Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şər üçbucağının tərəflərinin məkrli “əməkdaşlığı”na dair daha bir sübut

Şər üçbucağının tərəflərinin məkrli “əməkdaşlığı”na dair daha bir sübut

23.01.2015 [09:21]

Cari il yanvarın 12-də Vaşinqtonda keçirilən Azərbaycanla bağlı dinləmələrin əsas iştirakçılarının siyahısında ermənilər, erməni lobbisinə bağlı olan “beynəlxalq” təşkilatlar və Azərbaycanın radikal müxalifət təmsilçiləri əsas yer tutublar ki, bu da tədbirin spekulyativ mahiyyətinə aydınlıq gətirir
Bu bir həqiqətdir ki, ermənilər, xaricdəki erməni lobbisinin təsir dairəsində olan ayrı-ayrı “beynəlxalq” təşkilatlar və ölkəmizdəki “beşinci kolon” təmsilçiləri - “sapı özümüzdən olan baltalar” Azərbaycana qarşı xəyanət üçbucağının tərəflərini təşkil edirlər. Ermənilərin mövqeyi bəllidir - onlar respublikamıza qarşı işğalçılıq siyasəti aparırlar. Xaricdəki erməni lobbisi haqqında bəhs olunan “beynəlxalq” təşkilatları özlərinin ruporuna çeviriblər, onların vasitəsilə Azərbaycana qarşı aparılan işğalçılıq siyasətinin əsl mahiyyətini pərdələməyə çalışırlar. Ölkəmizdəki əsasən radikal müxalifət düşərgəsinin təmsilçilərindən ibarət olan “beşinci kolon” təmsilçiləri isə aldıqları ianələrin, qrantların müqabilində ermənilərə bağlılığı şübhə doğurmayan “beynəlxalq” təşkilatlardan gələn sifarişlərə onların mahiyyətinə varmadan məmnuniyyətlə qol götürüb oynayırlar.
Cari il yanvarın 12-də ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun təşkilatçılığı ilə Vaşinqtonda Azərbaycanla bağlı keçirilən dinləmələr isə şər üçbucağının tərəflərinin “əməkdaşlığı”nın daha bir ifadəsidir. Dinləmələrdə Azərbaycanla bağlı reallığı əks etdirməyən, ölkəmizin getdikcə artan beynəlxalq nüfuzuna, iqtisadi yüksəlişinə, milli maraqlarımıza xələl gətirməyə hesablanan cəfəng fikirlər səsləndirilib. Xatırladaq ki, son günlərədək təşkilatçılar dinləmələrin detallarını hər vəchlə gizlətməyə çalışır, bununla da “beynəlxalq tədbirə” obyektivlik donu geydirməyə cəhd göstərirdilər. Lakin bu dəfə də cidanı çuvalda gizlətmək mümkün olmadı. Belə ki, “Virtualaz.org” saytı dinləmələrdə, necə deyərlər, başda əyləşdirilən iştirakçıların siyahısını təqdim edib. Bu siyahıya nəzər salanda uzaq Vaşinqtonda düzənlənən dinləmələrin spekulyativ mahiyyətinə də aydınlıq gəlir.
Yeri gəlmişkən, Azərbaycan ictimaiyyətinin nümayəndələri də dinləmələrin obyektivlikdən uzaq olduğunu bildirirlər. Məsələn, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev qəzetimizə verdiyi müsahibəsində Vaşinqtonda keçirilən dinləmələri ölkəmizə qarşı siyasi təzyiq cəhdi kimi səciyyələndirib: “Azərbaycan milli maraqları əsas götürərək müstəqil siyasət həyata keçirən, bütün məsələlərdə suveren hüquqlarından çıxış edərək öz mövqeyini ortaya qoyan və eyni zamanda, beynəlxalq hüquq normalarına əsaslanan bir dövlətdir. Yəni, bu gün Azərbaycanda demokratiyanın dərinləşməsi, ölkədə siyasi plüralizmin, söz azadlığının təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması heç də hansısa başqa dövlətlərin istəyi əsasında təmin olunmur, bunlar ölkəmizdə sırf Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin siyasi iradəsi əsasında baş verən və dönməz xarakter alan proseslərdir. Ölkəmiz ardıcıl həyata keçirilən islahatlarla, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə öz hədəflərinə doğru irəliləyir. Haqqında söhbət gedən dinləmələr isə ABŞ-dakı ermənipərəst dairələrin məkrli məqsədlərinə xidmət edir”.
Milli Məclisin deputatı onu da vurğulayıb ki, Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyəti dayandırıldıqdan, Leyla Yunus həbsə alındıqdan, həmçinin “Azadlıq” radiostansiyasının fəaliyyətinə müvafiq qiymət verildikdən sonra ABŞ-dakı müəyyən dairələrin ölkəmizə qarşı qeyri-konstruktiv mövqedən çıxış etmələri daha aydın şəkildə nəzərə çarpır: “Halbuki, MDİ-nin ayrı-ayrı ölkələrdəki pozuculuq fəaliyyəti hər kəsə bəllidir. Leyla Yunus konkret cinayət əməllərinə görə istintaqa cəlb olunub. “Azadlıq” radiostansiyasının fəaliyyətinin araşdırılması da qanunvericiliyin tələbləri gözlənilməklə həyata keçirilib. Buna görə də erməni lobbisinə bağlı olan “beynəlxalq” təşkilatların ölkəmizə qarşı siyasi təzyiq cəhdləri nümayiş etdirmələrinin heç bir mənası yoxdur. Əsas olan Azərbaycan cəmiyyətinin, xalqın mövqeyidir. Bu gün ölkəmizdə müşahidə edilən möhkəm xalq-iqtidar birliyi Azərbaycan cəmiyyətinin əsas üstünlüyüdür və bu birlik xaricdən respublikamıza qarşı yönələn bütün təhdidlərin qarşısını almağa qadirdir”.
Musa Quliyev bu dinləmələrdə iştirak edib ermənilərlə birgə Azərbaycan dövlətinə qarşı fikirlər səsləndirən “beşinci kolon” təmsilçilərini isə satqınlar adlandırıb və onların məkrli fəaliyyətinin cəmiyyətimiz tərəfindən pislənildiyini vurğulayıb.
Millət vəkili, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə məlum dinləmələrdə “beşinci kolon” təmsilçilərinin ermənilərlə əlbir fəaliyyətini bu cür şərh edib: “Birinci növbədə, mən bildirmək istəyirəm ki, bu gün Azərbaycanda fikir azadlığı mövcuddur. Təəssüf ki, bəzi QHT nümayəndələri bundan sui-istifadə edərək xarici dövlətlərə Azərbaycan haqqında xoşagəlməz informasiyalar ötürür, ölkəmizin imicinə zərbə vuran məlumatlar yayırlar. Təbii ki, biz bunları hər zaman tənqid edirik. Amma mən Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçilərinin ermənilərlə, hətta Dağlıq Qarabağda seperatizmi açıq-aşkar dəstəkləyən şəxslərlə eyni tədbirə qatılmalarını, onlarla bir səfdə yer almalarını anlaya bilmirəm. Fikrimcə, yalnız Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edən ermənilərlə nəyisə milli maraqlarımız çərçivəsində müzakirə etmək mümkündür. Mən ABŞ-dakı dinləmələrdə iştirak edən milli QHT nümayəndələrini qınayıram, onların hərəkətlərini qətiyyətlə pisləyirəm”.
“Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanı beynəlxalq birliyin nüfuzlu aktoruna çevirib. Bu mənada ölkəmizin ərazi bütövlüyünü pozan ermənilərin, dünyadakı erməni lobbi şəbəkəsinin təsir dairəsində olan “beynəlxalq” təşkilatların narahatlığı başadüşüləndir. Onlar yaxşı bilirlər ki, Azərbaycanın güclənməsi məkrli erməni ssenarilərinin puç olması deməkdir. Buna görə də bu və ya digər ölkədə qondarma tədbirlər keçirərək ölkəmizə qarşı yalan təbliğat maşınını işə salıblar”. Bu fikirləri isə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov ifadə edib.
Yanvarın 12-də Vaşinqtonda keçirilən məlum dinləmələrin də Azərbaycan gerçəkliyi ilə hər hansı bağlılığının olmadığını bildirən A.Hüseynov vurğulayıb ki, təqdim olunan faktlar tədbirin sifarişinin məhz ermənilərdən gəldiyini və məkrli erməni təbliğatının tərkib hissəsi olduğunu bir daha təsdiqləyir: “Gəlin dinləmələrin əsas iştirakçılarının siyahısına diqqət yetirək. Dinləmələrə ABŞ tərəfdən Beynəlxalq Demokratiya Araşdırmaları Fondunun icraçı direktoru Kristofer Uolke, Demokratiyaya Milli Dəstək Fondunun (NED) Avrasiya və Rusiya üzrə proqram direktoru Miriam Lanskoy, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç və Azərbaycanı tənqid etmək sahəsində böyük “təcrübəyə” malik qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar. Sözügedən təşkilatların adı Azərbaycan ictimaiyyətinə çox şeyi deyir. Bunların əksəriyyəti vaxtilə Azərbaycanda fəaliyyət göstərən, “babam mənə kor dedi, gəlib-gedənə vur dedi” prinsipi ilə hamını qaralayan və qanunazidd əməllərinə, o cümlədən də, vergidən yayınmalara, tender saxtakarlıqlarına, qeyri-şəffaflığa görə ölkəmizdə fəaliyyətləri dayandırılan təşkilatlardır. Beləliklə də, həmin təşkilatların təmsilçilərini Azərbaycana qarşı “qara piar” fəaliyyətinə sövq edən yalnız siyasi sifarişlər deyil, eyni zamanda, qisasçılıq hissləridir. Onlar Azərbaycanda fəaliyyətlərinin dayandırılmasına görə saxtakarlıqla mənimsədikləri böyük məbləğdə maliyyə vəsaitindən məhrum qalıblar və indi bunun əvəzini ölkəmizə qarşı “qara piar”ın rəngini bir qədər də tündləşdirməklə çıxmaq istəyirlər”.
Aydın Hüseynovun sözlərinə görə, tədbirə qatılan “beşinci kolon” təmsilçiləri orada ermənilərlə bir səfdə yer almaqla öz mahiyyətlərini növbəti dəfə ortaya qoydular: “İlk dəfə deyil ki, milli təəssübkeşlikdən, vətən və dövlət maraqlarını müdafiə etmək niyyətindən uzaq olan bu şəxslər ermənilərlə əlbir olub Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərirlər. Bunlar ermənilərdən və ermənipərəst dairələrdən aldıqları maliyyə dəstəyi qarşılığında onların təlimatları ilə Azərbaycanın milli maraqlarına qarşı çıxırlar, ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Əlbəttə, Azərbaycan xalqı bunu görür, onlara layiq olduğu münasibəti göstərir. Bununla belə, düşünürəm ki, belə satqınların əməllərinə qarşı ictimai qınaq daha da gücləndirilməlidir”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni də öz növbəsində, ABŞ-da təşkil olunan dinləmələrə mənfi münasibətini ifadə edib: “Biz Milli QHT Forumu olaraq bu məsələlərə hər zaman öz münasibətimizi bildirmişik. Bu gün Azərbaycanın inkişaf etməsi, dünyada tolerantlıq mərkəzi kimi tanınması faktı hər kəsə məlumdur. Bu isə təbii olaraq Azərbaycana qarşı çıxan qüvvələri qıcıqlandırır. 2015-ci ildə ölkəmizdə ilk Avropa Oyunlarının keçiriləcəyini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanın dünyada öz nailiyyətlərini təbliğ etməsinə yeni bir imkan açılıb. Buna görə də Azərbaycanın uğurlarını gözü götürməyən ermənipərəst qüvvələr yenidən səfərbər olurlar. O cümlədən, dünyada demokratiyadan, haqdan, ədalətdən danışan bəzi “beynəlxalq” təşkilatlar öz addımlarında açıq şəkildə ikili standartlara yol verirlər. Xarici ölkələrdə keçirilən toplantılarda, forumlarda respublikamıza qısqanclıqla yanaşan dairələrə, o cümlədən də, ermənilərə dəstək verən yerli QHT nümayəndələrini də qınayıram. Onlar düşünməlidirlər ki, Azərbaycanın hər bir vətəndaşı milli maraqlarımızı, milli mənafeyimizi qorumağa borcludur. Bu və ya digər formada erməni təbliğatına dəstək verən QHT nümayəndələrinin hərəkətləri təəssüf doğurur. Bəli, mən açıq deyirəm ki, bu gün bəzi QHT nümayəndələri hansısa maraqlardan çıxış edərək Azərbaycana qarşı ədalətsiz, qeyri-obyektiv, qərəzli, düşmən mövqedə olan qüvvələrlə eyni quyuya su tökürlər”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31