Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş tutmayan ssenarilər...

Baş tutmayan ssenarilər...

08.10.2024 [09:19]

Əsas hədəf gənc nəslin şüurudur

Dünyanın mənzərəsinə nəzər saldıqda görürük ki, müasir dövrdə müharibələr yalnız açıq döyüşlərdə aparılmır. Hegemonluq iddiasında olan ayrı-ayrı dövlətlər, güc mərkəzləri özlərinin məkrli məqsədlərinə çatmaqdan ötrü həm də ideoloji təxribatlara əl atırlar və bu yolla zərərli toxumlar səpirlər. Belə zərərli ideoloji təxribatların ünvanı qismində bir qayda olaraq güc mərkəzlərinin diktələrini qəbul etməyən və müstəqil siyasət aparan milli dövlətlər seçilirlər ki, Azərbaycan da bu sırada yer alır.

Gənclər heç vaxt unutmamalıdırlar

Bütün dövrlərdə gənclər cəmiyyətlərin avanqard hissəsini təşkil edib. Onların enerjisi, yenilikçi əhval-ruhiyyəsi, milli təəssübkeşliyi, ideyalara açıq olmaları ölkələrin inkişafına güclü impuls verir. Məsələ burasındadır ki, xaricdəki Azərbaycanofob dairələr də ölkəmizlə bağlı məkrli planlarını reallaşdırmaq üçün ilk növbədə müxtəlif vasitələrlə gəncləri ələ almağa çalışırlar. Prezident İlham Əliyev bu günlərdə Cəbrayılda yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarının təqdim edilməsi tədbirindəki çıxışında xaricdəki anti-Azərbaycan qüvvələrin fəallaşmasına xüsusi diqqət çəkib. Gəncləri ayıq-sayıq olmağa çağıran dövlətimizin başçısı “Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq. Xüsusilə mən gənc nəsli nəzərdə tuturam. Çünki bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında. Yəni, gənc nəslin şüuruna təsir etsələr, demək olar ki, Azərbaycanın gələcəyinə təsir edəcəklər, heç vaxt gənclər unutmasınlar”.

Hazırda Azərbaycana qarşı təzyiq cəhdləri əsasən Amerika Birləşmiş Ştatlarından, Fransadan və bir sıra Qərb təsisatlarından gəlir. Onların fəallaşmaları isə heç də təsadüfi sayıla bilməz. Belə arzuolunmaz fəaliyyətlər xüsusilə 44 günlük Vətən müharibəsindən və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonrakı mərhələdə daha da intensivləşib. Bunun səbəbləri bəllidir. Azərbaycan öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə əsas ümummilli hədəfinə çatıb. Qarşıdakı strateji mərhələ üçün isə yeni strateji hədəflər müəyyənləşdirilib. Xaricdəki Azərbaycanafob dairələri əndişələndirən də Azərbaycanın güclü potensialına əsaslanmaqla milli hədəflərinə çatmasıdır. Bununla, əslində respublikamız imperialist güc mərkəzlərinin Cənubi Qafqaz planlarını iflasa uğradıb. İkinci Qarabağ müharibəsindən əvvəl onlar Azərbaycan cəmiyyətinə və dövlətinə nəyi aşılamaq  və qəbul etdirmək istəyirdilər? Onların məqsədi  Ermənistanın işğalçılıq siyasətinin nəticələrini legitimləşdirməyə nail olmaq idi. Bizi təslimçiliyə, torpaq itkiləri ilə  barışmağa çağırırdılar. Bu məqsədlə saxta təbliğat maşını işə salınmışdı. İcmalar arasında ünsiyyət qurulmasının vacibliyi əsaslandırılır, ərazi bütövlüyümüzün bərpası üçün hərbi variant istisna olunurdu...

Azərbaycan bütün bu planları pozdu. Buna görə də Azərbaycanofob qüvvələr ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası kimi fundamental uğurlarımızı sinirə bilmirlər və yeni hücum kampaniyalarına start veriblər. Hansısa yollarla hakimiyyətlə cəmiyyət arasında ayrıcı xətlər yaratmaq, ölkədə cari məsələləri qabartmaqla inamsızlıq əhval-ruhiyyəsi formalaşdırmaq onların planlarına daxildir. Ancaq həmin qüvvələr, görünür ki, ölkəmizin reallıqlarını, xalqımızın mental xüsusiyyətlərini, o cümlədən də gənclərimizin vətənpərvərliyini dərk etmək iqtidarında deyillər. Azərbaycan cəmiyyəti ənənələrinə və tarixinə bağlı olan cəmiyyətdir. Gənclərimiz də məhz bu ruhdadırlar. Qərb dairələri bilməlidirlər ki, müxtəlif hiylələrlə, aldadıcı vədlərlə gənclərimizə təsir etmək, onları səhv istiqamətlərə yönəltmək, milli maraqlarımızdan uzaqlaşdırmaq əsla mümkün deyil. Yeri gəlmişkən, 44 günlük müharibənin, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin əsas ağırlığı məhz Azərbaycan gənclərinin üzərinə düşdü. Məhz onlar ön cəbhədə düşmənə qan uddurmaqla Azərbaycan xalqının torpaq həsrətinə son qoydular. Bu gün cilddən-cildə girən, özlərini “dost” kimi qələmə verən qüvvələrin səyləri əbəsdir. Cəmiyyətimiz yaxşı anlayır ki, zamanında işğalçı Ermənistana yandaşlıq edənlərdən bizə dost olmaz. Gənclərimizin hamisi, əsl dostu Azərbaycan dövləti və Prezidentidir.

İflasa uğrayan fəaliyyətlər

İmperialist güc mərkəzlərinin Açıq Cəmiyyət İnstitutu, USAİD kimi uzantılarının ölkəmizdə də şirnikləndirici vədlərlə azsaylı “Beşinci kolon” formalaşdırdığı inkarolunmaz faktdır. Məsələn, Sevinc O.qızının, Qənimət Zahidin internet televiziyaları, eləcə də “Toplum TV”, “Abzasmedia” kimi qurumlar xaricdəki Azərbaycanofob dairələrin ruporları, danışan dilləri qismində çıxış edirlər. Bununla belə, imperialist güc mərkəzlərinin və “Beşinci kolon”da yer alan sapı özümüzdən olan baltaların fəaliyyətləri bir qayda olaraq nəticəsiz qalır və idarə olunan xaos ssenariləri iflasa uğrayır.

Sözügedən qurumun vaxtilə respublikamızda müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatları maliyyələşdirməklə onların vasitəsilə  Azərbaycan hökuməti əleyhinə qeyri-qanuni aksiyaların permanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar var. USAİD məkrli fəaliyyətini pərdələmək üçün regionlarda müxtəlif layihələr həyata keçirirdi. Məsələn, 2014-cü ildə USAİD Azərbaycanda “müstəqil medianın inkişafı” üçün 2,4 milyon dollar məbləğində qrant ayırıb və vəsaiti özünə yaxın bildiyi media və vətəndaş cəmiyyəti təsisatlarına qeyri-şəffaf formada paylayıb. Bu fəaliyyətlərin alt qatında qərəzli məqsədlər gizlənir.  Heç təsadüfi deyildir k, ölkəmizdəki redikül müxalifət düşərgəsində yer alan “Beşinci kolon” təmsilçiləri USAİD-dən, ABŞ Milli Demokratiya İnstitutundan (MDI/NDI) maliyyələşir və aldıqları qrant müqabilində lazım olan informasiya və dəstəyi göstərməyi özlərinə borc bilirlər.

Bir qədər bundan əvvəl isə E.Makron iqtidarının Azərbaycana yönəlik qərəzli siyasətinin yeni bir istiqamətinin gizlinləri aşkarlandı. Söhbət Fransa xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi cəsusluq fəaliyyətinin ifşa olunmasından gedir. Bu dəfə agentura şəbəkəsində yer alanlar Fransanı respublikamızda təmsil edən diplomatlar idilər. Onların əməlləri təkzibolunmaz faktlarla ifşa edildi və bu barədə geniş təfərrüatlar Fransa mətbuatında da işıqlandırıldı.

Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan milli maraqlarını qətiyyət?ə qorumaq gücündə olan dövlətdir. Ölkəmizdə  milli maraqlarımız əleyhinə casusluq, gənclərin şirnikləndirici vədlərlə ələ alınması kimi ssenarilər heç vaxt baş tutmayıb və bundan sonra da baş tutmayacaq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30