Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qafqazı “qarışdıran əl”

Qafqazı “qarışdıran əl”

15.05.2024 [10:44]

Gürcüstanda və Ermənistanda baş verənlər nəyin təzahürüdür?

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. Regionda 4 ildir ki, davam edən və özünün məntiqi nəticəsinə yaxınlaşan proses bu gün yeni iqtisadi-siyasi nizamı ortaya çıxarır - bu isə Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması üçün həm də bir əsasa çevrilir. Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri Cənubi Qafqaz üçün inkişaf tempi perspektivi vəd edir. Bəli, sülhün imzalanmasına bir addım qalmış mənzərə təxminən bu formadadır - Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqaz evinin inşası üçün səy göstərir, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi, siyasi rıçaqlarından istifadə edir. Verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı, uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyur.

Qərbin Gürcüstandakı “marağı”...

Amma təəssüf ki, region ölkələrində hazırda cərəyan edən hadisələr tamam fərqli mənzərədən xəbər verir. Həm Gürcüstanda, həm də Ermənistanda baş verənlər vahid bir qənaət yaradır - siyasi boşluqlar, qarşılıqlı etimadın aşağı olması, xarici müdaxilələrə qarşı kövrək və həssas durum (bu amili hətta xarici müdaxilələrin qarşısının alınmasında acizlik kimi dəyərləndirmək mümkündür). “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin ətrafında günlərdir, həftələrdir davam edən ajiotaj, buna münasibətdə Qərbin tuduğu mövqe çox şeydən xəbər verir. Bu bir daha onu göstərir ki, dövlətin öz marağına fokuslanması ən vacib şərtdir - Gürcüstanın timsalında illərdir Avropa təsisatlarının, ABŞ institutlarının çaldığı havaya oynamaq ölkəni yalnız və yalnız “zəif bənd”ə çevirir. Faktlar ortadadır:

- Post sovet məkanından Qərbə “can atan” dövlətlərin başına gətirilən oyunlar (Baltikyani dövlətlər presedent sayıla bilməz - onlar əvvəlcədən Qərbi Avropa təsirində olublar);

-  İllərdir “demokratiya” adı altında Gürcüstandan və Ukraynadan öz maraqları üçün istsifadə etmələri;

-  Bu ölkələrdə formalaşdırılan təsisatların vasitəsilə “yumşaq güc” formulunu daha geniş areala yaymaq istəyi.

Gürcüstanda baş verən məxməri inqilab sonrası Qərbin Tbilisidən “Şərq filialı” kimi istifadə etmə cəhdləri sirr deyil. Hətta digər ölkələrdə fəaliyyət göstərən “agentura şəbəkələri”nin görüş yeri kimi Tbilisi xarakterizə olunurdu. Bunu “demokratik ab-hava” kimi qələmə verməyə çalışanlar isə mövcud vəziyyətdən maksimum yararlanmaq niyyətində idilər. İllərlə Gürcüstan cəmiyyətində monolitliyin, bütövlüyün bərqərar edilməməsinin səbəblərindən biri və bəlkə də birincisi və məhz xarici təsirlərin güclü xarakter daşıması olub. ABŞ və Avropa “ilğım vədləri” ilə oradakı bəzi siyasi qrupların diqqətini cəlb edib - nəticədə bugünki vəziyyət meydana çıxıb.

Kilsə ideologiyası xarici güclərin “siyasi rıçaq”ına çevrilir

Ermənistandakı vəziyyət isə bir az daha fərqlənir. Heç bir zaman dövlətçilik ənənəsi olmayan Ermənistanın 44 günlük müharibədəki məğlubiyyəti ilə darmadağın olan “erməni mifi” bu xalqı, cəmiyyəti və “dövləti” reallıqlarla üz-üzə qoydu. Bu ölkənin əsas ideoloji istiqamətvericisinin kilsə olması növbəti dəfə təsdiqləndi - təsadüfi deyil ki, bütün siyasi proseslərdə kilsə ön plana çıxmaq istəyir. “Qalstyan hərəkatı” sırf qrup maraqlarının ortaya çıxardığı nəsnədir - bunu həm proseslərin axarı, həm də dilə gətirilən “tələblər” sübuta yetirir. Cəmiyyətdə qeyri-adekvat münasibət, siyasi proseslərdə ardıcıllığın müşahidə edilməməsi, ən əsası milli marağın ikinci plana keçirilməsi bu ölkədəki qarşıdurmaların əsas səbəbi kimi meydana çıxır. Bu kimi boşluqlar isə xarici təsirlərin mümkün müdaxiləsini reallaşdırır. Bu gün mübaliğəsiz demək mümkündür ki, Ermənistan xarici güclərin “müharibə meydanına” çevrilib. Cəmiyyətin və ya dövlətin “nə istədiyi” və ya “niyə istədiyi” elə də vacib sayılmır - tam əksinə,  hansı ölkənin və ya gücün dəstəklədiyi qrupun önə çıxacağı mübarizəsi şiddətlənir.

 Bu məqamda 5 aprel görüşü yenidən yada düşür. Hansı ki, bu görüşdə Avropa İttifaqı 270 milyon avroluq “2024-2027-ci illərdə Ermənistanın dayanıqlığı və artımı” proqramı ilə çıxış edəcəyinə söz vermişdi. Əldə edilən razılaşmalarda Ermənistanın “demokratik inkişafına dəstək” şüarları yer almışdı. Görüşdən cəmisi 1 ay keçməmiş Ermənistan bu “razılaşmaların” ağır sindromlarını yaşamağa məcbur edilir. Bu isə onu göstərir ki, Ermənistan xarici siyasi məqsədlər üçün “açıqdır” - bu və ya digər şəkildə bütün güclər bu ölkədə istədiyi siyasi prosesi yarada bilər, dəstəkləyər və hətta nəticələndirər. Təsadüfi deyildi ki, 5 aprel öncəsi bir  sıra siyasi mütəxəssislər Ermənistanın yeni Ukraynaya çevrilməsi “perspektivi”ndən danışırdılar. Bu gün baş verənlər müəyyən mənada deyilənləri təsdiqləyir.

Qərbin Köçəryan planı işə düşür

Ermənistanda baş verənlərin siyasi sinxronizasiyasına nəzər saldıqda isə ortaya maraqlı bir tablo çıxır - dünənə qədər Paşinyanı dəstəkləyən qüvvələr bu gün açıq şəkildə yeni alternativ haqda düşünür və danışır. Hətta bu alternativ üzərində müəyyən gedişlər belə hesablanır - bu heç də gizli formada edilmir. Qərbin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı seçməsi müəyyən ştrixlərdən bəlli olur. Bəzi mənbələr Serj Sarkisyan variantını irəli sürsələr də, onun vaxtilə Paşinyanın qarısında məğlub duruma düşməsi bu seçimi qeyri-real edir. Köçəryan isə Qərb üçün daha “əlverişli” sayılır.

Xatırlatma edək ki, siyasi kluarlarda Köçəryan heç də “Qərbin adamı” sayılmır - amma son hadisələr onu deməyə əsas verir ki, “separatçı Qarabağ klanı”nın keçmiş başçısı siyasi yönünü dəyişmiş kimi görünür. Diqqət yetirsək, əgər 2021-ci ildə Köçəryan Rusiya prezidenti ilə telefon danışığında Ermənistan-Rusiya münasibətlərini müzakirə edirdisə, 2023-cü ildə yayılan səs yazısında artıq özünü “siyasi proseslərin girovu” adlandırırdı və xilas üçün yollar axtardığını vurğulayırdı. Bu isə onu deməyə əsas verir ki, Köçəryan axtardığı “çıxış yolu”nu Qərbə satılmaqla tapıb. Paşinyanın isə öz “cinahına” qayıtması bütün spektrlardan bəllidir - istər Avroasiya İqtisadi İttifaqına geridönüşü, istərsə də KTMT məsələsində loyallaşması Qərbin Paşinyana olan “ümidlərini” puça çıxardı. Bunun nəticəsidir ki, vaxtilə Paşinyanı Ermənistanda hakimiyyət nərdivanının başına keçirənlər bu gün onun impiçmenti üçün “1 səs” axtarırlar. Bu yerdə “Saakaşvili nümunəsi” yenidən xatırlanır...

Nə Qərb, nə də digər maraqlı dövlətlər Azərbaycana müdaxilə edə bilmir...

Beləliklə, Cənubi Qafqazdakı mövcud vəziyyətin rəsmi təxminən bu formadadır. Bir daha vurğulanmalıdır ki, istər Ermənistanda, istərsə də Gürcüstanda baş verənlər bu ölkələrdə siyasi monolitliyin olmamasından qaynaqlanır - hər iki ölkədə iqtidar cəmiyyətin mütləq dəstəyini ala bilmir. Bunun nəticəsi isə fərqli xarici maraqların ölkənin daxili proseslərinə müdaxilə imkanlarını artırır.

Azərbaycanda isə tamam fərqli bir mənzərədir - bu gün Azərbaycan özünün qətiyyətli siyasi mövqeyi ilə seçilir. Yalnız milli maraqlara əsaslanan xarici siyasət kursu isə çoxtərəfli əsaslara söykənir. Azərbaycandakı xalq-dövlət birliyi sabitliyin, monolitliyin və inkişafın əsas stimulvericisi rolunda çıxış edir. Dövlət xalqın maraqlarını əsas götürərək özünün siyasi hədəflərini müəyyənləşdirir. Xalq isə dövlətinin arxasında vahid güc kimi çıxış edərək bu siyasətin daha da güclənməsinə dəstək verir. Beləliklə, nə Qərb, nə də başqa maraqlı dövlətlər Azərbaycandakı daxili proseslərə müdaxilə etmək imkanı əldə edə bilmirlər. Nə siyasi, nə dini, nə də ictimai motivlərlə Azərbaycan cəmiyyətini parçalamağın mümkünsüz olduğunu görən bu dövlətlər isə beləliklə də bölgənin zəif halqalarına üz tuturlar...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31