
Azərbaycanda olan kimi, bu gün multikulturalizmin bu və ya digər cəmiyyətdə uğurla yayılması bir sıra digər faktorlardan da asılıdır. Qeyd olunduğu kimi, bizim təcrübəmizin öyrənilməsinə dünyada böyük maraq vardır. Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu təcrübəsinin səbəbinə gəldikdə isə bir daha onu qeyd etmək lazımdır ki, Azərbaycandakı multikulturalizm kənardan cəmiyyətimizə gətirilməmişdir, “ixrac” edilməmişdir. Burada sonrakı miqrasiyalara qarşı təbii “peyvənd sindromu” vardı. Burada multikulturalizm əsrlər boyu uzun təkamül yolu keçərək formalaşmış və geniş yayılmışdır. Azərbaycandakı mövcud multikultural mühit xalqımızın (ölkəmizdə yaşayan bütün xalqların) tarixindən, adət-ənənələrindən, mənəviyyatından, şifahi xalq ədəbiyyatından, dünyagörüşündən, dilindən (dilimizin vaxtilə rus demokrat maarifçiləri tərəfindən qiymətləndirilməsini xatırlayaq. Bestujev-Marlinskiyə görə, fransız dili Avropada ünsiyyət vasitəsi rolu oynadığı kimi, Azərbaycan dili də Qafqazda həmin rolu oynayırdı) irəli gəlir. Bütün bu sadalanan faktorlar (“peyvəndlər”) Azərbaycandakı mövcud multikultural mühiti formalaşdırmış, onun müasir dövrün sınaqlarından uğurla keçməsinə kömək etmişdir. Məhz bu faktorlar Azərbaycan multikulturalizmini yaşadır, onu davamlı edir. Məhz bu faktorların hesabına Azərbaycandakı mövcud multikultural mühit Avropadakı ilə müqayisədə daha qədim, daha möhkəm və daha dayanıqlıdır. Multikulturalizm baxımından Azərbaycan özünütutmuş cəmiyyətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib. Zənnimcə, əsrlər ərzində, o cümlədən, sovet dövründə yaranan müsbət meyillər müasir Azərbaycanda möhkəmlənir. Bu da ölkəmizdə milli həmrəyliyin əsası, müasir dinamik inkişafın təməlidir”. Elə buna görə də, Azərbaycan kimi ölkələr multikulturalizm siyasətinin yeridilməsi sahəsində yaranan problemlərə sinə gərməyi bacarır.
Etibar Nəcəfov:
- Zümrüd xanım və Əlikram müəllim öz çıxışlarında yeni ilin əvvəllərində Parisdə baş vermiş terror aktına toxundular. Qeyd olunan hadisə Fransanın multikultural təhlükəsizliyinin zəif olduğunu göstərdi. Fransada multikultural təhlükəsizlik Azərbaycandakı kimi qorunsaydı, bu qanlı hadisələr baş verərdimi?
Kamal Abdullayev:
- Azərbaycanın 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında Prezident İlham Əliyev qeyd etmişdir: “...ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi”. Cənab Prezident “xoşagəlməz hallar” dedikdə həm də bu iclasdan bir neçə gün əvvəl Parisdə baş vermiş terror aktını (“Şarli Ebdo” jurnalının əməkdaşlarının qətlə yetirilməsi) nəzərdə tuturdu.
Azərbaycan da bütün sülhsevər ölkələr kimi “Şarli Ebdo” jurnalının redaksiyasında baş vermiş terror aktını qətiyyətlə pisləmişdir. Lakin Azərbaycan bəzi Avropa dövlətlərindən fərqli olaraq “multikulturalizmin fiaskoya uğraması” və yaxud “multikulturalizmin gələcəyi yoxdur” fikrini öz timsalında qətiyyətlə rədd edir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”. Elə buna görə də bu alternativlərin reallaşdırılmaması üçün biz multikulturalizm sahəsində əsrlər boyu əldə etdiyimiz təcrübəmizi hamı ilə bölüşməyə hazırıq.
Şimon Lankri - Akko şəhərinin meri (İsrail):
- Fransanın paytaxtı Paris şəhərində baş verən son terror hadisəsi bir daha onu göstərir ki, müasir dünyamızda ölkənin inkişafı və təhlükəsizliyi onun yalnız iqtisadi, hərbi gücü ilə deyil, həm də ölkədə tolerantlığın səviyyəsi ilə ölçülür. Azərbaycan haqqında çox eşitmişdim, amma burada gördüklərim fikirlərimi 90 faiz daha yaxşı istiqamətdə dəyişdi. Bakı şəhəri elə ilk görünüşdə inkişaf etmiş bir ölkənin paytaxt şəhəri təsiri bağışlayır. İnsanlarınız da çox gülərüzdür. Bu ölkədə fərqli milli azlıqların və müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində birgə yaşayışının səbəbi də azərbaycanlıların çox tolerant olmasıdır.
Müxtəlif milli azlıqların və fərqli dinlərin nümayəndələrinin birlikdə dinc şəraitdə yaşadığı və qarşılıqlı hörmət əsasında formalaşdırdığı cəmiyyətlərdə sabitlik daha etibarlıdır. Fikrimi əsaslandırmaq üçün deyim ki, əgər bu gün Azərbaycanda olan multikultural vəziyyət Fransada olsaydı, orada son olaylar baş verməzdi. Qərbi Avropa ən qısa zamanda Azərbaycan multikulturalizmini dərindən öyrənməlidir.
Etibar Nəcəfov:
- Demək olar ki, bütün çıxış edənlər Azərbaycanın multikulturalizm sahəsində böyük nailiyyətlər əldə etdiyini qeyd etdilər. Bunu dünya intellektualları da etiraf edirlər. Bununla əlaqədar ortaya hamını maraqlandıran bir sual çıxır - multikulturalizm sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlərinin səbəbi nədir? Azərbaycan multikulturalizminin belə bir inkişafı nə ilə izah olunur?
Kamal Abdullayev:
- Xarici jurnalistlər, dövlət xadimləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən dəfələrlə ölkəmizin multikulturalizm sahəsindəki uğurlarının səbəbini soruşurlar. Soruşurlar ki, necə olur ki, sizin ölkədə müxtəlif dini liderlər bir-birinə münasibəti belə səmimi və dostluq şəraitində qura bilir?! Cavab sadədir. Hər şeydən əvvəl məlum ənənələrə əsaslanaraq Azərbaycanda bu məsələnin doğru-düzgün siyasi həlli tapılmışdır. Ölkə başçısının bu dini konfessiyalara eyni dərəcədə diqqət və qayğısı müəyyənləşmişdir. Bərabər münasibət də öz növbəsində konfessiya rəhbərlərinin bir-birinə və dövlətə loyal münasibətini şərtləndirmişdir. Əsası Ulu öndər tərəfindən qoyulmuş bu qədər sadə, eyni zamanda, bu qədər müdrik bir həll mexanizmi. Multikultural təhlükəsizliyin siyasi bünövrəsi elə budur. Amma bu, dünyada hər yerdə belə deyildir. Alimlər, jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər bəzi hallarda öz ölkələrində dinlərarası münasibətlərin gələcəyinə o qədər də müsbət baxmırlar, yanaşmırlar. Azərbaycanın təcrübəsini öyrənmək bu məqamda faydalı olar.
Prezident İlham Əliyev xalqa Yeni il təbrikində belə dedi: “Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır”.
Ziqlinde Hartmann - Almaniyanın Vürtsburq Universitetinin orta əsr alman ədəbiyyatı üzrə professoru (Almaniya), Bakı Slavyan Universitetinin professoru:
- Azərbaycan rəhbərliyinin həyata keçirdiyi multikulturalizm siyasəti Azərbaycanda çox ciddi mövzudur. Multikulturalizm məsələsi ölkənin dərin tarixi köklərində özünü büruzə verir. Bu bir dəyərdir, siz və biz bunu ortaq şəkildə öyrənib bəhrələnməliyik. Əlbəttə ki, ilk növbədə ölkənin inkişafının bu işdəki rolu danılmazdır. Durmadan inkişaf edən iqtisadiyyatı Azərbaycanı digərləri üçün həm maraqlı, həm də faydalı limana çevirir. Sovet dövründə Qərbi Avropadan heç kimin bura səfər etmək imkanı yox idi. Bura qapalı ölkə idi və bunun da fəsadları göz önündə idi. Təkcə Eurovision mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi görün nə qədər avropalının bu Xəzər sahilində yerləşən ölkəyə münasibətini dəyişdi. Onlar buradakı iqtisadi inkişaf potensialından heyrətlənirdilər. Azərbaycana səfər edən xaricilər üçün burada gözəl şanslardan biri səmimi insanlarla görüşmələri idi.
İlk növbədə milli ruhun, milli kimliyin formalaşdırılması lazımdır. Gələcək “nəsil ağacı” məhz o milli köklərin üzərində dayanacaq. Köklər olmadan ağacın böyüməsi mümkünsüzdür. Keçmiş tarix və dəyərlərə nəzər saldıqda isə kifayət qədər dəyərli bir xəzinənin şahidi oluruq.
Bu gün Azərbaycan Qərblə Şərq arasında (Şərqə Rusiya da demək olar) balanslaşmış bir siyasət yeridir. Və bu siyasət tezliklə Azərbaycanı Xəzər regionunun həyatında əhəmiyyətli rol oynayan bir ölkəyə çevirəcək.
Kamran İmanov:
- Azərbaycanda bütün etnik təbəqələrin mədəni norma və dəyərlərini özünə hopdurmuş unikal etnik dünya yaranmış, burada yüz illər boyunca inteqrativ birliyin və multikulturalizm adlanan mədəni özünəməxsusluğun mədəni kapitalı toplanmışdır. Bu, bizim sərvətimiz və hədsiz üstünlüyümüzdür. Ənənə elə keçmişimizdir ki, onsuz indiki zamanın gələcəyi yoxdur. Bu ənənələrdən biri də Azərbaycan xalqına məxsus olan və Azərbaycanın dövlət siyasəti əsasında qayğı ilə idarə olunan multikulturalizm ənənəsidir.
Etibar Nəcəfov:
- Beləliklə, multikultural təhlükəsizliyin təmin olunması dedikdə hər hansı bir ölkədə ilk növbədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiə olunması, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi nəzərdə tutulur. Bundan başqa, cəmiyyətdə multikultural təhlükəsizliyin təmin olunmasının mühüm hədəflərindən biri cəmiyyət daxilində insanların müxtəlifyönlü inteqrasiyasına nail olmaqdır. Tarixi təcrübə göstərir ki, çoxmədəniyyətli dövlətlərin əksəriyyəti, o cümlədən Qərbi Avropa dövlətləri bu məsələyə, yəni multikultural təhlükəsizliyin təmin olunmasına, obyektiv, bəzən isə subyektiv səbəblərdən kifayət qədər ciddi yanaşmırlar. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması sahəsində yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olur. Bu, məsələn, Ermənistanda yaxın keçmişdə belə hallara gətirdi. Son dövrdə Avropanın bir sıra ölkələrində radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyllərinin artması qeyd olunanların bariz nümunəsidir. Azərbaycan isə başqa siyasi istiqamətlərdə olan kimi, burada da öz yolunu gedir. Azərbaycanın multikulturalizm sahəsində, ölkədə multikulturalizm təhlükəsizliyinin təmin edilməsində olduqca zəngin və unikal təcrübəsi və böyük nailiyyətləri vardır. Bu dəyirmi masa çərçivəsində biz onların xarici ölkələrdə öyrənilməsi və tətbiq edilməsi vacibliyini vurğuladıq. Bu işdə biz hamımız birlikdə fəallığımızı artırmalı, müxtəlif layihələr irəli sürüb gerçəkləşdirməliyik.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

