Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xaosun başlanğıcı...

Xaosun başlanğıcı...

10.07.2024 [10:40]

Makronizm üçün labüd uğursuzluqFransada antirekord - üçüncü cəhd və üçhakimiyyətlilik

Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər yekunlaşıb. Seçkilər iki turda baş tutub. Ötən bazar günü keçirilən ikinci turun nəticələri elan olunub. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, parlamentdə solçular 182, Makronun mərkəzçi alyansı 168, ifrat sağçıları təmsil edən Marin Le Penin “Milli birlik” partiyası və onun müttəfiqləri isə 143 yer qazanıb.

Fransada siyasi iflas

Təqdim olunan statistikaya sadəcə, cansız rəqəmlər kimi baxmaq doğru olmazdı. Bu rəqəmlər əslində, Fransanın bugünkü siyasi mənzərəsinin gerçək və ziddiyyətli reallıqlarını əks etdirir. Seçkilərin nəticələrini rəsmi Paris üçün siyasi iflas və yaxud Makronizm üçün labüd uğursuzluq kimi dəyərləndirmək daha doğru olardı. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı ölkələr və elə Fransanın özü də siyasi böhranlarla üzləşiblər. Bu zaman dövlətlər ikihakimiyyətlik dövrü keçiriblər. Yelisey Sarayı isə bu sahədə antirekorda imza atıb - seçkilərin nəticələrinə görə Fransada üçhakimiyyətlik dövrünün başladığı anons edilir ki, indiyədək belə hal digər ölkələrdə yaşanmayıb.

Fransada üçhakimiyyətlilik və yaxud üçtirəlik üç seçki cəhdinin ardından yaranıb. Birinci cəhd Avropa Parlamentinə seçkilər oldu. Xatırladaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində, Makronun revanş cəhdi idi. Ancaq Makronun ikinci seçki cəhdi də uğursuz oldu. Belə ki, Milli Assambleyaya seçkilərin birinci turunda sağçı “Milli birlik” partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəldi. Həmin seçkilərdə ikinci yeri 27,98 faizlə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası qazandı. Makronun mərkəzçi adlandırılan koalisiyası isə 20,76 faiz səslə yalnız üçüncü yerlə kifayətlənməli oldu.

Makronun komandası dalbadal iki məğlubiyyətdən sonra üçüncü seçki cəhdinə saxtakarlığa, siyasi oyunbazlığa qol qoymaqla hazırlaşdı. Belə ki, Yelisey Sarayından gələn siyasi sifariş əsasında sağçıların ikinci turda mütləq qələbəsini əngəlləmək məqsədilə planlar quruldu - solçuların üstünlük təşkil etdikləri dairələrdə mərkəzçilər, mərkəzçilərin üstünlük təşkil etdikləri dairələrdə isə solçular namizədliklərini geri götürdülər və 200-dən çox namizəd ikinci tur seçkilərinə qatılmadı. Bu seçki oyunu prezident koalisiyasına müəyyən üstünlüklər yaratmaqla mərkəzçi düşərgədən birinci turla müqayisədə daha çox namizədin qalib gəlməsinə yol açsa da, Makronun parlamentdə mütləq səs çoxluğuna nail olmaq istəyini təmin etmədi. Mərkəzçilər ikinci turun nəticələrinə görə Marin Le Penin partiyasını üstələsələr də, yalnız ikinci yerlə kifayətlənməli oldular.

Makron üçün sonun başlanğıcı

Analitiklər Makron üçün çətin hakimiyyət dövrünün başladığını, makronizm üçün sonun gəldiyini  anons edirlər. Ümumiyyətlə, parlamentin yeni formalaşan tərkibi ilə onun  ölkəni normal qaydada idarə edə biləcəyi mümkünsüz görünür.  Qeyd edək ki, Fransa Milli Assambleyası 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat lazımdır. Bundan əvvəlki seçkilərdə Makronun koalisiyasını Milli Assambleyada cəmi 250 deputat təmsil edirdi. Buna görə də mərkəzçi koalisiya parlament çoxluğunu qazanmaqdan ötrü digər partiyaların təmsilçilərinin səsini almaq, bunun üçün   hətta hansısa sövdələşmələrə getmək məcburiyyətində qalırdı. Mərkəzçilər üçün indiki say tərkibi ilə bunu etmək daha çətin olacaq.

Yeri gəlmişkən, ölkədə hakimiyyət böhranının əlamətləri ötən hər gün daha aydın şəkildə sezilir. Makronun ən yaxın çiyindaşlarından olan baş nazirin istefası gündəmə gəlib. Hətta belə görünür ki, prezidentin baş nazirə “istefa vermə” çağırışı da nəticəsiz qalacaq. Çünki seçkilərin ikinci turunun qalibi olan solçular hökumətin yenidən formalaşdırılmasını zərurət kimi gündəmə gətiriblər. Artıq sol blokun lideri Jan-Luk Melanşon tərəfdarlarına müraciətində Makronun seçkilərdə məğlubiyyətini etiraf etməli olduğunu bildirərək ölkənin hazırkı baş naziri Qabriel Attalı istefaya çağırıb. O, həmçinin solçu koalisiyaya yeni kabinet formalaşdırmağa icazə verilməli olduğunu vurğulayıb. Makronun koalisiyası ilə ittifaqı istisna edən siyasətçinin sözlərinə görə, solçular yeni hökumətdə öz siyasi proqramlarını həyata keçirməyə hazırdır.

İdarə olunan xaos Makronu xilas edəcəkmi?

Aparılan rəy sorğuları təsdiqləyir ki, bu gün Fransa cəmiyyətində sağçılara və solçulara mütləq mənada simpatiya yoxdur. Ən arzuolunmaz və ikrah doğuran siyasi komanda isə məhz prezidentin formalaşdırdığı mərkəzçi koalisiyadır. Makronun siyasi ömrünün sonunu gətirən də yalnız qalib solçuların yeni hökumət formalaşdırmaqda israrlı mövqet tutmamaları və mərkəzçilərlə koalisiyanın mümkünlüyünü istisna etmələri deyil. Burada cəmiyyətin anti-Makron mövqeyi də mühüm şərt kimi qəbul olunmalıdır. Bu gün fransızların 78 faizi ölkələrinin iqtisadi vəziyyətinin gələcəyinə inamsız olduqlarını deyirlər. Odoxa ictimai rəy mərkəzinin keçirdiyi sosial sorğu zamanı fransızlar qanunvericilik seçkilərində ilk 3 əsas partiyanın hər birinin qələbəsinin ölkənin vəziyyətinə, xüsusilə də, onun alıcılıq qabiliyyətinin təkamülü, məşğulluq və ya dövlət borcunun azaldılması kimi qlobal iqtisadi vəziyyətinə mənfi təsir göstərəcəyini bildiriblər. Öz şəxsi iqtisadi vəziyyətlərinə gəlincə, fransızlar düşünürlər ki, üç partiyadan hər birinin qələbəsi onlar üçün müsbətdən daha çox mənfi rol oynayacaq. Respondentlər düşünürlər ki, “Milli Birlik” digərlərindən daha az qorxuludur.

Seçkilərin ikinci turundan sonra ölkə boyunca iğtişaşlar başlayıb. Verilən bəzi məlumatlara görə iğtişaşların ssenarisi Yelisey Sarayından idarə olunur. Bu, Makronun idarə olunan xaos planıdır. O, gizli şəkildə iğtişaşlara rəvac verməklə məğlubiyyətini unutdurmağa və gündəmin dəyişdirilməsinə nail olmağa çalışır.

Eyni zamanda, Makron rəqiblərinə qarşı revanş cəhdlərini də davam etdirir. Paris prokurorluğu “Milli birlik” parlament fraksiyasının lideri Marin Le Penə qarşı təhqiqata başlayıb. O, 2022-ci ildə seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarını pozmaqda şübhəli bilinir.  BFMTV kanalı bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Sual yaranır: Baş prokurorluq 2022-ci il hadisələrini parlamentə növbəti seçkilər ərəfəsində araşdırmaqda nə dərəcədə səmimidir? Və yaxud burada Yelisey Sarayının siyasi sifarişini istisna etmək mümkündürmü?

Yeni Kaledoniyadan gələn sürpriz zərbə

 Fransa Milli Assambleyasına seçkilərin ikinci turunda bu ölkənin dənizaşırı ərazilərini təmsil edən iki namizəd parlamentə seçilib. Təxminən 40 ildə ilk dəfə olaraq Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan lider Fransa Milli Assambleyasına mandat qazanıb. Yeni Kaledoniya Fransa parlamentinin aşağı palatasında iki yerə malikdir. Burada 222 mindən çox seçici qeydə alınıb və Sakit okean arxipelaqında seçici fəallığı birinci turda 60,02 faizlə müqayisədə ikinci turda 71,2 faiz təşkil edib. Müstəqillik tərəfdarı olan namizəd Emmanuel Tjibaou Parisə loyal olan deputat Alside Ponqa ilə mübarizədə daha çox - səslərin 57,33 faizini toplayıb. 1989-cu ildə öldürülən Kanak lideri Jan-Mari Tjibaounun oğlu Emmanuel Tjibaou 1986-cı ildən bəri Milli Assambleyada mandat qazanan ilk müstəqillik tərəfdarı olub. Paris açıq şəkildə Yeni Kaledoniya əhalisi tərəfindən oğul Tjibaounun dəstəkləməsindən narahatdır, onun Parisin xarici ərazilərin suverenliyini tanıması məsələsini qaldıra biləcəyindən ehtiyatlanır. Bu, Makrona Yeni Kaledoniyadan gələn əsl sürpriz zərbədir.

Qeyd edək ki, Yeni Kaledoniyada digər seçki dairəsində hökumətə qarşı loyal münasibət sərgiləyən namizəd Nikolas Metzdorf 52,41 faiz, onun rəqibi - müstəqillik tərəfdarı siyasətçi Omayra Naisseline isə 47,59 faiz səs toplayıb.

MÜBARİZ

Paylaş:
Baxılıb: 259 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Mask inkar etdi

24 İyul 12:24

Xəbər lenti

Xəbər lenti

Turizm

Yayda istirahət...

24 İyul 10:55

MEDİA

Vətənpərvərlik!

24 İyul 10:42

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31