Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin payız sessiyası başa çatıb

Milli Məclisin payız sessiyası başa çatıb

31.12.2014 [09:55]

Dünən Milli Məclisin payız sessiyasının son iclası keçirilib. İclasın gündəliyinə 21 məsələ daxil edilib. Çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov spiker Oqtay Əsədovun 10 ilə yaxın bir müddətdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə çox uğurla rəhbərlik etdiyini deyib. Onun sözlərinə görə, bu illər ərzində Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi iqtisadi, siyasi və sosial proqramların hüquqi bazasının yaradılmasına və möhkəmlənməsinə öz sanballı töhfəsini verib. E.İbrahimov spiker Oqtay Əsədova müraciət edərək bildirib: “Məhz sizin rəhbərliyiniz altında ölkə parlamenti Avropa Şurası, Avropa İttifaqı, ATƏT və bir sıra digər beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri ilə sıx əlaqələr qurub, respublikamızın və xalqımızın xeyrinə qərarlar qəbul olunmasına nail olub. Son 10 ildə sizin rəhbərlik etdiyiniz Milli Məclis ölkə Prezidentinin respublikamızın günü-gündən güclənməsi, xalqımızın rifah halının yaxşılaşması üçün həyata keçirdiyi uğurlu siyasi xətti həmişə dəstəkləyib və öz köməyini əsirgəməyib. Çox əlamətdardır ki, hörmətli Prezidentimiz Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinizə görə sizi “Şərəf” ordeni ilə təltif etdi. Bu, bizi çox sevindirdi və hesab edirik ki, əməyinizə verilən bu yüksək qiymət sizin simanızda bütövlükdə Azərbaycan parlamentinə verilən böyük dəyərdir. Sizi “Şərəf” ordeni ilə təltif etdiyinə görə hörmətli Prezidentimizə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Deputat həmkarlarım və öz adımdan sizi yubileyiniz və “Şərəf” ordeni ilə təltif olunmağınız münasibəti ilə təbrik edir, sizə möhkəm cansağlığı, bu çətin və şərəfli işinizdə yeni uğurlar arzu edirik. Arzu edirik ki, biz sizin 70, 80 illik yubileylərinizi də bu zalda, bu vəzifədə təbrik edək”.
Spiker Oqtay Əsədov isə bu təbrikə görə təşəkkürlərini bildirib.
Sonra gündəlikdəki məsələlər müzakirə olunub. İlk olaraq Gülzar Rzayeva Ali Məhkəmənin hakimi təyin olunub. İclasda, həmçinin, bir sıra beynəlxalq və ikitərəfli sazişlər təsdiq edilib.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliklər edilməsi məsələsi də müzakirəyə çıxarılıb. Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verərək bildirib ki, qanun layihəsində əsas məqsəd uçot və qeydiyyatın təkmilləşdirilməsidir. Komitə sədrinin sözlərinə görə, bəzi texniki və redaktə xarakterli dəyişikliklər də qanun layihəsində öz əksini tapıb.
Millət vəkili Fəzail Ağamalı bildirib ki, Ermənistanın tutduğu mövqe dəyişmir və beynəlxalq qüvvələr Ermənistanı müdafiə edir: “Buna görə də biz ordu gücümüzü artırmağa maraqlı olmalıyıq. Müdafiə naziri Zakir Həsənovun atdığı addımlar onun əsgərlər arasında olan hərbi nazir olduğunu göstərir. Hərbi quruculuq işləri ordumuzun daha operativ olmasına və çevikliyini artırmağa yönəlib”.
Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, son vaxtlar magistraturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi ictimaiyyət tərəfindən müzakirə olunur. Onun sözlərinə görə, “Elm haqqında” qanun layihəsinə belə bir müddəa daxil edilib: “Amma bu məsələ hərbi xidmətin əsaslarının və hərbi xidmətə çağırış haqqında qanunun predmetidir. Çünki möhlət hüququnun verilməsi hərbi çağırışla bağlı olan məsələdir. Biz bunu hər bir qanuna yaza bilmərik. Amma bunun əsaslandırılması isə başqa bir məsələdir. Ali Baş Komandan kimlərə möhlət hüququnun verilib-verilməməsini müəyyənləşdirir. Bəzən elə fikir yaranır ki, sanki orduya savadlı adam getməməlidir. Əslində, orduya savadlı insanlar getməlidirlər. Bir vaxtlar hərbi məktəblərdə 70 bal müəyyənləşdirmişdilər. Mən parlamentdə məsələ qaldırdım ki, bu, bədən tərbiyəsi institutu və ya konservatoriya deyil. Bu ordudur, buraya gedən ilk növbədə hesablamaları bacarmalıdır. Əgər zabit savadlı, ali təhsilli olmasa, əsgərlərə hansı istiqamət verə bilər? Ona görə də, indiki vəziyyətdə görürük ki, orduda daha savadlı adamlar üstünlük təşkil etməlidir, nəinki təhsili olmayanlar. ABŞ bu yaxınlarda elan etdi ki, itkisiz döyüş aparmaq üçün ordunun dördüncü qoşun növünü yaradıb. Əvvəldən quru, hava və dəniz qoşunları var idisə, dördüncüsü isə informasiya-kommunikasiya üzrə qoşun növüdür. Bu qoşun növü bütün raket sistemini müharibə aparmadan sıradan çıxarmaq imkanı verir. Bu gün Azərbaycan ordusu da ən yüksək texnikalarla təmin olunur. Bu texnikaların idarə olunmasına həm müqavilə əsasında olanlar, həm də ali təhsillilər getməlidirlər. Ordu sisteminə yanaşma tərzini dəyişməliyik. Hər bir vətəndaş orduda xidmət etdikdən sonra digər sahələr haqqında düşünməlidir”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
İclasda, həmçinin, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər barədə qanun layihəsi müzakirə olunub. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna əlavə edilən 15.1-ci yeni maddəyə görə, “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə aşağıdakı məzmunda and içir: “Mən, (soyadı, adı, atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”.
Dəyişikliyə əsasən andiçmə təntənəli şəraitdə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basmaqla həyata keçirilir. And içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.
Qanuna təklif olunan dəyişikliklər müzakirələrdən sonra qəbul edilib.
Millət vəkilləri “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər barədə layihəni də müzakirə ediblər. Qanunun 31.6-cı maddəsinə edilən dəyişikliyə əsasən attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi qadağan olunur. Qanunun 31.5-ci maddəsinə də dəyişiklik ediləcək. Bu maddənin yenilənmiş variantına görə, attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır. “Dövlət qulluğu haqqında” qanunun 31.16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliklərə görə isə attestasiya vərəqələrinə attestasiyanın nəticələri (qiymət və tövsiyələr) ilə yanaşı, attestasiya zamanı verilən suallar və cavablar da yazılacaq. Qanuna əlavə edilmiş 31.22-ci maddədə isə qeyd edilib ki, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanuna edilən dəyişikliklər müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.
İclasda “Aviasiya haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Vergi Məcəlləsi”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara da dəyişikliklər olunub.
Sonda Milli Məclis 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edib.
Spiker Oqtay Əsədov bildirib ki, 2014-cü ildə Milli Məclisdə 21 iclas keçirilib, 286 qanun və qərar qəbul edilib. Milli Məclis üzərinə düşən qanunvericilik səlahiyyətini tam yerinə yetirib.
Parlamentin xarici əlaqələrindən danışan Oqtay Əsədov bildirib ki, deputatlarımız beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak edərək 50-yə yaxın ölkəyə 115 səfər ediblər. 60-dan çox xarici dövlətin və beynəlxalq təşkilatın 90-a yaxın nümayəndə heyəti Milli Məclisdə olub. Onlar arasında 6 prezident, 6 baş nazir və 11 parlament sədri olub. Beynəlxalq təşkilatların xətti ilə Azərbaycan 10 beynəlxalq tədbirə ev sahibliyi edib.
Parlamentin payız sessiyası dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31