Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / "Qadınların seçimi inkişaf və özünü təsdiqdir"

"Qadınların seçimi inkişaf və özünü təsdiqdir"

24.04.2023 [13:45]

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il  aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması dövlətin bütövlükdə iqtisadiyyatın inkişafına göstərdiyi diqqətin təzahürüdür. Son illər qeyri-neft sektorunun davamlı tərəqqisi, sahibkarlığın daha da inkişaf etdirilməsi,  sosial-iqtisadi irəliləyişlər fonunda  məşğulluğun təmin olunması cəmiyyət üçün kifayət qədər prioritet məsələlərdir.  Bu istiqamətdə qazanılan uğurları bir də qadın zəhməti işıqlandırırsa, o zaman qadın sahibkarlığının inkişafı da müzakirə predmetinə çevrilir. Sahibkarlar günü ərəfəsində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin üzvü, Yeni Azərbaycan Partiyasının üzvü, “Kontinental” şirkətinin təsisçisi, tibb üzrə fəlsəfə doktoru, dosent, "Tərəqqi" medallı Afət Həsənova ilə həmsöhbət olduq. 

 - Afət xanım, Sahibkarlar Günü ərəfəsindəyik.  İstərdik öncə, qadınların sahibkarlığın inkişafındakı rolundan danışaq...  

  - Məlum olduğu kimi, Cənab Prezident İlham Əliyevin imzaladığı 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən hər il  aprelin 25-i  "Sahibkarlar Günü" kimi qeyd olunur.  Öncə qeyd etmək istərdim ki,  son illər özəl sektorun inkişafı istiqamətində atılan  mühüm addımlar, müşahidə olunan nəticələr sevindiricidir. İllər öncə  qeyri-neft sektorunun inkişafı ilə bağlı  həyata keçirilən köklü islahatlar bu gün öz bəhrəsini verməkdədir. Ən müxtəlif sahələrdə sahibkarlara yaradılan münbit şərait, sahibkarlıq subyektlərində yoxlamalara son verilməsi, yerli istehsalın artırılması və  dövlət tərəfindən dəstəklənməsi, sosial sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr, əlbəttə, sahibkarlığın inkişafına ciddi təkan verir. Bu baxımdan çoxlu sayda yaradılan sənaye və texnologiya parklarını, eləcə də sənaye məhəllələrini,  ixracın və investisiyaların təşviqi və dəstəklənməsi kimi mühüm faktorları da qeyd etmək lazımdır.

Bu baxımdan dövlətin həyata keçirdiyi kompleks iqtisadi inkişaf strategiyası bütün Azərbaycan qadınları üçün geniş imkanlar açır. Qadınlarımız uzun illərdir ki,  siyasi, ictimai işlərdə nümunəvi fəaliyyət göstərirlər.  Bu gün Azərbaycan qadını  siyasətdə, ictimai fəaliyyətdə,  səhiyyədə, təhsildə və mədəniyyət sahəsində öz potensialını gerçəkləşdirir,  ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir. Eyni zamanda  dövlət  strukturlarında, seçki orqanlarında, yerli özünü idarəetmə qurumlarında qadınların təmsilçiliyi artmaqdadır.  Bütün sadalanan arqumentlər dövlətin qadınlarla bağlı həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Bu baxımdan əlbəttə,  iqtisadi sferada fəaliyyət göstərən  qadınların inkişafı, onların biznesə marağının artması, sahibkarlıq subyektinə çevrilməsi üçün geniş imkanlar var və qadınlar bu imkanlardan yararlanır. Həm öz sosial rifahını yüksəldir, həm ailəsinə dəstək olur, həm öz ayaqları üzərində möhkəm dayanaraq ətrafındakı insanların da işlə təmin olunmasında rol oynayır. Vergi ödəyicisi kimi özünü təsdiq edən qadınlar ümumilikdə dövlətimizin vergi siyasətinə dəstək olur. Əslində  qadınlar tarixin bütün mərhələlərində dövlətin, cəmiyyətin, iqtisadiyyatın, mədəniyyətin inkişafında rol oynayıb,  günümüzdə  bu rol daha da genişlənməkdədir. 

- Qeyd etdiyiniz kimi qadın sahibkarlığının inkişafı son illər aktualdır. Bu  istiqamətində dövlət və qeyri-dövlət sektoru tərəfindən dəstəklənən  layihələr və onların nəticələri ilə bağlı fikirləriniz də maraqlıdır...

  - Bəli, qadınların biznesdə rolu son illər xüsusilə artıb. Bu əlbəttə sevindiricidir. Dövlət və qeyri-dövlət sektorları tərəfindən qadınlara sahibkarlıqla məşğul olmaq üçün yeni  imkanlar yaradılır. Qanunvericilik bazasına görə istənilən şəxs azad sahibkar kimi fəaliyyət göstərə bilir. Bu mütərəqqi addımlar dövlətin sahibkarlıq subyektlərinə diqqətinin  göstəricisidir. Qadınların iqtisadi potensiallarının artırılması üçün, onlara  hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Bu islahatların nəticəsidir ki,  qadınlar arasında iqtisadi fəallıq günbəgün artır. Statistikaya görə, son iki ildə Azərbaycanda  sahibkar qadınların sayı iki dəfə artıb. Bu isə bir daha qadınların cəmiyyətin inkişafındakı roluna, onların sahibkar kimi fəallığının artmasına böyük önəm verildiyinin təsdiqidir.  Güzəştli kreditlərin verilməsi, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı ilə məşğul olanların bütün vergilərdən azad edilməsi əlbəttə, qadın sahibkarlığının inkişafına böyük kömək və dəstəkdir. İnanıram ki, bütün yaradılan imkanlardan qadınlar maksimum dərəcədə faydalanaraq topladıqları təcrübə ilə   bundan sonra da dövlətimizin iqtisadi həyatına daha çox töhfə verəcəklər.

- Hər il ölkə başçısı tərəfindən müxtəlif sahələrdə, həmçinin sahibkarlıqda uğur qazanan qadınlar təltif olunur, dəyərləndirilir. 8 Mart Qadınlar Günü münasibətilə də  bir qrup qadın uğurlu fəaliyyətinə görə  təltif olundu.  Onlardan biri də sizsiniz...

 - Bəli qeyd etdiyiniz kimi,  bu il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyev ölkəmizin ictimai,  iqtisadi, sosial həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadını, o cümlədən məni də “Tərəqqi” medalı ilə təltif etdi. Əlbəttə, dövlət başçısının imzası ilə təltif olunmaq çox qürurvericidir.  Cənab Prezident 8 Mart günü münasibətilə qadınlara ünvanladığı təbrikdə Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında,  doğma dilimizin  əsrlərin sınağından çıxaraq bu günə qədər yaşamasında, milli dövlət quruculuğundakı müstəsna xidmətindən, vətənpərvər nəsillər böyütməsindən, 44 günlük Vətən müharibəsində əsgərin-dövlətinin yanında olmasından, bir sözlə qadınlarımızın dövlətçilik tarixindəki rolundan geniş bəhs edib. Fikrimcə,  qadınlar üçün bu dəyərdən böyük mükafat ola bilməz. Bu qədər böyük məsuliyyət, gərgin iş rejimi, səngərdə Azərbaycan üçün döyüşən  dövlət başçısı qadınları  təltif etməyə, diqqət göstərməyə də vaxt ayırır. Tanrı bu qədər gücü, böyüklüyü, alicənablığı seçdiyi bəndələrinə lütf edə bilər. Bu etimada görə cənab Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Bütün fəaliyyətim boyu  bu etimadı doğrultmağa, layiq olmağa çalışacam. Hesab edirəm ki, dövlət başçısının imzası ilə aldığımız mükafatın çox ciddi mənəvi çəkisi var. Bu  tək bizə deyil, müxtəlif sahələrdə fədakarcasına çalışan bütün Azərbaycan qadınlarına verilən dəyərdir və bu təltiflər biz qadınların üzərinə düşən məsuliyyəti daha da artırır. 

 - Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin üzvü kimi fikrinizcə,  qadınların birgə fəaliyyəti, təşkilatlanması sahibkar xanımlar üçün nə kimi əhəmiyyət kəsb edir?

- Ümumiyyətlə kollektiv fəaliyyət bütün sahələrdə mövcuddur və müsbət nəticələri də bütün cəmiyyətə bəllidir. Qeyri hökumət təşkilatlarının aktiv fəaliyyəti vətəndaş cəmiyyətinin inkişafına təkan verir. Bu baxımdan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da qadınları birləşdirən səmərəli bir platformadır.  Müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların AQSİA ətrafında birləşməsi həm assosiativ fəaliyyət baxımından, həm də əməkdaşlıq baxımından kifayət qədər ciddi əhəmiyyət kəsb edir.   Mütəmadi keçirilən təlimlər, görüşlər, treninqlər mütləq ki, gənc sahibkarlar və sahibkar olmaq istəyən gənc qızların bilik-bacarıqlarını təkmilləşdirməsinə dəstəkdir.  AQSİA kimi platformalar qadınların birliyi, kollektivçiliyi baxımından da əhəmiyyətə malikdir.

- Yəqin razılaşarsınız ki, qadınlar biznes sahəsində əvvəllər bu qədər fəal deyildi.  Bu günkü mənzərəni necə qiymətləndirirsiniz:  qadınlar İnkişaf etməyə iddialıdir, yoxsa, zərif çiyinlərinə daha çox "yük" götürməyə məcburdur?  

  - Öncə xatırladaq ki,  Azərbaycan qadınları tarix boyu güclü cinsin nümayəndələri ilə çiyin-çiyinə çalışıblar. Ən yaxın tariximizə nəzər salaq:  qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Ulu Öndər Heydər Əliyev 2000-ci il mart ayının 6-da "Dövlət Qadın Siyasətinin həyata keçirilməsi" haqqında fərman imzalamışdır. Hesab edirəm ki, həmin fərmandan sonra ölkəmizdə qadın siyasəti yeni mərhələyə qədəm qoydu. Nəticə etibarilə  ölkəmizdə qadınların ictimai-siyasi sferada təmsilçiliyində keskin artım müşahidə edildi. Bu gün qadınların cəmiyyətin inkişafındakı  önəmli rolundan çox danışa bilərik.   

Bəllidir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevadır. Yəni bu qədər yüksək dövləti vəzifədə qadın təmsil olunur.  Müxtəlif dövlət qurumlarında, güc strukturlarından tutmuş Gənclər və İdman nazirliyinə qədər ən yüksək postlarda da qadınlar çalışır. Əlbəttə, bu göstəricilər  qadınlarımız üçün güclü  stimul,  gələcək nəsillər üçün isə gözəl örnəkdir.   Bir sözlə, qadınların, qızların inkişafı məsələsi dövlət üçün  prioritetdir. Mən düşünmürəm ki, qadınlar məcburiyyətdən üzərlərinə məsuliyyət götürürlər. Xeyir, sadəcə ölkədə yaradılan biznes mühiti, imkanlarla yanaşı, xanımlara motivasiya mənbəyi olacaq gözəl nümunələr var. Məncə qadınlar, qızlar Mehriban Əliyeva kimi örnəkdən güc alır. Qadınların seçimi  inkişaf və özünü təsdiq, potensialını realizə etməkdir. Bütün bu imkanları yaratdığı üçün biz qadınlar cənab Prezident İlham Əliyevə və   Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarıq. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qadın, həkim, vətəndaş olaraq qadınlara göstərdiyi  diqqət və qayğıya görə mən də  öz adımdan dövlət başçısına və xanımına  sonsuz təşəkkürümü bildirirəm.

Sevil  Qafarova

Paylaş:
Baxılıb: 1192 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Siyasət

Azad Ağdam!

23 İyul 10:45  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31