Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dövləti qanunun aliliyinin təmin olunmasını başlıca vəzifəsi hesab edir

Azərbaycan dövləti qanunun aliliyinin təmin olunmasını başlıca vəzifəsi hesab edir

20.12.2014 [13:02]

Mübariz Qurbanlı: Kimliyindən asılı olmayaraq, qanunu pozanların məsuliyyətə cəlb olunması tam qanunauyğun haldır
Son illər iqtisadi inkişaf baxımından dünyanın öndə gedən dövlətlərindən biri olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. Bu amil Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu artıran əsas məqamlardan biridir. Ümumiyyətlə, Cənubi Qafqaz regionunun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Azərbaycan, eyni zamanda, başqa dövlətlərlə münasibətdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu, həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gələn bir məsələdir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Mövcud vəziyyətə əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Avroatlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir. Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr Azərbaycana təzyiq etməyə çalışır, ölkəmizin müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Son vaxtlar bəzi xarici dairələrin zəncirvari fəaliyyəti bunu deməyə əsas verir. Məlumdur ki, anti-azərbaycançı dairələrin əlində alət olan QHT və “hüquq müdafiəçiləri” var. Leyla Yunusova-Barseqyan və Xədicə İsmayılova da belələrindəndir. Belə ki, istər Leyla Yunusova-Barseqyanın konkret cinayət əməlləri törətməkdə ittiham olunaraq həbs edilməsi, istərsə də Xədicə İsmayılovanın konkret cinayət işində şübhəli bilinərək məsuliyyətə cəlb olunması anti-azərbaycançı dairələri hərəkətə keçirib. Bu dairələr həmin məsələdən istifadə edərək hadisələri siyasiləşdirməyə və bununla da ölkəmizin demokratik imicinə zərbə vurmağa çalışırlar. İndi onlar demokratiya və insan hüquqları pərdəsinə “bürünərək” adı çəkilən şəxslərin müdafiəsinə qalxıblar.
Təəssüf ki, bu prosesdə ABŞ Dövlət Departamentinin bəzi rəsmi şəxsləri də “fəallıq” göstərirlər. Belə ki, ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə yardımçısı Tom Malinovski “Azadlıq” radiosunun rusdilli “Nastoyaşeye Vremya” televiziya proqramına müsahibəsində ölkəmizdəki demokratik mühitlə bağlı qeyri-obyektiv fikirlər səsləndirib. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, insan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin başlıca prinsiplərindəndir. Onun sözlərinə görə, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi istiqamətində çox mühüm addımlar atılır: “Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” buna nümunədir. Eyni zamanda, digər hüquqi sənədlər, müvafiq dövlət qurumlarının fəaliyyəti bu hüquqları təmin edir. Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib. Biz bu sahədə beynəlxalq təşkilatlarla təzyiq altında deyil, bərabərhüquqlu üzv kimi əməkdaşlıq edirik. İnsan hüquqlarının yüksək səviyyədə təminatı dövlətimizin tutduğu yolun əsas tərkib hissəsidir”.
Azərbaycanın azad və demokratik dövlət olduğunu deyən M.Qurbanlı qeyd edib ki, ölkəmizdə qanunvericilik çərçivəsində hər bir vətəndaş özünün bütün hüquqlarından istifadə edir. Onun fikrincə, beynəlxalq aləmdə ölkəmizin nüfuzu yüksəlib və bu prosesdə Azərbaycanda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində də görülən işlər vacib rol oynayır. “Eyni zamanda, Azərbaycanda internet azadlığı, sərbəst toplaşmaq azadlığı tam mövcuddur, insan haqları yüksək səviyyədə təmin olunub, vətəndaş cəmiyyəti qurulub və QHT-lər üçün münbit şərait yaradılıb. Amma bu amillərdən sui-istifadə halları da yolverilməzdir. Bu demokratik şəraitdən istifadə edərək yeni media qurumları, internet saytları və s. yaradılır. Bəzi informasiya saytları isə insanlar haqqında əsassız yazılara yer verirlər. Bu, düzgün deyil, hamı qanun qarşısında bərabərdir və heç kəsin şəxsiyyətinə böhtan atmaq olmaz. Həmçinin, kimliyindən asılı olmayaraq, qanunu pozanların məsuliyyətə cəlb olunması tam qanunauyğun haldır. Bəzi dövlətlərin, beynəlxalq QHT-lərin nümayəndələri kimlərinsə qanunsuzluğunu “demokratiya” hesab edirlərsə, yanılırlar. Hüquqi dövlətdə qanunun aliliyi başlıca yer tutur və Azərbaycan dövləti də qanunun aliliyinin təmin olunmasını başlıca vəzifəsi hesab edir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 618 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31