Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2015-ci ilin dövlət büdcəsi uğurlu sosial-iqtisadi inkişaf kursunun davam etdirilməsinə etibarlı maliyyə təminatı yaradır

2015-ci ilin dövlət büdcəsi uğurlu sosial-iqtisadi inkişaf kursunun davam etdirilməsinə etibarlı maliyyə təminatı yaradır

06.01.2015 [09:52]

Bu ilin büdcəsinin də ötən ilin büdcəsi kimi investisiya və sosialyönümlü olması xüsusilə diqqətəlayiq haldır
Son illərdə dünyada yaşanan kataklizmlərə, ayrı-ayrı ölkələrin qlobal maliyyə-iqtisadi böhranın acı fəsadları ilə üzləşmələrinə baxmayaraq, Azərbaycan bu kimi mənfi təsirlərdən etibarlı şəkildə qorunub. Hazırda respublikamız iqtisadiyyatının həcminə görə dünyanın 70 ölkəsi sırasında yer alır. Dünya üçün böhranlı illərdə belə Azərbaycan nəzərdə tutulan infrastruktur və digər layihələrin maliyyə təminatını sırf daxili imkanlar hesabına uğurla təmin edib, iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması istiqamətində diqqətəlayiq uğurlara imza atıb. Qeyd edək ki, ölkəmizdə dinamik inkişaf edən qeyri-neft sektoru hesabına neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin 2013-cü ildəki 43,4 faizdən 2018-ci ildə 28,7 faizədək azalması gözlənilir. Ötən ilin 9 ayında bütövlükdə ölkə iqtisadiyyatında 2,5 faiz artım əldə olunub.
Yeri gəlmişkən, Azərbaycanın iqtisadi qüdrətinin getdikcə artması 2015-ci ilin dövlət büdcəsində də öz əksini tapıb. Məlumat üçün bildirək ki, 2015-ci ildə Azərbaycanın dövlət büdcəsi gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat proqnozlaşdırılmaqla təsdiqlənib.
Bu məqamda onu da qeyd edək ki, respublikamızın maliyyə imkanları da getdikcə genişlənir. Azərbaycanın strateji valyuta ehtiyatları 2014-cü ilin 9 ayında 3,5 milyard dollar artaraq təxminən 54 milyard dollara çatıb. Ölkəmizin strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula olan nisbəti 70 faizdir. Bu göstəriciyə görə Azərbaycan dünyada 20 ölkədən biridir. Ölkəmizin maliyyə imkanları genişləndikcə respublikamızda investisiya qoyuluşunun həcmi də artır. 2015-ci ildə respublikamızda investisiya qoyuluşlarının 5 faiz artaraq 19,8 milyard manata çatacağı proqnozlaşdırılır. Ölkəmizə yatırılan investisiyaların strukturunda daxili investisiyalar xarici sərmayələri üstələyib. Bu il ölkəmizə yatırılacaq investisiyalar portfelində xarici sərmayələrin həcmi cəmi 5,8 milyard manat proqnozlaşdırılır. Bununla paralel surətdə respublikamızda qeyri-neft sektoruna yatırılan investisiyaların neft sektoruna yönəldilən sərmayələri üstələməsi də müsbət tendensiyadır. Bu il qeyri-neft sektoruna 14 milyard manat investisiya yatırılacağı proqnozlaşdırılır ki, bu da sahənin dinamik və üstün inkişafına dəlalət edir.
Respublikamızın 2015-ci il dövlət büdcəsi tərtib edilərkən son illərdə ölkəmizdə müşahidə edilən bu kimi sosial-iqtisadi inkişaf meyilləri, ötən ilin 9 ayının makroiqtisadi durumu nəzərə alınıb və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflər, növbəti 3 ilə dair makroiqtisadi proqnoz göstəriciləri əsas götürülüb. Bundan başqa, büdcə proqnozlarına əks-təsir göstərə biləcək qlobal risklər də lazımi səviyyədə qiymətləndirilib və belə risklərin təsirinin minimuma endirilməsi məqsədilə zəruri ehtiyat tədbirləri nəzərdə tutulub. Bütün bunlar 2015-ci il dövlət büdcəsinin proqnozlarına nikbin yanaşmağa əsas verir. Mütəxəssislərin vurğuladıqları kimi, bu il üçün dövlət büdcəsi respublikamızın davamlı xarakter alan sosial-iqtisadi inkişaf dinamikasını, inkişafın uğurlu Azərbaycan modelinin özəlliklərini özündə əks etdirməklə yanaşı, eyni zamanda, ölkənin növbəti ildə də bütün sahələrdə uğurlar qazanmasını təmin edəcək.
Eyni zamanda, 2015-ci ilin büdcəsinin də ötən ilin büdcəsi kimi investisiya və sosialyönümlü olması xüsusilə diqqətəlayiq haldır. Məlumdur ki, tarixinin dinamik inkişaf dövrünü yaşayan Azərbaycanda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Dayanıqlı enerji təminatı, ərzaq təhlükəsizliyi, su ehtiyatlarının yaradılması, tranzit imkanlarının genişləndirilməsi, daxili istehsalın, ixrac potensialının artırılmasının təmin edilməsi və digər məqsədlərlə reallaşdırılan layihələr bu qəbildəndir.
Ölkəmizdə son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin əsas mahiyyəti, ilk növbədə, bu siyasətin sosial məzmunu ilə xarakterizə olunur. 2003-cü ildən bəri respublikamızda 3 mindən çox məktəb, təxminən 500 səhiyyə müəssisəsi, 40-dan artıq idman kompleksi tikilib istifadəyə verilib ki, bu da ölkəmizdə sosial sahəyə göstərilən diqqətin təzahürüdür. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində respublikamızda işsizlik və yoxsulluğun səviyyəsi 5 faizə enib. Sevindirici haldır ki, bu ilin büdcəsinin də sosialyönümlülüyünün ənənəvi olaraq saxlanılması nəzərdə tutulub. Bu il respublikamızda əsas maliyyə təminatı rolunu oynayan dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 27,6 faiz həddindədir. Büdcədə sosialyönümlü tədbirlər üzrə xərclərin məbləği 9,2 faiz artırılaraq 5 milyard 826 milyon manat nəzərdə tutulub. 2015-ci ilin büdcəsində əhalinin aztəminatlı təbəqəsinə pensiya, təqaüd və sosial müavinətlərin ödənişi üçün 1 milyard 845 milyon manat nəzərdə tutulub. Bu vəsait ötən illə müqayisədə 75 milyon manat çoxdur.
Ölkəmiz üçün üstün əhəmiyyət daşıyan digər sahələrə də kifayət qədər maliyyə vəsaitinin ayrılması bu ilin dövlət büdcəsini xarakterizə edən əsas cəhətlərdəndir. Məsələn, hökumət parlamentdəki müzakirələr zamanı elm xərclərinin artırılması ilə bağlı təklifləri nəzərə alaraq bu xərclərin 8 milyon manat məbləğində artırılmasını məqbul hesab edib. Beləliklə, artım baş verdikdə elm xərcləri 150,5 milyon manat təşkil edəcək. Bu, 2014-cü illə müqayisədə 3,6 milyon manat və ya 2,5 faiz çoxdur.
Heç şübhəsiz, torpaqları işğala məruz qalan, müharibə şəraitində yaşayan Azərbaycan üçün ölkənin müdafiə qabiliyyətinin artırılması prioritet hədəflər sırasındadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, respublikamız başqa vasitələrdən, o cümlədən də getdikcə möhkəmlənən ordusunun gücündən istifadə edərək ölkənin ərazi bütövlüyünü təmin etmək hüququnu özündə saxlayır. Bu ilin dövlət büdcəsində ölkəmizin bu prioriteti nəzərə alınaraq müdafiə xərclərinin ötən illə müqayisədə 809 milyon manat artırılaraq 3 milyard 783 milyon manata çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanın təkcə müdafiə xərcləri üçün nəzərdə tutduğu vəsait Ermənistanın bütövlükdə büdcə xərclərindən çoxdur.
Bu ilin dövlət büdcəsində, həmçinin, ölkəmizdə aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərə xüsusi yanaşma tətbiq edilib. Son illərdə ölkəmizdə aqrar sektorun inkişafına “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kifayət qədər maliyyə vəsaitləri ayrılır. Respublikada aqrar sahənin daha da təkmilləşdirilməsi məqsədilə bu ilin büdcəsindən əlavə olaraq 55 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsində ölkəmiz üçün prioritet məsələlərə ciddi önəm verilməsi Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən də rəğbətlə qarşılanıb. 2015-ci il üçün dövlət büdcəsinin sosial mahiyyətinə diqqət çəkən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “2015-ci ilin dövlət büdcəsində sosial sahənin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin əsas məqsədinin xalqın rifahının yaxşılaşdırılması, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi olduğunu bir daha təsdiqləyir” - deyib.
Hadi Rəcəbli ölkədə sosial müdafiə sisteminin ən vaciblərindən birinin pensiya sığorta sahəsi olduğunu nəzərə çatdırıb. Millət vəkili vurğulayıb ki, Sosial Müdafiə Fondunun büdcəsi bu istiqamətdə aparılan geniş masştablı fəaliyyəti, sanballı rəqəmləri özündə ehtiva edir. Hazırlanan büdcənin əsas xətti dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”dır. Konsepsiya növbəti mərhələdə sığorta pensiya sistemində yeni islahatların aparılması, sosial ədalətin gücləndirilməsi, yeni institutların formalaşdırılması və digər önəmli dəyişiklikləri özündə əks etdirir ki, bu da nəticədə xalqın mənafeyinin qorunmasına, rifah halının yaxşılaşdırılmasına gətirib çıxaracaq.
Millət vəkili Musa Quliyev isə 2015-ci il dövlət büdcəsini “balanslaşdırılmış, investisiyatutumlu və sosialyönümlü büdcə” kimi səciyyələndirib. Dövlət büdcəsinin xərc hissəsində 1 milyard manatdan çox artımın böyük göstərici olduğunu bildirən M.Quliyev vurğulayıb: “Ümumiyyətlə, 2015-ci ilin büdcəsinin gəlir və xərc hissəsi artıb. Büdcənin uğurlu cəhəti həm də odur ki, onun gəlir hissəsində qeyri-neft sektorunun payı artır”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlətinin əsas strateji xətti vətəndaşların sosial müdafiəsidir: “Başlıca məqsəd insanların sosial rifah halının yüksək olmasıdır. Ona görə də, büdcənin üçdə biri qədəri həmişə sosialyönümlü olub. 2015-ci ilin büdcəsinin 28 faizə qədərinin sosial məsələlərə ayrılması o deməkdir ki, əhalinin həyat səviyyəsi indikindən daha yaxşı olacaq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31