Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Mədəniyyət diplomatiyası böyük gücdür

Mədəniyyət diplomatiyası böyük gücdür

01.02.2023 [10:39]

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayevin “Yeni Azərbaycan”a müsahibəsi:

TÜRKSOY-un Baş katibi: Mədəniyyət siyasəti ilə türk dünyasının mədəni inteqrasiyasını təşkil edəcəyik

- TÜRKSOY-un fəaliyyətini diplomatik baxımdan necə dəyərləndirirsiniz?

- TÜRKSOY ilk növbədə mədəniyyət diplomatiyası ilə fəaliyyətdədir və mən mədəniyyət diplomatiyasını çox böyük güc hesab edirəm.  Rəhbərliyim müddətində TÜRKSOY-un mədəniyyət siyasətini ən faydalı şəkildə icra etməyi nəzərdə tutmuşam.  Biz bu bazada, təməldə türk dünyasının mədəni inteqrasiyasını təşkil etmək istəyirik. Hesab edirəm ki, TÜRKSOY-un mədəniyyət siyasəti vasitəsi ilə birləşmiş türk xalqlarının platforması olmalıdır. Buraya yalnız konsert və ya türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərini təşkil etmək daxil deyil, bütün türk dünyasını birləşdirən ənənələr, mənəvi dəyərlərimizi əks etdirən ortaqlıq və fərqliliklərin vəhdətini təşkil edən tədbirlər keçirmək məqsədəuyğun olardı. Bütün bunları bir mozaika olaraq düşünün, fikrimcə, bununla, təkcə türk dünyasının deyil, bütün dünyanın diqqətini cəlb edə bilərik. Ona görə də davamlı belə birləşdirici tədbirlər keçirmək lazımdır. Bu il Şuşada belə tədbirlər nəzərdə tutulub.

Şuşa çal-çağırlı günlərinə qayıdacaq - bu şəhərdən güllə səsi yox, musiqi sədaları eşidiləcək

- Yeri gəlmişkən, TÜRKSOY Daimi Şurasının qərarı ilə 2023-cü il Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Şuşada hansı tədbirlər keçiriləcək?

- Bəli, Qarabağda silsilə tədbirlər olacaq.  Türk dünyasının incəsənət ustalarının iştirakı ilə Xarıbülbül festivalı, ənənəvi sənət sahələrini bir araya gətirən tədbirlər: TÜRKSOY-un “Rəssamlar simpoziumu”, “Fotoqraflar simpoziumu”, “Şairlər görüşü” və s. kimi digər bütün ənənəvi layihələrin  İl çərçivəsində Şuşada keçirilməsi planlaşdırılıb. Türk dünyasının I teatr festivalı və “Korkut Ata” Türk dünyası film festivalı da nəzərdə tutulan tədbirlər arasındadır. Orada bütün türk dünyasının səsi duyulacaq.  Şuşa çal-çağırlı günlərinə qayıdacaq, daha bu şəhərdən güllə səsləri deyil, musiqi səsləri gələcək.

Qarabağdakı dağıntılardan sarsıldım

- Qarabağda oldunuzmu?

- Qarabağ zəfərindən sonra bir neçə dəfə olmuşam.

- Necə təsir bağışladı Sizə?

- Təbiətinə, coğrafiyasına heyran oldum.  Amma dağıntılardan çox sarsıldım. Qarabağ və Şərqi Zəngəzurdakı füsunkar təbiətə, coğrafiyaya, evlərə, məscidlərə, tarixi-mədəni abidələrə o cür zərər vermək qeyri-insani, insanlıqdan kənar bir davranışdır.  30 il Qarabağı qəsb edib əsarət altında saxlayıblar. Bu torpaqlarda hər nə var dağıdıb, məhv ediblər. Düşünürəm ki, bu ərazilərin onlara məxsus olmadığını, gec-tez məğlub olacaqlarını və zaman gələcək bu torpaqları geri vermək məcburiyyətində qalacaqlarını bilirdilər. Bu qorxu onlarda olub. Şuşada Bülbülün, Üzeyir Hacıbəyovun, Natəvanın heykəllərini gördüm. Əgər heykəlləri belə güllələyirlərsə, bunu ifadə etməyə söz tapmaq olmur. 21-ci əsrdə bu dəhşətdir.  Yaxşı  ki, ədalət var, haqq öz yerini tapdı.

Şuşa həm də mənəviyyatımızın paytaxtıdır

Hətta mən nə vaxtsa bu haqda yazmağı düşünürəm. Azərbaycan türkü olan azyaşlı bir uşaq anası ilə bərabər Şuşanı tərk etmək zorunda qalır. Atası Şuşa üçün döyüşür, şəhid olur və məzarı işğal altında olan Şuşadadır. 30 il sonra həmin oğlan, mayor rütbəsi ilə Şuşanın xilaskarı olaraq geri qayıdır, öz torpağını azad edir və atasının məzarını tapır, azadlıq müjdəsini verir. Simvolik olaraq o oğlan Şuşanın özüdür. Şuşanın coğrafiyasına qalibiyyət, sülh, hüzur, rifah yaraşır.  O ərazilər əsl sahibi üçün, sülhpərvər, əməksevər insanlar üçün darıxıb. Ona görə də Şuşa tək Qarabağın deyil, bütün Azərbaycanın  həm də mənəviyyat paytaxtıdır, məncə.

Düşünürəm ki, Qarabağın həm də çox məhsuldar, zəngin torpaqları var. Ona görə də coğrafiyası - havası, suyu, torpağı zəngin olan bir yer məhz zəngin mənəviyyatı olan Natəvan, Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Əbdülrəhim Bəy Haqverdiyev, Xan Şuşinski, Seyid Şuşinski kimi insanlar yetişdirib. Azərbaycan sivilizasiyasının ocağı olan Şuşa mən deyərdim ki, Azərbaycan ruhunun qalibiyyətidir.

Ona görə də 2023-cü il təkcə Şuşa üçün deyil, bütün türk dünyası üçün rəngarəng proqramlarla keçəcək.  Şuşadan daha güllə səsləri yox, musiqi səsləri gələcək.

- Açılış nə zaman olacaq?

- Mən baharın Şuşaya gec gəldiyinə şahid oldum. Odur ki, Şuşa Türk Mədəniyyət Paytaxtının açılış mərasimi təxminən 23-25 mayda ola bilər. Bu, bir daha Azərbaycan tərəfi ilə müzakirə olunacaq. Təntənəli açılış mərasimi nəzərdə tutulub.  Açılışın Cıdır düzündə olması planlanır.

Dünya türklərinin mədəniyyət forumunu keçirəcəyik

- Avropa, Asiya, Afrika,  Latın Amerikası, ABŞ, dünyanın hər yerində türklər var. 6 türk dövlətindən başqa türk dünyasından tədbirlərə dəvət nəzərdə tutulubmu?

- Tədbirlərə türk dövlətlərindən başqa, qohum toplumlardan olanları, Avropada yaşayan türkləri də dəvət edəcəyik. Bu ilin 21 yanvarında Avropa mədəniyyət paytaxtı olan Veszpremin açılışı oldu. Macarıstanın Balaton gölünün mənzərəli şimal sahilində yerləşən  gözəl Veszprem şəhərini gözəl Şuşa ilə qardaşlaşdırdıq. Şuşadan bütün türklərin səsi eşidiləcək. Sözün əsl mənasında bütün, türk dünyası üçün möhtəşəm bir il olacaq.

Ümumilikdə, planımızda bütün dünya türklərinin mədəniyyət forumunu keçirmək var. 1993-cü ildə biz TÜRKSOY-u -  Türk dünyasının mədəniyyət təşkilatı olaraq qurduq. Yəni, başqa dövlətlər, məsələn, iqtisadi, hərbi birlik qurduğu halda biz mədəni əlaqələrimizi genişləndirdik. Çünki  dilimiz, mədəniyyətimiz, dinimiz, mentalitetimiz, adət-ənənələrimiz birdir. Biz bir ağacın budaqları kimiyik.

Mən Qırğızstanda 7 il mədəniyyət naziri vəzifəsində çalışmışam və TÜRKSOY-la davamlı əlaqələrim olub. Bu qurumun yaranmasında Polad Bülbüloğlunun böyük əməyi var. Bunu da danmaq olmaz. 

Fevralda 200-dək tədbirlər planımızı açıqlayacağıq

- Bu il üçün daha hansı planlarınız var?

- Bu il TÜRKSOY üçün fəal bir il olacaq. Təşkilatın 30 illiyini qeyd edirik. Türk dünyasını, türk ölkələrini əhatə edən bir illik tədbirlər planının hazırlanması üçün müzakirələr aparılıb. 200-ə yaxın tədbirimiz planlaşdırılıb. Fevralın 9-da Ankarada keçirəcəyimiz mətbuat konfransında Türkiyədəki türk dövlətlərinin diplomatik nümayəndələrinin və media mənsublarının iştirakı ilə tədbirlər planımızı təqdim edəcəyik.

6 türk dövlətini tamhüquqlu üzv olaraq birləşdirmək TÜRKSOY-un uğurudur

- Siz keçən ilin mart ayından TÜRKSOY-a rəhbər təyin edildiniz. Rəhbərlik etdiyiniz dövrdə qurumda nə yeniliklər olub?

- Mən 6-7 aydır bu qurumda işləyirəm. Qısa zaman olmasına baxmayaraq, Özbəkistan  və Türkmənistanın tam hüquqlu üzv kimi TÜRKSOY-da daha aktiv şəkildə iştirak etdiklərini görürük. Məsələn, Türkmənistan Türk Dövlətləri Təşkilatında müşahidəçidir. Bizdə isə tam hüquqlu üzvdür. Bu, bizim üçün böyük uğurdur.  Biz Türk dünyasıyla bağlı yeganə təşkilatıq ki, bütün türk dövlətlərini bir araya gətirmişik. 

Azərbaycanın zəfəri Türk dünyası əlaqələrinə mənəvi  təkan verdi

Türk dünyası böyükdür və geopolitika baxımından da dünyada böyük rol oynayır. Azərbaycanın qələbəsi təkcə Azərbaycan xalqının deyil,  eyni zamanda da, Türk dünyasının mənəvi zəfəri deməkdir. Çünki bu qələbə ilə Azərbaycan Türk dünyası əlaqələrinə mənəvi bir təkan verdi.  Bu zəfəri  Orta Asiya xalqları öz qələbəsi kimi çox təqdir etdi.

- Sizin həm də yazıçı, senarist olaraq fəaliyyətləriniz var.  Azərbaycan-Qırğız əlaqələrini necə dəyərləndirirsiniz? Məsələn, hələ sovetlər dönəmindən Çingiz Aytmatovun cəsarətli əsərləri Azərbaycanda məşhur idi. Azərbaycandan kimlər Qırğızıstanda tanınır?

- Qırğızıstanda Azərbaycana böyük sevgi var.  Nizami, Füzuli, Nəsimi də Azərbaycan şairləri olaraq Qırğızıstanda məşhur olub. Qırğızıstanda “Arşın mal alan” operettası, Elçin Əfəndiyevin 4 pyesi tamaşaya qoyulub. Bir çox Azərbaycan şairlərinin şeirləri qırğız dilinə tərcümə edilib.  Qarabağdan olan yazarların Qarabağ hekayələri kitabı qırğız türkcəsinə çevrilib. Bu kitabın təqdimatına Bişkekdə mən şəxsən qatıldım. Bakıda isə təqdimatını mən təşkil etdim.

Hüseyn Cavidin, Anarın, Rüstəm İbrahimbəyovun, Leyla Əliyevanın kitabları qırğız dilinə tərcümə edilib.  Qırğızıstanda Türk Dünyası Assambleyası var və Azərbaycan orada ən fəal ölkədir. Heydər Əliyevin adını daşıyan park, Nizaminin adını daşıyan küçə var. Azərbaycanla Qırğızıstan arasında möhkəm bağ mövcuddur və bu, gün-gündən də artır. Bu yaxınlarda İlham Əliyev Qırğızıstana yüksək səviyyədə səfər etdi. Xalqımız onu böyük qürurla qəbul etdi. Bu, hər şeydən əvvəl Azərbaycana və Azərbaycan liderinə olan xalq sevgisidir. Çünki İlham Əliyevin liderliyində Azərbaycan böyük zəfər qazandı.

Sevil Hilalqızı Ünal,

Ankara

Paylaş:
Baxılıb: 283 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30