Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / İRƏVANDA AZƏRBAYCAN TƏHSİL TARİXİNDƏ İZ QOYAN FƏDAKAR MAARİFÇİ

İRƏVANDA AZƏRBAYCAN TƏHSİL TARİXİNDƏ İZ QOYAN FƏDAKAR MAARİFÇİ

05.09.2026 [11:20]

İrəvanda Azərbaycan maarifçilik mühiti olduqca uğurlu, həm də zəngin bir yol keçmişdir. Bu yolu işıqlandıran, daha da rövnəqləndirən maarifçilər, şəxsiyyətlər çox olub. Hər biri Azərbaycan maarifçiliyinə və təhsil sisteminə, cəmiyyətin intellektual dirçəlişinə özünəməxsus şəkildə böyük töhfə vermişlər. Bu mənada, İrəvanda Azərbaycan təhsil tarixində silinməz iz qoyan, unudulmaz müəllim simalardan biri də Heydər Ramazan oğlu Əliyev olmuşdur. Pedaqoq, jurnalist, ictimai xadim Heydər Ramazan oğlu Əliyev 1912-ci ildə İrəvan quberniyasının Qəmərli rayonunun Məsimli kəndində anadan olmuşdur. 1918-ci il hadisələrində hər iki valideynini itirən Heydər Əliyev əvvəlcə əmisinin himayəsində yaşamışdır. 1927-ci ildə ibtidai məktəbi, 1929-cu ildə isə Qəmərli natamam orta məktəbini bitirmişdir. 1930-1931-ci illərdə İrəvan Azərbaycanlı Pedaqoji məktəbinin nəzdində fəaliyyət göstərən bir illik müəllimlik kursunu bitirmişdir. 1931-1932-ci illərdə Vedi rayonunun Avşar kənd 7 illik məktəbində direktor və müəllim işləmişdir. Heydər müəllimin məktəblərin tədris-təchizat məsələlərinin yaxşılasdırılması işinə ciddi yanaşması, şagird kontingentinin məktəbə cəlb edilməsinə böyük səy göstərməsi və digər təşəbbüsləri əsl fədakarlıq nümunəsi idi. 1932-ci ildə İrəvan Kooperativ Texnikumunun Türk bölməsinin hesabdarlıq ixtisasına daxil olmuş və 1935-ci ildə təhsilini uğurla başa vurmuşdur. 1935-ci ilin iyun ayından 1936-cı ilin iyun ayına kimi Qarabağlar rayonunun Kolanı kəndində hesabdar və eyni zamanda həmin kəndin 7 illik məktəbində müəllim işləmişdir. Heydər Əliyev İrəvan qəzasında mədəni mühitin tanınmış simalarından, müəllimlərindən biri idi. O dövrdə ucqar kəndlərə gedən yollar yox dərəcəsində idi, hətta nəqliyyat vasitələri belə yox idi. Heydər müəllim də digər müəllim yoldaşları kimi ayaqlarına çarıq geyinib uzaq kəndlərə piyada gedərdi. Belə faktlar həm də fədakarlıq göstərmiş müəllimlərin real həyat mənzərəsini əks etdirir. 

O maarifçi fəaliyyəti ilə yanaşı, həm də mətbuat sahəsində də xidmətləri ilə tanınmışdır. 1936-cı ildə Ermənistan Xalq Maarif Nazirliyi attestasiya komissiyası qarşısında imtahan verib ibtidai məktəb müəllimi hüququnu qazanmışdı. Uzun illərdir ki, İrəvan ədəbi-mədəni, ictimai mühiti ilə bağlı araşdırmalar aparıram. İrəvanda 1924-cü ildən Azərbaycan dilində “Zəngi”, 1929-cu ildən isə “Qızıl şəfəq” adı ilə çıxan bu mərkəzi mətbuat orqanlarını vərəqlədikcə ən çox qarşılaşdığım imzalardan biri də Heydər Əliyevin imzasıdır. Bu mətbuat orqanlarının səhifələrində onun çap olunan yazılarında dövrün maarifçilik və quruculuq proseslərinə obyektiv münasibət bildirmək ən başlıca amalı olubdur. Həmin dövrdə belə yazıları yazmağın özü də çətin idi. 1936-cı ilin iyul ayından 1937-ci ilin sentyabr ayına kimi Qarabağlar (Vedi) rayonunun Qaraxaç kəndində hesabdar və həmin kəndin məktəbində müəllim işləmişdir. 1937-ci ildə Heydər Əliyev Maarif Nazirliyi tərəfindən Qəmərli rayon tam orta məktəbinə tədris hissə müdiri vəzifəsinə təyin edilir. 1941-ci ilədək həmin məktəbdə müəllim və tədris hissə müdiri vəzifəsində çalışır. Heydər Əliyev yaxşı müəllim, pedaqoq olmaqla yanaşı, İrəvan qəzasının ictimai-mədəni həyatında da fəal iştirak etmişdir. 1937-ci ildən 1941-ci ilədək maarif şöbəsində azərbaycanlı şagirdlərlə iş üzrə metodist və eyni zamanda maarif üzrə məktəblər müfəttişi vəzifəsində işləmişdir. 1940-cı ildə səmərəli pedaqoji fəaliyyətinə görə Əməkdar müəllim adına layiq görülmüşdür. 1940-cı ildə İrəvan Azərbaycanlı Qiyabi Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. 1941-ci ildə ikinci kursda təhsil alarkən könüllü olaraq Böyük Vətən müharibəsinə yollanır. 1942-ci ildə müharibədə yaralanmış və ordudan təxris edilmişdir. 1942-ci ildən 1943-cü ilin sentyabr ayına kimi Qəmərli rayonunun Çiləxanlı kənd natamam orta məktəbində direktor və müəllim işləmişdir. İrəvan bölgəsində Heydər müəllim, Bilas Şadlinski, Əli Fərəcov, Həqiqə Abbasova, Fatma Qədimova, Əsəd Məmmədov və digər maarif xadimləri cəmiyyətin mənəvi memarlığını öz çiyinlərində daşımışlar. 1943-cü ilin sentyabr ayından 1947-ci ilin sentyabr ayına kimi Qəmərli Rayon Partiya Komitəsində təlimatçı vəzifəsində çalışmışdır. Heydər müəllim ömrünün böyük bir dövrünü müəllimliyə həsr etmiş, yorulmaq bilmədən çalışmışdır. 1945-ci ildə “Qafqazın müdafiəsinə görə”, 1946-cı ildə “Almaniya üzərində qələbə” və “Rəşadətli əməyə görə” medalları ilə təltif olunmuşdur. 1947-ci ilin sentyabr ayından 1949-cu ilin avqust ayına kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında ikiillik Respublika partiya məktəbinin müdavimi olmuşdur.

Heydər müəllim rus və erməni dillərini gözəl bilirdi. O 1948-1953-cü illər köçürülməsi zamanı 1949-cu ilin mart ayında Azərbaycanın Ağstafa rayonuna deportasiya edilir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 2 sentyabr 1949-cu il tarixli Büro iclasının qərarına əsasən, Ağstafa rayon partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdir müavini - partiya kabinetinin müdiri vəzifəsinə təyin edilir. 26 iyun 1951-ci ildə həmin vəzifəsindən azad edilərək 13 aprel 1951-ci il tarixində Ağstafa rayon partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilir. 17 fevral 1960-cı ilə kimi həmin vəzifədə işləyir. 1960-cı ilin may ayından Qazax rayonunun “Lenin” adına kolxoz idarə heyətinin sədri vəzifəsində çalışır.

İşıqlı insanlar ölmür, çünki onların fiziki yoxluğundan sonra geridə qoyduqları xeyirxah əməllər - xidmətləri onları əbədiyaşar edir. Onlar elə bir miras qoyurlar ki, bu irs nəsillərdən-nəsillərə ötürülür. Bir həqiqət də məlumdur ki, hər kəs ehtiramla xatırlanmır, hörmətlə anılmır. Bu gün Heydər müəllimi də ehtiramla xatırladan, unudulmaz edən onun qoyub getdiyi irsdir.

Cəlal Allahverdiyev,

filologiya üzrə fəlsəfə doktoru, dosent  

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30