Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2014-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafı yüksək templə davam edib

2014-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafı yüksək templə davam edib

27.12.2014 [09:14]

Əli Həsənov: 2014-cü ilin yekunları qarşıdan gələn 2015-ci ilə nikbinliklə baxmağa tam əsas yaradır. Azərbaycan iqtidarı xalqın dəstəyinə arxalanaraq gələcəkdə də üzərinə düşən vəzifələri ən yüksək səviyyədə həll etməyə, Azərbaycanı yeni, möhtəşəm uğurlara doğru aparmağa hazırdır
Müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda irəliləyir. Bu inkişafın göstəriciləri qismində sürətli sosial-iqtisadi tərəqqi - iqtisadiyyatın inkişafı, regionların simasının əsaslı dərəcədə dəyişməsi, vətəndaşların sosial rifah halının davamlı olaraq yaxşılaşdırılması kimi amillər çıxış edir. Digər tərəfdən, həyata keçirilən səmərəli sosial-iqtisadi kursun qanunauyğun nəticəsi kimi, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması ümummilli tərəqqi baxımından aydın perspektivlərin mövcud olduğunu deməyə əsas verir. Hazırki səmərəli iqtisadi siyasət sayəsində hədəflənən strateji nəticələr əldə edilib, makroiqtisadi sabitlik qorunub saxlanıb.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu başa vurduğumuz 2014-cü ildə də mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib. Xüsusilə də Azərbaycanın sosial-iqtisadi inkişafı yüksək templə davam edib. Ümumilikdə, cari ildə əldə olunan nailiyyətlərin ölkəmizin inkişafı və perspektivi baxımından əhəmiyyətini anlamaq üçün bir sıra məsələlərə toxunmaq məqsədəmüvafiqdir.
Cari ildə sosial siyasət kursu uğurla davam etdirilib
İlk növbədə, cari ildə də ölkəmizdə ardıcıl və səmərəli sosial siyasət kursu həyata keçirilib. Azərbaycanda sürətli inkişaf, təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2014-cü ilin yekunları ilə bağlı AzərTAc-a müsahibəsində qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də sosialyönümlü siyasət həyata keçirilib, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, vətəndaşları narahat edən problemlərin həlli, onların istək və arzularının qarşılanması daim dövlətin diqqət mərkəzində olub, bu sahədə ardıcıl tədbirlər görülüb. Diqqətə çatdırıb ki, bu ilin ötən dövrü ərzində işsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə düşüb ki, bu göstəricilərə görə Azərbaycan dünyanın inkişaf etmiş bir çox ölkəsini belə geridə qoyub: “Statistikaya əsasən, son 10 ayda əhalinin gəlirləri 4,7 faiz artaraq 33,6 milyard manat olub. Əhalinin hər bir nəfərinə düşən gəlir 3,4 faiz çoxalaraq 3 600 manata, orta aylıq əməkhaqqı isə 5,5 faiz yüksələrək 450 manata çatıb. İnflyasiya cəmi 1,5 faiz təşkil etməklə əhalinin gəlirlərindən bir neçə dəfə aşağı olub. Bu isə bilavasitə göstərir ki, makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər çox yaxşı nəticə verir”.
Bir sözlə, nəzər yetirilən göstəricilər deməyə əsas verir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Cari il ərzində sosial siyasət kontekstində nəzərdə tutulmuş işlər operativ və effektiv şəkildə davam etdirilib.
Sənayenin şaxələndirilməsi və modernləşdirilməsi dövlətin diqqət mərkəzindədir
Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının dinamik tərəqqisi sənaye sektorunun intensiv inkişafında ifadə olunur. 2014-cü ildə də sənayenin şaxələndirilməsi və modernləşdirilməsi dövlətin diqqət mərkəzində olub. Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün hazırda ciddi proqramların icrasının vacibliyini nəzərə alan Prezident İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi əhəmiyyətli addımlardan biri hesab oluna bilər.
Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə, maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb.
Digər tərəfdən, ölkədə aparılan sənayeləşmə siyasəti, sosial infrastrukturun yenilənməsi istiqamətində görülən işlər, özəl sektorun fəaliyyətinin stimullaşdırılması və azad rəqabətin inkişafı üçün yaradılan əlverişli mühit yeni iş yerlərinin açılması baxımından əhalinin rifah halının yaxşılaşdırılması, eləcə də, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir edib. Həmçinin, bütün bunlar sənayedə fəallığın artmasına, ölkədə özəl sektorun - kiçik və orta sahibkarlığın inkişafına güclü təkan verib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəhs olunan müsahibəsində bununla bağlı qeyd edib: “2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib. Bundan əsas məqsəd sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin inkişaf etdirilməsi, o cümlədən, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb olunması, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsidir. Cari ildə sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının inkişaf etdirilməsi, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı işlər həyata keçirilib, 200-dək, o cümlədən 40-dan çox orta və iri sənaye müəssisəsi açılıb. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə artıb”.
Regionların, Bakı şəhəri və onun qəsəbələrinin inkişafı istiqamətində həyata keçirilən işlər səmərəli nəticələrlə yadda qalıb
Sadalananlarla yanaşı, cari ildə regionların, o cümlədən Bakı şəhəri və onun qəsəbələrinin inkişafı istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi də xüsusi diqqət mərkəzində olub. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası təkcə regionların, Bakı şəhəri və onun ətraf qəsəbələrinin inkişafına təkan verməyib. Bu, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. Bir sözlə, Əli Həsənovun vurğuladığı kimi: “Cari ildə regionların, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar tədbirlər davam etdirilib, bölgələrdə yüzlərlə iqtisadi, sosial, mədəniyyət və infrastruktur obyektləri istifadəyə verilib, aparılan quruculuq və abadlıq işləri nəticəsində şəhər və rayonların siması müasirləşib. Qarşıdan gələn növbəti 2-3 il ərzində bu proqramlar çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur layihələrinin başa çatdırılması nəzərdə tutulur. Regionlarda 82 mini daimi olmaqla 100 mindən artıq yeni iş yeri yaradılıb. Ümumilikdə, son 10 ildə açılan iş yerlərinin sayı 1,3 milyona çatıb”.
Beləliklə, görünən odur ki, Azərbaycanın dinamik inkişafı, xüsusilə də sosial-iqtisadi siyasət nəticəsində əldə edilmiş nailiyyətlər gələcəyə optimist baxmağa imkan verir. Əminliklə demək olar ki, müəyyən olunmuş strateji kursun yeni dövrün çağırışlarına müvafiq surətdə uğurla davam etdirilməsi qarşıdakı illərdə də kompleks nailiyyətlərin əldə edilməsini şərtləndirəcək. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bildirdiyi kimi: “2014-cü ilin yekunları qarşıdan gələn 2015-ci ilə nikbinliklə baxmağa tam əsas yaradır. Azərbaycan iqtidarı xalqın dəstəyinə arxalanaraq gələcəkdə də üzərinə düşən vəzifələri ən yüksək səviyyədə həll etməyə, Azərbaycanı yeni, möhtəşəm uğurlara doğru aparmağa hazırdır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 713 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31