Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aparılan islahatlar Azərbaycanda dünya standartlarına uyğun mütərəqqi vergi sistemi qurulmasını təmin edib

Aparılan islahatlar Azərbaycanda dünya standartlarına uyğun mütərəqqi vergi sistemi qurulmasını təmin edib

12.02.2015 [10:00]

“Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də, vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik”

Ulu öndər Heydər Əliyev

 

Məlum olduğu kimi, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikanın siyasi hakimiyyətinə gələn Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəmlənməsinə və dünya birliyində layiqli yer tutmasına nail olmaq üçün bir sıra strateji istiqamətləri müəyyənləşdirdi. Qlobal çağırışları və respublikamızın yeni qədəm qoyduğu bazar iqtisadiyyatının prinsiplərini nəzərə alan Ümummilli liderin ciddi önəm verdiyi məsələlərdən biri də ölkədə çevik vergi siyasətinin qurulması ilə bağlı idi. Ümummilli liderin müstəqil Azərbaycanda vergi xidmətinin yeni səviyyədə qurulmasına verdiyi önəm Onun aşağıdakı müdrik kəlamlarında bütün cəhətləri ilə öz əksini tapıb: “Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də, vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik”.
Beləliklə, ötən əsrin 90-cı illərinin ortalarından etibarən Ümummilli liderin diqqət və qayğısı sayəsində ölkəmizdə vergi xidməti sahəsində yeni yanaşma və fəlsəfə ilə səciyyələnən islahatlara start verildi. Sirr deyil ki, müstəqilliyimizin ilk illərində qəbul edilən və vergitutmanın müxtəlif sahələrini tənzimləyən ayrı-ayrı normativ sənədlərin pərakəndə şəkildə olması həm dövlət vergi orqanları, həm də vergi ödəyiciləri üçün müəyyən çətinliklər və anlaşılmazlıqlar yaradırdı. Eyni zamanda, ölkəmizin qlobal miqyasda iqtisadi inteqrasiyasını sürətləndirmək üçün beynəlxalq standartlara cavab verən yeni vergi qanunvericiliyinin-Azərbaycan Respublikasının Vergi Məcəlləsinin qəbul edilməsi tarixi zərurət kimi meydana çıxmışdı. Bunu nəzərə alan Ulu öndər müvafiq qurumlara Vergi Məcəlləsinin layihəsinin hazırlanması barədə tapşırıq verdi. Ulu öndərin vergitutmanın sadələşdirilməsi, vergi bazasının genişləndirilməsi, vergi yükünün azaldılması və digər məsələlərlə bağlı irəli sürdüyü təkliflər beynəlxalq maliyyə qurumlarının, yerli və xarici iş adamlarının, mütəxəssislərin fikirləri nəzərə alınmaqla hazırlanan yeni Vergi Məcəlləsinin layihəsi üzərində işi qısa müddətdə uğurla başa çatdırmağa imkan verdi. Milli Məclisdə geniş müzakirələrdən sonra qəbul edilən sənəd dövlət başçısının 30 avqust 2000-ci il tarixli müvafiq Fərmanı ilə 2001-ci il 1 yanvar tarixindən qüvvəyə mindi.
Bununla yanaşı, Ümummilli liderin tövsiyəsi əsasında vergi orqanlarının strukturunun beynəlxalq təcrübə nəzərə alınmaqla müasirləşdirilməsinin əhəmiyyətini də xüsusi vurğulamaq gərəkdir. Ulu öndərin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin ləğv edilməsi, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanının - Vergilər Nazirliyinin yaradılması iqtisadiyyatın idarəetmə strukturunu təkmilləşdirməsi, dövlət maliyyə intizamının gücləndirməsi, büdcəyə daxilolmaların yığılmasının səmərəliliyinin daha da artırılması istiqamətində atılan mühüm addım oldu.
Ümummilli lider Heydər Əliyev vergi siyasəti sahəsində həyata keçirilən islahatların tərkib hissəsi kimi, vergi xidməti əməkdaşlarının maddi rifahının yüksəlməsinə də xüsusi diqqət və qayğı göstərib. Ulu öndər vergi orqanlarında xidməti dövlət qulluğunun xüsusi növü hesab edərək “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərman imzalayıb və bu sahəni xüsusi statuslu xidmət səviyyəsinə yüksəldib.
Bu gün isə, ölkəmizdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu vergi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, ötən 15 ildə iqtisadiyyatda başlanan inkişaf meyillərini sürətləndirmək və sahibkarlığa verilən dövlət dəstəyini genişləndirmək məqsədilə ölkədə biznes fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb, vergi yükü azaldılıb, vergilərin sayı və dərəcələri optimallaşdırılıb, sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılıb.
Bu gün Azərbaycanın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması və bir sıra məqamlarda sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir. Fiskal, sosial və tənzimləyici funksiyalara əsaslanan fəal vergi siyasəti Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin mühüm tənzimləmə mexanizmlərindən biridir.
Bunların sırasında 2001-ci ildən kənd təsərrüfatı məhsulları istehsalçılarına uzunmüddətli vergi güzəştlərinin verilməsini, sənayenin innovasiyalar əsasında inkişaf etdirilməsi, mühüm strateji layihələr kimi texnoparkların yaradılması və onların inkişafının stimullaşdırılması üçün vergi qanunvericiliyində güzəştlərin tətbiq edilməsini, fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərə gəlir vergisi üzrə verilən sosial xarakterli güzəştlər sistemini, ölkə iqtisadiyyatının aparıcı sahələrindən olan bank sektorunun inkişafı üçün ayrı-ayrı zamanlarda verilən vergi tətillərini, eləcə də, cəmiyyətin müxtəlif sosial qruplarının gəlirləri arasındakı bərabərsizliyin minimuma endirilməsi üçün verilmiş sosialyönümlü vergi güzəştləri və azadolmalarını və s. qeyd etmək olar.
Əlbəttə ki, Prezident İlham Əliyevin vergi sistemini təkmilləşdirmək, vergitutma bazasını genişləndirmək, vergi xidmətini müasir Avropa standartlarına çatdırmaq haqqında verdiyi tapşırıqlar vergi sisteminin inkişafında xüsusi rol oynayır. Dövlət başcısının bu sahədə verdiyi tapşırıqlar, əsasən vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılmasından, müasir kompüter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində işlərin davam etdirilməsindən ibarətdir.
Bu mühüm tapşırıqların həyata keçirilməsi üçün ölkəmizin vergi xidməti əsaslı modernizasiya prosesindən keçib. Prezident İlham Əliyevin 12 sentyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının (2005-2007-ci illər)” uğurla həyata keçirilməsi nəticəsində vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsinə nail olunub, vergidən yayınma halları ilə mübarizə gücləndirilib, vergilərin məcburi ödənilməsi sistemi təkmilləşdirilib, vergi orqanlarında beynəlxalq standartlara uyğun idarəetmə sistemi inkişaf etdirilib, müasir informasiya-kommunikasiya sistemləri yaradılıb. 2005-2007-ci illərdə bu Dövlət Proqramının həyata keçirilməsi vergi sistemində geniş diapazonlu texniki imkanlara malik texnoloji bazanın yaradılması ilə nəticələnib.
Beləliklə, aparılan islahatlar Azərbaycanda dünya standartlarına uyğun mütərəqqi vergi sisteminin qurulmasını təmin edib. Hazırda vergitutmanın müasir dünya təcrübəsində mövcud olan ən mütərəqqi yenilikləri milli vergi sistemində tətbiq edilir. Dünya Bankının qiymətləndirmələrinə görə, ölkəmiz vergi ödəyicilərinin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqi üzrə dünyanın 12 aparıcı dövləti sırasındadır. Vergi inzibatçılığının modernləşdirilməsi nəticəsində bu gün Azərbaycanda sahibkar vergi orqanlarına gəlmədən bütün öhdəliklərini internet üzərindən yerinə yetirə bilir. Vergi bəyannamələrinin təqdim edilməsi, vergi öhdəliklərinin icrası, vergi orqanları ilə təmas imkanı verən bütün proseslər elektronlaşdırılıb və vergi ödəyicilərinin təxminən 90 faizi vergi bəyannamələrini elektron şəkildə təqdim edir.
ƏDV inzibatçılığının təkmilləşdirilməsi və ƏDV-dən yayınma hallarının qarşısının alınması məqsədilə ƏDV depozit hesabının, elektron vergi hesab-fakturalarının tətbiqi, banklarla real vaxt rejimində inteqrasiya (bank hesablarının “onlayn” rejimdə açılması, şəhadətnamə-dublikatın “onlayn” rejimdə göndərilməsi), nəzarət-kassa aparatlarında məsafədənötürmə qurğularının (GPRS sistemi) tətbiqi, vergi orqanları və digər vergi ödəyiciləri ilə elektron yazışma sisteminin - onlayn kargüzarlığın təmin edilməsi, vətəndaşların internet üzərindən videoqəbulunun aparılması, vergilərin elektron qaydada ödənişinin aparılması sisteminin tətbiqi kimi innovativ-texnoloji yeniliklər vergi xidmətinin daha effektiv həyata keçirilməsini və bu sahədə ciddi nailiyyətlərin əldə olunmasını təmin edib.
Hazırda vergi xidmətinin qarşısında duran mühüm məsələlərdən biri vergi ödəyicilərinə xidmət sektorunun genişləndirilməsi, informasiya cəmiyyətinin inkişafı ilə əlaqədar onun yaratdığı imkanların vergi xidmətlərində səmərəli istifadəsinə və vergi sistemində “elektron hökumət” quruculuğunun tətbiqinin genişləndirilməsinə nail olmaqdır. Bu məqsədlə 2011-ci ildə qəbul edilmiş “2011-2015-ci illərdə vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası” vergi ödəyiciləri ilə əlaqələrin partnyorluq və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında, daha müasir informasiya texnologiyalarından istifadə etməklə qurulmasını və vergi qanunvericiliyinə könüllü əməletmə prosesini inkişaf etdirməyi nəzərdə tutur.
Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə 2007-ci ildən regionlarda, xüsusən ayrıca vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət göstərən 54 mərkəz yaradılıb, müasir avadanlıqlar və sürətli kommunikasiya sistemi ilə təchiz edilib.
Bu gün Azərbaycanın vergi sistemi dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 59 növ elektron xidmət göstərir. Bu, respublikamızda dövlət orqanları tərəfindən göstərilən ən geniş elektron xidmətlər toplusudur. Vergilər Nazirliyi inzibatçılıq sahəsində və elektron xidmətlərin geniş tətbiqi prosesini bundan sonra da fəal şəkildə davam etdirməklə korrupsiya hallarına qarşı mübarizədə mühüm rol oynayan məmur-vətəndaş təmaslarını minimuma endirmək niyyətindədir.
Bu gün sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi nəticəsində ölkəmiz yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası milli vergi sistemi üçün də yeni hədəflər müəyyən edib. Konsepsiyaya uyğun olaraq Vergilər Nazirliyində 2013-2020-ci illər üçün vergi sisteminin strateji inkişaf planı təsdiq olunub. Bu plan çərçivəsində 22 istiqamət üzrə 86 tədbirin həyata keçiriləcəyi nəzərdə tutulur. Bu tədbirlər əsasən vergi sistemində müasir informasiya texnologiyalarının, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin qurulması istiqamətində aparılan islahatlardan ibarətdir.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 751 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31