Qarşıdurma davam edir
06.03.2026 [10:12]
İran qonşu ölkələrdə otelləri hədəfə alır
Yaxın Şərqdə fevralın 28-dən start götürmüş qarşıdurma səngimək bilmir. Bu arada İsrail İranı beynəlxalq konvensiya ilə qadağan olunmuş kasetli silahlardan istifadə etməkdə ittiham edib. İsrail Xarici İşlər Nazirliyinin bu bəyanatı “X” sosial şəbəkəsində dərc edilib. “İran havada partlayan və subsursatları geniş əraziyə səpələyən kaset başlıqlı raketlər atır”, - məlumatda deyilir. XİN qeyd edib ki, bu silah növü nöqtəvi zərbələr üçün nəzərdə tutulmayıb, mümkün qədər daha çox hərbçi və mülki şəxsin öldürülməsi məqsədilə istifadə edilir.
BƏƏ bombalandı - əcnəbi vətəndaşlar həlak olub...
Martın 4-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İranın hücumları nəticəsində üç əcnəbi - Pakistan, Nepal və Banqladeş vətəndaşları həlak olub. Bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında bildirilib. Bundan əlavə, 78 nəfər yaralanıb ki, onların arasında da BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan və digər ölkələrin vətəndaşları var.
Bağdad Beynəlxalq Hava Limanının (İraq) yaxınlığında yerləşən ABŞ səfirliyinin logistika mərkəzi də hücuma məruz qalıb. Bu barədə Qətərin “Al Araby” telekanalı İraqın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. İranın dövlət teleradio şirkəti isə iddia edir ki, Bağdad hava limanı yaxınlığındakı ABŞ-nin Viktoriya düşərgəsi ərazisində partlayış səsləri eşidilib.
Bundan başqa, Ərbildə yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatının zərbə endirdiyi anın videogörüntüləri yayılıb. Sosial şəbəkələrdə yayılan kadrlarda gecə saatlarında bazanın hava hücumundan müdafiə sistemi olan C-RAM kompleksinin ardıcıl atəş açdığı görünür.
Küveytdə daha bir otelə hücum...
SEPAH Küveytdə yerləşən bir hotelə zərbə endirdiyini açıqlayıb. SEPAH-ın yaydığı məlumata görə, zərbə endirilən binada ABŞ hərbçiləri yerləşdirilib. İran tərəfi həmin obyektin hərbi məqsədlərlə istifadə olunduğunu iddia edir. Hələlik Küveyt rəsmiləri və ABŞ tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda bölgədə ABŞ hərbçilərinin yerləşdiyi bir sıra obyektlərin hədəfə alındığı barədə məlumatlar yayılır.
İran yenidən atəşə başladı...
İran dövlət televiziyası ölkənin yeni raket hücumları dalğasına başladığını açıqlayıb. Məlumata görə, İran ordusu İsrail ərazisinə, eləcə də ABŞ-ın regiondakı hərbi obyektlərinə qarşı genişmiqyaslı hücum həyata keçirir. Hücumlar çərçivəsində həm ballistik raketlərdən, həm də pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. İranın rəsmi açıqlamasında qeyd edilir ki, zərbələr əsasən İsraildəki hərbi obyektlərə, həmçinin ABŞ-ın Bəhreyn və Küveytdə yerləşən hərbi bazalarına yönəlib.
İran Beyrutdakı (Livanın paytaxtı) diplomatik missiyasına hücum ediləcəyi təqdirdə, bütün dünyada İsrail səfirliklərinə zərbələr endirəcəyini bildirib. Bu barədə İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Əbülfəz Şəkərçi bildirib. “İsrail Livandakı İran səfirliyinə hücum etməklə hədələyib. Əgər İsrail bunu edərsə, bu ölkənin bütün səfirlikləri bizim üçün qanuni hədəfə çevriləcək”, - Ə.Şəkərçi deyib.
5 mindən çox döyüş sursatı
İsrail Hərbi Hava Qüvvələri (HHQ) İrandakı obyektlərə zərbələr zamanı 5 mindən çox döyüş sursatından istifadə edib. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. “İsrail HHQ əməliyyat başlayandan bəri (28 fevraldan - red.) İrandakı obyektlərə 5 000-dən çox döyüş sursatı ilə zərbə endirib”, - məlumatda bildirilib. Bəyanatda, həmçinin qeyd olunub ki, İsrail HHQ İran ərazisində, xüsusilə Tehranda İsrail ordusunun hava üstünlüyünü genişləndirməyə davam edir.
Bundan başqa, İsrail Müdafiə Ordusu Tehranın şərq hissəsində yerləşən, bir neçə komanda mərkəzi və daxili təhlükəsizlik bölmələrinin olduğu İranın iri hərbi kompleksinə genişmiqyaslı zərbə endirib. İsrail Müdafiə Ordusunun məlumatına görə, kompleksdə İranın əsas güc strukturlarının, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), Kəşfiyyat İdarəsi, “Bəsicin”, “Qüds qüvvələri”, daxili təhlükəsizlik bölmələri və kiberqoşunların qərargahları yerləşib. Bundan başqa, orada daxili etirazların yatırılmasına və əhaliyə nəzarətə rəhbərlik edən bölmə fəaliyyət göstərib.
Bildirilib ki, əməliyyat İsrail kəşfiyyatının dəqiq məlumatlarından istifadə edilməklə həyata keçirilib və İranın hərbi potensialının daha da zəiflədilməsinə yönəlib.
Hörmüz boğazında təhlükə...
İran cəmisi iki gəmiyə Hörmüz boğazından keçməyə icazə verib. Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi bildirib. “Müharibənin birinci günü biz iki tankeri, ikinci gün isə ABŞ-nin Hörmüz boğazından keçməyə təmin etdiyi və dəstəklədiyi bir neçə gəmini vurduq. Hörmüz boğazından keçərkən İranın qaydalarını pozan gəmilər vurulub. Müharibənin dördüncü günündən bəri Hörmüz boğazından heç bir hərəkət baş vermir. Üçüncü gün yalnız iki gəmi, dost ölkələrin gəmiləri İranın icazəsi və təsdiqi ilə keçib”, - o deyib.
Heç bir variant istisna edilmir
ABŞ-ın İrandakı hərbi planları hazırda bu ölkədə quru qüvvələrinin istifadəsini əhatə etmir, lakin bu ehtimalı istisna etmək olmaz. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib. “Bu, hazırkı planların bir hissəsi deyil, amma prezidentin adından heç bir variantı istisna etməyəcəyəm”, - deyə o, məsələ ilə bağlı suala cavab olaraq bildirib. Bundan əvvəl ABŞ lideri Donlad Tramp “lazım gələrsə, İrana quru qoşunları göndərilə bilər” ifadəsini işlədib.
Saatlıq dəyəri 9,16 milyon, gündəlik dəyəri isə təxminən 220 milyon dollar...
Yaxın Şərq müharibəsi isə artıq həm də iqtisadi nəticələr göstərməyə başlayıb. Xarici KİV-lərin yazdığına görə, əməliyyatların ilk 24 saatında istifadə edilən sursat, qırıcı təyyarələrin uçuşlarının dəyəri və bölgəyə hərbi göndərişlər milyardlarla dollar xərclənib. Qeyd olunub ki, ABŞ ordusu İrana qarşı hərbi əməliyyatın ilk 24 saatında təxminən 779 milyon dollar xərcləyib. Eyni zamanda təyyarələrin və onlarla dəniz gəmisinin bölgədə yerləşdirilməsi əlavə 630 milyon dollara başa gəlib. Regiondakı hər bir təyyarədaşıyan qrupunun gündəlik istismar xərcləri təxminən 6,5 milyon dollardır. İlk gündən bəri ümumi xərc təxminən 2.276.000.000 dollar təşkil edib. Vurğulanıb ki, müharibənin saatlıq dəyəri 9,16 milyon dollar, gündəlik dəyəri isə təxminən 220 milyon dollardır.
SEPAH hava limanını hədəf aldı
SEPAH Tel-Əviv yaxınlığındakı Ben-Qurion Beynəlxalq Hava Limanına raket hücumu təşkil edib. Bu barədə korpusun mətbuata açıqlamasında bildirilib. Bəyanatda deyilib ki, İran ordusu İsrailin Müdafiə Nazirliyinin binasında və Ben-Qurion Beynəlxalq Hava Limanında strateji hədəflərə qarşı hipersəs raketlər və dronlardan istifadə edərək hücum təşkil edib.
KƏŞ yığılır...
Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Avropa İttifaqının xarici işlər nazirləri təcili onlayn görüş keçirəcəklər. Bu barədə şura məlumat yayıb. Görüşdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas iştirak edəcək. Danışıqların əsas mövzuları İranın Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı təcavüzünün nəticələri, regionda baş verən ciddi hadisələr və onların bütün dünyaya mənfi təsiri olacaq. Şuranın baş katibi Casim Məhəmməd əl-Budeyvinin sözlərinə görə, qurumun məqsədi beynəlxalq ictimaiyyəti müharibəyə son qoymaq üçün öhdəliklərini yerinə yetirməyə təşviq etməkdir.
Tankerə zərbə endirilib
İran silahlı qüvvələri Fars körfəzinin şimalında ABŞ tankerinə zərbə endirib. Bu barədə İran dövlət teleradio şirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb. “Raket Fars körfəzinin şimalında ABŞ tankerinə dəyib. Tanker bu gün səhər Fars körfəzinin şimalında SEPAH-ın dəniz piyadaları tərəfindən vurulub və hazırda yanır. Biz daha əvvəl bəyan etmişdik ki, beynəlxalq qanunlara və qərarlara uyğun olaraq, müharibə dövründə Hörmüz boğazından keçidə nəzarəti İran İslam Respublikası həyata keçirəcək”, - məlumatda qeyd olunub.
75 raket və 123 PUA məhv edilib
Bəhreynin Hava Hücumundan Müdafiə (HHM) sistemləri ABŞ və İsrailin əməliyyata başlamasından, yəni 28 fevraldan bəri İranın 75 raket və 123 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə krallığın müdafiə qüvvələrinin baş komandanlığının məlumatında deyilir. “Bəhreynin müdafiə qüvvələrinin HHM sistemləri 75 raket və 123 pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda qeyd olunub.
Raket anbarları vurulur...
İsrail Müdafiə Ordusu bəyan edib ki, Tehranın mərkəzi hissəsindəki obyektlərə zərbələr endirməyə davam edir. İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq bir neçə raket anbarı məhv edilib. “İsrail Müdafiə Ordusu rejimin raket kompleksi infrastrukturuna zərbələr endirib. Tehrandakı hədəflərdən biri İranın ballistik raketləri saxlamaq üçün istifadə etdiyi yeraltı obyekt, eləcə də təyyarələri vurmaq üçün nəzərdə tutulmuş raket anbarları olub. Bundan əlavə, İsrail dövləti və onun vətəndaşları üçün real təhlükə yaradan bir neçə buraxılış qurğusuna zərbələr endirilib”, - bəyanatda bildirilib.
İsrail ordusundan bildirilib ki, hücumlar zamanı Hərbi Hava Qüvvələrinin qırıcısı bir qrup İran hərbçisinin yerini aşkarladıqdan sonra onların hamısını öldürüb.
Vaşinqtonun məqsədi...
ABŞ prezidenti Donald Trump İrana qarşı keçirilən hərbi əməliyyatla bağlı yeni açıqlama verib. Tramp əməliyyatın nəticələrini yüksək qiymətləndirdiyini bildirib. ABŞ lideri jurnalistlərin suallarını cavablandırarkən əməliyyatın effektivliyinə diqqət çəkib. Onun sözlərinə görə, bu əməliyyat gözləniləndən də uğurlu olub. “Biri məndən soruşdu ki, bunu 1-dən 10-a qədər olan şkala üzrə necə qiymətləndirərdiniz? Mən dedim - təxminən 15”, - deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqtonun məqsədi İranın təhlükəli hərbi və nüvə potensialının qarşısını almaqdır. Trampın sözlərinə görə, İranın bu imkanları əldə etməsinə icazə verilsəydi, həmin güc ABŞ və müttəfiqlərinə qarşı istifadə oluna bilərdi. “Bu, nəzarətdən çıxmış bir millətdir. Əgər biz onlara imkan versəydik, onlar bu silahları bizə qarşı istifadə edərdilər”, - deyə ABŞ prezidenti vurğulayıb.
Data mərkəzləri hədəfdə...
İranın Körfəz bölgəsində yerləşən data mərkəzlərinə zərbə endirdiyi bildirilib. Reuters agentliyinin məlumatına görə, “Amazon Web Services”ə (AWS) məxsus BƏƏ-dəki iki obyekt birbaşa zərər görüb, Bəhreyndə yerləşən data mərkəzi isə yaxınlıqda baş verən zərbə nəticəsində zədələnib. Məlumata əsasən, hadisə nəticəsində şirkətin region üzrə bulud xidmətlərində fasilələr yaranıb. Nasazlıqlar Körfəz ölkələrinin bank sektoruna və iri şirkətlərin istifadə etdiyi rəqəmsal infrastruktur sistemlərinə təsir göstərib. Bildirilir ki, bir sıra maliyyə xidmətlərində müvəqqəti dayanmalar və gecikmələr qeydə alınıb. AWS müştərilərinə xidmətlərin sabitliyini bərpa etmək üçün sistemlərini müvəqqəti olaraq digər regionlara köçürməyi tövsiyə edib. Regionun rəqəmsal infrastrukturuna zərbələr iqtisadi və maliyyə sabitliyi üçün ciddi risk yarada bilər.
Qətər İran təyyarələrini zərərsizləşdirdi
Qətər Hərbi Hava Qüvvələri Yaxın Şərqdəki Amerika qoşunlarının yerləşdiyi ən böyük hərbi bazaya zərbə endirməzdən bir neçə dəqiqə əvvəl İran bombardmançı təyyarələrini vurub. Bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, İran 10 min ABŞ əsgərinin yerləşdiyi Əl-Udeid hava bazasına və Qətər iqtisadiyyatının onurğa sütunu olan əsas qaz emalı zavodu Ras Laffana 2 Su-24 taktiki bombardmançı təyyarəsi göndərib.
Mənbələrdən biri bildirib ki, İran təyyarələri hədəfə çatmağa cəmi “iki dəqiqə” qalmış vurulub. Digər mənbə CNN-ə açıqlamasında təyyarələrin vizual olaraq tanındığını və fotoşəkillərinin çəkildiyini, qırıcıların “bomba və idarə olunan döyüş sursatları ilə” gəldiyini bildirib. Təyyarələr radarların aşkarlamaması üçün çox aşağı hündürlükdə uçublar və radio xəbərdarlıqlarına cavab verməyiblər. “Vaxt məhdudiyyətləri” və “mövcud sübutlar” əsasında bu təyyarələr “düşmən” kateqoriyasına daxil edilib. Nəticədə Qətər HHQ-nin F-15 qırıcısı hər iki təyyarəni vurub. İran təyyarələri Qətərin ərazi sularına düşüb, ekipajların axtarışı davam edir. CNN bildirir ki, bu hadisə Qətər HHQ-nin ilk dəfə havada döyüş əməliyyatında iştirakı və təyyarələrin İrana qarşı istifadə olunmasıdır.
Fransanın ardından Böyük Britaniya
London Yaxın Şərqə qoşun göndərə və ABŞ-nin İrana zərbələrini dəstəkləyə bilər. Böyük Britaniya bu ssenarini nəzərdən keçirir, ancaq hələlik yekun qərarlar qəbul edilməyib. Adı çəkilməyən Qərb rəsmiləri hazırda qoşun göndərmək və ya zərbələrə qoşulmaq planlarının olmadığını vurğulayıblar. Lakin onlar vəziyyətin sürətlə dəyişdiyini və inkişaf etdiyini qeyd ediblər.
Xatırladaq ki, bir neçə gün öncə Fransa BƏƏ səmasında İran dronlarını vurmuşdu. Fransa xarici işlər naziri Jan-Noel Barro bildirmişdi ki, əməliyyat regiondakı mülki və hərbi obyektlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib. Fransız qüvvələri hücumları dəf edərək əlavə risklərin qarşısını alıb. Qeyd edək ki, Fransa da region ölkələrindəki maraqlarını qorumaq üçün “Şarl de Qoll” aviadaşıyıcısını Yaxın Şərqə göndərib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08

