Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq

“Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq

27.01.2015 [09:48]

Prezident İlham Əliyev: Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ olub
Bu bir danılmaz həqiqətdir ki, Azərbaycan qısa müstəqillik tarixində özünü beynəlxalq birliyə hər cəhətdən layiqli töhfələr verən, regional və qlobal miqyasda gedən proseslərə müsbət təsir göstərən bir ölkə kimi tanıdıb. 2015-ci ilin yayında Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunları isə respublikamızın bütün dünyada həm də yüksək səviyyəli idman ölkəsi kimi təqdim olunmasında mühüm rol oynayacaq.
Bu məqamda bildirmək yerinə düşər ki, yanvarın 22-də Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə Davosda “Bakı-2015” I Avropa Oyunlarının təqdimatı keçirilib. Dünyanın ən yüksək səviyyəli iqtisadi forumu ərəfəsində Sürix və Davos şəhərlərinin müxtəlif yerlərində Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı reklam lövhələri yerləşdirilib. Beləliklə də, Davos Forumunun iştirakçıları Azərbaycanın idman ənənələri, eləcə də, ölkəmizin, xalqımızın zəngin maddi-mədəni dəyərləri barədə məlumat əldə ediblər. İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimiyyətinin nümayəndələrinin, həmçinin, Davos İqtisadi Forumunun təmsilçilərinin qatıldıqları təqdimat mərasimində Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunlarının Avropanın idman tarixində yeni səhifə açacağı, beynəlxalq miqyasda idman hərəkatına, xalqlar və ölkələr arasında əməkdaşlığa sanballı töhfələr verəcəyi xüsusi vurğulanıb.
Xatırladaq ki, I Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Məclisində qəbul edilib. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib. Bakıda keçiriləcək yarışlarda Avropa Olimpiya Komitəsinə üzv olan bütün ölkələrin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlara 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox atlet qatılacaq. Tədbirin işıqlandırılması üçün paytaxtımıza 2000 jurnalistin gəlişi gözlənilir. Təşkilatçılar, həmçinin, bəyan ediblər ki, “Bakı-2015” oyunlarından 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya platforması qismində istifadə ediləcək. Belə ki, I Avropa Oyunları çərçivəsində keçiriləcək yarışlardan 16-sı olimpiya idman növüdür. Bura velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və digər idman növləri daxildir.
Göründüyü kimi, cari ilin yayında Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunlarının miqyası və nüfuzu kifayət qədər böyükdür. Avropanın və bütün dünyanın idman tarixində həmişəlik qalacaq I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə qərar verilməsi isə heç də təsadüfi deyildir. Davosda baş tutan “Bakı-2015”in təqdimat mərasimində də vurğulandığı kimi, ölkəmizin reallıqları belə bir mühüm qərarın verilməsində əsas olub.
Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsində ölkəmizin idman ənənələri, idmançılarımızın nailiyyətləri mühüm rol oynayıb
Məlum olduğu kimi, ölkəmizdə idmanın inkişafına göstərilən davamlı dövlət qayğısı sayəsində idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurların sayı əhəmiyyətli dərəcədə artıb. Respublikamızın Olimpiya Oyunlarında hər dəfə daha böyük müvəffəqiyyətlə çıxış etməsi bunun təsdiqidir. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışdısa, son London Olimpiadasında təmsilçilərimizin qazandıqları medalların sayı 10-a çatıb və respublikamız medalların sayına görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşıb. Azərbaycan idmançıları daha bir böyük uğuru 2014-cü ildə Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanıblar. Dünyanın 200-ə yaxın ölkəsinin iştirakı ilə keçirilən bu olimpiadada Azərbaycan komandası 10-cu pillədə qərarlaşıb ki, bu da respublikamızı təmsil edən gənc idmançıların tarixi nailiyyətləridir.
Bütün bunlar, heç şübhəsiz ki, beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. I Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsinə qərar verilməsi bunu bir daha təsdiqləyir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında I Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsində Azərbaycanın özünü idman ölkəsi kimi tanıtmasının, atletlərimizin beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərlə bağlı olduğunu bildirib: “Fikrimcə, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın bir səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır. Azərbaycan müstəqillik illəri ərzində özünü həm də idman ənənələri ilə seçilən ölkə kimi tanıdıb”.
Azərbaycanın sürətli inkişafı ölkəmizin qlobal miqyasda nüfuzunun artması ilə nəticələnib
Məlumdur ki, hazırda qlobal miqyasda təzadlı və bir çox hallarda arzuolunmaz proseslər baş verir. Bir neçə il bundan əvvəl başlayan qlobal maliyyə-iqtisadi böhranı ayrı-ayrı ölkələrdə ciddi fəsadlarla nəticələnib-istehsal aşağı düşüb, çoxlu sayda iş yerləri ixtisar edilib, sosial əhəmiyyət daşıyan layihələr təxirə salınıb. Bütün bunların ardından dünya yeni qlobal risklərlə üz-üzə dayanıb. Birjalarda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, həmçinin, dünyanın hegemon güclərinin geostrateji maraqlarının toqquşması üzündən müasir dünya düzəninə yaranan təhdidlər ayrı-ayrı ölkələri ciddi sınaq qarşısında qoyub. Belə bir şəraitdə ölkəmiz qlobal risklərə yüksək dayanıqlılıq nümayiş etdirir və kataklizmlərdən yan keçməyi bacarır. Hazırda müstəqil Azərbaycan bütün dünyada sabitlik və inkişaf adası kimi səciyyələnir. Ölkə iqtisadiyyatının potensialının ilbəil artması, həmçinin, müsbət makroiqtisadi göstəricilər respublikamızın hərtərəfli dinamik inkişafını təsdiqləyir.
Ümumi daxili məhsulun artım dinamikası hər bir ölkənin iqtisadiyyatının dayanıqlılığını şərtləndirən əsas amillərdəndir. Bu mənada Azərbaycanda ümumi daxili məhsulun ilbəil artması məmnunluq doğurur. Belə ki, son 11 ildə ölkəmizdə ÜDM istehsalında 3 dəfədən çox artıma nail olunub. Prezident İlham Əliyevin vurğuladığı kimi, heç bir başqa ölkədə iqtisadiyyat bu qədər artmayıb.
Ölkəmizin maliyyə durumu kifayət qədər qənaətbəxşdir. Ölkənin strateji valyuta ehtiyatları 54 milyard dolları ötüb ki, bu da Azərbaycan kimi ölkə üçün olduqca yaxşı göstəricidir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, respublikamızın strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizinə bərabərdir. Ölkənin xarici borclanması ümumi daxili məhsula nisbətdə cəmi 8 faiz təşkil edir. Son 11 ildə Azərbaycan iqtisadiyyatına 160 milyard dollar həcmində investisiyalar yönəldilib. Ötən il ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi 27 milyard dollara çatıb. Diqqəti çəkən əsas məqam isə investisiyaların strukturunda daxili sərmayələrin həcminin artaraq 16 milyard dollara çatmasıdır. Eyni zamanda, iqtisadi potensialın artması nəticəsində Azərbaycanın güclü sərmayə ixracı imkanları yaranıb və respublikamız investisiya idxal edən ölkədən digər dövlətlərdə müxtəlif sahələrə sərmayələr yönəldən bir ölkəyə çevrilib.
Düşünülmüş məqsədyönlü siyasət sayəsində dinamik inkişafın təmin olunması paralel surətdə ölkədə inflyasiyanın aşağı səviyyədə saxlanılmasını təmin edib. Qısa müddətdə respublikamızda işsizliyin və yoxsulluğun səviyyəsi çox aşağı səviyyəyə - 5 faizə düşüb.
Dünya ölkələrinin qlobal risklərdən əziyyət çəkdiyi bir vaxtda Azərbaycanın iqtisadi artım dinamikasını qoruyub saxlaması ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını da artırır. Prezident İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında I Avropa Oyunlarının cari ilin yayında Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə təsir göstərən səbəblərdən birinin də məhz Azərbaycanın sürətli inkişafı ilə bağlı olduğunu bildirib: “Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır. Müstəqillik illəri, xüsusən də son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi Forumu qlobal rəqabətlilik reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbulunda rol oynadı”.
Son illərdə Azərbaycanda idman infrastrukturu əhəmiyyətli dərəcədə yenilənib
Son illərdə Azərbaycanın mənzərəsini səciyyələndirən əsas məqamlardan biri də, şübhəsiz ki, ölkəmizdə müasir idman infrastrukturunun yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev Davosda təşkil olunan “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında son illərdə ölkəmizdə idman infrastrukturunun yenilənməsini də xüsusi vurğulayıb: “Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ olub”.
Vurğulamaq yerinə düşər ki, ölkəmizin idmançıları və idman təsərrüfatı məhz1997-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyinin dəyişməsindən sonra MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar. Həmin vaxtdan etibarən MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də, bu sahədə müasir infrastruktur qurulmasına start verilib. Ölkənin idman təsərrüfatının yenilənməsi ilə bağlı iki istiqamət müəyyənləşdirilmişdi. Bunlardan biri mövcud idman qurğularının müasir dünya standartları səviyyəsində yenidən qurulması, digəri isə yeni idman obyektlərinin inşa edilməsi idi. 1997-ci ildən bəri hər iki istiqamətdə böyük həcmli layihələr reallaşdırılıb. Respublikamızda idman infrastrukturunun yenilənməsi ilə bağlı reallaşdırılan layihələr içərisində dövlət başçısının müvafiq Sərəncamına əsasən Tofiq Bəhrəmov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Yenidənqurma işlərindən sonra Respublika Stadionu beynəlxalq standartlara cavab verən müasir arenaya çevrilib.
Bu qəbildən olan yenidənqurma işləri digər idman qurğularında da uğurla həyata keçirilib. Hazırda Heydər Əliyev adına İdman-Konsert Kompleksində, Bakı İdman Sarayında və digər idman qurğularında da bu qəbildən olan böyük həcmli işlər uğurla davam etdirilir.
Eyni zamanda, son illərdə ölkəmizdə ən müasir dünya standartları səviyyəsində inşa edilən idman arenaları istifadəyə verilib. Bu sırada “Bakı”, “Azal”, “Qəbələ” futbol klublarının yeni təlim-məşq bazalarını, “Xəzər-Lənkəran” komandası üçün inşa edilən stadionu və digərlərini misal göstərmək mümkündür. Bakıda yelkən idmanı üçün nəzərdə tutulan Yaxt-klub, Stend Atıcılığı Mərkəzi, “Musado” Taekvondo evi, Otüstü xokkey kompleksi, “ABU-Arena” həndbol mərkəzi yeni tikilən idman obyektləri sırasındadır. Ötən ilin birinci yarısında Bakıda möhtəşəm Milli Gimnastika Arenası istifadəyə verilib. Müstəqillik illərində ölkəmizdə ən müasir standartlar səviyyəsində 50-dən artıq idman-olimpiya kompleksləri tikilib istifadəyə verilib ki, onların da böyük əksəriyyəti bölgələrin payına düşür.
Yüksək səviyyəli infrastrukturun yaradılması respublikamızın mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsinə imkan verir. Cari ilin yayında Bakıda keçiriləcək I Avropa Oyunları bunun daha bir təsdiqinə çevriləcək.
Əlamətdar haldır ki, Azərbaycanda idmana böyük önəm verildiyi Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimində də vurğulanıb. Belə ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında bu məqama toxunaraq deyib: “İdman Azərbaycan cəmiyyətində xüsusi yer tutur. “Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq”.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında həmçinin, birinci Avropa Oyunlarının təqviminin Azərbaycanın bacarıqlı yerli kadrlarının gücü ilə təşkil ediləcəyini bildirib və “Bakı-2015” Azərbaycanın yeni nəsil idman mütəxəssislərini formalaşdırmağa yardım edir. Bundan əlavə, Oyunlar Azərbaycan üçün gözəl sosial vasitə olacaq. Ölkə əhalisinin üçdə iki hissəsinin yaşı 35-dən aşağıdır və bu cür böyük təbəqə idmanın təşviq etdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq. Şübhə etmirəm ki, “Bakı-2015” Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur” - deyə əlavə edib.
Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir
Kimsəyə sirr deyil ki, bu gün dünyada sivilizasiyalar və konfensiyalararası təhdidlər də böyük narahatlıq doğurur. Beynəlxalq miqyasda irqçilik, insanlar arasında milli, dini mənsubiyyətinə görə fərq qoymaq meyilləri artıb. Lakin respublikamızda bu sahədəki durum tamamilə fərqlənir. Yəni, Azərbaycan dünyanın elə nadir məkanlarındandır ki, burada sivilizasiyalararası dialoqa sanballı töhfələr verilir, multikulturalizm, dini və milli müxtəliflik ölkənin ən üstün dəyərlərindən biri kimi təbliğ olunur. Bakının mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar forumlara ev sahibliyi etməsi bunu bir daha təsdiqləyir. Azərbaycan cəmiyyətini fərqləndirən ən üstün keyfiyyətlərdən biri də odur ki, ölkədə tolerantlıq, müxtəlif dinlərə və mədəniyyətlərə dözümlü yanaşma bir növ həyat normasına çevrilib. Burada müxtəlif etiqadlara və mədəniyyətlərə məxsus xalqlar çiyin-çiyinə yaşayaraq ümumi inkişafa töhfə verirlər. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın 2 yüzdən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın sivilizasiyalararası əlaqələrin gücləndirilməsində əhəmiyyətini daha da artırır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimində Azərbaycanın beynəlxalq miqyasda xalqlar və dövlətlər arasında etimadın, qarşılıqlı inamın artmasına töhfə vermək əzmini bir daha nəzərə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir: “Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ olub. Fəxr edirik ki, 2015-ci il Avropa Oyunlarından sonra 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik və eyni zamanda, ilk dəfə olaraq, “Formula - 1” yarışmaları regionumuza gələcək. Bu yarış şəhər daxilində baş tutacaq. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu oyunlar müsəlman dünyasını bir araya gətirir. Bunun çox rəmzi mənası var. İki il ərzində Bakı Avropa Oyunlarını və İslam Oyunlarını qəbul edəcək. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir. Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında qəbul edilmiş qərarın tarixi əsasları var. Bu, dövlət siyasətimizin real təzahürüdür”.
Bakıda olduqca gözəl ilk Avropa Oyunları keçiriləcək
Beləliklə, respublikamız I Avropa Oyunlarını son illərdə ev sahibliyi etdiyi çoxlu sayda mötəbər beynəlxalq tədbirlərdə olduğu kimi, yeni yüksək standartlar çərçivəsində, Olimpiya Oyunları səviyyəsində keçirmək və bununla da Avropa idman ailəsinin ölkəmizə göstərdiyi etimadı lazımınca doğrultmaq əzmi nümayiş etdirir.
Hazırda Azərbaycanda I Avropa Oyunlarına hazırlığın son mərhələsi çərçivəsində işlər sürətlə davam etdirilir. I Avropa Oyunlarının keçiriləcəyi arenaların bir çoxu artıq yarışlara tam hazırdır. Digər idman qurğularında, o cümlədən də, Olimpiya Stadionunun, Su İdman Sarayının, Atıcılıq Mərkəzinin tikintisi cədvəl üzrə davam etdirilir.
Prezident İlham Əliyev Davosda keçirilən təqdimat mərasimində I Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparılmasında beynəlxalq komandanın birgə çalışdığını da diqqətə çatdırıb: “İki il yarım təbii ki, çox məhdud vaxt çərçivəsidir. Lakin Avropa Olimpiya Komitəsinin böyük dəstəyi ilə Təşkilat Komitəsi olaraq ürəkdən çalışırıq. Biz güclü tərəfdaşlıq qurmuşuq və bu gün Oyunları mümkün qədər ən yüksək səviyyədə təşkil etmək məqsədilə 40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı beynəlxalq komandamız var”.
Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimində çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də Azərbaycanın I Avropa Oyunlarına böyük əzmlə hazırlaşdığını vurğulayıb: “Bakıda olduqca gözəl ilk Avropa Oyunları keçiriləcək. Azərbaycan qədim tarixə malik, yüksək templə inkişaf edən, zəngin təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir. Azərbaycan cəmi 23 il ərzində görünməmiş tərəqqi əldə edib. Avropa Olimpiya ailəsinin bir hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb. Zati-aliləri Prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi, xüsusən də Onun Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri kimi oynadığı rol sayəsində dünyanın bu guşəsində inkişaf təmin edilib”.
Təqdirəlayiq haldır ki, Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycanı təqdimat mərasiminin iştirakçılarına ölkəmizin dövlət başçısından gətirdiyi sitatla təqdim edib: “Siz 2015-ci ildə Azərbaycanda Avropa Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını seyr edə bilərsiniz. Bunlar iki il ərzində bir ölkədə, bir şəhərdə keçiriləcək. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir”.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təqdimat mərasimindəki çıxışında, həmçinin, Bakının I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini də diqqətə çatdırıb. Onun qeyd etdiyi kimi, həqiqətən də, Bakı tarixdə yalnız I Avropa Oyunlarının keçirildiyi məkan kimi qalmayacaq, həm də gələcək Avropa Oyunları üçün bir model rolunu oynayacaq. Bakıda keçiriləcək I Avropa Oyunlarını Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisə və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi kimi səciyyələndirən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki vurğulayıb: “2019-cu ildəki Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar bu ilin may ayına qədər elan olunacaq. Seçilmiş şəhər “Bakı-2015” Təşkilat Komitəsi ilə əhatəli şəkildə təcrübə mübadiləsi aparacaq. Bu, çox dəyərlidir, çünki Bakıda ən yaxşı praktiki modellər hazırlanıb. Adətən Olimpiya Oyunlarının keçirilməsi məqsədilə şəhərə yeddi il müddət verilir. “Bakı-2015” yarışması üçün cəmi 30 ay vaxt verildi. Zati-aliləri, cənab Prezidentin mövqeyi Azərbaycan və Avropa Olimpiya Komitəsi üçün tarixin yazılmasında misilsizdir. Şübhə etmirəm ki, ilk Avropa Oyunları yaddaqalan tədbir olacaq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 662 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31